Məhkəmə qərarları › İş №1(006)-751/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-751/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-751/2025 10.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1992-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, AFF X2 23-cü küçə, bina 6, mənzil 4 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 10 iyul 2025-ci il tarixdə saat 23:59-da ictimai yer hesab edilən ünvan 3 ünvanının qarşısında tanışı Zərərçəkmiş şəxs ondan təkidlə borcunu ödəməsini tələb etməsini cüzi səbəb kimi bəhanə gətirərək ətrafda digər şəxslərin olmasına əhəmiyyət vermədən sonuncunu nalayiq ifadələrlə təhqir etməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq edərək cəmiyyətə açıqca hörmətsizlik edib Zərərçəkmiş şəxs zor tətbiq etməklə, qəsdən sifət nahiyəsindən və bədəninin müxtəlif nahiyələrindən əl zərbələri ilə vuraraq ona sol göz yuvası ətrafı yumşaq toxumaların hematoması, əzilmiş-cırılmış yarası və həmin gözün ağlı qişasına qansızma, alt dodağın haşiyəsinin və sol bazunun sıyrıqları yarası kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirərək qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs 2024-cü il tarixdən tanımış və onların arasındada sevgi münasibətləri olmuşdur. Zərərçəkmiş şəxs onun ailəsi də tanımış və onlar gələcəkdə ailə həyatı qurmaq istəmişdirlər, həmçinin onu da Zərərçəkmiş şəxs ailəsi tanımışdır. O, 2024-cü ilin avqust ayında Səidədən 1200 manat borc pul alaraq aylıq olaraq həmin pulun kreditini ödəmişdir. Daha sonra onların aralarında münasibətləri pozulsa da o, hər ayın 10-dək həmin kreditə görə ortalama 250 manat pulu ödəmişdir. O, sonuncu dəfə Səidəyə xx.xx.2025-ci il tarixə olan kredit pulunu xx.xx.2025-ci il tarixədək ödəyəcəni bildirib onunla razılaşmışdır. Onun Səidə ilə danışığından bir neçə saat sonra saat 23:50 radələrində sonuncu ünvan 4 ünvanında yerləşən “Sabores” iaşə obyetkində olan zaman Səidə həmin yerə gəlmişdir. Zərərçəkmiş şəxs həmin vaxtı onu həmin obyektdə təhqir etmişdir. O, həmin vaxtı orada kənar adamların olmasını nəzərə alaraq Zərərçəkmiş şəxs ilə çıxıb çöldə söhbət etməyə başlamışdır. Bu zaman Zərərçəkmiş şəxs, yenə onu təhqir etməyə başlamış və onların arasında sözlü mübahisə başlamışdır. O, dəfələrlə Zərərçəkmiş şəxs getməsini bildirsə də, sonuncu oradan getməmişdir. Səidə onu təhqir etdiyinə görə o, Zərərçəkmiş şəxs əli ilə baş nahiyəsindən iki dəfə yüngülcə vurub ondan uzaqlaşmaq istəyərkən Zərərçəkmiş şəxs onu daha ağır şəkildə təhqir etmişdir. O, həmin vaxtı əsəblərini cilovlaya bilməyib Zərərçəkmiş şəxs əli ilə başından bir dəfə və daha sonra isə təpiklə ayaq nahiyəsindən vurmuşdur. Daha sonra o, Zərərçəkmiş şəxs yanından kənarlaşmışdır. Sonda isə Təqsirləndirilən şəxs özünü təqsirli bildiyini, bu səbəbdən barəsində amnistiya aktı tətbiq edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2024-cü il tarixdən tanımış və onların arasında sevgi münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs onun ailəsi də tanımış və onlar gələcəkdə ailə həyatı qurmaq istəmişdirlər. Aqşin ondan təxminən 2024-cü ilin avqust ayında 4.000 manat pul borc almış və o, həmin borc pulu kredit götürüb Aqşinə vermişdir. Aqşin həmin pulun kreditini hər ayın 10-da mütəmadi olaraq ödəmişdir. 2025-ci ilin aprel ayında onların aralarında mübahisələri yaranmış və o, Aqşindən ayrılmışdır. O, 2025-ci ilin iyul ayının 10da saat 23:50 radələrində Aqşin krediti ödəmədiyi üçün sonuncunun olduğu Nəsimi rayonu Ə.Quliyev küçəsi 127 ünvanında yerləşən “Sabores” iaşə obyetkinə getmişdir. Aqşin “Sabores” iaşə obyetkinin içərisində onu görüb çölə çıxmışdır. O, həmin vaxt Aqşinə hansı səbəbdən söz verib krediti ödəmədiyini soruşduqda sonuncu onu təhqir edərək qolundan tutmuşdur. Həmin vaxtı bir neçə şəxs yolun kənarından onları izləyib Aqşindən nə baş verdiyini soruşmuşdurlar. Aqşin həmin şəxslərə münasibət bildirməyib onu yenidən təhqir edib sifət nahiyəsindən vurmuşdur. Daha sonra Aqşin ondan aralaşmaq istəyərkən o, Aqşininin ona dediyi təhqiri geri qaytardığı üçün Aqşin geri qayıdıb onun sifət nahiyəsindən əli ilə sonra isə təpiklə ayağından bərk şəkildə vurmuşdur. Bu zaman kənardan onları müşahidə edən şəxslər olmuş və həmin şəxslərdən biri daha sonra ona yaxınlaşıb onu bir qədər sakitləşdirmək istəmişdir. O, həmin vaxtı öz avtombilinə əyləşib həmin yeri tərk etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmamışdır, ona qarşı şikayətçidir İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PA Birliyi» Publik Hüquqi şəxsin 21 iyul 2025-ci il tarixli, 944 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol göz yuvası ətrafı yumşaq toxumaların hematoması, əzilmiş-cırılmış yarası və həmin gözün ağlı qişasına qansızma, alt dodağın haşiyəsinin və sol bazunun sıyrıqları bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində qeyd olunan və zərər çəkmiş şəxsin göstərdiyi şəraitdə törənə bilərdilər, şəxsin özü tərəfindən yetirilmələri inandırıcı deyil. (i.v.19-22); Azərbaycan Respublikası DİN-nin NHİX-dən daxil olmuş 01 ədəd DVD-yə baxış keçirilməsi zamanı tərtib edilmiş 17 noyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, diskdə 03 ədəd videofayl vardır. 1- ci videofayl və 2-ci videofayl 13 dəqiqədən ibarətdir və həmin görüntülər xx.xx.2025-ci il tarix saat 23:56-cı dəqiqədən başlayır. Həmin görüntülərin hər birində 1-ci dəqiqədə qırmızı rəngli qısa qol köynək geyinmiş kişi yaşıl qısa qol köynək geyinmiş qadınla iaşə obyektinin qarşısında söhbət edirlər. Daha sonra mövcud kameralar ətarfındakı şəxslərin gediş gəlişi müşahidə olunmuşdur. 3-cü videofayl 13 dəqiqə 01 saniyədən ibarətdir və həmin görüntü xx.xx.2025ci il tarix saat 23:56-cı dəqiqədən başlayır. Həmin görüntüdə 02 dəqiqə 35 saniyədə yaşıl rəng qısa qol köynək geyinmiş qadınla qırmızı rəngli qısa qol köynək geyinmiş kişi arasında mübahisə olunduğu, daha sonra kişinin qadını iki səfər baş nahiyəsindən vurmağı, sonra qadının ona əli ilə müdaxilə etməyi, daha sonra isə kişinin qadından bir qədər uzaqlaşıb yenidən saat 03 dəqiqə 48-ci saniyədə qırmızı rəngli qısa qol köynək geyinmiş kişi qadını əli ilə vurması, sonra isə təpiklə vurub oradan uzaqlaşması məyyən edilmişdir. Həmin videogörüntülərin hər birində hadisəni kənardan izləyən şəxslərin olması müşahidə olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə qırmızı rəngli köynək geyinmiş qızı döyən şəxsin onun özünü olmasını, yaşıl rəngli köynək geyinmiş qadının isə Zərərçəkmiş şəxs olmasını, həmin vaxt ifadəsində qeyd etdiyi kimi xx.xx.2025-ci il tarixdə saat 23:59-da Bakı şəhəri Nəsimi rayonu Ə.Quliyev 127 ünvanında Zərərçəkmiş şəxs döyməsini bildirmişdir. (i.v.36-38); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 26 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.39-40); “Qətimkan tədbirinin seçilməsi haqqında” 17 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v 93); “Sübutların qiymətləndirilməsi haqqında” 19 noyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişə zamanı həmin ünvana aid videomüşahidə kameraları ilə qeydə alınmış videogörüntünün olduğu 01 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.97-101); Müdafiə tərəfinin məhkəməyə təqdim olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq edilərək bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiq edilərək bəraətverici əsaslar olmadan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-751/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx.xx.2025-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 16 iş saatı üçün 176 (yüz yetmiş altı) manat pul köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun hesabına 16 iş saatı üçün 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülsün. Qərardan elan olduğu andan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar