Məhkəmə qərarları › İş №1(006)-730/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-730/2025

24.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-730/2025 24.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 204.3.1-ci maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə keçirilən məhkəmə iclaslarında onun barəsində böhtan xarakterli, həqiqətə uyğun olmayan ifadə verərək Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Anar Əliyev onunla “whatsapp” proqramı vasitəsi ilə videogörüntülü danışarkən onun Türkiyədən ona saxta pul göndərəcəyini, o pullarla adamlar tapacağını və onda o pullardan çox olduğunu iddia etmişdir. O, onunla “whatsapp” proqramı vasitəsilə danışarkən iqtisadçı alim Qubad İbadoğlunun (xx.xx.1971-ci il tarixdə Füzuli rayonunda anadan olmuş X9 nəzərdə tutulur) da xətdə olduğunu iddia etmişdir. Ayrıca o, iddia etmişdir ki, Qubad İbadoğlu bu məsələlərdə onun ona kömək edəcəyini söyləmişdir. Həmçinin, o, iddia etmişdir ki, o, Qubad İbadoğlunun verdiyi puldan istifadə edə biləcəyini ona söyləmişdir. O, analoji ifadəni 31 iyul 2023-cü il tarixdə ibtidai istintaqda vermişdir: “Onu da əlavə edim ki, Qubad mənə bir nəfər başqa şəxsin X8 adlı şəxsin barəsində də danışıb demişdi ki, həmin şəxs də bizim Türkiyədəki adamımızdır. Qubad deyirdi ki, Fazil cavan oğlandır, əvvəl Azərbaycanda Qafqaz Universitetində oxuyub, hazırda da Türkiyədə universitetdə oxuyur. Fazil bizə Türkiyədən həm maddi tərəfdən, həm də burada ətrafımıza adam toplamaq üçün köməklik göstərəcək. Qubadın sözünə görə o, məni lazım olsa Türkiyəyə Fazillə görüşə göndərəcək, mən gedib ondan təlimatlar və pul götürməliyəm. Qubadın deməsinə görə mənə verdiyi saxta pul əskinaslarından Fazildə çox var və mənə verdiyi saxta pullar da həmin pullardandır, yəni Qubad saxta pulları Fazildən aldığını bildirmişdir. Tutulmamışdan bir az əvvəl Qubad mənimlə videogörüntü ilə danışanda Fazili də danışığa əlavə etdi ki, biz üçümüz görüntülü danışdıq. Qubad məni Fazilə etibarlı adam kimi təqdim etdi və ona dedi ki, mənimlə tam açıq danışa bilər. Mən ilk dəfə Fazili onda gördüm. Fazil Qubadla mənə dedi ki, verdiyi saxta pullardan istifadə edə bilsək əlavə də lazım olsa bizə saxta pul göndərə bilər. Fazil söhbət zamanı həmçinin saxta pula görə Türkiyədə adamı həbs edəndə ağır cəzalar verildiyini, buna görə Azərbaycanda həmin saxta pulları dövr etdirməyin daha uyğun olduğunu bildirdi. Bu danışıq zamanı mən Fazili ilk dəfə görüb üzdən tanıdım. Bundan sonra da mən Fazillə səhv etmirəmsə bir dəfə də saxta pulla bağlı danışıb söhbətləşmişik. Fazilin dəqiq anket məlumatlarını bilmirəm, lakin təxmini 30-35 yaşlarında olan şəxsə bənzəyir.” Bu məlumatlar yalandır və böhtan xarakterlidir. Anar Əliyevin onunla və Qubad İbadoğlu ilə whatsapp ilə videogörüntülü danışdığını iddia etdiyi “Samsung A10” markalı mobil telefonu ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanındığına görə Anar Əliyevin iddialarının həqiqətə uyğun olmadığını həmin telefona baxış keçirərək müəyyən etmək mümkündür. X10 tərəfindən tərtib edilmiş 31 iyul 2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokolda onun onunla və ya Qubad İbadoğlu ilə videogörüntülü danışdığına dair iddialarını təsdiq edən sübut aşkar edildiyi göstərilməmişdir. Qubad İbadoğlunun istintaqa verdiyi ifadələrdə də Anar Əliyevin iddiaları rədd edilmişdir. Qubad İbadoğlu 24 iyul 2023-cü il tarixdə Anar Əliyevlə üzləşdirmədə bildirmişdir ki, o, ölkəyə (Azərbaycan nəzərdə tutulur) daxil olanda və xüsusi gömrük yoxlamasından keçəndə üzərində ABŞ dolları ümumiyyətlə olmayıb. Qubad İbadoğlu istintaqa verdiyi ifadələrində qeydiyyatda olduğu ünvan 1 ünvanında aşkar olunduğu iddia olunan pul vəsaitlərinin ona məxsus olmadığını, həmin vəsaitlərin öncədən ora qoyulduğunu bildirib. Qubad İbadoğlu qeydiyyatda olduğu mənzildə axtarış və götürmə aparılması haqqında protokola dair qeydində “X1 adlı şəxs tanımıram, ona X11 və Qafqaz Universitetində təhsil alan gəncləri ətrafa toplamaq tapşırığı verməmişəm” yazıb. X3 Ağır Cinayətlər Məhkəməsində 10-dan çox şəxsin iştirak etdiyi məhkəmə iclaslarında onu və iqtisadçı alim Qubad İbadoğlunu ağır cinayət törətməkdə (Azərbaycanda saxta pulun satışında) ittiham edərək böhtan atması CPM-nin 37.2-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət verməyi üçün əsas yaradır. Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarın 5-ci bəndində göstərilib ki, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Qeyd edir ki, xx.xx.2024, xx.xx.2025 və xx.xx.2025-ci il tarixlərdə ********* nömrəli cinayət işi üzrə keçirilmiş məhkəmə iclaslarının protokolları və bu ərizədə istinad etdiyi digər sənədlər hal-hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi Aqil Musayevin ofisində saxlanılır. Bütün bunları nəzərə alaraq, X3 CM-nin 147.2-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xaiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X8 şikayətin məzmununa uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini və X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi izahatında bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət əsassızdır. Belə ki, şikayət vermiş şəxs özü də bildirir ki, o və X5 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 204.3.1-ci maddəsi ilə məhkum olunmuşlar və həmin hökm hazırda qüvvədədir. X2 bəraət verilsəydi, o zaman onun barəsində yalan və ya böhtan xarakterli ifadə verdiyinə görə X5 barəsində xüsusi ittiham qaydasında şikayət verə bilərdi. Hazırkı halda isə X3 X8 barəsində verdiyi ifadənin yalan olması sübuta yetirilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, X8 şikayət ərizəsində X3 Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası CM-nin 204.3.1-ci maddəsi ilə təqsirləndirildiyi ********* nömrəli cinayət işi üzrə keçirilən məhkəmə iclaslarında onun barəsində böhtan xarakterli, həqiqətə uyğun olmayan ifadə verməklə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əmlini törətməkdə ittiham etsə də, iş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-473/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittihamedici hökm çıxarılmışdır. Bu isə, X3 X8 barəsində verdiyi ifadəsinin böhtan xarakterli, həqiqətə uyğun olmayan ifadə olmasını təkzib edir. Beləliklə də müəyyən olunur ki, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyildir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayətdə şikayət vermiş şəxs və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş haqqında məlumatlar natamam qeyd edilmişdir. Bununla da Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.3-cü maddəsində göstərilən şikayət ərizəsinin forma və məzmununa riayət edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bununla da, X6 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil və barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri mövcud deyildir. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsə göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar