Məhkəmə qərarları › İş №1(006)-71/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-71/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-71/2021 04.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, X6 qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Masallı rayonu, Qızılavar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, Masallı rayonu, Qızılavar kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində saat 04.00 radələrində ünvan 1 ünvanında yerləşən “Velotrek" ticarət mərkəzinin qarşısında üzərində olan heroindən istifadə elmək üçün 5 qramlıq şprisin içərisinə 0,108 qram heroini daxil etmiş, Nəsimi rayon polis idarəsinin Post patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən həmin tarixdə “Velotrek" ticarət mərkəzinin qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sol yan balaca cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində spesiflk iyə malik olan açıq qəhvəyi rəngli toz şəkilli ümumi çəkisi 0,169 qram narkotik vasitə heroin və əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 5 qramlıq şprisin içərisində ümumi çəkisi 0,108 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixində Lənkəran rayonu, Qumbaşı kəndindən tanımadığı şəxsdən 15 manata narkotik vasitə olan heroin alaraq özündə saxlamış, xx.xx.2020-ci il tarixində saat 04-00 radələrində o, həmin heroinin bir hissəsini istifadəsi üçün şprisə daxil edib, qalan, hissəsini isə üzərində saxlamışdır. Həmin tarixdə saat 04-00 radələrində Baxı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi 2 ünvanında yerləşən “Velotrek” ticarət mərkəzinin qarşısında olan zaman ona iki nəfər şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş, polis əməkdaşları onun narkotik vasitələrin əldə etməsi və qəbulunda şübhələndiklərini bildirərək polis bölməsinə getməsini xahiş etmişlər. Polis bölməsinə gəldikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim edilmiş, sonra xidməti otaqların birində ona hüquq və vəzifələrim izah edilmişdir. Onu saxlayan əməkdaşların iştirakı ilə videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və baxış zamanı o, əynində olan göy rəngli cins şalvarının sol yan balaca cibindən bir bükümü və əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 5 qramlıq şprisin içərisində olan maddəni təqdim etmiş və bildirmişdir ki, həmin bükülünün habelə şprisin içərisində olan maddə heroindir və onu öz istifadəsi üçün üzərində daşımaqla saxlayır. Sonra həmin büküm və həmin şpris hərəsi bir zərfə qoyularaq qablaşdırılmış və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, Vətən müharibəsi başlayarkən könüllülər siyahısına daxil olduğunu və xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Xocavənd rayonu uğrunda döyüşlərdə iştirak etdiyini, məhkumluğunun olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülərlə və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid1 ifadəsində bildirmişdir ki, xx xxx 2020-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci PBnin inzibati ərazisində Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olduqları zaman saat 04:00 radələrində 20 yanvar dairəsində “Velotrek” ticarət mərkəzinin qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını və onları görərək tələsik addımlar atmaqla getməyini görmüş, onlar həmin şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, həmin şəxsə onun narkotik vasitələri əldə etməsi və qəbul etməsində şübhələndiklərini bildirərək, Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmiş və həmin şəxs, buna etiraz etməyərək PB-nə gəlmişdir. Polis bölməsində həmin şəxsin xx.xx.1991ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş. Polis bölməsində xidməti otaqların birində dəvət olunmuş mütəxəssisin eləcə də həmin şəxsə dövlət hesabına təyin edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxs, yəni, Təqsirləndirilən şəxs üzərində hər-hansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmiş, sonuncu göy-rəngli cins şalvarının sol yan balaca cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində, spesifik iyə malik olan, açıq qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər maddəni və əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 5 qramlıq şprisin içərisində narkotik vasitə olan heroinə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sorğu zamanı vətəndaş Təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərindən aşkar edilmiş bükülünün və 5 qramlıq şpirisin içərisində olan maddə narkotik vasitə heroindir və o, həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Lənkəran rayonu, Qumbaşı kəndində tanımadığı şəxsdən 15 manata almış və həmin narkotik vasitəni sonradan özü istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə götürülmüş, zərfə qoyularaq möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunaraq protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Narkotik maddənin çəkisi və növünü müəyyən etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikası ON-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ondan əvvəl məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən sonuncunun göy-rəngli cins şalvarının sol yan balaca cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində, spesifik iyə malik olan, açıq qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə və əynində olan qara rəngli gödəkçəsinin sol iç cibindən 5 qramlıq şprisin içərisində narkotik vasitə olan heroin məhluluna bənzər maddə aşkar edilmişdir. Cinayət işinin 21-22-ci vərəqələrində olan xx xxxxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 93-94-cü vərəqələrində olan Nəsimi rayon X3 şöbəsinin müstəntiqi, Anar Nağıyevin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 161-162-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 57-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1452 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş və üzərində yazılmış “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,169 qram olan qəhvəyi rəngli maddə, kustar üsulla hazırlanmış - heroindir. Üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd 5 qramlıq şpris” sözlər və imzalar olan bir ədəd zərfdəki bir ədəd 5 ml-lik şprisin içərisində 1,6 ml həcmində olan maye narkotik vasitə heroin məhluludur, heroinin quru maddəsinin çəkisi - 0,108 qramdır. Heroinin ümumilikdə təmiz çəkisi 0,277 qramdır. Quru heroinin təmiz çəkisi 0,169 qram, tədqiqata sərf edilmiş 0,03 qram, qalıq 0,139 qram və heroin məhlulunun təmiz çəkisi 1,6 ml, tədqiqata sərf edilmiş 0,5 ml, qalıq 1,1ml olmuşdur. Cinayət işinin 58-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat müəyyən edilmişdir. Cinayət işinin 109-110-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 2227 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində NARKOMANİYA xəstəliyi aşkar olurur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 114-cü vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 01 ədəd zərfdə olan 1 ədəd bükümdə təmiz çəkisi 0,169 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin və bir ədəd 5 ml-lik şprisin içərisində 1,1 ml həcmində olan maye narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və Nəsimi RPİ-nin növbətçi hissəsinə maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 112-113-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx xxxx 2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3, 177.2.4, 332.1, 32.4, 336, 62,66.3-cü maddələri ilə təqsirli bilinərək 11 ay müddətə azaqlıqdan məhrum etmə və 300 manat cərimə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2011-ci il tarixli Qərarı ilə 01 ay 03 gün cəzasından vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin 126-cı vərəqəsində olan xx xxxxxx 2020-ci il tarixli Masallı rayon İcra və Probasiya şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs 300 manat cərimə cəzasını ödəmiş və adı xx xxxxxx 2011-ci il tarixdə Şöbənin qeydiyyat kitabından çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış axtarış keçirilmiş və şəxsi axtarış zamanı sonuncunun əynindəki göy rəngli cins şalvarının sol yan balaca cibindən 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, içərisində, spesifik iyə malik olan, açıq qəhvəyi rəngli toz şəkilli narkotik vasitə olan heroinə bənzər və əynində olan qara rəngli gödəkcəsinin sol iç cibindən 5 qramlıq şprisin içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Cinayət işinə əlavə edilmiş hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs Vətən müharibəsində xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan döyüşlərdə iştirak etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik maddə hesab olunan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, Vətən müharibəsi başlayarkən könüllülər siyahısına daxil olduğunu və xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Xocavənd rayonu uğrunda döyüşlərdə iştirak etdiyini, məhkumluğunun olmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun özünü təqsirli bilməsini, Vətən müharibəsi başlayarkən könüllülər siyahısına daxil olduğunu və xx xxxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək Xocavənd rayonu uğrunda döyüşlərdə iştirak etdiyini, həmçinin məhkumluğunun və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, həbsdə saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Masallı rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 2227 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi RPİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,139 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd 5 ml-lik şprisin içərisində 1,1 ml həcmində olan heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 65 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili A.A.Nuriyevə məhkəməyədək istintaq dövründə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Masallı rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,139 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd 5 ml-lik şprisin içərisində 1,1 ml həcmində olan heroin məhlulu hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 istintaq orqanında iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar