Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-738/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Alabalılıq bağ massivi ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan təbdiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda 1,365 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 sentyabr 2025-ci il tarixdə saat 14:27-də ünvan 2 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 02 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,472 qram və 0,893 qram olmaqla ümumi təmiz çəkisi 1,365 qram təşkil edən xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik maddədən və psixotrop maddə metamfetamindən istifadə edir. Bir neç gün əvvəl “Kubinka” ərazisinə gedib həmişə narkotik aldığı 30-40 yaşlarında İran İslam Respublikasının vətəndaşı İranlı kimi tanıdığı bir nəfər kişidən 35 manata iki ədəd sellofan bükümdə özü istifadə etmək üçün metamfetamin almış və bükümdə olanları şalvarının cibinə qoymuşdur ki, münasib və əlverişli bir yerdə həmin maddədən istifadə edər. Həmin psixotorp maddənin bir hissəsini istifadə etsə də, müəyyən hissəsini saxlamışdır ki, ehtiyacı olduqca istifadə etsin. Metamfetamini bükümlərə həmin maddəni aldığı şəxs ayırmışdır. 17 sentyabr 2025-ci il tarixdə saat təxminən 14 radələrində ünvan 3 ünvanında olarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları kimi təqdim edib narkotik maddələri qanunsuz əldə etməkdə və daşımaqda şübhəli olduğunu ona izah edib ondan şəxsiyyəti barədə məlumat verməyini xahiş emişlər. Polis əməkdaşlarından bir nəfəri videoçəkiliş aparılmaqla onun üstünə baxış aparılacağını bildirmişdir. Həmin vaxt mobil telefonda tarix 17 sentyabr 2026-ci il, saat 14:27-ni göstərmişdir. O, Təqsirləndirilən şəxs olduğunu dedikdən sonra polis əməkdaşlarından bir nəfəri ona hüquq və vəzifələrini, o cümlədən müdafiəçi ilə təmin edilmə kimi hüquqlarının olduğunu izah etdikdə o, hazırda müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. Polis əməkdaşları baxışa başlanmazdan əvvəl ondan üzərində gəzdirilməsi qanunla qadağan edilən əşya və maddənin olub-olmadığını soruşub olduğu halda həmin əşya və maddələri təqdim etməyini ona təklif etmişlər. O da əynində olan göy rəngli cins şalvarının sol yan cibindən həmin günü İranlıdan aldığı içərisində patı, yəni metamfetamin olan 02 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Daha sonra özünə məxsus “Samsung” markalı mobil telefonu və enerji blokunu çıxarıb təhvil vermişdir. Polis əməkdaşı sellofan bükümdəkinin nə olduğunu ondan soruşanda cavab olaraq bildirmişdir ki, sellofan bükümdəki patı kimi tanınan metamfetamindir, metamfetamini İranlıdan 35 manata özü istifadə etmək üçün alıb. Bundan başqa baxış zamanı ondan heç nə aşkar edilməmişdir. Ondan götürülmüş 02 ədəd sellofan büküm, həmçinin mobil telefon ayrı- ayrı zərflərə qoyularaq qablaşdırılmış, həmin zərflər isə polis əməkdaşı tərəfindən möhürlənmişdir. Polis əməkdaşları və onun özü həmin zərfi imzalamışlar. Daha sonra polis əməkdaşları ilə birlikdə onların avtomobili ilə 19-cu Polis Şöbəsinə gəlmiş və Polis Şöbəsində tərtib edilmiş protokolla tanış olduqdan sonra protokolun düzgünlüyünü o və iştirakçılar imzalarla təsdiq etmişlər. Daha sonra araşdırma təhqiqatçı tərəfindən davam etdirilmişdir. Ondan götürülmüş 02 ədəd bükümə videoçəkilişlə baxış aparılacağı təhqiqatçı tərəfindən ona və iştirakçılara izah edilmişdir. Əməliyyatçılar tərəfindən ondan götürülmüş 02 ədəd sellofan büküm bu dəfə təhqiqatçı tərəfindən açılmış və bükümdə ağ rəngli kristal maddənin olduğu görünmüşdür. Təhqiqatçı bükümdəkilərin nə olduğunu və haradan aldığını ondan soruşanda hər şeyi olduğu kimi təhqiqatçıya danışmış və demişdir ki, 02 ədəd sellofan bükümdəki patı, yəni metamfetamindir, həmin maddəni 35 manata alıb. Ondan götürülmüş 02 ədəd sellofan büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq yenidən qablaşdırılmışdır. Bükümə baxış başa çaldıqdan sonra təhqiqatçı tərəfindən tərtib edilmiş protokolla tanış olduqdan sonra protokola imza etmiş, həmçinin digər iştirakçılar protokola imza etmişlər. Daha sonra isə onun hüquqlarını müdafiə etmək məqsədilə təhqiqatçı tərəfindən 19-cu Polis Şöbəsinə müdafiəçi dəvət edilmiş və müdafiəçi Qeybulla Cavadovun iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs qismində hüquq və vəzifələri ona izah edilmişdir. Narkotik və metamfetamin istifadəçisi olsa da satışı ilə məşğul olmur. 02 ədəd bükümdə olan patını, yəni melamfetamini şəxsi istifadəsi üçün almışdır. İçərisində patı, yəni metamfetamin olan bükümlər İranlı tərəfindən bükümlərə bölünmüşdür. Onun pulu olduğundan metamfetamini 02 ədəd bükümdə almışdır ki, gələcəkdə pulu olmadığı halda həmin maddələrdən istifadə edər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı zorakılıq və qanunsuzluqlar edilməmişdir. Daha sonra əməlini səmimi etiraf etməsini və peşman olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, 17 sentyabr 2025-ci il tarixdə 19-cu Polis Şöbəsinə “Amid” adlı şəxsin Nəsimi rayonunun inzibati ərazisində narkotik vasitələri və psixotrop maddələri qanunsuz olaraq əldə edərək daşıması barədə qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində “Amid” adlı şəxsin xx xxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 2-ci Albalılıq bağ massivi ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Amid Əlyevin cinayət başında yaxalanması və onun cinayət əməllərinin əməliyyat yolu ilə ifşa edilməsi zərurəti yarandığından bu barədə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin rəisinə onun tərəfindən raportla məruzə edilmiş və bu məqsədlə də onun tərəfindən qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə” 17 sentyabr 2025-ci il tarixli qərar şöbə rəisi tərəfindən təsdiq edilmiş, bundan başqa müvafiq əmrlə qrup rəhbəri olaraq ondan və qrup üzvü olaraq 19-cu Polis Şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Qrup üzvləri Təqsirləndirilən şəxs barədə təlimatlandırıldıqdan sonra Amid Əlyevin ən çox olduğu ünvan 2 ünvanının yaxınlığında əməliyyat mövqeyi müəyyən edilmişdir. 17 sentyabr 2025ci il tarixdə saat 14:27 radələrində ünvan 2 ünvanının yaxınlığında olan zaman piyada hərəkət edən bir nəfər kişi cinsindən olan şəxsin zahiri əlamətlərinin əməliyyat məlumatında göstərilən Təqsirləndirilən şəxs əlamətləri ilə uyğun olduğunu görüb həmin şəxsə yaxınlaşmışlar. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq dövriyyəsi ilə məşğul olmasında şübhəli bilindiyi üçün videoçəkilişdən istifadə edərək üstünün yoxlanılacağı və həmçinin saxlandığı andan müdafiəçiyə malik olmaq hüqunun olması izah edilsə də, Təqsirləndirilən şəxs hazırda müdafiəçiyə ehtiyacının olmadığını bildirmişdir. “iPhone” markalı mobil telefonun videokamerası ilə əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmışdır. Yoxlanmaya başlanmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla daşınması qadağan edilən əşya və maddənin olub-olmadığı, olduğu halda isə təhvil verməsi təklifini etdikdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və 02 ədəd bükümdə patı, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni İran İslam Respublikasının vətəndaşı kimi tanıdığı şəxsdən 35 manata özünün istifadə etməsi üçün aldığını demişdir. Həmin 02 ədəd bükümün içərisində şəffaf rəngli olmaqla kristalşəkilli maddənin olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən “Samsung” markalı mobil telefonu və gödəkçəsinin sağ yan cibindən enerji doldurma naqilini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd sellofan büküm və mobil telefon zərflərə qoyularaq qablaşıdırılmaqla möhürlə möhürlənmişdir. Yoxlama başa çatdıqdan sonra Amid Əlyevin etirazı daxil olmadığından videoçəkilişlə aparılan yoxlama başa çatmışdır. Daha sonra Təqsirləndirilən şəxs avtomobillə ünvan 6 ünvanında yerləşən 19-cu Polis Şöbəsinin inzibati binasına aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs saxlandığı ünvanda şərait olmadığından “Əməliyyat axtarış tədbirlərinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması haqqında" protokol 19-cu PŞ-də xidməti otaqda tərtib edilmiş və iştirakçılar protokolun düzgün tərtib edildiyini imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs gətirilməsi barədə 19-cu PŞ-nin rəisinə raportla məruzə edildi. Təqsirləndirilən şəxs götürülmüş bükümləri və mobil telefonu təhqiqatçıya təhvil vermişlər. Müvafiq araşdırmanın aparılması 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Şirvan Hümbətliyə həvalə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə aparılmış əməliyyat yoxlaması zamanı ondan aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olması ehtimal edilən 02 ədəd sellofan bükümə və əməliyyat yoxlamasının qeyd edildiyi DVD diskə videoçəkilişlə baxış aparılacağı izah edikdikdən sonra iştirakçılara, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edilmişdir. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd büküm yenidən açılmış və içərisində şəffaf rəngli olmaqla kristalşəkilli maddənin olduğu yenə də təsdiq edilmişdir. Təqsirləndirilən şəxs ondan əməliyyat yoxlaması zamanı götürülmüş 02 ədəd bükümün içərisində patı, yəni metamfetamin olduğunu və psixotrop maddə olan metamfetamini tanımadığı İran İslam Respublikasının vətəndaşından 35 manata özünün istifadə etməsi üçün aldığını demişdir. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd büküm və mobil telefon yenidən təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürənmişdir. Baxışın nəticəsi barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokolun düzgünlüyü iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Protokola dair əlavə və qeydlər, tərtib edilmə qaydasına və məzmununa dair heç bir şikayət daxil olmamışdır. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək məqsədi ilə 19-cu PŞ-nə müdafiəçi dəvət edilmiş və Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edildikdən sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 14:27-dən şübhəli şəxs qismində tutulmuş hesab edilmişdir (i.v.33); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.67-68); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-586/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 sentyabr 2025-ci il tarixdən, saat 14:27dən hesablanmışdır (i.v.94-96); - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 17 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılan əməliyyat yoxlaması zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 02 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilərək götürülmüş və bu barədə protokol tərtib edilmiş, həmçinin əməliyyat yoxlamasının gedişatının qeyd edildiyi videogörüntülər “DVD” diskə köçürülərək “DVD“ disk iş materiallarına əlavə edilmişdir (i.v.8-10); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində videoçəkilişlə aparılan əməliyyat yoxlamanın gedişatının qeyd edildiyi videogörüntü olan 01 ədəd DVD diskə və maddi sübutlara videoçəkilişlə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərəfindən baxış aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd sellofan bükümdə psixotrop maddə olan metamfetaminin aşkar edilərək götürülməsi faktı bir daha təsdiq edilmiş, baxış və götürmə istintaq hərəkətinin nəticəsi barədə protokol tərtib edilmiş, həmçinin baxış və götürmə istintaq hərəkətinin gedişatının qeyd edildiyi videogörüntülər “DVD” diskə köçürülərək “DVD” disk iş materiallarına əlavə edilmişdir (i.v.18-20); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 sentyabr 2025-ci il tarixli, 6/3084 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №187” dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs (imza)" yazısı və imzalar olan zərfdəki, 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,472 qram və 0,893 qram, ümumi təmiz çəkisi 1,365 qram ağ rəngli kristalşəkilli maddələr xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manat təşkil edir (i.v.52- 56); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 5832 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v.81-82); - “Baxış aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (i.v.100); - “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, içərisində Təqsirləndirilən şəxs üstünü yoxlama və təqdim olunan əşyaya baxış keçirilən zaman çəkilmiş videogörüntülərin olduğu 02 ədəd DVD disk və Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1,365 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, metamfetaminin ekspertiza tədqiqatından sonra qalan 1,265 qram qalığı saxlanılması üçün Bakı şəhəri Nəsimi RPİnin maddi sübutların saxlandığı kameraya təhvil verilmiş, 02 ədəd DVD cinayət işi materiallarına əlavə edilmişdir (i.v.131-142); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2025-ci tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Əfv Fərmanına əsasən azad edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmaqla 02 il 06 aya endirilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 13 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır (i.v.110-112); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-420/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v.114-121); - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(002)-643/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasından 13 (on üç) gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v.123-127); Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 sentyabr 2025-ci il tarixdə saat 14:27-də ünvan 2 ünvanının qarşısında saxlanılmış və onun üzərinə yoxlama aparılan zaman Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olan 02 (iki) ədəd bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd sellofan büküm açıldıqda bükümün içərisində şəffaf rəngli olmaqla kristaşəkilli maddələrin olduğu görünür. Daha sonra Təqsirləndirilən şəxs “Samsung” markalı mobil telefonu və mobil telefona aid elektrik naqilini çıxarıb təqdim edir. Yoxlama zamanı Təqsirləndirilən şəxs 02 ədəd bükmdəkinin patı, yəni metamfetamin olduğunu, metamfetamini 35 manata şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından aldığını bildirir. 02 ədəd bükümlər və mobil telefon qablaşıdırılaraq götürülür. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, 17 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat yoxlaması zamanı Təqsirləndirilən şəxs götürlmüş 02 ədəd sellofan bükümə Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu PŞ-nin inzibati binasında təhqiqatçı, polis baş leytenantı X2 tərəfindən baxış aparılır. Təqsirləndirilən şəxs götürülmüş 02 ədəd sellofan büküm açıldıqda bükümün içərisində şəffaf rəngli olmaqla kristaşəkilli maddələrin olduğu görünür. Baxış zamanı Təqsirləndirilən şəxs 02 ədəd bükümdəkinin patı, yəni metamfetamin olduğunu, metamfetamini 35 manata şəxsi istifadəsi üçün İran İslam Respublikasının vətəndaşından aldığını bildirir. 02 ədəd büküm zərfə qoyularaq qablaşıdırılır, zərf möhürlə möhürlənir və üstü iştirakçılar tərəfindən imzalanır. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd mobil telefon içərisində sübut əhəmiyyətinə malik olacaq məlumatların olub-olmamasının müəyyən olunması üçün götürülür. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən psixotrop maddənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Bundan başqa, qeyd olunan qərarın 28-ci bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barədə cəza təyin edərkən onların cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunmaları məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olubolmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini səmimi etiraf etməsini və peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Belə ki, Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bundan əlavə qeyd olunan Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, əməlini səmimi etiraf edərək peşman olmasını, o cümlədən təqsirləndirilən şəxsin kriminal meyilliyini və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə müvafiq olaraq ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2025-ci il tarixdən məhdudlaşdırıldığından məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2031 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun xx.xx.2022-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlandığı kamerada saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,265 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut olan iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və onun xx.xx.2022-ci il tarixdən Bakı şəhər NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Nəsimi RPİ-nin maddi sübutların saxlandığı kamerada saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,265 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 33 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 33 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-738/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-738/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver