Məhkəmə qərarları › İş №1(006)-73/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-73/2022

24.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-73/2022 24.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Cəlilabad rayonu, Alar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Cəlilabad rayonu, Alar ərazi dairəsi, Alar kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,156 qram çəkidə narkotik vasitə heroini və 0,290 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 15 sentyabr 2021-ci il tarixdə saat 16:00-da ünvan 2 ünvanda yerləşən “Favorit” marketin qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-yə gətirilmiş və polis şöbəsində üzərində şəxsi axtarış keçirilərkən əynindəki göy rəngli cins şalvarın sol yan cibində olan ağ rəngli qutunun içərisindən 01 bükümdə təmiz çəkisi 0,156 qram təşkil edən həmin narkotik vasitə heroin və ayrı-ayrılıqda təmiz çəkiləri 0,189 və 0.101 qram olmaqla ümumi təmiz çəkisi 0,290 qram təşkil edən həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 15 sentyabr 2021-ci il tarixdə səhər saatlarında üzdən tanımadığı sosial şəbəkədə tanış olduğu türk vətəndaşının ona narkotik vasitə satması üçün “whatsapp” proqramı vasitəsi ilə aldığı kart hesabına 20 manat köçürmüşdür. Həmin gün axşam saatlarında “whatsapp” vasitəsilə həmin türk vətəndaşı ona səsli mesaj ataraq narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən məktəbin həyətində qoyduğu yeri bildirmişdir. O, həmin yerdə ağ rəngli dama qutusunun içərisində bir ədəd siqaretin gümüşü rəngli folqasına bükülmüş qara rəngli, bir ədəd dəftər vərəqinə bükülmüş və bir ədəd sellofan kəsiyinə bükülmüş maddələri, turbacıq kimi hazırlanmış kağızı və 01 ədəd folqanı saat 16:00 radələrində götürüb həmin yerdən bir az aralanmışdır. Bu zaman «Favorit» marketin qarşısında polis əməkdaşları onu saxlamışlar. Bundan sonra onu 19-cu PŞ-yə gətirmişlər. 15.09.2021-ci il tarixdə o, polis əməkdaşları ilə birlikdə Nəsimi RPİ-nin 19-cu PŞ-yə daxil olmuşdur. Polis Şöbəsində ona videoçəkilişlə üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, hüquqlarının müdafiə olunması üçün öz istəyi ilə dövlət hesabına vəkillə təmin olunmuşdur. Baxışda iştirak etmək üçün videoçəkiliş aparan bir nəfər mütəxəssis dəvət edilmişdir. Bundan sonra xidməti otaqların birində onun, polis əməkdaşlarının və mütəxəssisin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zaman ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. O, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli dama qutusunu çıxararaq masanın üzərinə qoymuşdur. Bundan sonra ondan üzərində başqa hər hansı bir əşyanın olubolmaması sual edilmiş və o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra onun üzərində axtarış aparılmağa başlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Bundan sonra isə onun təqdim etdiyi 01 ədəd ağ rəngli dama qutusu açılaraq onun içərisində olan ayrı-ayrılıqda üç bükümün içərisində olan maddələrin nə olduğunu demək ona təklif edilmiş və o, bir bükümün içərisində narkotik vasitə “kokos", yəni heroin, digər iki bükümlərin içərisində isə psixotrop maddə “şüşə", yəni metamfetamin olduğunu bildirmişdir. Həmçinin həmin dama qutusunun içərisindən çıxan 01 ədəd turbacıq kimi hazırlanmış kağız borucuğunun və 01 ədəd folqanın nə üçün lazım olduğu ona sual ediləndə o, onların narkotik vasitənin və psixotrop maddənin istifadəsində lazım olduqlarını bildirmişdir. Ondan həmin narkotik vasitəni və psixotrop maddəni haradan əldə etdiyi və nə məqsədlə üzərində gəzdirdiyi sual ediləndə, haradan, necə və nə məqsədlə əldə etdiyini bildirmişdir. Bundan sonra iştirakçıların və onun iştirakları ilə çəkiliş zamanı təqdim etdiyi narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq möhürlənmişdir,həmin zərf onun və istintaq hərəkəti iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsin irəli sürülmüş ittihamda təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, 15 sentyabr 2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin satış məqsədi olmadan əldə edərək üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılmasından ötrü 19-cu PŞ-nin rəisinə raportla məruzə edilmişdir. İş yoldaşı 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə 15.09.2021-ci il tarixdə saat 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 40 ünvanında “Favorit” marketin qarşısında keçirdikləri əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-yə aparılmışdır. 19-cu PŞ-nin təhqiqatçısı polis polkovniki Vahid Quliyevin xidməti iş otağında videoçəkilişlə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir və Təqsirləndirilən şəxs üstündə olan əşyaları könüllü çıxarıb stolun üstünə qoyması təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli dama qutusunu çıxararaq masanın üzərinə qoymuşdur və üzərində başqa heç bir qanunsuz əşyanın və ya narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir və onun üzərindən heç bir əşya aşkar edilməmişdir. Daha sonra həmin 01 ədəd ağ rəngli dama qutusu açılmışdır və onun içərisində olan 01 kağız bükümü, 01 sellofan kəsiyi bükümü, 01 folqa kəsiyi bükümü, 01 ədəd turbacıq kimi hazırlanmış kağız borucuğu və 01 ədəd folqa kəsiyi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs 01 kağız bükümündə və 01 sellofan kəsiyi bükümündə “şüşə”, yəni metamfetamin adlanan psixotrop maddənin, 01 folqa kəsiyi bükümündə isə “kokos”, yəni heroin adlanan narkotik vasitənin olduğunu bildirmişdir. Daha sonra 01 kağız bükümü, 01 sellofan kəsiyi bükümü, 01 folqa kəsiyi bükümü, 01 ədəd turbacıq kimi hazırlanmış kağız borucuğu və 01 ədəd folqa kəsiyi təzədən 01 ədəd ağ rəngli dama qutusuna yerləşdirilmiş və həmin qutu 01 ədəd içərisi boş olan zərfə qoyulmuş, zərf isə bağlanıb möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmişdir və ucadan istintaq hərəkəti iştirakçılarına oxunmuşdur. Hər kəs həmin protokolu, eləcə də zərfin üzərini imzalamışdır. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 01 ədəd ağ rəngli dama qutusunun içərisdəki narkotik vasitə və psixotrop maddələri sosial şəbəkədə tanış olduğu türk vətəndaşından sonuncunun kartına onlayn qaydada 20 manat köçürməklə aldığını bildirmişdir. Təqsirləndirilən şəxs dediyinə görə 15.10.2021-ci il tarixdə o, türk vətəndaşı ilə “whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə mesajlaşmış və nəticədə həmin şəxs Təqsirləndirilən şəxs “whatsapp” proqramı vasitəsi ilə kart ataraq narkotik vasitə müqabilində həmin karla pul köçürməsini istəmiş və daha sonra Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən orta məktəbin həyətindən götürə biləcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Təqsirləndirilən şəxs dediyinə görə içərisində narkotik vasitə və psixotrop maddə olan 01 ədəd ağ rəngli dama qutusunu Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsində yerləşən orta məktəbin həyətindən götürmüşdür və şəxsi istifadəsi üçün aldığını qeyd etmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən şahid Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsi məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 15.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.23-24); - Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17.09.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v.107- 111); - “Şəxsi axtarış aparılması və maddi sübutların götürülməsi barədə” 15.09.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15.09.2021-ci il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən ünvan 4 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-yə gəlirilmiş, şöbədə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman onun əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli dama qutusunun içərisindən 01 kağız bükümü, 01 sellofan kəsiyi bükümü, 01 folqa kəsiyi bükümündə olan maddələr və 01 ədəd turbacıq kimi hazırlanmış kağız borucuğu, 01 ədəd folqa kəsiyi aşkar edilərək götürülmüşdür (i.v.46-52); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli, 6/4079 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş 01 (bir) bükümdə, təmiz çəkisi 0.156 qram olan tünd göy rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin, 02 ədəd bükümdə hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 0,189 qram və 0.101 qram olmaqla ümumi çəkisi 0,290 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Aparılmış tədqiqatın dəyəri 88,70 manat təşkil edir (i.v.57-62); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 25.10.2021-ci il tarixli, 4127 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.142-143); - “Sübutların qiymətləndirilməsi haqqında” 06.11.2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd DVD disk, 01 büküm 0,156 qram narkotik vasitə heroin və 02 büküm çəkiləri ümumilikdə 0,290 qram təşkil edən psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, təhqiqatdan sonra qalıq çəkisi 0,116 qram təşkil edən narkotik vasitə heroin və ümumilikdə təhqiqatdan sonra qalıq çəkiləri 0.210 qram təşkil edən 02 büküm psixotrop maddə olan metamfetamin Bakı şəhəri Nəsimi RPİ-nin saxlanc yerinə təhvil verilmişdir (i.v.128-134); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs daha əvvəl Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 02 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v.122-123); - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 02 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəyinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 24.01.2022-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 04.03.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 02 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “08 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarının 7-ci bəndinə görə Bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi nəzərdə tutulmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Hazırkı cinayətə görə cəzanın həddini müəyyən edərkən məhkəmə aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 15 sentyabr 2021-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 Ekspert Komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra 01 büküm 0,156 qram narkotik vasitə heroinin qalıq 0,116 qram hissəsi və 02 büküm ümumilikdə 0,290 qram olan psixotrop maddə metamfetaminin qalıq 0,210 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 88,70 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 15 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra 01 büküm 0,156 qram narkotik vasitə heroinin qalıq 0,116 qram hissəsi və 02 büküm ümumilikdə 0,290 qram olan psixotrop maddə metamfetaminin qalıq 0,210 qram hissəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88,70 (səksən səkkiz manat, yetmiş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 saata görə 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar