Məhkəmə qərarları › İş №1(006)-73/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-73/2025

13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-73/2025 13.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:00 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, tərcüməçi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1982-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,759 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 iyul 2024-cü il tarixdə saat 12:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq ünvan 4şən 19-cu polis şöbəsinin inzibati binasına aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan şalvarın cibindən 06 bükümdə ayrı ayrılıqda çəkiləri 0,015 qram, 0,371 qram, 0,091 qram, 0,119 qram, 0,101 qram və 0,062 qram olmaqla ümumi təmiz çəkisi 0,759 qram təşkil edən xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsülla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddələri əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, saxlanıldığı vaxtadək arabir “patı” kimi tanınan psixotrop maddə olan metamfetamin qəbul etmişdir. 13 iyul 2024-cü il tarixdə səhər saatlarında “Papanin” adlanan ərazidə olarkən anket məlumatlarını dəqiq bilmədiyi Elşən adlı şəxsdən 30 manata psixotrop maddə almışdır. Həmin gün saat 12:00-da ünvan 5 ünvanın qarşısında olan zaman 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib ondan özünü təqdim etməyini tələb etmişlər. O da anket məlumatlarını şifahi təqdim etmiş və üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Bundan sonra, onu Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin inzibati binasına aparmışlar və orada üzərinə təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə baxış keçirilən zaman könüllü olaraq qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qızılı rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. O həmin bükümü təqdim etdiyi vaxt onların kiçik bükümlərdən ibarət olduğunu görmüşdür. Ondan təqdim etdiyi 06 ədəd bükümün içərisindəkinin nə olduğu soruşulmuş və o da həmin bükümün içərisindəkinin psixotrop maddə “patı” olduğunu demişdir. Bundan sonra 06 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış və möhürlənərək zərfin üzəri imzalanmışdır. O həmin vaxt psixotrop maddəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İfadəsinin sonunda məhkəmədən barəsində qanuni və ədalətli qərarın qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxsnı əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Nəsimi RPİ-nin 19-cu PŞ-nə qərəzsiz mənbədən «Röya» adlı şəxsin ünvan 3 ünvanda qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Röya» adlı şəxsin daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Onun cinayət başında yaxalanması üçün Şahid1 rəhbərliyi və onun iştirakı ilə əməliyyat qrupu yaradılmış və 13 iyul 2024-cü il tarixdə saat 12:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanda olduğunu müşahidə etmişlər. Onlar İsmayıla yaxınlaşıb özlərini təqdim edərək birlikdə polis şöbəsinə getməyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsinin inzibati binasındakı otaqların birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən videoçəkiliş vasitəsilə baxış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarının yan cibindən 01 ədəd qızılı rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız bükülü açılmış və bükülünün içərisində bir neçə bükülü olması müəyyən edilmişdir. Hadisədən uzun müddət keçdiyinə görə bükümlərin sayını və çəkisini hal-hazırda xatırlamır. Təqsirləndirilən şəxs həmin bükülülərin “patı” olduğunu və həmin psixotrop maddələri 13 ivul 2024-cü il tarixində səhər saatlarında “Papanin” adlanan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olan bükümlər zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı və polis şöbəsində olduğu müddət ərzində ona hər hansı fiziki və psixi təsirlər edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 317 və 329.1ci maddələrinə əsasən Şahid1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmədə müdafiə tərəfi gəlməyən Şahid1 məhkəmə baxışında iştirakını tələb etmədiyindən məhkəmə tərəfindən ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə istintaqı zamanı tədqiq edilərək elan edilmiş ifadəsindən görünür ki, o, Nəsimi RPİ 19-cu PŞ-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Nəsimi RPİ-nin 19-cu PŞ-nə qərəzsiz məndəbən «Röya» adlı şəxsin ünvan 3 ünvanda qanunsuz olaraq narkotik vasitə əldə edərək saxlaması barədə məlumat daxil olmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində «Röya» adlı şəxsin Zaqatala rayon sakini, Bakı şəhərində daimi yaşayış yeri olmayan əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. Onun cinayət başında yaxalanması üçün PŞ-nin rəisinə məruzə olunmuşdur. Belə ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair tərəfindən qəbul olunmuş qərar şöbə rəisi tərəfindən təsdiq olunmuşdur. İş yoldaşı Şahid2 ilə birlikdə 13 iyul 2024-cü il tarixdə saat 12:00-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs ünvan 3 ünvanda olduğunu müşahidə etmişlər. Onlar İsmayıla yaxınlaşıb polis vəsiqəsi göstərərək özlərini təqdim edərək sonuncunun da özünü təqdim etməsini və onlarla birlikdə polis şöbəsinə getməyinin vacibliyini bildirmişlər. Özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs onu saxlamalarının səbəbini anladığını bildirmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis Şöbəsinin rəisinə bu bərədə məlumat verildikdən sonra təhqiqatçı tərəfindən cinayət təqibi üzrə müvafıq prosessual hərəkətlər həyata keçirilmişdir. Belə ki, PŞ-nin inzibati binasındakı otaqların birində vətəndaş Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının yan cibindən 01 ədəd qızılı rəngli kağızda olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Eyni zamanda əynində olan qara rəngli şalvarın arxa sağ cibindən 14 manat pul çıxarıb təqdim etmişdir. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi qısa qol köynəyin qollarına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra geyindiyi qara rəngli cins şalvarının digər ciblərinə, həmçinin ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Sonra ayağında olan tərliyi çıxartmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd qızılı rəngli kağız bükülü açılmış və bükülünün içərisində 6 ədəd bükülü olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “06” ədəd büküm barədə məlumat verməsi bildirilmişdir. Təqsirləndirilən şəxs həmin bükülülərin “patı” olduğunu və həmin psixotrop maddələri 13 iyul 2024-cü il tarixində səhər saatlarında “Papanin” adlanan ərazidə Elşən adlı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçılara psixotrop maddəyə bənzər kütlələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra içərisində psixotrop maddəyə bənzər kütlə olan bükümlər zərfə qoyularaq zərfin ağzı möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs Elşən adlı şəxsi tanımadığını, ondan ilk dəfədir ki, psixotrop maddə aldığını bildirmişdir. (i/v 129-132). Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 14 iyul 2024-cü il tarixli qərar ilə fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır (i.v. 1); - “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28-29); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 113-114); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” və ona əlavə edilmiş diskdəki olan videogörüntüdə, habelə “Təqsirləndirilən şəxsin dindirilməsi” protokolunda Təqsirləndirilən şəxs üzərində aşkar olunan bükümlərdə olan metamfetamini şəxsi istifadəsi üçün əldə edib gəzdirdiyi, onları heç kimə satmaq fikrində olmadığını bildirir (i.v.55-57, 168-170); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-6/3642 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əski olan, “vətəndaş Təqsirləndirilən şəxs aşkar....” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 06 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.015 qr, 0.371 qr, 0.091 qr, 0.119 qr, 0.101 qr, 0.062 qram ümumi təmiz çəkisi 0.759 qram olan ağ rəngli kristallik maddə zahiri görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (i.v. 63-65); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 4973 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 148-148); - “sübutların qiymətləndirilməsi və tövsif haqqında” 02 oktyabr 2024-cü il tarixli qərarla ********* saylı cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmiş, bundan əlavə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 0,729 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir (i.v.150-155); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışdan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli hökmündən, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli hökmündən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmündən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(001)-386/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək həbsdə saxlandığı 2 (iki) gün cəza müddətinə hesablanaraq üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 25 iyul 2023-cü il tarixdən hesablanmışdır; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)- 267/2024 saylı hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-386/2024 saylı, 11 sentyabr 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanmış və ona qəti olaraq 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işi üzrə 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün və hazırki cinayət işi üzrə 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 06 (altı) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmış və onun üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 30 sentyabr 2023-cü il tarixdən hesablanmışdır; Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 12 dekabr 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(004)-267/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işləri üzrə 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün, 24 iyul 2024-cü il tarixdən 25 iyul 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün, hazırki cinayət işi üzrə 29 avqust 2022ci il tarixdən 31 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 06 (altı) ay 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. (i.v.120-121, 142-147); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası), həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 06 bükümdə ayrı ayrılıqda çəkiləri 0,015 qram, 0,371 qram, 0,091 qram, 0,119 qram, 0,101 qram və 0,062 qram olmaqla psixotrop maddə metamfetamini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onların bükümlərə qablaşdırılması səbəb olmuşdur. Lakin, “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Göründüyü kimi, Plenum qərarında narkotik vasitələri və ya psixotrop maddələri nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Yəni, aşkar edilmiş belə əşyaların bir neçə bükümdə olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 0,759 qram psixotrop maddə metamfetamin 06 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün psixotrop maddələri xırda bükümlərə qablaşdırması, hazırlanması, çəkilməsi üçün avadanlığın (tərəzi və s.) olması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs istər məhkəmə istintaqı zamanı, istərsə də məhkəməyədək icraat dövründə verdiyi ifadələrində üzərində aşkar olunan psixotrop maddəni istifadəsi üçün üzərində gəzdirdiyini, heç vaxt satış məqsədi ilə psixotrop maddə əldə etmədiyini, saxlamadığını və daşımadığını bildirmişdir. “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” protokola əsasən Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 06 bükümdə psixotrop maddə metamfetamin olsa da, o, həmin vəziyyətdə (bükümlərə bölünmüş halda) psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 məhkəmədə verdiyi ifadəsində Təqsirləndirilən şəxs psixotrop maddəni məhz satış məqsədi ilə əldə edib saxlaması və daşıması haqqında nəticə çıxarmaq üçün əsas yarada biləcək faktlar barədə məlumatlar verməmişdir. O xidməti vəzifəsinin icrası ilə əlaqədar baş verənlərə dair məlumatlar verməklə müstəsna olaraq Təqsirləndirilən şəxs üzərindən metamfetaminin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Bundan əlavə, məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraat 14 iyul 2024-cü il tarixdə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlamış və əməlin tövsif edildiyi 02 oktyabr 2024-cü il tarixədək aparılmış ibtidai istintaq dövründə keçirilmiş istintaq hərəkətləri ilə sonuncunun barəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıması ittihamı irəli sürülməsinə zəmin yaradacaq hər hansı fakt və sübut aşkar olunmadan yalnız müstəntiqin subyektiv xarakterli mülahizələri əsasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədinin olmasına dair ibtidai istintaq orqanının qənaəti onda aşkar edilmiş psixotrop maddənin 06 bükümdə olması kimi xüsusatlardan irəli gələn ehtimal subyektiv xarakterli mülahizədir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X5 Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 4973 saylı rəyində Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması qeyd edilir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. Bununla belə, Təqsirləndirilən şəxs qanunsuz olaraq 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,015 qram, 0,371 qram, 0,091 qram, 0,119 qram, 0,101 qram və 0,062, ümumi çəkisi 0,759 qram psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşıması öz təsdiqini tapır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda psixotrop maddə olan metamfetaminin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıma kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıma (cinayət törədilən zaman qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq) kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrıayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs Heybulla oğlunun bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətlərdə də təqsirli olduğu və həmin cinayət əməlləri üzrə Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(006)- 226/2024 saylı hökmü ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Heybulla oğluna hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(006)-226/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işləri üzrə 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 29 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün, 24 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 06 (altı) ay 03 (üç) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 13 iyul 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,015 qram, 0,371 qram, 0,091 qram, 0,119 qram, 0,101 qram, 0,062 qram olmaqla ümumilikdə 0,759 qram olan psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 32 saat üçün nəzərdə tutulan 192 (yüz doxsan iki) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 12 dekabr 2024-cü il tarixli, 1(006)-226/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, üzərində qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki cinayət işləri üzrə 05 avqust 2022-ci il tarixdən 07 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 29 avqust 2022-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün, 25 iyul 2023-cü il tarixdən 23 yanvar 2024-cü il tarixədək azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi 05 (beş) ay 28 (iyirmi səkkiz) gün, 24 iyul 2023-cü il tarixdən 25 iyul 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün, cəmi 06 (altı) ay 03 (üç) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 13 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 65 (altmış beş) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan, 06 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,015 qram, 0,371 qram, 0,091 qram, 0,119 qram, 0,101 qram, 0,062 qram olmaqla ümumi təmiz çəkisi 0,759 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,729 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi 32 saat üçün nəzərdə tutulan 192 (yüz doxsan iki) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar