Məhkəmə qərarları › İş №1(006)-74/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-74/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-74/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 14:45 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zəngilan rayonu, Rəbənd kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs irəli sürülmüş ittihama əsasən o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 1,309 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində 26 avqust 2024-cü il tarixdə saat 00:10-da ünvan 2 ünvanının qarşısında saxlanılaraq ünvan 3 Polis bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış keçirilən zaman əlində saxladığı «Motorolla» markalı mobil telefonun qoburunun içərisindən 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram, 0,393 qram, 0,611 qram olmaqla ümumi təmiz çəkisi 1,309 qram təşkil edən, xarici əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olan kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı 01 ədəd gümüşü rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıması sübuta yetirilməsə də, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri xeyli miqdarda əldə edib saxlamaqla daşıma cinayətinin törədilməsi təsdiq olunmuşdur. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 29 avqust 2024-cü il tarixdə saat 00:01-ə işləmiş evdən çıxmış və dükana getmişdir. Həmin saatlarda polis əməkdaşları İlkin və Fərid ərazini gəzirdilər. Polis əməkdaşları onu gördükdən sonra avtomobilə əyləşməsini tələb etmişlər. İlkin adlı polis əməkdaşı ona siyahı olduğunu və CM-nin 234.4.3-cü maddəsi ilə onun barəsində cinayət işi açılmalı olduğunu bildirmişdir. Həmçinin İlkin ona yetim qız olduğuna görə rəisdən onu CM-nin 234.2-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xahiş edəcəyini bildirmişdir. O isə cinayət əməli törətmədiyini demişdir. Bundan sonra, onlar polis bölməsinə getmişlər və orada qara sellofan torba gətirilmişdir. Ona külli miqdarda narkotiklə bağlı iş açılacağı bildirilmişdir. İlkin onun qarşısında rəislə danışıb onun yetim qız olduğuna görə CM-nin 234.4.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 234.2-ci maddəsi ilə iş açılacağını bildirmişdir. Daha sonra tərəzi, 30 manat pul və içində “kakos” olan 3 ədəd büküm gətirilmişdir. Lakin onu polis əməkdaşları döyməmişlər. Ona əgər polis əməkdaşlarının qeyd etdiyi formada izahat verməzsə, CM-nin 234.4.3-cü maddəsi ilə iş açılacağı bildirilmişdir. Bundan sonra videoçəkiliş zamanı o, polis əməkdaşlarının ondan tələb etdiyi formada izahat vermişdir. Sonradan 3 nəfər şahid gəlib ifadə vermişdir. Məhkəmədə şahidlərin biri “əvvəlcədən əməliyyat qrupu hazırlamışdıq”, digəri “ərazidə gəzinti zamanı yaxınlaşdıq”, xanım polis əməkdaşı isə “bildiyinə görə narkotikin rəngi ağ rəngdə idi” demişdir. Yəni şahidlərin ifadələri arasında ziddiyyət olmuşdur. Həmçinin ittiham aktında guya o, orta təhsillidir, halbuki Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. O, narkotik vasitədən 3 ildir istifadə edir, lakin satışı ilə məşğul olmamışdır. Son söz zamanı səhhətində problemlər olduğunu bildirərək məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq, narkotik maddələrdən istifadə etdiyini, lakin satışı ilə məşğul olmadığını, 3 büküm və tərəzinin üzərində olmadığını, İlkin adlı polis əməkdaşının həmin bükümləri və tərəzini ona verdiyini, İlkinin ona CM-nin 234.2-ci maddəsi ilə onun barəsində cinayət işinin açılmasına razılıq verməsinə məcbur etdiyini, onun 3 ildir narkotik vasitələrdən istifadə etdiyini, əvvəllər anası insult keçirdiyinə görə oğurluq etdiyini, iradəsi zəif olduğuna görə narkotik maddə istifadə etdiyini, həyat yoldaşının gül dükanında işlədiyini və günə 40 manat qazandığını və evə pul qoyduğunu, onun da xəbərsiz pulu götürüb narkotik aldığını, əvvəlcə xəbəri olmadığını, sonradan xəbər tutduğunu, “Kubinka” adlanan ərazidən narkotiki aldığını, “Kubinka” ərazisində əksəriyyət şəxslərin narkotik istifadə etdiyini, yaxınlaşıb şəxslərə narkotik axtarmasını dediyini, həmin şəxslərin də “filan adamda narkotik var, get ondan al” dediyini, polis əməkdaşlarının onun evinin qabağında yaxınlaşdığını və onu polis bölməsinə apardığını, ona evinin qabağında baxış keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Ona “Pərvanə” adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Pərvanə xanımı “Kubinka” adlanan ərazidə saxlayıb 21-ci PB-nə dəvət etmişlər. Polis bölməsində müdafiəçinin iştirakı ilə baş təhqiqatçının otağında təqsirləndirilən şəxs üzərindəki narkotik vasitəni çəkilişə təqdim etmiş və sonuncunun üzərindən bir neçə bükümdə narkotik vasitə və tərəzi, həmçinin telefon çıxmışdır. Hadisənin üzərindən 6-7 ay keçib deyə tam xatırlamır. Lakin təqsirləndirilən şəxsdən soruşulan zaman narkotik vasitələri “Sovetski” adlanan ərazidən satış məqsədilə aldığını demişdir. Məhkəmə iclasında Şahid ona verilmiş suallara cavab olaraq, təqsirləndirilən şəxsi gecə saatlarında C.Məmmədquluzadə küçəsində saxladıqlarını, “Əməliyyat axtarış fəaliyyəti haqqında” Qanuna müvafiq olaraq məlumatı məxfi yollarla əldə etdiklərini, Pərvanənin satış məqsədilə həmin qeyd olunan ünvana gələcəyini bildiklərini, narkotik vasitəni heç kimin etiraf etmədiyini, lakin onda hazırda əməliyyat məlumatı olduğunu və Pərvanənin yenidən narkotik vasitənin satışı ilə məşğul olması barədə məlumat aldığını, belə ki, 2 nəfəri satışla bağlı tutduğunu və həmin şəxslərin narkotik vasitələri Pərvanədən aldığını bildirdiklərini, bugünədək Pərvanə xanımın narkotik vasitələrin satışı ilə məşğul olan adam olduğunu, əgər məhkəmə zalında həbs olunmazsa, yenidən tədbir keçirib cinayət məsuliyyətinə cəlb ediləcəyini, yeni əməliyyat məlumatlarının olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili X4 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onlara “Pərvanə” adlı şəxsin narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmışdır. Şahidla Pərvanə xanımı “Kubinka” adlanan ərazidə saxlayıb 21-ci Polis bölməsinə dəvət etmişlər. Çəkilişə Yeganə xanımı dəvət etmişlər. Səhv etmirsə, baxış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə, tərəzi və telefon çıxmışdır. Məhkəmə iclasında şahid X4 ona verilmiş suallara cavab olaraq, axşam vaxtı “Kubinka” adlanan ərazidə gəzinti etdiyini və Şahid bununla bağlı məlumatı olduğunu, ona görə də Pərvanəyə yaxınlaşdıqlarını, sonuncunun üzərindən bükümlər, telefon, tərəzi, pul çıxdığını, səhv etmirsə, 3 büküm olduğunu, saxlanılan zaman və baxış zamanı təqsirləndirilən şəxsin üzərində narkotik vasitə olduğunu, Əməliyyat məlumatının onda deyil, Şahid olduğunu, əməliyyat məlumatının kimin barəsində olduğunu bilmədiyini, Pərvanə xanımı üzdən tanıdığını, bir neçə dəfə “Kubinka” adlanan ərazidən keçəndə ona salam verdiyini, tutulan zaman Pərvanənin tək olduğunu, təqsirləndirilən şəxsin üzərindəkiləri şöbədə könüllü şəkildə təqdim etdiyini, uzun müddət keçib deyə hadisəni tam xatırlamadığını, saxlanılan zaman Pərvanəyə heç bir təzyiq olmadığını, həbs olunan bir xanımın Pərvanənin yaşadığı evi göstərib “bu evdən narkotik vasitə almışıq” dediyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin YYÇ PİTB-nin inspektoru X3 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Onu gecə saatlarında bölməyə çəkilişə çağırmışlar. Onun icraatında iş çox olur deyə, həmçinin narkotik çəkilişlərində dəfələrlə iştirak edir deyə, hadisəni dəqiq xatırlamır. Pərvanə xanıma üstündə qanunsuz əşya varsa, onu könüllü şəkildə təqdim etməyi təklif olunmuşdur. Pərvanə xanımın üstündən ya telefon qabı, ya da pulqabı çıxdığını, onun içində də üç büküm və tərəzi olduğunu görmüşdür. Bükümün içindəki maddənin rəngi ağ olduğunu təxmin edir. Çəkilişdə dediklərinin hamısı göstərilmişdir. Əlavə olaraq da Pərvanənin cibindən 20-30 manat arası pul çıxmışdır. Məhkəmə iclasında şahid X3 ona verilmiş suallara cavab olaraq, çəkiliş vaxtı şəxsə üzərində qanunsuz əşya varsa, onu çıxarıb təqdim etməsinin təklif olunduğunu, çəkiliş vaxtı qaydalara uyğun olaraq üzdən yoxlama aparıldığını, onun çəkiliş otağında xanımın üzərini yoxladığını, 6 ildir Nəsim RPİ-də işlədiyini, gördüklərinə əsasən, şəxslərin üstündən narkotik çıxdığını, ancaq məhkəmədə üzərində narkotik olmaması barədə ifadə verdiyini, Pərvanəyə təzyiq olmadığını, hətta çəkiliş zamanı da şəxsə bölməyə gətirilən zaman hər hansı bir təzyiq olub-olmaması barədə sual verildiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): - “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” 28 avqust 2024-cü il tarixli qərar ilə fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai araşdırma aparılmışdır (i.v. 1); - Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid tərtib etdiyi 27 avqust 2024-cü il tarixli raportda Təqsirləndirilən şəxs Nəsimi rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadəsi və satması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmiş, əməliyyat tədbirlərinin keçirilməsinə razılıq verilməsini xahiş etmişdir (i.v. 4); - “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); - “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” Nəsimi rayon prokuroru Həsən Hənifəyevin 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 88-89); - “Qətimkan tədbiri seçilməsi haqqında” 29 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v. 91-92); - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” və ona əlavə edilmiş diskdəki olan videogörüntüdə, habelə “Şübhəli şəxsin dindirmə” və “Təqsirləndirilən şəxsin dindirilməsi” protokollarında Təqsirləndirilən şəxs üzərində aşkar olunan bükümlərdə olan narkotik vasitəni “Əli” kimi tanıdğı şəxsdən Yasamal rayonu, “Sovetski” adlanan ərazidən aldığını bildirir (i.v.34-37, 62-67, 81-85); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 28 avqust 2024-cü il tarixli, 6/4353 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №189” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddələr və elektron tərəzi Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,305 qram, 0,393 qram, 0,611 qram, ümumi təmiz çəkisi 1,309 qram tünd qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir, bir ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. Həmin aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir (i.v. 49-52); - “baxış keçirilməsi haqqında” 30 avqust 2024-cü il tarixli protokoldan görünür ki, X1 üzərinə şəxsi axtarış və götürmə aparılarkən «Sony» markalı videokamera vasitəsi ilə qeydə alnımış və 1 ədəd DVD diskinə köçürülmüş video görüntüyə baxış keçirilərkən müəyyən olmuşdur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılarkən üzərində olan qanunsuz əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, həmin vaxt o əlində olan elektron tərəzini, «Motorolla» markalı mobil telefonun qoburunun içərisindən üç ədəd şəffaf rəngli bükümlərdə olan narkotik vasitə heroinə bənzər maddələri və 30 manat pulu masanın üzərinə qoymuş, elektron tərəzidən narkotik vasitələri çəkməkdə istifadə etdiyini, 3 ədəd bükümlərdə olan maddənin heroin olmasını, 30 manat pulun isə satdığı narkotik vasitəyə görə əldə etdiyi pul vəsaiti olmasını, narkotik vasitə heroini 27 avqust 2024-cü il tarixdə «Əli» kimi tanıdığı şəxsdən şəxsi istifadəsi və satmaq məqsədi ilə əldə etdiyini bildirmişdir. Şəxsi axtarış və goturmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə heroin bükümləri, elektron tərəzi 30 manat pul zərflərə qoyularaq möhürlənib götürülmüşdür (i.v. 101); - “mobil telefona baxış keçirilməsi haqqında” 30 avqust 2024-cü il tarixli protokoldan görünür ki, baxış keçirilən “motorolla” markalı mobil telefon smatrfon tipli olmaqla ekran hissəsi və korpusu qara, qızılı rəngdədir, arxa tərəfində kamerası olmaqla istehsalçı şirkətə məxsus “M” yazısı vardır, həmin telefonun üzərində ***-***-**-** GSM nömrə kartının olması müəyyən edilmiş, həmin telefonun zənglər, mesajlar, qalareya hissəsində, həmçinin “Whatsapp” ani mesajlaşma proqramında, habelə sosial şəbəkələrə aid digər proqramlarında iş üzrə əhəmiyyət kəsb edən məlumatlar müəyyən edilməmişdir (i.v. 102); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 5921 saylı rəyinə görə Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 131-132); - “Sübutların qiymətləndirilməsi haqqında” 04 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və ekspertizadan sonra qalıq qalan 1,159 qram çəkidə heroin, 01 ədəd “Motorolla” markalı mobil telefon və 01 ədəd elektron tərəzi maddi sübut kimi tanınmış və saxlanılmaları üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağına təhvil verilmişdir (i.v.138-143); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli arayışından və Nəsimi rayon məhkəməsinin xx.xx.2021-ci il tarixi hökmündən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və ona Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 1(006)-17/2021 saylı hökmü ilə təyin edilmiş və hazırda çəkilməmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə uyğun olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmuş və hazırkı hökmlə təyin edilən 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən birləşdirilmiş, onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 24 dekabr 2021-ci ildə Xətai Rayon Məhkəməsinin qərarı ilə Milli Məclisin 05 noyabr 2021-ci il tarixli «Aministiya» Qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmış, 06 sentyabr 2022-ci ildə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 01 ay 03 gun vaxtından əvvəl şərti azad edilmişdir (i.v.108-110, 116-123); Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Bu Məcəllənin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Həmin Məcəllənin 138.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Qeyd olunan Məcəllənin 21.3-cü maddəsinə müvafiq olaraq cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası), həmin Məcəllənin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham olunmasına, yəni satış məqsədi ilə 03 bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,305 qram, 0,393 qram, 0,611 qram olmaqla ümumi təmiz çəkisi 1,309 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,159 qram olan heroini məhz satış məqsədi ilə əldə edib üzərində daşıması və saxlaması barədə ibtidai istintaq orqanının nəticəyə gəlməsində həlledici şəkildə onların bükümlərə qablaşdırılması səbəb olmuşdur. Lakin, “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır (9-cu bənd). Göründüyü kimi, Plenum qərarında narkotik vasitələri və ya psixotrop maddələri nə cür qablaşdırılmasının ayrıca olaraq deyil, “başqa sübutlarla yanaşı” nəzərə alınması tövsiyyə olunur. Yəni, aşkar edilmiş belə əşyaların bir neçə bükümdə olması onların məhz satış üçün əldə edilib saxlanılmasına dair nəticəni əvvəlcədən müəyyən edən, satış məqsədinin mövcudluğunu sübuta yetirmək vəzifəsini ittiham tərəfinin üzərindən qaldıran hallar kimi şərh edilə bilməz. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki cinayət işinin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs götürülmüş 1,309 qram narkotik vasitə heroin 03 ədəd bükümdə olduğu müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitələri xırda bükümlərə qablaşdırması, hazırlanması kimi hallar ibtidai istintaq orqanı tərəfindən müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs satış məqsədi ilə hərəkət etməsi və onun əməlində Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin tərkibinin olması ibtidai istintaq orqanının istinad etdiyi sübutlarla da uzlaşmır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşımasını təsdiq edəcək fotoşəkil, sms mətni, səs yazısı və ya digər məlumat müəyyən edilməmişdir. Bundan əlavə, məhkəmə nəzərə alır ki, aparılmış ibtidai istintaq dövründə keçirilmiş istintaq hərəkətləri ilə sonuncunun barəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıması ittihamı irəli sürülməsinə zəmin yaradacaq hər hansı fakt və sübut aşkar olunmadan yalnız müstəntiqin subyektiv xarakterli mülahizələri əsasında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə tövsif edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 Ambulator X2 haqqında xx.xx.2024-cü il tarixli, 5921 saylı rəyində Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromunun (narkomaniya xəstəliyi) aşkar olunması qeyd edilir. Bununla bağlı məhkəmə vurğulayır ki, təqsirləndirilən şəxsin cinayətkar məqsədi və əməlin hüquqi tövsifi barədə nəticələr ehtimal üzərində qurula bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsi də məhkəmənin ittiham hökmünün ehtimallara əsaslanmasına yol vermir və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda belə hökmün çıxarılmasını şərtləndirir. Beləliklə, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunmur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə olan heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 1,309 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları təhlil edib və bir-biri ilə müqayisə edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib saxlamaqla daşıma kimi deyil, onun tərəfindən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşıma (cinayət törədilən zaman qüvvədə olan Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə uyğun olaraq) kimi qiymətləndirilməli və bununla bağlı onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 20 may 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilməli, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, üç ədəd bükümdə təmiz çəkisi 1,309 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,159 qram olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd “Motorolla” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılmalı, ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 55 saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318, 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 20 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək «həbs» qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilərək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan, üç ədəd bükümdə təmiz çəkisi 1,309 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 1,159 qram olan heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd “Motorolla” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sahibi Təqsirləndirilən şəxs qaytarılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 55 saat üçün nəzərdə tutulan 360 (üç yüz altmış) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar