Məhkəmə qərarları › İş №1(006)-714/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-714/2025

03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-714/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Müdafiəçi «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1977-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə Südçülük sovxozu, fərdi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az-ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 08:53-də texniki cəhətdən saz vəziyyətdə olan, etibarnamə əsasında idarə etdiyi “BYD” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, M.Kaveroçkin küçəsi ilə Azadlıq prospekti istiqamətində 10 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin, yəni üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyi barədə tələblərini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda üstünlük nişanlarının tələblərinə əməl etmədən idarə etdiyi avtomobili dayanmadan yolayrıcına daxil edib düzünə hərəkəti davam etdirərək həmin vaxt Azadlıq prospekti ilə “28 May” metrostansiyası istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs etibarnamə əsasında idarə etdiyi “Freedoom” markalı “Prince 125” motosikl modelli 99-K- 395 dövlət qeydiyyat nişanlı motosikletlə toqquşması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, başın səthi travması kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulması ilə müşayət olunan sağlamlığa az-ağır zərərvurmaya aid bədən xəsarətləri almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 20 aprel 2025-ci il tarixdən etibarən etibarnamə əsasında ağ rəngli, BYD markalı, **-YT-*** dövlət qeydiyyatı nişanlı avtomobili BB425385 nömrəli sürücülük vəsiqəsi ilə idarə edərək “YANGO” taksi xidmətinə qoşulmuşdur. xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsindən sifariş əsasında 4 nəfər, iki gənc iki ortayaşlı qadın müştərini taksiyə götürüb saat təxminən 08:53 radələrində idarə etdiyi avtomobillə Nəsimi rayonu, Mixail Kaveroçkin küçəsindən Azadlıq prospekti istiqamətinə saatda təxminən 10 km surətlə hərəkət etmişdir. Azadlıq prospektinə daxil olduğu zaman düzünə hərəkətin qadağan olunduğu yol hərəkəti nişanına, eləcə də sağa hərəkət məcburiliyi nişanına diqqət yetirmədən avtomobilin hərəkətini dayandırmadan sağa “28 May” metrostansiyasına doğru deyil, prospekti keçib düzünə doğru hərəkət etməyə başlamışdır. Yolun orta hissəsinə çatdığı zaman yolun ortasında hərəkət zolağı üzərində yolun solundan “28 May” metrostansiyasına doğru hərəkət edən, sonradan adı məlum olan Zərərçəkmiş şəxs adlı cavan oğlanın idarə etdiyi 99-K-395 dövlət qeydiyyat nişanlı motosikletin düzünə hərəkət etdiyinə diqqət yetirməmiş və motosiklet onun idarə etdiyi avtomaşının sol yan qanadı ilə toqquşmuşdur. Zərbənin təsirindən 99-K-395 dövlət qeydiyyat nişanlı motosiklet yerə çırpılmış və üzərindəki sürücü asfalt üzərinə yıxılmışdır. Dərhal idarə etdiyi “BYD” markalı, **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək qeyd olunan motosikletin sürücüsünə ilkin tibbi yardım göstərmək üçün yaxınlaşmış, həmin vaxt avtomobildə olan tanımadığı müştəri qadın sərnişinlər isə avtomobildən düşüb getmişlər. Nəriman adlı motosiklet sürücüsünə yaxınlaşdıqda ayaq nahiyəsində ağrılarının olduğunu dediyindən dərhal 103 X6 Stansiyasına və 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. TTYS əməkdaşları gələrək 99-K-395 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsünü xəstəxanaya aparmışlar, hadisə yerinə gəlmiş polis əməkdaşları isə hadisə yerini müayinə etmişlər. Hadisənin baş verməsinə səbəb özünün diqqətsizliyi olmuşdur, yəni Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə üzü 28 may metrostansiyası istiqamətində, onun hərəkət istiqamətinin solundan sağa doğru düzünə hərəkətdə olan 99- K-395 dövlət qeydiyyat nişanlı motosikletə yol verməli, həmçinin əsas yola daxil olmazdan əvvəl hərəkəti dayandırmalı, düzünə qadağan olunmuş hərəkəti davam etdirməməli, eləcə də sağa hərəkət məcburiliyini göstərən nişanlara əməl etməli olduğu halda bunları etməmişdir. Hadisə zamanı hər hansı bədən xəsarəti almamış, hadisə zamanı avtomobildə 4 nəfər tanımadığı qadın sərnişinlər olmuş, yük olmamışdır. Hadisə vaxtı və ya hadisədən əvvəl spirtli icki, narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən maddələr qəbul etməmişdir. Daha sonra törətdiyi əməlin böyük istimai təhlükə törətməyən cinayət olduğunu və bir azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini və cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Draqon küçəsi Mərkəzi Poçtda 2025-ci ilin əvvəllərindən kuryer işləyir. xx.xx.2020-ci ildən ABC kateqoriyalı sürücülük vəsiqəsinə malikdir. 15 yanvar 2025-ci il tarixdə “Freedoom Prince 125” markalı 99K395 dövlət qeydiyyat nişanlı motosiklet iradə edir. Həmin motosikleti “Motostror” mağazasından qeyd olunan tarixdə kredit yolu ilə almışdır. Motosikleti ancaq işə gedib qayıtmaq üçün idarə etmiş, işdə olarkən isə Azərpoçta məxsus motosikleti idarə etmişdir. Ayda bir dəfə, yəni krediti ödədiyi tarixdə "xxxx" MMC-nin rəhbərliyi tərəfindən ona növbəti ayadək bir ay müddətində motosikleti idarə etmək üçün etibarnamə verilmişdir. 15 aprel 2025-ci il tarixdə də bir ay müddətinə, yəni 15 may 2025-ci il tarixədək ona etibarnamə verilmişdir. 28 aprel 2025-ci il tarixdə saat təxminən 08:53 radələrində "Freedoom Prince 125” markalı 99K395 dövlət qeydiyyat nişanlı motosikleti Bakı şəhəri, Azadlıq prospekti ilə “28 May” metrostansiyasına doğru soldan nəqliyyatın 3-cü hərəkət zolağı ilə təxminən 40 km saat surətlə hərəkət etdirmişdir. Azadlıq prospektinin sağında yerləşən X1 aid səfirlik binasının yerləşdiyi ərazinin, yəni Koveroçkin küçəsi ilə Azadlıq prospektinin kəsişdiyi hissədə piyada üçün nəzərdə tutulmuş zolağı təxminən üç metr məsafədə keçən zaman gözlənilmədən Kaveroçkin küçəsindən Azadlıq prospektinin kəsişməsindən düzünə hərəkəti yol nişanı ilə qadağan olunmuş hissədən sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi “BYD” markalı, ağ rəngli 90YT230 dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət zolağına daxil olması nəticəsində idarə etdiyi motosikletlə avtomobilin qabaq sol qanadı ilə toqquşmuş və nəticədə toqquşmanın zərbəsindən avtomobilin kapotu üzərindən avtomobilin sağ tərəfindəki asfalt üzərinə yıxılmış, idarə etdiyi motosiklet isə toqquşmadan sonra arxaya doğru çevrilərək aşmış vəziyyətdə asfalt üzərində qalmışdır. Təqsirləndirilən şəxs adlı sürücü və tanımadığı sürücülər avtomobillərdən düşərək ona yardım etmiş və Səfa adlı sürücü hadisə barədə DİN-nin 102 xidmətinə və TTYX-nə zəng edərək məlumat vermiş, az sonra hadisə yerinə təcili yardım və polis əməkdaşları gəlmişlər. Təcili yardım briqadasının həkim əməkdaşları tərəfindən X2 aparılmış və orada tibbi müayinə zamanı hadisə nəticəsində “sağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı və səthi travmalar aldığı məlum olmuşdur. Həkimlər ona tibbi yardım göstərmiş, 02 may 2025-ci il tarixdə əməliyyat olunmuş, sınıq nahiyəsinə metal mil qoyulmuşdur. Motosikleti idarə edərkən alkoqol və ya narkotik vasitələrin təsiri altında olmamışdır. Azadlıq prospekti birtərəfli hərəkət yolu olduğundan tam sərbəst olaraq yolu ilə motosikleti orta surətlə hərəkət etdirmiş və onun hərəkət etdiyi yolun kəsişmə hissəsindən düz istiqamətə hərəkətə məhdudiyyət qoyulduğundan Təqsirləndirilən şəxs idarə etdiyi və ya qeyri nəqliyyat vasitəsinin yolun kəsişməsinə daxil olub keçmək istəməsini gözləmədiyindən onun yola daxil olmasını əvvəlcədən görməmişdir. Ani olaraq bu şəxs idarə etdiyi avtomobillə onun hərəkətdə olduğu prospektə çıxdığından toqquşma baş vermiş və buna görə də o, toqquşmanın baş verməməsi üçün heç bir önləyici tədbir görə bilməmişdir. Daha sonra ona dəymiş ziyanın ödənilmədiyini və təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirərək nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 28 aprel 2025-ci il tarixdə səhər saatlarında oğlu Zərərçəkmiş şəxs ona zəng edərək idarə etdiyi “Freedoom” markalı 99K295 dövlət qeydiyyat nişanlı motosikletlə Nəsimi rayonu, Azadlıq prospekti ilə “28 May” metrostansiyasına doğru hərəkətdə olarkən X1 məxsus səfirlik istiqamətindən gözlənilmədən onun hərəkət yoluna, sonradan adı ona məlum olan Təqsirləndirilən şəxs adlı şəxsin idarə etdiyi “BYD” markalı 90YT230 dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfdən, Kaveroçkin küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə doğru düzünə qadağan olunmuş istiqamətdə hərəkət edərək qarşısına çıxması nəticəsində həmin avtomobillə toqquşaraq xəsarət alması barədə məlumat almış, dərhal oğlunun daxil olduğu X7 gedərək onunla maraqlanmış, oğlunun sağ bud sümüyünün qapalı sınıq xəsarəti aldığını öyrənmişdir. O, hadisəni törədən Təqsirləndirilən şəxs zəng edərək xəstəxanaya dəvət etmiş, sonuncu Zərərçəkmiş şəxs hərəkət etdiyi prospektə səhvən daxil olduğunu etiraf etmiş, müayinə və müalicə xərclərini qarşılayacağına vəd vermiş, lakin sonradan buna əməl etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.207-208); - “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2025ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.224-225); - “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş sxem və fotoşəkillərdən görünür ki, hadisə ünvan 3 ünvanda baş vermişdir (i.v.8-16); - Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılmış tibbi müayinə barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:10-da sərxoşluq müayinəsindən keçirilmiş və onun ayıq olması müəyyən edilmişdir (i.v.7); - “Nəqliyyat vasitələrinə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, BYD markalı **-YT-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Freedoom” markalı, 99K395 dövlət qeydiyyat nişanlı motosikletə keçirilmiş baxış zamanı hər iki nəqliyyat vasitəsinin üzərində 28 aprel 2025-ci il tarixdə toqquşma nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsinin izlərinin aşkar olunduğu təsdiq olunmuşdur (i.v.17-18); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X4 xx.xx.2025-ci il tarixli 685 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə X5 PHŞ-yə müraciət etmiş və ona “sağ bud sümüyünün orta 1/3-nin qapalı yerdəyişən sınığı, başın səthi travması, dəqiqləşdirilməmiş çox saylı səthi travması” diaqnozu qoyulmuşdur. Qeyd olunan diaqnozda göstərilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilmələri mümkündür (i.v.39-40); - “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, TŞ 3-0223 nömrəli təhlükəsiz şəhər kamerası tərəfindən qeydə alınaraq köçürülmüş bir ədəd diskə baxış zamanı xx.xx.2025-ci il tarixdə səhər saat 08:49:56-dan başlayan görüntüləri izləyərkən nəqliyyat vasitələrinin Azadlıq prospekti ilə “28 May” metrostansiyası istiqamətinə hərəkətlərinin davam etdiyi, 08:53:11-də “BYD” markalı, ağ rəngli 90YT230 dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfdən, Kaveroçkin küçəsi istiqamətindən Azadlıq prospektinə doğru hərəkət etdiyi, yolun kəsişmə hissəsində ani olaraq hərəkəti yavaşıdaraq Azadlıq prospektinin kəsişməsi ilə düzünə hərəkəti davam etdirib Azadlıq prospektinin 3-cü zolağına daxil olduğu zaman saat 08:53:13-də Azadlıq prospekti ilə 3-cü zolaqla düzünə hərəkətdə olan 99K395 nömrəli motosiklet avtomobilin qabaq sol qanadına çırpıldığı və toqquşmanın zərbəsindən motosiklet sürücüsü motosikletin üzərindən qalxaraq avtomobilin kapotu üzərindən digər tərəfə asfalt üzərinə düşərək yıxılmış vəziyyətdə qaldığı, BYD markalı ağ rəngli avtomobilin sürücüsü avtomobili 2-3 metrə qarşıya hərəkət etdirdikdən sonra qapını açaraq sükan arxasından düşüb avtomobilin arxasından fırlanmaqla sağ tərəfdə asfalt üzərinə düşmüş motosiklet sürücüsünə kömək etmək istədiyi, bundan başqa digər nəqliyyat vasitələrinin sürücüləri də avtomobilləri saxlayaraq düşüb hadisə yerinə yaxınlaşmaqla yardım etdikləri, hadisə törədən avtomobildən qadın sərnişinlərin avtomobildən düşərək uzaqlaşdıqları müşahidə olunur (i.v.63-64); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 8/1553 nömrəli rəyindən görünür ki:

1. İstintaq tərəfindən təqdim edilmiş məlumata əsasən BYD markalı 90YT230 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.

2. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən Freedom markalı 99K395 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə toqquşmanın qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir (i.v.170-174); - Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış xx.xx.2025-ci il tarixli 3-13- 16/2-215191/25 saylı məktubdan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyatimtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 425385 nömrəli “B1 B C1 C” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v.233); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi BYD markalı 90YT230 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi “Freedoom” markalı Prince 125 modelli motosiklet maddi sübut kimi tanınmış və faktiki sahiblərinə məsul saxlancına verilməsi nəzərə alınmış, yol nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı bir ədəd DVD disk sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.234-241); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən gürünür ki, Təqsirləndirilən şəxs Bakı Qarnizonu Hərbi Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 239-cu maddəsinin “V” bəndi, 42-ci maddələri ilə 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hərbi əməliyyatlar bitənədək hökmün icrası təxirə salınmışdır. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 1934 saylı “Əfv” Fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir (i.v.190-192); - AZ-İV №983630 seriya və nömrəli doğum haqqında şəhadətnamənin və AA5709615 seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır (i.v.187, 189); Məhkəmə iclasında hadisənin görüntülərinin əks olunduğu diskə baxış zamanı xx.xx.2025-ci il tarixdə saat 08:53:11-də “BYD” markalı, ağ rəngli 90YT230 dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfdən, Kaveroçkin küçəsi istiqamətindən Azadlıq prospektinə doğru hərəkət etdiyi, yolun kəsişmə hissəsində ani olaraq hərəkəti yavaşıdaraq Azadlıq prospektinin kəsişməsi ilə düzünə hərəkəti davam etdirib Azadlıq prospektinin 3-cü zolağına daxil olduğu zaman saat 08:53:13-də Azadlıq prospekti ilə 3-cü zolaqla düzünə hərəkətdə olan 99K395 nömrəli motosikletin avtomobilin qabaq sol qanadına çırpıldığı müşahidə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda - iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin və şahidin ifadəsinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati xətanın olub-olmamasını müəyyən edilməsi üçün qəbul edilmiş qərarın surəti Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə göndərilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi BYD markalı 90YT230 dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs idarə etdiyi “Freedoom” markalı Prince 125 modelli motosikletin faktiki sahiblərinə qaytarılması nəzərə alınmalı, sübut növü kimi qiymətləndirilmiş yol-nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

Q Ə R A R A A L D İ:

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qəbul edilmiş qərarın surəti Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin olub-olmamasının müəyyən edilməsi üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi BYD markalı 90YT230 dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs idarə etdiyi “Freedoom” markalı “Prince 125” modelli motosikletin faktiki sahiblərinə qaytarılması nəzərə alınsın. Yol-nəqliyyat hadisəsinin görüntülərinin qeydə alındığı 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal» Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar