Məhkəmə qərarları › İş №1(006)-73/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-73/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-73/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, tərcüməçi X4, müdafiəçi - Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Nümayəndə, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 09 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Toyota Prius» markalı, **-DG- *** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 25 ünvanında park etmək üçün 10 km/saat sürətlə geriyə hərəkət etdirən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin geriyə hərəkətinə icazə verilən şərtlərinə (təhlükəsiz manevr etməklə hərəkətin digər iştirakçılarına mane yaratmamaq, lazım gəldikdə başqa şəxslərin köməyindən istifadə etmək) əməl etməyərək və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda heç bir tədbir görməyərək idarə etdiyi avtomobilin arxa hissəsi ilə həmin vaxt Nəsimi rayonu, S.Vurğun küçəsi ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan vurması nəticəsində sonuncunun medial kollateral və ön xaçabənzər bağların gərilməsi, suprapatellar bursada pataloji maye toplaması, qamış sümüyünün proksimal hissəsində sümük ödemi, diz oynağında posttravmatik artroz və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin əzilməsi, medial kollateral bağın gərilməsi və qamış sümüyünün proksimal hissəsində sümük ödemi ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin əzilməsi kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmaqla yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, “Uber” taksi şirkətində maaşlı sürücü vəzifəsində işləmişdir. Hadisə zamanı etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə işdə olmuşdur. Proqram vasitəsi ilə bir müştərinin ünvan 2 ünvana çatdırılması üçün sifariş gəlmişdir. Həmin ünvana gedib çataraq, müştərini gözləmişdir. Avtomaşını park eləmək istədiyi üçün arxa-arxaya hərəkət etməyə başlamışdır ki, elə həmin anda arxadan tanımadığı, sonradan adının X1 öyrəndiyi bir qadının qışqırmasını eşitmişdir. Dərhal avtomobildən düşərək, həmin xanıma yaxınlaşmış və başa düşmüşdür ki, həmin xanımı avtomobilinin sağ arxa hissəsi ilə vurmuşdur. Gülnaranın yerdən qalxmasına kömək eləyərək, səkiyə otuzdurmuşdur. Həmçinin orada yaxınlıqda yerləşən Gözəllik salonundan xanımlar su vermişlər. Təxmini 2-3 dəqiqə sonra Post Patrul Xidmətinin əməkdaşları hadisə yerinə gələrək, Nəsimi Rayon Polis idarəsinin Təhqiqat Şöbəsinə məlumat vermişlər, bir neçə dəqiqə sonra Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı Zaur Hacızadə hadisə yerinə gəlmişdir. Zaur Hacızadə ilə birlikdə Gülnara Xanukayevanı etibarnamə əsasında idarə etdiyi “Toyota Prius” markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilə otuzduraraq “Baku City” Hospitala aparmışlar. Orada bir neçə müayinədən keçiriləndən sonra həkim Gülnara Xanukayevaya bildirmişdir ki, heç bir xəsarəti yoxdur, sadəcə buz qoyar. O da oradan çıxaraq Nəsimi Rayon Polis İdarəsinə gəlib, izahatını vermişdir. Gülnara Xanukayevanın xəstəxana xərclərinə 320 manat pulu çıxmışdır. Hadisədən əvvəl özünü yaxşı hiss etmiş, həmin gün gərgin olmamış və heç bir sarsıntı keçirməmişdir. Heç bir fiziki və psixi gərginlik keçirməmişdir. O, ümümiyyətlə spirtli içki içmir. “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobili texniki baxışdan keçirilmişdir. Nəqliyyat vasitəsi hadisə baş verən zaman saz vəziyyətdə olmuşdur. Hava işıqlı olmuş, gün işığı vardır, görmə qabiliyyəti yaxşı olmuşdur. O, avtomobili təxminən 10 km sürəti ilə idarə etmişdir. Hadisə zamanı Gülnara Xanukayeva arxada kor zona deyilən yerdə durması səbəbi ilə onun görünüş dairəsi çərçivəsində olmamış, bunun üçün hadisəni qabaqcadan hiss edə bilməmiş, hadisənin qarşısını almaq üçün heç bir şey eləməyi çatdırmamışdır. Zərərçəkmiş şəxsə dəyən ziyanı ödədiyini, zərərçəkən şəxsin ondan şikayət və tələbinin olmadığını, onunla barışdığını, özünü təqsirli bildiyini və əməlindən peşman olduğunu nəzərə alaraq cinayət məsuliyyətindən azad olunmasını və cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 01 fevral 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı ünvandan çıxıb işə getmişdir. ünvan 3ısından piyada yolu adi yerişlə keçmiş, həmin vaxt işıqlı olmuş, yağış və ya qar yağmamışdır. Həmin yol bir tərəfli olduğuna görə yolun avtomobil gələn tərəfinə baxıb maşın gəlmədiyinə əmin olduqdan sonra yolu keçməyə davam etmişdir. Həmin vaxt yolu geriyə istiqamətdə hərəkətdə olan sonradan bildiyi “Toyota” markalı, “Prius” modelli, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil sağ tərəfindən zərblə vurmuşdur. Həmin zərbənin nəticəsində o, asfalt üzərinə çırpılaraq xəsarət almışdır. Bundan sonra həmin sürücü onu xəstəxanaya aparmışdır. Orada onun belini tomoqrafıya etmişlər. Tomoqrafıya etdikdən sonra “yumşaq toxumaların əzilməsi” haqqında diaqnozu qoyulmuşdur. Sonradan bədənində ağrılar olduğuna görə o, yenidən ayaqlarını tomoqrafıya etdirmiş və onda müxtəlif xəsarətlər qeyd olunmuşdur. Hal-hazırda onun müalicəsi davam edir. Avtomaşının onu vurduğunu həmin an görməmiş, həmin avtomobil geriyə səssiz hərəkət edib onu vurmuşdur. Çünki o, yolu keçəndə ətrafda maşınlar olmamış və təhlükəsiz olduğunu düşünüb yolu keçdiyi vaxt yolun əsas hissəsini keçdiyi anda avtomobili idarə edən sürücü yolun əks istiqamətinə doğru geriyə hərəkət etdikdə onu vurmuşdur. O, piyada yolu yavaş addımlarla adi yerişlə getmişdir. Həmin avotmobilin arxaya tərəf gəldiyini görməmiş, avtomobil səssiz hərəkət etmişdir. Təqsirləndirilən şəxs oğlunu tanımamış, sonuncunu ilk dəfə 01 fevral 2023-cü il tarixdə hadisə vaxtı görmüş, onunla heç bir düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını, mülki iddiadan imtina etdiyini bildirərək məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibbi ekspertiza və patoloji anatomiya birliyi tərəfindən verilmiş 10 saylı, xx.xx.2023-cü il tarixli rəydən görünür ki, Zərərçəkmiş şəxs bədənində qeyd olunan xəsarətlər - medial kollateral və ön xaçabənzər bağların gərilməsi, suprapatellar bursada pataloji maye toplaması, qamış sümüyünün proksimal hissəsində sümük ödemi, diz oynağında posttravmatik artroz və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin əzilməsi, medial kollateral bağın gərilməsi və qamış sümüyünün proksimal hissəsində sümük ödemi ilə müşayiət olunan sağ diz oynağı nahiyəsinin əzilməsi bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının piyada qismində olan G.l.Xanukayevanı vurması nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası mərkəzi tərəfində verilmiş 8/2147 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, istintaq tərəfindən tədqiq olunan məlumatlara əsasən “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, məhkəmədə müəyyən edildi ki, cinayət işi üzrə CM-nin 263.1-ci maddəsinin dispozisiyasında birbaşa müəyyən edilmiş və ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxs, məhz ehtiyatsızlıqdan sağlamlığına az ağır zərər vurulması nəticəsində baş vermiş cinayət üzrə zərərçəkmiş şəxs olan (CM-nin 263.1-ci maddəsinin tərkibini yaradan zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Belə olduğu təqdirdə Cinayət Məcəlləsinin 263-cü maddəsinin «Qeyd»inə əsasən həmin Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Qeyd edilən hüquq normasına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilmişdir. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. İş üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, cavabdehdən əməli nəticəsində ona vurulmuş 5000 (beş min) manat maddi və 5000 (beş min) manat məbləğində mənəvi ziyanın tam şəkildə onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı mülki iddiaçı (zərərçəkmiş şəxs) məhkəməyə ərizə təqdim edərək, mülki iddiadan imtina etdiyini bildirdi. CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 186.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia vermiş şəxs məhkəmə hökm çıxarmaq üçün müşavirə otağına gedənədək cinayət təqibi üzrə icraatın istənilən anında digər şəxslərin hüquqları və qanuni mənafeləri pozulmursa, iddiadan imtina etməyə haqlıdır. CPM-nin 186.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən mülki iddiadan imtina edilməsinin qəbulu cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə icraata xitam verilməsinə səbəb olur və müvafiq şəxsləri cinayət mühakimə icraatında təkrar iddia vermək hüququndan məhrum edir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan imtina edilməsi qəbul edilsin. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 85 manat (səksən beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Toyota Prius” markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün Təqsirləndirilən şəxs təhvil verilməsi nəzərə alınsın. Mülki iddiaçı (zərər çəkmiş şəxs) Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddiadan imtina edilməsi qəbul edilsin. Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Nümayəndə tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar