Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-74/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-nin nümayəndəsi Qanuni nümayəndə, müdafiəçilər Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızının, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Ağdaş şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdaş rayonu, Bulaqotağı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə, xx xxxxxx 1987-ci il tarixdə Ağdaş rayonu, Nehrəxəlil kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Ağdaş rayonu, Nehrəxəlil kəndində qeydiyyatda olan, Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 1(011)-68/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərini gizli olaraq talayıb oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 03 iyun 2020-ci il tarixdə, saat 00:10 radələrində Bakı yük- Liman mənzilinin 16 km pk7-də keçən dəmir yolu xəttlərinin kənarındakı “xxxx” QSC-nə məxsus, iki ədəd hər biri 34 metr olmaqla, cəmi 68 metr uzunluğunda, 680 manat dəyərində “TPP-200X2” markalı və iki ədəd hər biri 34 metr olmaqla, cəmi 68 metr uzunluğunda 897.6 manat dəyərində “MKPAB 4x4x” markalı dövlət əhəmiyyətli rabitə naqillərini ümumi mərkəzi şəbəkədən birlikdə kəsərək, gizli yolla talayıb oğurlamaqla “xxxx” QSC-nə ümumilikdə 1577.6 manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 02 iyun 2020-ci il tarixdə, saat 21-22 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə görüşüb, Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən yeni sökülmüş dəmir yolu körpüsünün yaxınlığına getmiş, oradan keçən dəmiryolu xəttinin kənarı ilə qazılmış yerdən kabellərin çəkildiyini görüb, nlardan bir hissəsini oğurlamaq qərarına gəlmişlər. Gecə saat 00:10 radələri olduqda onlar əvvəlcədən özləri ilə gətirdikləri balta ilə həmin kabellərdən bir neçə metrini kəsmişlər. Təqsirləndirilən şəxs2 həmin işləri görərkən yorulduğu üçün yaxınlıqda olan avtoyuma yerinə gedərək oradan su içib gəlmiş, daha sonra kabelləri kəsib qurtardıqdan sonra Təqsirləndirilən şəxs2lə birlikdə kəsdikləri kabelləri yolun digər tərəfinə aparmışlar. Onlar həmin gecə oğurladıqları kabellərdən müəyyən bir hissəsini ocaq yandıraraq əridib içərisində olan misi götürmüş, kabellərin digər hissəsini isə həmin vəziyyətdə orada saxlamışlar. Daha sonra, 03 iyun 2020-ci il tarixdə əritdikləri həmin misi kisəyə yığaraq yoldan taksi saxlayıb NZS qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmış, orada özləri ilə gətirdikləri misi 120 manat dəyərində satmışlar. Misin bir kiloqramını 6 manata qəbul elmişlər. Əldə etdikləri 120 manat pulu bölmüş və hərəsinin payına 60 manat pul düşmüşdür. Ona düşən puldan 60 manatını evə bazarlıq elmişdir. 04 iyun 2020ci il tarixdə Keşlə qəsəbəsində kirayə qaldığı evin yaxınlığında olarkən 3-4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaq özlərini DYNPİ-nin CAŞ-nin əməkdaşları kimi təqdim edərək onu oğurluqda şübhəli olduğu üçün DYNPİ-nə gətirmişlər. Orada etdiyi əməli səmimi etiraf etmişdir. Bundan başqa oğurladıqları kabelləri yandırdıqları yerdə qalan digər kabellərin də yerini göstərmiş, həmin kabellər də polis əməkdaşları tərəfindən götürülmüşdür. Oğurluq eldikləri yerdə söküntü işləri olduğundan orada oğurluq etmələri barədə kiminsə məlumatının olmayacağını düşünmüş, oğurladıqları kabellərdən mis əldə etdikdən sonra həmin misi metal qəbulu məntəqəsinə satarkən onların oğurluq yolu ilə əldə etdiklərini bildirməmiş, həmin yerə getdikləri taksi avtomobilinin sürücüsünü də tanımamış, taksi avtomobilini yoldan saxlatdırıb qeyd etdikləri yerə getmişlər. Həmçinin o, bildirmişdir ki, bundan başqa hər hansı bir yerdən oğurluq etməmişdir. Daha sonra özünü təqsirli bilməsini, əməlindən səmimi peşman və gənc olmasının, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında digər Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 02.06.2020-ci il tarixdə, saat 21-22 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə görüşüb Bakı şəhəri, Nəsimi rayonu, ərazisində yerləşən yeni sökülmüş dəmir yolu körpüsünün yaxınlığına getmiş, oradan keçən dəmir yolu xəttinin kənarı ilə qazılmış yerdən kabellərin çəkildiyini görüb, onlardan bir hissəsini oğurlamaq qərarına gəlmişlər. Artıq gecə saat 00:10 radələri olduqda əvvəlcədən özləri ilə gətirdikləri balta ilə həmin kabellərdən bir hissəsini kəsmiş, həmin işi görərkən yorulduğu üçün yaxınlıqda olan avtoyuma yerinə gedib oradan su içib yenidən oğurluq etdikləri yerə qayıtmışdır. Daha sonra kabelləri kəsib qurtardıqdan sonra Təqsirləndirilən şəxs1la birlikdə kəsdikləri kabelləri yolun digər tərəfinə aparmış, orada həmin gecə oğurladıqları kabellərdən müəyyən bir hissəsini ocaq yandıraraq əridib orta hissəsində olan misi götürmüş və digər hissəsini isə həmin vəziyyətdə orada saxlamışlar. 03 iyun 2020-ci il tarixdə həmin əritdikləri misi kisəyə yığaraq yoldan taksi saxlayıb NZS qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə aparmış, orada əldə etdikləri misi 120 manat dəyərində satmış və hərəsi 60 manat pul əldə elmişlər. Ona düşən puldan 23 manatını mağazaya borcu olduğundan ödəmiş, qalan hissəsini isə spirtli içki və yemək alaraq qəbul etmişdir. 04 iyun 2020-ci il tarixdə Keşlə qəsəbəsində kafedə olarkən 3-4 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaq özlərini DYNPİ-nin CAŞ-nin əməkdaşları kimi təqdim edərək oğurluqda şübhəli olduğu üçün DYNPİ-nə gətirmişlər. Orada etdiyi əməli səmimi etiraf etmişdir. Bundan başqa oğurladıqları kabellərin qalan hissəsinin yerini də polis əməkdaşlarına göstərmişlər və həmin kabellər polis əməkdaşları tərəfindən götürülmüşdür. Oğurluq etdikləri yerdə söküntü işləri olduğundan orada oğurluq etmələri barədə kiminsə məlumatının olmayacağını düşünmüşlər. Oğurladıqları kabellərdən mis əldə etdikdən sonra həmin misi metal qəbulu məntəqəsinə salarkən onların oğurluq yolu ilə əldə eldiklərini bildirməmiş, həmin yerə getdikləri taksi avtomobilinin sürücüsünü də tanımamış, həmin taksi avtomobilini yoldan saxlatdırıb qeyd etdikləri yerə getmişlər. Həmçinin o, bildirmişdir ki, bundan başqa hər hansı bir yerdən oğurluq etməmişdir. Daha sonra özünü təqsirli bilməsini və əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, ona yüngül cəza verilməsini xahiş etməsini nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli olmaları özlərinin etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, 03 iyun 2020-ci il tarixinə keçən gecə, saat 00:10 radələrində Bakı Yük Limanı mənzilinin 16 km, pk-7də dəmir yoluna məxsus hər biri 34 metr olmaqla 2 ədəd “TPP” (200x2) və 2 ədəd hər biri yenə də 34 metr olmaqla “MKPAB” (4x4) markalı dövlət əhəmiyyətli rabitə kabelləri oğurlanmışdır. Belə ki, həmin oğurluq nəticəsində dəmir yolunun dispetçerinin stansiya növbətçiləri ilə birbaşa rabitə əlaqəsi kəsilmişdir. Bu da qatarlarda hərəkət edən sərnişinlərin və daşınan dövlət əhəmiyyətli yüklərin təhlükəsizliyinin qorunmasına maneələr törətmişdir. Buna görə də “xxxx” QSC-nin İnfrastruktur Departamenti 3 nömrəli Bakı İşarəvermə və rabitə sahəsi tərəfindən X6 Polis İdarəsinə məktub göndərilmişdir. Sonradan polis idarəsində ona məlum olmuşdur ki, dövlət əhəmiyyətli rabitə kabellərini oğurlayan şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 olmuşlar. Hadisə nəticəsində “xxxx” QSC-nə ümumilikdə 1577,6 manat maddi ziyan dəymişdir. Bundan başqa, o, götürülmüş bir qədər qalın olan kabelin markası “MKPAB 4x4”, digərinin isə markası “TPP-200x2” və həmin kabellərin çox damarlı olduğunu bildirmişdir. Dəmir yolu idarəsi tərəfindən verilmiş dəyər daha dəqiqdir, ekspertiza tərəfindən verilmiş rəylə razılaşmır. Belə ki, idarə tərəfindən alınan kabellər ən keyfyyətlisi olur. Çünki, həmin kabellərin quraşdırılması çox ağır olduğu üçün bahalısı alınır ki, uzunmüddətli olsun və dispetçerlərin qatarlarla əlaqəsinda nasazlıqlar yaranmasın. Dəmir Yolu tərəfindən verilmiş 1577.6 manat daha dəqiqdir. Həm də həmin ziyan Təqsirləndirilən şəxs1 ailəsi tərəfindən tam ödənilmişdir. Bundan başqa, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncuların barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, işlədiyi avtoyuma məntəqəsində gecə növbəsində işləyir. İşlədiyi avtoyuma yerində yolun digər tərəfində dəmir yolu xətti keçir. 03.06.2020-ci il tarixinə keçən gecə avtoyuma yerində növbədə olmuş, həmin yerdə yolun digər tərəfində dəmir yolu xəttinin kənarında iki nəfərin iş gördüyünü müşahidə etsə də nə etdiklərini bilməmişdir. Çünki, onlar tərəfə fikir verməmiş, həmin şəxslərin oradan oğurluq etdiklərini də bilməmişdir. Onlardan biri o işlədiyi yerə gəlib su istəmiş, o, da suyun yerini göstərmişdir. Həmin şəxs su içib yenidən iş gördükləri yerə qayıtmışdır. Həmin şəxs qarabuğdayı, orta boylu, təxminən 30 yaşında oğlan olmuş, o, sonuncunu əvvəllər həmin ərazidə ilk dəfə görmüşdür. Daha sonra səhəri günü işdə olduğu zaman polis əməkdaşları həmin yerə gəlmişlər və sorğu sual eldikdə onlara gecə saatlarında iki nəfər şəxsin orada nəsə iş gördüklərini demişdir. Buna görə onu və onunla birgə növbədə olan Səbuhini X6 Polis İdarəsinə dəvət etmiş, onlarda orada gördükləri barədə izahat vermiş və onlar həmin şəxslərin dəmir yolu xəttinin kənarında oğurluq etdiklərini öyrənmişlər. Daha sonra 04.06.2020-ci il tarixdə, axşam saatlarında yenə də iş yerində olduğu zaman polis əməkdaşları həmin şəxslərlə hadisə yerinə gəlmiş, o, həmin şəxsləri tanımış və arasında olan bir nəfər şəxsi avtoyuma yerində gəlib su içən şəxs, digəri isə onunla birgə olan şəxs olmuşdur. Bundan başqa isə hər hansı bir məlumatı yoxdur. Həmin şəxslərdən başqa həmin yerdə oğurluq edən şəxs görməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 45-ci vərəqəsində olan 04 iyun 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 121-125-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 iyun 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 158-164-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 21 iyul 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 sentyabr 2020ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 199-200-cü vərəqələrində olan 04 sentyabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 29-cu vərəqəsində olan 04 iyun 2020-ci il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 116-120-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 05 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 iyun 2020-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 203-204-cü vərəqələrində olan 04 sentyabr 2020-ci il tarixli təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə cəzasına məhkum olunması nəzərə alınmışdır. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri və digər Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 181-186-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2020-ci il tarixli, 6/1109-9/1906 saylı materialların məhkəmə ekspertizasının rəyindən görünür ki, tədqiqatına təqdim edilmiş kabellərin 1 metrinin 2020-ci ilin iyun ayına olan orta bazar qiyməti aşağıdakı kimi müəyyən edilir: 1 ədəd uzunluğu təxminən 20 sm, istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən göy rəngli polimer materialdan izolasiyalı üzərində markalanma göstəricisi olmayan ümumi diametri 26,5 mm, 48 damarlı ayrı-ayrı izolyasiyalı, damarların diametri 2,0 olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır – 1 metri – 10,0 manat, 68 metri – 680,0 manat; 1 ədəd, uzunluğu təxminən 16 sm, istifadədə olmuş, üzəri qara rəngli, alt hissəsindən aliminium ekran və 4 qatlı polietilen izolyasiyalı, üzərində markalanma göstəricisi olmayan, ümumi diametri 24 mm, çox damarlı, ayrı-ayrı izolyasiyalı, damarlarının diametri 0,5 mm olan tək simli kabel nümunəsinin keçirici hissəsinin metalı mis əsaslı ərintisindən hazırlanmışdır – 1 metr -7,0 manat, 68 metri – 476,0 manat. Cinayət işinin 182-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik müəyyən edilmişdir. Cinayət işinin 127-ci vərəqəsində olan 13 iyun 2020-ci il tarixli maddi sübut kimi tanımaq və saxlanılmaya təqdim etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 göstərdikləri yerdən aşkar edilərək götürülmüş 7,6 metr uzunluğunda “TPP-200X2” və 8,4 metr uzunluğunda “MKPAB 4x4x” markalı rabitə naqilləri iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün DYNPİ-nə təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 144-cü vərəqəsində olan 29 iyun 2020-ci il tarixli qərardan görünür ki, “xxxx” QSC-nin hüquq idarəsinin məhkəmələrlə iş şöbəsinin aparıcı hüquqşünası Qanuni nümayəndə zərərçəkmiş şəxsin hüquqlarını həyata keçirmək üçün cinayət prosesində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 1-ci cild 155-ci vərəqəsində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 20 iyul 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 1-ci cild 156-157-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 20 iyul 2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2: 1) Volqoqrad Vilayətinin 4-cü Sahə Sülh Məhkəməsinin 20 may 2013-cü il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 112.1, 119.1-ci maddələri ilə təqsirli bilinərək 22.000 (iyirmi iki min) Rubl məbləğində cərimə cəzasına məhkum edilmiş; 2) Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) ay müddətində azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 177-180-ci vərəqələrində olan Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 1(011)-68/2020 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumu rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli 24 avqust 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Qanuni nümayəndə ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur və sonuncuların barəsində yüngül cəza tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 135-ci vərəqəsində olan AZ-İ seriyalı, 992406 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və X3 24 sentyabr 2014-cü il tarixdə nikaha daxil olmuşlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrəsi ilə qeyd aparılmışdır. Cinayət işinin 137-ci vərəqəsində olan AZE seriyalı, 11372590 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 06 iyun 2016-cı il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs1, anası isə K.X.İsgəndərovadır. Cinayət işinin 130-cu vərəqəsində olan Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qəsil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda həmin kənddə qeydiyyatdadır. Onun ailə tərkibi atası C.Ə.İsgəndərov, qardaşları A.C.İsgəndərov və E.C.İsgəndərovdan ibarətdir. Cinayət işinin 131-ci vərəqəsində olan Ağdaş RİHB-nin Qəsil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 172-ci vərəqəsində olan Ağdaş RİHB-nin Nehrəxəlil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 avqust 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda həmin kənddə qeydiyyatdadır. Onun ailə tərkibi anası S.M.Əliyeva, qardaşları S.M.Əliyev və V.M.Əliyevdən ibarətdir. Cinayət işinin 173-cü vərəqəsində olan Ağdaş RİHB-nin Nehrəxəlil kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özlərinin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidin ifadələri, ekspert rəyi və digər iş materialları ilə onların qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli rabitə xətlərini gizli olaraq talayıb oğurluq etmə cinayətini törətmələri tamamilə sübuta yetirildi. Onların əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə tövsif edilməli və onlar həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinə əsasən, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs1 cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman və gənc olmasının, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, məhkəmədən sonuncuya yüngül cəza verilməsini xahiş etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, sonuncunun özünü təqsirli bilməsini, əməlindən səmimi peşman və gənc olmasının, ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, məhkəmədən sonuncuya yüngül cəza verilməsini xahiş etməsini nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 04 iyun 2020-ci il tarixdən 21 iyul 2020-ci il tarixədək həbsdə saxlama müddətinin və 21 iyul 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixədək ev dustaqlığında qalma müddətinin cəmi 03 (üç) ay müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə digər Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 cəza təyin edərkən özünü təqsirli bilməsini, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmamasını, məhkəmədən sonuncuya yüngül cəza verilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, cinayət işinin materialları məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 1(011)-68/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması müəyyən edilsə də, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli sonuncunun barəsində hökm çıxarılmazdan əvvəl, yəni 03 iyun 2020-ci il tarixdə törədildiyindən onun əməlində cinayətlərin residivi yaranmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 1(011)-68/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılmış, üzərində qəti olaraq 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, cəzasının əvvəli 24 avqust 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməlinin Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 1(011)-68/2020 saylı hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökmlə təqsirləndirilən şəxsin üzərində qəti olaraq saxlanılmış 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə ona təyin ediləcək cəza ilə həmin Məcəllənin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplanmaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs2 azadlığının faktiki olaraq 04 iyun 2020-ci il tarixdən, yəni Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli, 1(011)- 68/2020 saylı hökmünün çıxarılmasından əvvəl məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən sonuncunun cəza çəkmə müddətinin əvvəli 04 iyun 2020-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 04 iyun 2020-ci il tarixdən tarixdən hesablanmalı və onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün DYNPİ-nə təhvil verilmiş 7,6 metr uzunluğunda “TPP-200X2” və 8,4 metr uzunluğunda “MKPAB 4x4x” markalı rabitə naqilləri zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-yə təhvil verilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkilləri X5 və X2, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Ş.N.Allahmanova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 31 saata görə 186 (bir yüz səksən altı) manat, həmin büronun vəkili Ş.M.Dadaşova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına, Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 05 saylı Vəkil Bürosunun hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 04 iyun 2019-cu il tarixdən 21 iyul 2020-ci il tarixədək həbsdə saxlama müddətinin və 21 iyul 2020-ci il tarixdən 04 sentyabr 2020-ci il tarixədək ev dustaqlığında qalma müddətinin, yəni cəmi 03 (üç) ay müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 06 (altı) ay müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 üzərinə Bakı rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli hökmü ilə onun üzərində saxlanılmış 03 (üç) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs2 qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 04 iyun 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış verilmiş 7,6 metr uzunluğunda “TPP-200X2” və 8,4 metr uzunluğunda “MKPAB 4x4x” markalı rabitə naqilləri zərərçəkmiş hüquqi şəxs “xxxx” QSC-yə təhvil verilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 109 (bir yüz doqquz) manat 50 (əlli) qəpik Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 istintaq orqanında iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 5 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab No ********************, bankın kodu 200112, VÖEN – **********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X2 istintaq orqanında iştirak etdiyi 31 saata görə 186 (bir yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 qızına məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №1(006)-74/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-74/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver