Məhkəmə qərarları › İş №1(006)-716/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-716/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-716/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib, saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,272 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 11 avqust 2025-ci il tarixdə saat 20:10-da ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,272 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 11 avqust 2025-ci il tarixdə Nəsimi rayonu, “Papanin” adlı ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün bir bükümdə psixotrop maddə metamfetamin almışdır. 11 avqust 2025-ci il tarixdə saat 20:10 radələrində ünvan 3 ünvanının qarşısında olan zaman 3 nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona daxil olmuş əməliyyat məlumatı əsasında narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz olaraq daşınmasında şübhəli olduğunu bildirmişlər. Həmin şəxslərdən biri mobil telefon vasitəsilə çəkiliş aparmışdır. Daha sonra polis əməkdaşları ona özünü təqdim etməsini bildirmişlər. O da polis əməkdaşlarına özünü təqdim etmişdir. Polis əməkdaşları ondan üzərində qanunla qadağan edilmiş hər hansı maddə olub-olmadığını soruşmuşlar. O da əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddə metamfetamin olan bükümü və 01 ədəd alışqanı, sol cibindən 01 ədəd Samsung A20 markalı mobil telefonu və 01 ədəd alışqanı təqdim etmişdir. Daha sonra polis əməkdaşı onun üzərini yoxladıqda qanunla qadağan olunmuş heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra həmin kütlələr zərfə qoyularaq qablaşdırılmış və tamlığı pozulmaması üçün Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş, polis əməkdaşları və onun tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Daha sonra polis əməkdaşları onu Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə dəvət etmişlər. Bundan sonra o polis əməkdaşları ilə birlikdə Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə getmişdir. Orada olan zaman onu xidməti otaqlardan birinə dəvət etmişlər. Həmin otaqda çəkiliş vasitəsilə onun üzərindən aşkar olunmuş bükümə baxış keçirilmiş, həmin bükümün içərisində nə olması və onu haradan əldə etməsi barədə yenidən sual verilmişdir. O da həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün Bakı şəhəri, Nəsimi rayonu, Papanin adlı ərazidən tanımadığı şəxsdən 10 manat müqabilində əldə etdiyini demişdir. Bundan sonra içərisi boş olan zərf ona və iştirakçılara təqdim olunmuşdur. Həmin büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək maddi sübut əhəmiyyəti kəsb etdiyi üçün götürüləcəyi bildirilmişdir. Bundan əlavə ona məxsus olan bir ədəd Samsung A20 markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra qeyd edilən maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan başqa o bildirmişdir ki, üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün almış, üzərində psixotrop maddə saxlamağı barədə hər hansı bir şəxsin məlumatı olmamış, polis əməkdaşları tərəfindən saxlanıldığı üçün həmin maddədən istifadə edə bilməmiş, heç bir oğurluq əməli törətməmiş, saxlanılan zaman və polis idarəsinin inzibati binasında olduğu zaman ona qarşı heç bir fiziki zor və ya psixoloji təsir göstərilməyib, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış, hər hansı bir şəxsə pay verməmişdir. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, ilk dəfə cinayət məsliyyətinə cəlb olunduğunu bildirərək, barəsində yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PŞ-nin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 11 avqust 2025-ci il tarixdə Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə “Heybət” adlı şəxsin qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumat şöbə rəhbərliyinə məruzə olunmuş və həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa 20-ci polis şöbəsinin əməliyyat müvəkkilləri polis baş leytenantı Rəşad Əlibəyli və polis leytenantı Nicat Abdullayev də daxil edilmişdir. Onlar 11 avqust 2025-ci il tarixdə saat 20:10-da Nəsimi rayonu, Novruzov qardaşları ev 25 ünvanında videoçəkiliş ilə Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O Təqsirləndirilən şəxs qanunsuz olaraq xeyli miqdarda narkotik vasitələr, psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışında şübhəli olmasını bildirmiş və üzərində hər hansı qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya predmet olmasını soruşmuşdur. Təqsirləndirilən şəxs əynində olan şalvarın cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ kristal şəkilli maddəni və 01 ədəd alışqanı, digər cibindən 01 ədəd Samsung markalı mobil telefonu və 01 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması və onu haradan əldə etməsi soruşulduqda, həmin bükümün içərisində olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını və onu xx.xx.2025-ci il tarixdə “məhəllə” adlandırdığı Nəsimi rayonu, “Papanin” adlı ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etməsini demişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm boş zərfə qoyularaq qablaşdırılmış və üzəri Nəsimi RPİ-nin 20-ci PŞ-in 188 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra onun tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və heç bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Nəsimi RPİ-nin 20-ci polis şöbəsinə dəvət olunmuş və orada baş təhqiqatçı Zaur Quliyevin xidməti otağında qablaşdırılmış zərfə baxış keçirilmişdir. Baş təhqiqatçı Zaur Quliyev tərəfindən Təqsirləndirilən şəxs həmin bükümün içərisində nə olması və onu haradan əldə etməsi təkrar olaraq soruşulmuşdur. Təqsirləndirilən şəxs cavabında həmin bükümün içərisində olan maddənin “patı” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olmasını və onu xx.xx.2025-ci il tarixdə “məhəllə” adlandırdığı Nəsimi rayonu, “Papanin” adlı ərazidən tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün əldə etməsini bildirmişdir. Daha sonra həmin büküm ekspertiza tədqiqatına təqdim olunması üçün zərfə qoyularaq qablaşdırılmış, üzəri Nəsimi RPİ-nin 20-ci PŞ-in 188 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd “Samsung” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyi üçün istintaq orqanına təqdim edilməsi üçün götürülmüşdür. İş materiallarında olan 11 avqust 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, “əməliyyataxtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına dair” protokoldan görünür ki, Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2025-ci il tarixdə saat 20:10-da Bakı şəhəri Nəsimi rayonu Novruzov Qardaşları 25 ünvanının qarşısında saxlanılan Təqsirləndirilən şəxs üzərində olan əşyaları təhvil verməsi təklif edilən zaman əynində olan şalvarın sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş ağ rəngli, kristal şəkilli, psixotrop maddə metamfetaminə bənzər kütləni və 01 ədəd alışqanı, sol yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd alışqan təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış və yoxlama zamanı sonuncunun üzərindən qanunla dövriyyə qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Ardınca aşkar olunan psixotrop maddəyə bənzər maddə və 01 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılmış, möhürlənmiş, imzalanaraq götürülmüşdür. (i/v 8-12). İş materiallarında olan 11 avqust 2025-ci il tarixli “Təqdim olunan əsyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq qablaşdırılmış 01 ədəd ağ rəngli zərfin içərisində olan maddəyə baxış keçirilmiş və həmin maddənin ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş psixotrop maddənin metamfetamin olmasını və istifadə etmək məqsədi ilə “Papanin” deyilən ərazidə tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs məxsus 01 ədəd “Samsung” markalı mobil telefon və aşkar olunmuş büküm qablaşdırılaraq götürülmüşdür. (i/v 14-16). İş materiallarında olan şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 30). İş materiallarında olan “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 13 avqust 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Əliyev X3 RPİ-nin MSY-dən azad edilmişdir. (i/v 81-82). İş materiallarında olan “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” 13 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 84-85). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 6/2741 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş “Azərbaycan Respublikası DİN Zərflər üçün №188” dairəvi möhür əksi, “saxlanılan şəxs (imza) H.A.Əliyev yazısı və imzalar olan zərfdəki, 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,272 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin ümumi təmiz çəkisi 0,272 qram olmaqla ekspertiza tədqiqatına 0,050 qram sərf edildikdən sonra qalıq çəkisi 0,222 qram olmuşdur. (i/v 48-51). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 07 oktyabr 2025-ci il tarixli, 6210 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəsissəsində dispanser qeydiyyata alınması məsləhət görülür. (i/v 117-118). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 oktyabr 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i/v 112). İş materiallarında olan “maddi sübut kimi tanıma haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə ümumi təmiz çəkisi 0,272 qram olan psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,222 qram olan psixotrop maddə metamfetaminin Nəsimi RPİ-nin X12 otağına təhvil verilməsi qərara alınmışdır. (i/v 101-102). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib saxlamaqla daşıması özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, təqsirini etiraf edərək peşman olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, habelə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, iş üzrə maddi sübut kimi tanınmış və və Bakı şəhəri Nəsimi RPİ-nin X12 otağında saxlanılan, ümumi təmiz çəkisi 0,272 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,222 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-716/2025 saylı, xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 16 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına 176 (yüz yetmiş altmış) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 11 avqust 2025-ci il tarixdən 13 avqust 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi RPİ-nin X12 otağında saxlanılan, ümumi təmiz çəkisi 0,272 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,222 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Ekol” Vəkil Bürosunun hesabına 16 iş saatı üçün 176 (yüz yetmiş altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar