Məhkəmə qərarları › İş №1(006)-75/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-75/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-75/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi - Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 1,022 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 08 avqust 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsi və cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində həmin gün saat 11.45-də Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 204 nömrəli ünvanın qarşısında saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 1,022 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, həmin günü o, evdə olmuş, hər hansı bir küçədə olmamışdır. O, və xalası oğlu evdə oturduğu yerdə gəlib evə girib, onları evdən aparıblar. Belə hadisə 3 gün qabaq da baş vermiş, onu 21-ci Polis Bölməsinə apardılar, orada ondan heç nə tapmayıblar. Bunu 21-ci Polis Bölməsinin əməliyyatçıları etmişdi. Bundan 3 gün sonra isə onu idarəyə apardılar. Orada dedilər ki, üzünə adam duracaq və külli miqdarda narkotiklə onları tutacaqlar. O, da qorxduğu üçün hər şeyi boynuna almışdır. Həmin günü onunla birlikdə xalası oğlunu da aparmışdılar. Onu onun yanında döymüşlər, onun ayağına vururdular. Onu bu da qorxudurdu. O, olan hadisə barədə heç yerə müraciət etməmişdir. Onları tutan şəxslər üç nəfər olubdur. Narkotiki onun cibinə qoyublar və o, da videoçəkilişdə çıxardıb təqdim etmişdir. O, tululana qədər müalicədə olmuş, müalicəvi su qəbul etmişdir. Təqsirləndirilən şəxs son sözündə ona verilmiş ittihamla özünü təqsirli bilmədiyini, azyaşlı övladının olmasını, müalicə olunmağını və müalicənin davam etdirmək istəyini, yeni nikaha daxil olmasını, həmin nikahdan da uşağının olmasını nəzərə almağı xahiş etmişdir. Lakin məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ifadəsində, ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun illərdir narkotik vasitələrdən istifadə edir, sonuncu dəfə 07 avqust 2023-cü il tarixdə günorta saatlarında “sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 01 ədəd sellofan bükümdə narkotik vasitəyə bənzər maddəni 5 manata öz şəxsi istifadəsi üçün almış, həmin vaxtdan əynində olan şalvarın cibinin içərisinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə saat 11:45-də Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, 204 nömrəli ünvanın qarşısında olduğu zaman mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq vəsiqələrini göstərib polis olmalarını bildirdikdən sonra narkotik vasitə saxlanmasında, istifadəsində şübhəli olduğunu bildirərək, sonuncunu Nəsimi Rayon Polis İdarəsinə dəvət etmişlər, o isə etiraz etməmişdir və onlarla birlikdə Nəsimi Rayon Polis İdarəsinə getmişdir. Nəsimi Rayon Polis İdarəsinin inzibati binasında ona vəkil təqdim edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən sənədləşmə aparılaraq üzərində qanunla qadağan edilmiş və hansı bir əşyanın və ya maddənin olub-olmadığı soruşulmuşdur. Bu zaman həmn prosses mütəxəssis tərəfindən video-kamera ilə qeydə alınmışdır. Həmin suala cavab olaraq üzərində narkotik vasitə hesab olunan heroin olmasını bildirmişdir. Üzərində olan şalvarın cibində olan, 01 ədəd poletelin selofana bükülmüş büküm, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd Bir Bank kartı, 01 ədəd 50 qəpik və 01 ədəd 10 qəpik çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra həmin bükümdə olan maddəyə baxılmışdır, maddə boş bir zərfə qoyularaq sonuncunun və iştirakçıların iştirakı ilə möhürlənib, imzalanaraq ekspertizaya göndərilmişdir. Bu hərəkət videokamera vasitəsi ilə qeydə alınmışdır. Üzərinə axtarış keçirilməsi davam etdirilmişdir hər hansı əşya aşkar edilməmişdir. Sonda 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd Bir Bank kartı, 01 ədəd 50 qəpik və 01 ədəd 10 qəpik geri verilmişdir. Məhkəmə aşağıdakılara əsasən təqsirləndirilən şəxsin məhkəməyə verdiyi ifadəsini özünümüdafiə kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı xüsusi rütbəsi daşıyır. 08 avqust 2023-cü il tarixdə “Sultan” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Nəsimi Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə bölməsinə məlumat daxil olmuş, həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi Rayon Polis İdarəsinin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, o və Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmış, “Sultan” adlı şəxsin ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Sultan” adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 08 avqust 2023-cü il tarixdə saat 10:20-də Bakı şəhəri, Nəsimi rayonu, X9 küçəsi, ev 204 ünvanının qarşısına Nəsimi Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2 ilə birlikdə yollanmış və birlikdə həmin ünvanda gözlədikdən sonra, saat 11:45-də “Sultan” adlı şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini ona təqdim etmiş, daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib onun üzərinə baxış keçirilməsi məqsədilə polis bölməsinə dəvət etmişdirlər. Bu zaman “Sultan" adlı şəxsin xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olan, azərbaycanlı, AR vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 6 ünvanda qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, əməliyyat şəraiti, insanların və avtomobillərin vaxtaşırı olaraq hərəkəti, o cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Nəsimi Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin inzibati binasının xidməti otaqların birində Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, polis mayoru Saleh Salahzadə tərəfindən dövlət hesabına müdafiəçi təyin edilmiş, onun, Nəsimi Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin kiçik inspektoru, polis serjantı Şahid2, eləcə də, təyin edilmiş mütəxəssisin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs şəxsi axtarışının aparılması və ondan maddi sübutun götürülməsi ilə bağlı istintaq hərəkəti keçirilməyə başlanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü, 01 ədəd şəxsiyyət vəsiqəsini, 01 ədəd bank kartını, 01 ədəd 50 (əlli) qəpik və 01 ədəd 10 (on) qəpiyi çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ayaqlarında olan qara rəngli idman ayaqqabılarını içərisinə baxılmış, hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə şübhəli Təqsirləndirilən şəxs cibindən aşkar edilmiş bükümün içərisindəkini nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitənin “heroin” olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə həmin şəxs uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2023-cü il tarixində “Sovetski” adlanan ərazidə adını bilmədiyi, tanımadığı şəxsdən 5 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra iştirakçılara həmin 01 ədəd şəffaf sellofana bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra 01 ədəd şəffaf sellofanda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş “186” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi haqqında 08 avqust 2023-cü il tarixdə tərtib edilmiş protokola əsasən, 08 avqust 2023-cü il tarixdə saat 13.25 radələrində baxış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın cibindən narkotik vasitə olan heroinə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin maddə narkotik vasitədir, heroindir, istifadə etməsi üçün alıbdır. Həmin protokolun düzgünlüyünü mütəxəssis F.Kərimli, şahidlər Şahid1, Şahid2, həmçinin təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs özü də imzalayaraq təsdiq etmişlər. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/1-6/4237 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri olan zərfdəki, bir ədəd bükümdə təmiz çəkisi 1,022 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (ilkin tədqiqat zamanı narkotik vasitənin xalis çəkisi 1,022 qram olmuşdur, tədqiqata istifadə edildikdən sonra sonda qalıq çəkisi 0,972 qram təşkil edir). İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 xx.xx.2023-cü il tarixli 5738 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Məhkəmə araşdırılan yuxarıdakı sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirsizliyi sübuta yetməmişdir. Belə ki, onun təqsirli olmaması barədə istinad etdiyi dəlillər, öz təsdiqini tapmır. Məhkəmə iclasında araşdırılan şahidlər Şahid1 və Şahid2 ifadələri, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilməsi barədə tərtib edilmiş və özünün də imzalayaraq təsdiq etdiyi xx.xx.2023-cü il tarixli protokolu, məhkəmə kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi, məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli rəyi ilə, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham aktında göstərilən əməli törətmişdir. Beləliklə, məhkəmə iclasında təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadələrinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Belə ki, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama əməlinin törədilməsi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən cinayət hesab edilir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarında olan X8 xx.xx.2020, xx.xx.2020, xx.xx.2020 və xx.xx.2022-ci il tarixli çıxarışlardan görünür ki, Təqsirləndirilən şəxs hepatit xəstəliyindən əziyyət çəkir, həmin xəstəliklə əlaqədar müalicə almışdır. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya” Sistemindən Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü X3 adlı övladı var. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət törətməsini, xəstəliyinin olmasını, himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı şəhəri Nəsimi rayon prokuroru vəzifəsini icra edənin 10 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən ötrü məhkəməyə təqdimat verilməsinə dair Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi Anar Aydəmirovun xx.xx.2023cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. O, 10 avqust 2023-cü il tarixdə həbsdən azad edilib və barəsində 10 avqust 2023-cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə o, ibtidai istintaq dövründə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 gün həbsdə qalmışdır. Bundan sonra Təqsirləndirilən şəxs barəsində 02 oktyabr 2023-cü il tarixdə axtarış elan olunmuş və 23 oktyabr 2023-cü il tarixdə barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 ay (altı ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 05 ay 28 gün (beş ay, iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı andan, yəni 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 0,972 qram narkotik vasitə olanheroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar