Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-72/2022 28.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs3 Əbüləhəd oğlunun Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2 Zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi (mülki iddiaçı) nümayəndəsi: Nümayəndə1 Müdafiəçilər: Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 Müdafiəçi3 Müdafiəçi1 Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 iştirakları ilə xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsi, 1 saylı inzibati binada qeydiyyatda olan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığını məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış, cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş, həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1997-ci ildə Ağstafa rayonu, Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Ağstafa rayonu, Poylu kəndində qeydiyyatda olan, Tərtər Hərbi Məhkəməsinin 12.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 400 manat cərimə cəzasına məhkum edilmiş, Ağstafa Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli qərarı ilə cərimə cəzasının ödənilməmiş hissəsi 300 saat ictimai işləri cəzası ilə əvəz edilmiş, 17.12.20210-ci il tarixli qərarla “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzadan azad edilmiş, məhkumluğu götürülmüş, həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1993-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, “Suqovuşanın azad olunmasına görə” Azərbaycan Respublikasının medalı ilə təltif edilmiş, məhkum olunmamış, Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 43, mənzil 13 qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, ev 89-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 02 iyul 2021-ci il tarixdə, saat 04:00 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 1 ünvanda yerləşən “Orxan” adlı marketin qarşısına gəlib orada aralarında apardıqları vəzifə bölgüsünə əsasən Təqsirləndirilən şəxs3 kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək üçün müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə mağazanın giriş qapısının kilidini özündə olan, istintaqa məlum olmayan alətlə sındıraraq qanunsuz içəri daxil olub mağazada quraşdırılmış Zərərçəkmiş şəxs1 MMC-yə məxsus 11054 saylı “MilliÖn” ödəmə terminalının ön qapısını dəmir alətlə sındırıb içərisində müxtəlif əsginaslardan ibarət 8.417 manat pul olan 300 manat dəyərində pul kasetini və mağazanın içərisində olan Zərərçəkmiş şəxs3 məxsus kassadan 300 manat pulu götürməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 300 manat məbləğində, zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə isə ümumilikdə 8.717 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa o, təkrarən, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27 avqust 2021-ci il tarixdə, saat 04:00 radələrində ünvan 2 ünvanda yerləşən “Ekonom” adlı marketin giriş qapısını özündə olan, istintaqa məlum olmayan alətlə müdaxilə edib açaraq birlikdə qanunsuz içəri daxil olub orada quraşdırılmış Zərərçəkmiş şəxs2 MMC-yə məxsus İD-1569 saylı “E-manat” ödəmə terminalının ön qapısını özündə olan dəmir alətlə sındırıb içərisində müxtəlif əsginaslardan ibarət 5.331 manat pul olan 203 manat dəyərində pul kasetini götürməklə zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 5.534 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişlər. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs3 bir neçə ildir tanıyır. Rəfail taksi fəaliyyəti ilə məşğul olur, “Toyota Prius” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Hadisə baş verən ərəfələrdə pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmiş, bu barədə Rəfailə bildirəndə, sonuncu onunla razılaşmışdır. 01 iyul 2021ci il tarixdə Rəfailin idarə etdiyi avtomobillə Binəqədi rayonu, 8-ci mikrorayonda yerləşən “Orxan” adlı marketin qarşısından keçəndə Rəfailə demişdir ki, bu marketdə “MilliÖn” terminalı var, gecə gəlib onu oğurlamaq lazımdır, çünki içərisində çoxlu pul ola bilər. Rəfail marketin qapı-pəncərəsinin hamısının dəmir barmaqlıqdan ibarət olduğunu söylədikdə, o, özü bütün maneələri aradan qaldıracağını bildirmişdir. Rəfail da onunla razılaşmış, axşam görüşmək barədə razılığa gələrək ayrılmışlar. Gecə saat 01-02 radələrində marketin qapısını açmaq üçün lazım olan əşyaları götürüb idman çantasına yığmış, Rəfailin avtomobilinə əyləşib Binəqədi rayonunda yerləşən qoşa yanacaqdoldurma stansiyasının yaxınlığındakı parka getmiş, orada avtomobili saxlayıb “Orxan” adlı marketə piyada gəlmişlər. Saat təxminən 04:00 radələrində tanınmamaq üçün tibbi maska və papaq taxmışdır. Razılaşdıqları kimi Rəfail marketdən 20 metr aralıda dayanaraq kənar şəxsin gələcəyi təqdirdə məlumat vermək məqsədilə müşahidə mövqeyi tutaraq ətrafa nəzarət etmiş, o isə özündə olan alətlə qapının dəmir barmaqlarında olan qıfılı sındırıb plastik qapını açaraq içəri daxil olmuşdur. Marketin içərisində sağ tərəfdə olan “MilliÖn” aparatını astaca aşırdıb kassa olan hissəsini sındıraraq pul kasetini çıxarıb idman çantasına qoyaraq oradan uzaqlaşmış və Rəfail ilə birlikdə binaların həyəti tərəfə keçərək burğacla kassanı açmışdır. Kassada olan 8.417 manat pulun 4.000 manatını Rəfailə vermiş, qalanını isə özünə götürərək kassanı tullamışdır. Sonra gəldikləri avtomobilə minərək oradan uzaqlaşmışlar. Qeyd edir ki, marketdən yalnız ödəmə terminalının içərisindəki pulu oğurlamış, marketin kassasına yaxın getməmişdir. Bundan əlavə, 24 avqust 2021-ci il tarixdə Ağstafa rayonunda yaşayan əsgər yoldaşı Təqsirləndirilən şəxs2 mobil nömrəsinə zəng edərək onun pula ehtiyacı olub-olmadığını soruşmuş və Bakı şəhərinə gələrək oğurluq edib pul əldə etməyi təklif etmişdir. Şamxal da onunla razılaşmışdır. 27 avqust 2021-ci il tarixdə Şamxalla əlaqə saxlayan zaman onun Bakı şəhəri, Təbriz küçəsində olduğunu bilib özünə məxsus mopedlə Şamxalı həmin yerdən “Yaşıl bazar”ın yanından götürmüş və birlikdə ünvan 3 ünvanda yerləşən “Ekonom” adlı marketə tərəf 6-7 məhəllə qalmış mopedi saxlayaraq düşmüşlər. Həmin zaman o, özü ilə sellofan paketdə burğac və sair alət götürmüşdür. Saat 04:00 radələrində piyada marketin önünə gəlmişlər. Şamxal kənarda dayanmış, o isə burğacı götürərək qapıya tərəf yaxınlaşaraq onu açmış, daha sonra Şamxalı səsləyərək gəlməsini bildirmişdir. Şamxal ilk öncə tərəddüd etsə də, sonra marketə daxil olmuşdur. Onlar marketdə giriş hissədə sağ tərəfdə yerləşən “E-manat” ödəmə terminalına yaxınlaşmış, önündə dəmir qapı olduğu üçün Şamxalın köməyi və özü ilə gətirdiyi alətlə bu qapını sındırmış və terminaldan içərisində pul olan dəmir kaseti götürüb Şaxmalla birlikdə marketdən çıxıb “Zorge” adlanan parka gedib pul kasetini sındırmışlar. Kasetdən çıxan pulları saymış, 5.331 manat pulun 2.150 manatını Şamxala vermiş, qalanını isə özünə götürmüş, kaseti də zibil qutusuna atmışdır. Daha sonra mopedə minərək Şamxalı yolda düşürmüş, özü isə yaşadığı evə getmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək digər Təqsirləndirilən şəxs1 ifadəsində göstərilənləri təsdiq etdi, eyni zamanda söylədi ki, vurulmuş zərərdən 1.200 manat pul ödəmişdir. Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Evlidir, himayəsində iki azyaşlı uşağı var. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək digər Təqsirləndirilən şəxs1 ifadəsində göstərilənləri təsdiq etdi. Məhkəmədə zərər çəkmiş (mülki iddiaçı) hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMCnin nümayəndəsi Nümayəndə1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 MMC şirkəti Bakı şəhərində küçə və prospektlərdə, idarə və müəssisələrdə, iri ofislərin girişlərində, supermarket və marketlərdə vətəndaşlara xidmət etmək və onların ödənişlərini asanlaşdırmaq məqsədi ilə ödəmə terminalları “MilliÖn” quraşdırmışdır. Zərərçəkmiş şəxs1 MMC-yə məxsus 11054 saylı “MilliÖn” ödəmə terminalı ünvan 1 ünvanda yerləşən “Orxan” adlı marketdə də quraşdırılıb. 02 iyul 2021-ci il tarixdə şirkətə məlumat daxil olmuşdur ki, gecə saatlarında naməlum şəxslər marketin dəmir barmaqlığının qapısının qıfılını sındıraraq içəri daxil olmuş və şirkətə məxsus terminal aparatın inkasassiya qapısını sındıraraq içərisində 8.417 manat nağd pul olan 300 manat dəyərində pul kasetini oğurlamış, eyni zamanda terminal aparatının 110 manat dəyərində inkasassiya qapısı, 50 manat dəyərində inkasassiya qapısının daxili klidliri, 520 manat dəyərində “cash in” aparatı yararsız vəziyyətə salınmışdır. Aparatın təmiri üçün 250 manat vəsait istifadə edilmişdir. Ödəmə aparatının 300 manat dəyərində pul kasetinin və içərisində olan 8.417 manat nağd pulun oğurlanması nəticəsində şirkətə 8.717 manat məbləğində, aparatının zədələnməsi nəticəsində 930 manat məbləğində, ümumilikdə isə 9.647 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda dəymiş ümumi zərərin 1.200 manatı ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs3 tərəfindən ödənilmiş, qalan 8.447 manat isə ödənilməmişdir. Bu səbəbdən dəymiş maddi ziyanın ödənilməsi barədə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı mülki iddia qaldırmışlar. Verilmiş mülki iddianın təmin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Əbüləhəd oğlu ifadəsində göstərdi ki, o, Binəqədi rayonu, H.Hüseynov küçəsi, 23 saylı ünvanda 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən “Orxan” adlı marketi icarə əsasında işlədir, həmin marketdə Zərərçəkmiş şəxs1 MMC-yə məxsus 11054 saylı “MilliÖn” ödəmə terminlı da quraşıdırılıb. Marketin qapısı plastikdəndir, çöl tərəfdən isə dəmir barmaqlıqlar var. 02 iyul 2021-ci il tarixdə, səhər saat 08:00-da marketə gəldikdə dəmir barmaqlığın açıq, qıfılın sındırılmış, içəridəki “MilliÖn” aparatının qapısının da sındırılmış vəziyyətdə olduğunu aşkar etmişdir. Marketdə olan kassaya baxdıqda 300 manat pulu oğurlandığını görmüş və bu barədə “102” xidmətinə və Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsinə məlumat vermişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi Nümayəndə2 ifadəsində göstərdi ki, şirkət “E-manat” ödəmə terminallarının müvafiq obyektlərdə quraşdırılması və yığılan pulların daşınması ilə məşğuldur. Həmin terminallardan biri də ünvan 3 ünvanda yerləşən “Ekonom” adlı marketdə quraşdırılmışdır. 27 avqust 2021-ci il tarixdə həmin marketi icarə əsasında işlədən Faiqə Abuşova şirkətə telefon vasitəsi ilə məlumat verərək marketdə quraşdırılmış “E-manat” aparatının sınıdırlması və içərəsində olan pulun oğurlanmasını bildirilmişdir. Sonradan şirkət tərəfindən həmin aparatdan içərisində 5.331 manat pul olan 203 manat dəyərində pul kasetinin oğurlandığı müəyyən edilmişdir. Şirkət təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şikayətçidir. İş materiallarında olan: • 30.09.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin dindirilməsi protokolu” və 04.11.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin əlavə dindirmə protokolu”na əsasən Təqsirləndirilən şəxs1 Rəhim oğlu ünvan 1 ünvanda yerləşən “Orxan” adlı marketin kassasından 300 manat pulu götürməyini və bunu Rəfaelə demədiyini qeyd edir (İİ cild, i.v.96-99, 220-221); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin:
1. 30.09.2021-ci il tarixli, 9/6371 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən Zərərçəkmiş şəxs2 MMC tərəfindən tərtib edilmiş 30.08.2021-ci il tarixli qüsur aktına əsasən 4 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq dəymiş ziyanın məbləği nəzəri qaydada 516,00 manat müəyyən edilir. O cümlədən: 1 ədəd korpusun üz hissəsinin dəyəri – 200,00 manat; 1 ədəd Kerberos qapı kilidi – 70,00 manat; 1 ədəd Kasset Cashbox 1200 U (kilidsiz) – 203,00 manat; 1 ədəd Bezel qubi dlya mei cashflow – 43,00 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İ cild, i.v.168- 169);
2. 29.09.2021-ci il tarixli, 9/6517 saylı rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilən Zərərçəkmiş şəxs1 MMC tərəfindən tərtib edilmiş 05.07.2021-ci il tarixli 1 vərəqdə qüsur aktına əsasən 4 adda mallar üzrə dəymiş ziyanın məbləği nəzəri qaydada 1.230,00 manat müəyyən edilir. O cümlədən: İnkassasiya qapısı – 110,00 manat; İnkassasiya qapısının daxili kilidi – 50,00 manat; Cashin, cashbox cihazları – 520,00 manat; Pul kaseti – 300,00 manat. Ödəmə aparatının təmiri və bərpası üçün 250 manat. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (İİ cild, i.v.82-83); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.09.2021-ci il tarixli, 4(006)- 375/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.92-96); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04.09.2021-ci il tarixli, 4(006)- 382/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablanmışdır (İ cild, i.v.157-159); • 10.07.2021-ci il tarixli tutma protokoluna əsasən Təqsirləndirilən şəxs3 tutulmuş, Bakı şəhəri Binəqədi rayon prokurorunun 12.07.2021-ci il tarixli qərarı ilə isə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən imtina edilmiş, müstəntiqin qərarı ilə onun haqqında “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.224-225, İİ cild, i.v.26-29); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06.09.2021-ci il tarixli arayışı, məhkəmə hökmünün və qərarın surəti, Bakı şəhər Probasiya idarəsinin 14.01.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 27.12.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzasının çəkilməmiş hissəsi 1 il azaldılmış, çəkilməmiş cəzası 01 il 02 ay 28 gün təşkil edir (İ cild, i.v.161-162, İİ cild, i.v.39- 44, İİİ cild); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10.09.2021ci il tarixli arayışı, məhkəmə hökmü və qərarının surətlərindən, habelə “Amnistiya aktının tətbiq edilməsi barədə” 17.12.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Tərtər Hərbi Məhkəməsinin 12.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 350.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunmaqla 400 manat cərimə cəzasına məhkum edilmiş, Ağstafa Rayon Məhkəməsinin 14.09.2021-ci il tarixli qərarı ilə cərimə cəzasının ödənilməmiş hissəsi 300 saat ictimai işləri cəzası ilə əvəz edilmiş, 17.12.20210-ci il tarixli qərarla “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzadan azad edilmişdir (İ cild, i.v.164-165, İİ cild, i.v.132, 157-169, İİİ cild); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışına görə Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır (İİ cild, i.v.126); • “Dəymiş zərərin ödənilməsi barədə” 01.11.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 02.07.2021-ci il tarixdə Zərərçəkmiş şəxs1 MMC-yə məxsus 11054 saylı “MilliÖn” aparatından talanan 8.417 manat nağd pulun 1.200 manatını ödəyir (İİ cild, i.v.127); • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Təqsirləndirilən şəxs3 həmin medalla təltif edilmişdir (İİ cild, i.v.23-24); • Doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs3 15.10.2015-ci il və 22.12.2018-ci il təvəllüdlü iki övladı var (İİ cild, i.v.34-35); • Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs1 MMC şirkətə vurulmuş maddi ziyanın əvəzinin tam ödənilməsini təmin edərək cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 8.447 manat məbləğində pulun tutulmasını xahiş edir (İİ cild, i.v.134).
Hüquqi məsələlər:
Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər hansı icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs3 hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü və Təqsirləndirilən şəxs2 hərəkətlərində Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibi vardır. Onlar tərəfindən həmin əməllərin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Eyni zamanda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 Əbüləhəd oğlunun işlətdiyi Binəqədi rayonu, H.Hüseynov küçəsi, 23 saylı ünvanda yerləşən “Orxan” adlı marketin kassasından 300 manat pulun oğurlamadığına dair Təqsirləndirilən şəxs1 ifadəsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə verdiyi ifadələrində həmin vəsaitin oğurladığını dəfələrlə bildirmiş, hətta bunu birgə əməli törətmiş Təqsirləndirilən şəxs3 gizlətdiyini söyləmişdir. Bu səbəbdən də məhkəmə onun ifadəsinin bu hissəsinə tənqidi yanaşır. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərə görə cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşaqlarının olmasını və cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.14-cü maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda onun cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şəxsiyyətlərini, habelə əvvəllər törədikləri cinayətlərə görə məhkəmə tərəfindən təyin edilmiş yüngül cəzalardan nəticə çıxarmayaraq kriminal hərəkətləri davam etdirdiklərini, həmçinin Təqsirləndirilən şəxs1 çəkilməmiş cəzasının olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs3 isə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, cinayət nəticəsində vurulmuş zərərin aradan qaldırılması üçün gördüyü tədbirləri, cəzasının yüngülləşdirən halların olmasını və Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunmasında aparılmış hərbi əməliyyatlar zamanı xüsusi fərqləndiyinə görə dövlət tərəfindən medalla təltif olunmasını nəzərə alaraq məhkəmə hesab edir ki, ona Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olardı. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 oğlunun məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bu Məcəllənin 67.4-cü maddəsinə müvafiq olaraq hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 02 ay 28 gün hissəsinin iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə müvafiq olaraq ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzalarının əvvəli onların həbsə alındığı andan – Təqsirləndirilən şəxs1 münasibətdə 30 avqust 2021-ci il, Təqsirləndirilən şəxs2 isə 02 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri 100 manat pul müştərək qaydada Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunanlarla əlaqədar zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC tərəfindən verilmiş mülki iddia təmin edilməli, vurulmuş maddi zərərə görə 8.447 manat pul Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarını müdafiə etmiş müvafiq olaraq 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 manat pul ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat dövründə tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, 3-cü mədən küçəsi, ev 89-u hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhəri Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs1 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27.04.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün hissəsinin iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 30 avqust 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Mülki iddia təmin edilsin. Cinayət nəticəsində Zərərçəkmiş şəxs1 MMC-yə vurulmuş maddi zərərə görə 8.447 (səkkiz min dörd yüz qırx yeddi) manat pul Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Zərərçəkmiş şəxs1 MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqlarını müdafiə etmiş müvafiq olaraq 2 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 hər birinə dövlət büdcəsi vəsaiti hesabına 30 saat üçün nəzərdə tutulan 180 (yüz səksən) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən,
Hakim Babək Pənahov