Məhkəmə qərarları › İş №1(006)-75/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-75/2025

06.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-75/2025 06.05.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 11:15 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Müdafiəçi2, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Şahtaxtinski küçəsi, ev 14-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 19 iyun 2024-cü il tarixdə saat 15 radələrində ünvan 1 ünvanda yerləşən “AFF Mall” Ticarət Mərkəzinin birinci mərtəbəsinin təmir olunan hissəsindəki giriş qapısının açıq olmasından istifadə edərək həmin qapıdan oraya qanunsuz daxil olub girişdən sol tərəfdə qoyulmuş masanın üzərində Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 500 manat dəyərində “Honor X9B” markalı mobil telefonu və Zərərçəkmiş şəxs3 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 200 manat dəyərində “Samsung Galaxy A13” markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 14 iyul 2024-cü il tarixdə saat 21:13-də "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanda fəliyyət göstərən “Rossman” mağazasına müştəri qismində daxil olub, orada olan işçilərin başının qarışıq olmasından istifadə edərək mağazanın mətbəx otağına, açıq vəziyyətdə olan qapısından qanunsuz daxil olub otaqda qoyulmuş dolabdan Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndiriməsinə görə içərisində 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 3499 manat dəyərində “İPohone 13 Pro Max” markalı mobil telefonu və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1800 manat dəyərində “Zebra TC 21” markalı terminalı gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3509 manat məbləğində və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 1800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə ərəfəsində maddi imkanı olmadığından oğurluq etmək qərarına gəlmişdir. Bu səbəbdən 19 iyun 2024cü il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “AFF Mall” Ticarət Mərkəzinin yanında olan zaman həmin ticarət mərkəzinin girişindən içəri daxil olmuş, masaya yaxınlaşaraq cəld mobil telefonları götürüb, çiynindən asdığı çantaya qoymuş və Ticarət Mərkəzini tərk edərək qaçıb hadisə yerindən uzaqlaşmışdır. Sonradan baxdıqda oğurladığı mobil telefonların birinin “Samsung A13” markalı, birinin isə “Honor” markalı olmasını görmüş və həmin mobil telefonların üzərində olan mobil nömrələri çıxarıb tullamışdır. Daha sonra isə mobil telefonları həmin gün tanımadığı şəxsə ümumilikdə 100 manata satmışdır. Bundan başqa, 14 iyul 2024-cü il tarixdə saat 21 radələrində ünvan 3 ünvanda yerləşən “Rossman” adlı mağazaya daxil olmuşdur. Mağazada bir qədər gəzdikdən sonra orada işləyən işçilərin başının qarışıq olmasını görmüş və mağazanın mətbəx otağının qapısının açıq olduğunu görüb həmin qapıdan mətbəxə daxil olmuşdur. Həmin vaxt mətbəxdə masanın üstündə ola 1 ədəd “İPohone 13 Pro Max” markalı mobil telefon və 1 ədəd marketlərdə istifadə olunan terminalı götürmüşdür. Daha sonra isə mağazanı tərk edib həmin yerdən uzaqlaşmışdır. Həmin gün Bakı şəhəri, Yasamal rayonu ərazisində oğurladığı mobil telefonu tanımadığı şəxsə 50 manata satmışdır. Digər oğurladığı terminalı isə yaşadığı məhəllənin yaxınlığıda zibilliyə tullamışdır. O, mobil telefonu satarkən satdığı şəxsə həmin telefonun oğurluq olduğunu deməmiş, telefonu satarkən üzərindəki nömrəni də çıxarıb tullamışdır. Oğurluqları törədən zaman onu kənardan görən olmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu, zərərçəkmiş şəxslərin ona qarşı şikayətlərinin olmadığını bildirərək, məhkəmədən barəsində həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Müdafiəçi2 verdiyi izahatında göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Naməlum şəxs "xxxx" MMC-yə məxsus ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-nin “Rossman” mağazasına müştəri qismində daxil olmuş, mağazada işçilərin başının qarışıq olmasından istifadə edərək kənar şəxslərə girilməsi qadağan olunan mətbəx otağına daxil olaraq həmin mətbəx otağından MMC-yə məxsus 1 ədəd 1800 manat dəyərində “Zebar TC21” markalı terminalı və həmin mağazada işləyən satıcı Zərərçəkmiş şəxs2 məxsus “İpohone 13 Pro Max” markalı mobil telefonu oğurlayıb mağazanı tərk etmişdir. Cinayət hadisəsi nəticəsində "xxxx" MMC-yə 1800 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçi olmasalar da, verdikləri mülki iddianın təmin edilməsini xahiş edir, cəza təyini məsələsini isə məhkəmənin mülahizizəsinə buraxır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O, hadisə vaxtı "xxxx" MMC-yə aid ünvan 5 ünvanda yerləşən “Rossman” adlı mağazada satıcı işləmişdir. 14 iyul 2024-cü il tarixdə həmişə olduğu kimi saat 10:00-da işə gəlmiş və gün ərzində işdə olmuşdur. Saat 21:55 radələrində evə getmək istəyən zaman mağazadakı mətbəx otağına daxil olub oradakı dolaba qoyduğu özünə məxsus 3500 manat dəyərində “İPhone 13 Pro Max” markalı mobil telefonu qoyduğu yerdə aşkar etməmişdir. O əl çantasına baxdıqda əl çantasının da kimsə tərəfindən aparıldığını görmüş və mobil telefonun oğurlandığını başa düşmüşdür. Daha sonra isə mağaza işçiləri ilə müşahidə kameralarına baxıldıqda bir nəfər şəxsin işçilərin başının qarışıq olduğundan istifadə edərək mağazadakı mətbəx otağına daxil olmasını və mətbəx otağından çıxarkən çiynində olan əl çantasına nəsə qoymasını müşahidə etmişdirlər. Həmin vaxt mətbəx otağındakı dolabda olan mağazaya məxsus “Zebra TC 21” post terminalın da oğurlandığı aşkar edilmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs anası tərəfindən dəymiş ziyandan 1000 manat ödənilmiş və qalan məbləğin ödənilməsini tələb etmədiyindən şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O hadisə vaxtı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “AFF Mall” Ticarət Mərkəzinin birinci mərtəbəsində təmir işləri ilə məşğul olmuşdur. Onunla birgə Zərərçəkmiş şəxs3 da təmir işləri ilə məşğul olmuş, lakin 2024-cü ilin iyul ayında o işini bitirib başqa yerdə işləməyə başlamışdır.19 iyun 2024-cü il tarixdə saat 15-16 radələrində o ailə üzvləri ilə mobil teelfonla danışmış və ona məxsus olan 500 manat dəyərində “Honor X9B” markalı mobil teelfonunu masanın üzərinə qoymuşdur. Həmin vaxt Xalidin də “Samsung A13” markalı mobil telefonu masanın üzərində olmuşdur. Həmin vaxt onların başları işə qarışıq olduğundan giriş qapısından kiminsə daxil olduğunu görməmişdirlər. Təxminən saat 16 radələrində masaya yaxınlaşdıqda ona məxsus olan mobil telefon və Xalidə məxsus mobil telefonun masanın üzərində olmadığını görmüşdür. O, kiminsə içəri daxil olub onlara məxsus olan mobil telefonları oğurlamasını başa düşmüşdür. Cinayət hadisəsi nəticəsində ona 500 manat maddi ziyan dəymişdir. Hal-hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənildiyindən üçün ona qarşı şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. O hadisə vaxtı Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən “AFF Mall” Ticarət Mərkəzinin birinci mərtəbəsində təmir işləri ilə məşğul olmuş və onunla birgə Zərərçəkmiş şəxs1 da təmir işləri ilə məşğul olmuşdur. Lakin 2024-cü ilin iyul ayında o işini bitirib başqa yerdə işləməyə başlamışdır. 19 iyun 2024-cü il tarixdə həmişə olduğu kimi işə gəlib mobil telefonları masanın üzərinə qoyaraq işləməyə başlamışdırlar. Həmin gün saat 16 radələrində o masaya yaxınlaşdıqda özünə və Rahibə məxsus olan mobil telefonun masanın üzərində olmadığını görüb bu barədə sonuncuya məlumat verimişdir. Onlar kiminsə içəri daxil olub onlara məxsus mobil telefonları oğurlamasını başa düşmüşdür. Ona dəymiş maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməsə də, sonuncuya qarşı şikayəti yoxdur. İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında 15 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus mobil telefon ünvan 2 ünvanda yerləşən «Rossmann» adlı mağazadan oğurlanmışdır (i/v 8-10). İş materiallarında olan 17 iyul 2024-cü il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyul 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 29). İş materiallarında olan Baxış keçirilməsi haqqında 17 iyul 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 02 ədəd videogörüntü vardır, həmin videogoruntülərə baxıldıqda ilk videogörüntüdə bir nəfər əynində qara rəngli uzərində başqa rəngdə xətlər olan qısaqol köynəkli şəxsin 14 iyul 2024-cü il tarixdə saat 21:13-də ünvan 2 ünvanda yerləşən «Rossmann» adlı mağazaya daxil olması və mağazada gəzişməsi müşahidə olunur. İkinci videogorüntüyə baxdıqda həmin şəxsin saat 21:23-də mağazada olan mətbəx kimi istifadə olunması qeyd olunan otağın qarşısında gəzişməklə içəri boylanması və sonra həmin otağa daxil olaraq bir neçə saniyə sonra otaqdan çıxması, həmin vaxt üzərində olan əl çantasının zəncirbəndini bağlaması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə əynində qara rəngli üzərində başqa rəngdə xətlər olan qısaqol köynəkli şəxsin onun özünün olduğunu, ifadəsində qeyd etdiyi kimi ünvan 2 ünvanda yerləşən «Rossmann» adlı mağazaya daxil olduqdan sonra oradakı mətbəx otağına daxil olmaqla, həmin otaqdakı dolabdan bir ədəd «İPhone 13 Pro Max» markalı mobil telefon və mobil telefona oxşar əşyanı tapıb onları üzərində olan əl çantasına qoyaraq oradan çıxdığını bildirmişdir (i/v 37). İş materiallarında olan Hadisə yerinə baxış keçirilməsi haqqında 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 məxsus mobil telefonlar ünvan 1 ünvanda yerləşən «AFF Mall» Ticarət Mərkəzinin birinci mərtəbəsindən oğurlanmışdır (i/v 55-58). İş materiallarında olan Baxış keçirilməsi haqqında 18 iyul 2024-cü il tarixli protokoldan görünür ki, cinayət işi materiallarına əlavə olunmuş diskdə 02 ədəd videogörüntü vardır, həmin videogörüntülərə baxıldıqda ilk videogörüntüdə bir nəfər əynində göy rəngli cins şalvar, qara rəngli qısaqol köynək, başında qara rəngli papaq olan şəxs Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən “AFF Mall” Ticarət Mərkəzinin girişinə yaxınlaşıb, pilləkənlarla qalxaraq giriş qapısından içəri daxil olur. İkinci videogörüntüyə baxış keçirilən zaman videogörüntüdə həmin başında qara rəngli papaq olan şəxsin «AFF Mall» Ticarət Mərkəzinin giriş qapısının yanından küçə ilə hərəkət edib yolu keçməklə qaçaraq oradan uzaqlaşması müşahidə olunur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogöruntülərdə əynində göy rəngli cins şalvar, qara rəngli qısaqol köynək, başında qara rəngli papaq olan şəxsin onun özünün olduğunu, ifadəsində qeyd etdiyi kimi Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsində yerləşən «AFF Mall» Ticarət Mərkəzinin giriş qapısından daxil olub orada təmir işləri aparılan hissədə masadan 2 ədəd mobil telefonu götürüb oğurladığını bildirmişdir (i/v 87). İş materiallarında olan 19 iyul 2024-cü il tarixli Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-366/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 17 iyul 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i/v 122-126). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Yasamal rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublkası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə isə cəza müddəti başa çatmışdır. (i/v 152-154, 169-171) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/6104 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satışı üçün komplektəşdirilməsinə daxil edilən aksessuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablanma yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: 01 ədəd “İpohone 13 pro max” markalı mobil telefon -1350.00 manat, 01 ədəd “Honor 9XB” markalı mobil telefon -350.00 manat, 01 ədəd “Samsung A13” markalı mobil telefon -120.00 manat, 01 ədəd “Zebra TC21” terminal -700.00. (i/v 174-176). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X1 ambulator məhkəmə-psixiatrik ekspertizasının 23 sentyabr 2024-cü il tarixli 2756 nömrəli rəyində göstərilmişdir ki. Təqsirləndirilən şəxs emosional davamsız tip şəxsiyyət pozuntusu müəyyən edilir. Yoxlanılan şəxsdə müəyyən edilən emosional davamsız tip şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki. o, ona ittiham olunan əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Buna görə də o. ittiham olunan əmələ görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i/v 194-196). İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” 11 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, iş üzrə içərisində hadisələri özündə əks etdirən videogörüntülər olan 02 ədəd disk maddi sübut kimi tanınmış və həmin disklərin cinayət işi materiallarında saxlanılması nəzərə alınmışdır (i/v 199-208). Məhkəməyə təqdim edilmiş 11 mart 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs2 ona dəymiş maddi ziyandan 1000 manatının təqsirləndirilən şəxsin anası tərəfindən ödənildiyindən qalan məbləği istəmədiyini və şikayətçi olmadığını bildirmişdir. Məhkəməyə təqdim edilmiş 17 mart 2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 ona dəymiş ziyan qarşılandığından təqsirləndirilən şəxsə qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, videogörüntülərə baxış keçirilməsi protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməsini, himayəsində bir azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərə dəymiş ziyanı qismən ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsə cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməli və iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Mülki iddiaçı "xxxx"MMC-nin tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçının vəkili cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçının xeyrinə 1800 manat məbləğində dəymiş zərərin, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 manat və 42 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2167 manat məbləğində pulun tutularaq Zərərçəkmiş şəxs4 MMC-yə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində "xxxx" MMC-yə 2167 (iki min yüz altmış yeddi) manat dəyərində maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxsdən vurulmuş maddi ziyana görə 2167 (iki min yüz altmış yeddi) manat məbləğində pul tutularaq mülki iddiaçı – "xxxx" MMC-yə ödənilməlidir. İşdə olan 10 mart 2025-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 42 (qırx iki) manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı "xxxx" MMC tərəfindən verilən mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxsmülki cavabdeh Təqsirləndirilən şəxs 1800 (min səkkiz yüz) manat məbləğində dəymiş zərərin, hüquqi yardım üçün vəkilə ödənilmiş 325 (üç yüz iyirmi beş) manat və 42 (qırx iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 2167 (iki min yüz altmış yeddi) manat tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-538/2024 saylı, 24 oktyabr 2024-cü il tarixli qərara əsasən 05 noyabr 2024-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 47 (qırx yeddi) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi1 vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 17 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs4 MMC tərəfindən verilən mülki iddia təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 1800 (min səkkiz yüz) manat, hüquqi yardım üçün ödənilmiş 325 (üç yüz iyirmi beş) manat və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu, cəmi 2167 (iki min yüz altmış yeddi) manat pul tutularaq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs4 MMC-yə ödənilsin. İş üzrə məhkəmə ekspertiza xərci 50 (əlli) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına 297 (iki yüz doxsan yeddi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar