Məhkəmə qərarları › İş №1(006)-753/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-753/2025

24.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-753/2025 24.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsilsiz, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında yaşayan, hazırki iş üzrə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, barəsində Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-786/2025 saylı, 22 dekabr 2025-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,868 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 24 iyul 2025-ci il tarixdə saat 20:27-də ünvan 2 ünvanın qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,868 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 24 iyul 2025-ci il tarixdə bədənində güclü ağrılar yaranmışdır. Bu səbəbdən də o, “kakos” adlanan narkotik vasitəni 24 iyul 2025-ci il tarixdə axşam saatlarında “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən əldə edib istifadə etmək məqsədilə alıb Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsinə getmişdir. Orada daş divarların arasında insanların olmadığı yerə gedib həmin maddədən bir qədər istifadə etmək istəmişdir. Lakin istifadə edə bilmədən, yəni 24 iyul 2025-ci il tarixdə, saat 20:27 dəqiqədə Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 23 ünvanının qarşısında mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, üzərində narktoik vasitə və ya psixotrop maddə olub olmadığını, varsa təqdim etməyini təklif etmişdirlər. Bu təklifdən sonra o, əynində olan idman şalvarının sağ yan cibindən 1 (bir) ədəd bükümdə narkotik vasitə olan kütləni təqdim etmişdir. Sonra üstü yoxlanılmışdır. Yoxlama zamanı üzərindən 1 ədəd alışqan aşkar edilmiş, sonra özünə qaytarılmış, daha sonra yoxlama zamanı üzərindən özünə məxsus işlətdiyi 01 ədəd “Nokia” markalı telefon aşkar edilmiş və götürülmüşdür. Sonra üzərindən aşkar olunmuş həmin kütlə qablaşdırılmış, o və polis tərəfindən inzalanmış və götürülmüşdür. Polis əməkdaşlarına üzərindən aşkar olumuş maddənin narkortik vasitə olan heroin olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini, “Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 15 manata aldığını bildirmişdir. Daha sonra polis əməkdaşları onu 21-ci Polis bölməsinə aparmışdırlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdur. O, həmin narkotik vasitəni 24 iyul 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhəri, Nəsimi rayonu, “Sovetski” adlanan ərazidə adını bilmədiyi, sadəcə üzdən tanıdığı şəxsdən şəxsi istifadəsi üçün 15 manata almışdır. O saxlanılan zaman və polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən ona qarşı hərhansı bir fiziki və psixi təsir olmamışdır. İfadəsinin sonunda törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olduğunu bildirərək, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 24 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə məlumat daxil olmuşdur. Həmin məlumatı yoxlamaq məqsədi ilə tərəfindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin rəhbərliyi adına raportla müraciət olunmuşdur. Daha sonra isə, o, Nəsimi Rayon Polis idarəsinin 21-ci Polis bölməsinin əməliyyat müvəkkili X5 və həmin bölmənin əməliyyat müvəkkili X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs ifşa edilməsi və cinayət başında yaxalanması məqsədi ilə əməliyyat tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında Təqsirləndirilən şəxs gedə biləcəyi ünvan müəyyən edilmişdir. Daxil olmuş məlumat əsasında həmin tarixdə, yəni 24 iyul 2025-ci il tarixdə saat 20:00-da ünvan 2 ünvanın qarşısına Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməliyyat müvəkkilləri, X5 və X8 ilə birlikdə yollanmış və birlikdə həmin ünvanda gözlədikdən sonra, saat 20:27-də Təqsirləndirilən şəxs piyada hərəkətdə olan zaman yaxınlaşıb özlərini təqdim etmişlər. Daha sonra isə ona qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması, istifadə etməsi və üzərində gəzdirməsi ilə bağlı məlumata malik olduqlarını bildirib üstünü yoxlamalı olduqlarını bildirmişdirlər. Bundan sonra videoçəkiliş əsasında üstünü yoxlamağa başlamışdırlar. Həmin şəxs ilkin olaraq özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üstündə hər hansı qanunsuz əşya və ya predmet varsa könüllü təqdim etməsini təklif etmişdirlər. Təqsirləndirilən şəxs üstündə saxladığı, daşıdığı və narkotik vasitə heroin olduğunu bildirdiyi kütləni təqdim etmişdir. Bundan sonra həmin maddə zərfə qoyularaq üzəri Nəsimi RPl-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “188” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və çəkilişi davam etdirmək üçün onu Polis bölməsinə dəvət etmişlər. 21-ci Polis bölməsinin inzibati binasına çatdıqda tərəfindən şəxsin üstünün yoxlanılması ilə əlaqədar protokol tərtib edilmiş və araşdırmanın davam etdirilməsi Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin baş təhqiqatçısı Cavad Əhmədova həvalə edilmişdir. X6 Təqsirləndirilən şəxs təqdim etdiyi, tərəfindən götürülərək qablaşdırılmış bükümə özünün, onun, əməliyyat müvəkkilləri İlkin Cabbarov və Ayxan Əhmədovun iştirakı ilə videoçəkiliş aparılmaqla baxış keçirmişdir. X6 həmin bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə olduğunu müəyyən etdikdən və Təqsirləndirilən şəxs həmin bükümü özünün təqdim etdiyini təsdiqləməsindən sonra sözügedən bükümü ekspertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq bütün iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və polis bölməsində olduğu müddət ərzində sonuncuya qarşı hər hansı fiziki və psixi təsir edilməmişdir. İş materiallarında olan 24 iyul 2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ yan cibindən 01 ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, yoxlama zamanı sonuncudan 01 ədəd alışqan və 01 ədəd “nokia” markalı mobil telefon da aşkar edilmişdir. Alışqan sübut əhəmiyyəti kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılmış, mobil telefon isə götürülmüşdür. Ardınca aşkar olunan narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş maddənin narkotik vasitə heroin olmasını və istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Üstünü yoxlama ünvan 2 ünvanın qarşısında keçirilmişdir. Üstünü yoxlama zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır. (i/v 8-9). İş materiallarında olan 24 iyul 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə, 01 ədəd mobil telefona və bir ədəd DVD-yə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 bükümdə narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb möhürlə möhürlənmişdir. Bir ədəd DVD diskə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı «İphone» markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. (i/v 17-18). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i/v 29). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 iyul 2025-ci il tarixli, 6/2574 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm...“ yazıları həkk olunan olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,868 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. (i/v 46-48). İş materiallarında olan 10 sentyabr 2025-ci il tarixli “diskə baxış keçirilməsi barədə" protokoldan görünür ki, təqdim olunan iki ədəd DVD-yə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üzərində olan narkotik vasitəni təqdim etməsi, idarəyə gətirildikdən sonra onun üzərindən aşkar edilmiş 01 ədəd bükümün götürülməsi müəyyən edilmişdir. (i/v 94). İş materiallarında olan 11 sentyabr 2025-ci il tarixli “baxış keçirilməsi barədə” protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Nokia” markalı mobil telefonun işlək vəziyyətdə olmaması müəyyən edilmişdir. Həmçinin mobil telefona baxış keçirilərkən telefonu işlək vəziyyətə gətirmək mümkün olmamışdır. (i/v 95). İş materiallarında olan “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26 iyul 2025-ci il tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. (i/v 79-80). İş materiallarına əlavə edilmiş “sübutların qiymətləndirilməsi haqqında” 29 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,868 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,768 qram olan narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir. (i/v 129-134). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli 4470 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (i/v 73-74). İş materiallarında olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatı dayandırılmışdır. (i/v 104). İş materiallarında olan cinayət işi üzrə icraatın təzələnməsi haqqında 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i/v 109-110). İş materiallarında olan “qətimkan tədbirinin dəyişdirilməsi haqqında” 27 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə dəyişdirilmişdir. (i/v 115-116). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 20 oktyabr 2025-ci il tarixli tələbnamədən və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və həmin məhkəmənin 07 sentyabr 2023-cü il tarixli hökmü ilə CM-nin Məcəllənin 66.5-ci maddəsi nəzərə alınmaqla həmin Məcəllənin 234.1-ci maddəsi ilə qəti olaraq 01 il 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 iyun 2024-cü il tarixli Salyan Rayon Məhkəməsinin qərarına əsasən vaxtından əvvəl şərti azad olunmuş, 30 oktyabr 2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. (i/v 106-108, 121-128). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 22 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək üç ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nda narkotik vasitə heroinin xeyli miqdarının (təmiz halda qramlarla daxil olmaqla) aşağı həddi 0,15 qram təşkil edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 24 iyul 2025-ci il tarixdən 26 iyul 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək, «həbs» qətimkan tədbiri seçilməli, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-786/2025 saylı, 22 dekabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınmalı, cəza çəkməsinin əvvəli 24 fevral 2026-cı il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs 80 (səksən) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, iş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,868 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,768 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-753/2025 saylı xx.xx.2025-ci il tarixli qərara əsasən xx.xx.2025-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 16 (on altı) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344- 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 24 iyul 2025-ci il tarixdən 26 iyul 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 24 fevral 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 4(006)-786/2025 saylı, 22 dekabr 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 80 (səksən) manat miqdarında ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,868 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,768 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Fides” Vəkil Bürosunun hesabına 16 iş saatı üçün 176 (yüz yetmiş altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar