Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-72/2024 14.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbazadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclsasının katibi - Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru - X1, zərər çəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs Tarıyel qızının, zərər çəkmiş şəxsin (mülki iddiaçının) nümayəndəsi və vəkili - Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Qanuni nümayəndə, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Mingəçevir şəhəri, A.Məmmədov küçəsi, ev 12, mənzil 18-də qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr., Cavadxan küçəsi, ev 48, mənzil 78-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12.30 radələrində kirayədə yaşadığı ünvan 1 ünvanında mənzildə arvadı Məmmədova X4 övladına düzgün tərbiyə etməməsini irad bildirib üstünə qışqırması səbəb ilə bağlı aralarında ailə məişət münasibətlərin pozulması nəticəsində başlanılmış mübahisə zamanı, Zərərçəkmiş şəxs yumruq və təpiklə, baş və bədənin müxtəlif nahiyələrinə qəsdən vuraraq, ona sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və sol bazunun geniş həcmli hematomasi, sol təpə-ənsə və ənsə nahiyələrinin hematomaları, sol təpə-ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin sıyrıqları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa YÜNGÜL zərər vuran bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə olana kimi ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə kirayədə yaşamışlar. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, onunla 2013-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar və həmin nikahdan bir övladı dünayaya gəlibdir. Zərərçəkmiş şəxs ilə ailə həyatı qurduqdan sonra, bugünə kimi mütəmadi olaraq aralarında ailə məişət zəminində mübahisələr olubdur. 18 oktyabr 2023-cü il tarixdə səhər saatlarında evdə olduğu zaman, yeddi yaşlı qızı ona yaxınlaşıb su qabı almaq üçün ondan 20 manat pul istədi. O, isə uşağa izah etdi ki, evdə onun sənə aldığı bir neçə su qabları var, onları istifadə elə. Onun bu sözləri uşağa su qabı almaq üçün pul verməməyi onun xətirinə dəydi və övladı ondan incidi. Həmçinin, üç gün onunla danışmadı. 21 otyabr 2023-cü il tarixdə saat 12.30 radələrində yaşadığı mənzildə olan zaman o, arvadı Günaya uşağa belə tərbiyə verməsinə və uşağa başa salmamasına görə iradını bildirdi. Bu səbəbdən Günay ilə aralarında mübahisə düşdü və həmin mübahisə zamanı Günay onunla yüksək tonla danışmağa başladı və ona əl-qol atmaq istəyəndə o, əsəbləşərək Günayın sol çiyin nahiyəsindən, qollarından, baş nahiyəsindən və bədəninin müxtəlif nahiyələrinə sillə və yumruqla vurmuşdur. Həmin vaxtı evdə olan azyaşlı uşağı onun önünə keçdi və o, bu səbəbdən də sakitləşmişdir. Günay isə uşaqla evdən çıxıb həytə düşdülər. Hadisə yaşadığı ünvan 3 ünvanında baş verib, hadisəyə səbəb həyat yoldaşı Günaya uşağı düzgün tərbiyə etməməsinə iradını bildirməyi olub, hadisə təxminən 3-5 dəqiqə davam etmişdi, həmin vaxtı evdə o, arvadı Günay və azyaşlı övladı olub. Hadisə zamanı o, heç bir xəsarət almamışdır, xəsarəti yoxdur və bu səbəbdən məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir. Sonda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onunla 2013-cü ildə rəsmi nigaha daxil olub ailə həyatı qurmuşdur və həmin nikahdan bir qız övladı var. Hadisə olana kimi, ünvan 2 ünvanında ailə üzvləri ilə birlikdə kirayədə yaşamışlar. Ailə həyatı qurduqdan sonra, Turalla mütəmadi olaraq mübahisələri olub və həmin mübahisələr səbəbsiz olaraq Tural tərəfindən başlanıbdır. Hadisədən təxminən 3 gün əvvəl azyaşlı qızı atasından pul istədi, lakin atası Tural ona pul vermədi. Turalın bu hərəkətinə görə qızı Turaldan incimiş və eyni zamanda Tural, onun üstünə qışqırmışdır. 21 oktyabr 2023-cü il tarixdə saat 12.30 radələrində yaşadığları mənzildə olan zaman, həmişə olduğu kimi dava salmağa bəhanə axtaran Tural onun üstünə qışqıraraq təhqir edərək nəyə görə uşağı atasından niyə küsməsini başa salmadığından onu ittiham etmişdir. Bu səbəbdən həmişə olduğu kimi mübahisə yaranmış və həmin mübahisə zamanı Tural onun baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və təpiklə vuraraq yerə yıxmışdır. O, yerdə olduğu zaman belə Tural, onu yumruq və təpiklə vurmaqda davam etmişdir. Həmin vaxtı evdə olan azyaşlı uşağı qışqıraraq Turalın önünə keçib onu dayandıra bilməmişdir. Sonra o, uşağını götürüb həyətə düşmüşdür. Hadisə kirayə yaşadığları ünvan 4 ünvanında baş verib, hadisə təxminən 3-5 dəqiqə davam edib, həmin vaxt evdə mən, azyaşlı övladı və Təqsirləndirilən şəxs başqa heç kim olmayıb. Mübahisəyə səbəb Turalın azyaşlı övladına pul verməməsi olmuşdur. Hadisə zamanı o, sol baş nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən xəsarət almışdır. Hadisə zamanı o, əri Təqsirləndirilən şəxs vurmamış və ona heç bir xəsarət yetirməmişdir. Eyni zamanda bildirir ki, Təqsirləndirilən şəxs əməli nəticəsində sağlamlığının bərpası üçün çəkdiyi 1000 (bir min) manat xərcin, 4000 (dörd min) manat mənəvi zərərin, 70 manat dövlət rüsumunun əvəzinin mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə məhkəməyə mülki iddia təqdim etmişdir. Sonda Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçi olduğunu bildirərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmasını və mülki iddiasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 8-ci vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi barədə” 21 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı X5 hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri ünvan 5 ünvanıdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 16-17-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, o, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 179.3.2 və 313-cü maddələri ilə təqsirli bilinərək 02 il şərti sınaq müddəti müəyyən edilməklə 07 il müddətinə azadlıqdan məhrum etmə cəzasına və 01 il 06 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilmə cəzasını məhkum edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 20-23-cü vərəqlərində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya X2 canlı şəxsin ekspertizasına dair 23 oktyabr 2023-cü il tarixli, 1519 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol bazu oynağında hərəkət məhdudluğu ilə müşayiət olunan sol bazu oynağı və sol bazunun geniş həcmli hematoması, sol təpə-ənsə və ənsə nahiyələrinin hematomaları, sol təpə- ənsə nahiyəsinin əzilmiş-cırılmış yarası, boyun nahiyəsinin sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələrinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd edilən cinayətin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmançılıq çəkməsini və himayəsində bir azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Belə ki, o əvvəllər məhkum olunsa da, onun məhkumluğu ödənilmişdir. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə tam uyğun olmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması (06 ay müddətə) növündə cəza təyin edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Mülki iddiaya gəldikdə məhkəmə qeyd edir ki, mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddia verərək, mülki cavabdeh (cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs) Təqsirləndirilən şəxs törətdiyi cinayət nəticəsində sağlamlığının bərpası üçün çəkdiyi 1000 (bir min) manat xərcin, 4000 (dörd min) manat mənəvi zərərin, 70 manat dövlət rüsumunun əvəzinin alınıb onun xeyrinə ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarında olan sənədələri nəzərə alaraq hesab edir ki, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən verilmiş iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarında maddi zərərlə bağlı göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir. Məhkəmə ilkin olaraq mülki iddiaçı tərəfindən irəli sürülmüş mənəvi zərərin ödənilməsi tələbinə dair aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında izah olunmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə də mənəvi zərərin sübut edilməsini hər bir halda tələb etmək düzgün deyildir. Məhkəmə ədalətlilik prinsipini rəhbər tutmaqla kompensasiya təyin edilməsi və onun məbləğinin müəyyən edilməsi məsələsini müzakirə edərək həll etməlidir. Ərizəçinin narahatlıq, iztirab, qorxu, təşviş, ümidsizlik hissləri keçirilməsi mənəvi zərərin ödənilməsi üçün əsasdır. Həmin məhkəmə “Smirnova Rusiyaya qarşı” iş üzrə qəbul etdiyi qərarında isə göstərmişdir ki, mənəvi ziyanın bəzi formalarını, o cümlədən emosional iztirabları onların təbiətinə görə heç də həmişə hansısa konkret vasitə ilə sübuta yetirmək mümkün olmur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 nömrəli 03 noyabr 2008-ci il tarixli qərarının 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X3 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri - əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin qərarın 4-cü bəndində isə göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi ziyanın ödənilməsini tələb etmək hüququnu istisna etmir. Qeyd olunan Qərarın 10-cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Şərh olunanların məcmusuna əsaslanmaqla məhkəmə hesab edir ki, mülki iddiaçı baş vermiş cinayət əməlinə görə mənəvi sarsıntı keçirdiyinə görə mənəvi zərərin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə işin hallarını nəzərə alaraq qeyd edir ki, mənəvi ziyanın məbləği 500 manat həddində müəyyən edilməklə iddiaçının mənəvi iztirablarının ağlabatan və mütənasib əvəzi kimi qəbul edilməli və qeyd olunan məbləğ mülki cavabdehdən tutularaq mülki iddiaçıya ödənilməlidir. Məhkəmə, mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığının bərpası üçün müayinə və müalicələrə xərclədiyi 1000 (bir min) manat maddi ziyana münasibətdə isə qeyd edir ki, təqdim olunmuş sübutlardan mülki iddiaçının xəsarət alması və müayinə və müalicə olunması müəyyən edilsə də, müalicəyə çəkilən xərclərin həcmi ilə bağlı hər hansı sübut (mədaxil qəbzi, çek və s.) məhkəməyə təqdim edilməmişdir. Buna görə də mülki iddia maddi zərərlə bağlı hissədə təmin edilməməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, mülki iddia qismən təmin edildiyindən, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumuna görə ödənilmiş 70 manatın 14 manat hissəsinin 30 manat məbləği mülki cavabdehdən tutularaq mülki iddiaçının xeyrinə ödənilməli, qalan hissəsi idə mülki iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs mülki iddia tələbi qismən təmin edilməli, mülki cavabdeh (cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs) Təqsirləndirilən şəxs mənəvi zərərə görə 500 (beş yüz) manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (40 manat) isə mülki iddiaçıya aid edilməli, mülki iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia tələbi qismən təmin edilsin. Mülki cavabdeh (cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs) Təqsirləndirilən şəxs mənəvi zərərə görə 500 (beş yüz) manat, mülki iddia tələbi üzrə ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, ümumilikdə 530 manat məbləğində pul vəsaiti tutularaq mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs ödənilsin, ödənilmiş dövlət rüsumunun qalan hissəsi (40 manat) isə mülki iddiaçıya aid edilsin, mülki iddia tələbi qalan hissədə rədd edilsin. Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-72/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-72/2024
14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver