Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-77/2020 27.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Saray qəsəbəsi, Badam bağlarında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməkləAzərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2018-ci ilin dekabr ayının əvvəllərində Zərərçəkmiş şəxs Əlihüseyn oğlunun Azərbaycan Respublikası “Beynəlxalq Bankına” aid Pan nömrəsi 412722******4944 saylı təqaüd kartını sonuncuya məxsus qonaq otağında yerləşən şkafda qara rəngli sənəd qabının içərisindən gizli olaraq talamış, xx xxxxxx 2018-ci il tarixdə saat 09 radələrində ''Kapital Bank” ASC-yə məxsus 233 saylı bankomatdan 600.00 manat, xx xxxxxx 2018-ci il tarixdə saat 09:00 radələrində "xxxxxxxxxx” ASC-yə məxsus 00000062 saylı bankomatdan 215.00 manat və həmin tarixdə saat 18:49 radələrində ünvan 3 saylı ünvanda yerləşən “ATM 00257” saylı bankomatdan 200.00 manat, ümumilikdə 1015.00 manat məbləğində pulunu gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1015 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, əvvəllər məhkum olunsa, da həmin məhkumluq ödənilmişdir. Zərərçəkmiş şəxs onun doğma əmisidir və həmin şəxslə bir həyətdə qonşu kimi yaşamış, münasibətləri normal olmuşdur. Lakin o, işsiz olduğu üçün maddi problemləri olmuş və buna görə də əmisinin evindən oğurluq etməyə qərar vermişdir. Bu niyyətlə də o, təxminən 2018-ci ilin dekabr ayının ilk on günlüyündə əmisinin yaşadığı evə gəlmiş və ona yalandan həyat yoldaşı ilə dalaşdığını, yoldaşının ona yemək vermədiyini, ac olduğunu və buna görə ona mətbəxdə yemək bişirib gətirməsini xahiş etmişdir. Əmisi də onun xahişini yerə salmayaraq mətbəxə keçmiş və yaranmış fürsətdən istifadə edərək o da həmin vaxt əmisinin qonaq otağında olan şkafda yerləşən qara rəngli sənəd qabının içərisindəki "Azərbaycan Beynəlxalq Bankı”na aid təqaüd kartını gizli yolla götürüb cibinə qoymuş və mənzili tərk etmişdir. Həmin təqaüd kartının kodunu o, əmisi təqaüdünü kartdan çıxararkən onunla birlikdə gedərək bankomatdan pul çıxarılarkən öyrənmişdir. O, həmin kartdan müvafiq məbləğdə pulları xərcləyib, öz şəxsi problemlərinə xərcləmişdir. Daha sonra o, həyat yoldaşı ilə zərərçəkmiş şəxslə birlikdə yaşadığı həyətdən çıxaraq müvəqqəti Bakı şəhərinin Türkan adlı kəndində yerləşən kirayəlik evlərin birində qalmışlar. O, qeyd edilən oğurluqdan başqa oğurluq etməmiş, kartdan oğurluğu öz müstəqil qərarı ilə etmiş, pulları şəxsi ehtiyaclarına xərcləmiş, təqaüd kartını isə xatırlamadığı yerdə zibilliyə tullamış, etdiyi oğurluq barədə heç kimə məlumat verməmişdir. O, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, oğurladığı pulu zərərçəkmiş şəxsə ödəməyə cəhd etdiyini, lakin zərərçəkmiş şəxs tərəfindən qəbul edilmədiyini bildirərək, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Əlihüseyn oğlu verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. Onunla hadisə baş verən günə kimi heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs onun yaşadığı evin yaxınlığında ikinci dəfə ailə həyatı qurduğu “Anya” adlı qadınla birlikdə qalmışdır. Təqsirləndirilən şəxs işsiz olduğundan o, bir neçə ay ona maddi baxımdan köməklik etmişdir. Daha sonra Təqsirləndirilən şəxs xx xxxxxx 2018-ci il tarixdə onun yanına gələrək yoldaşıyla dalaşdığını və ona yemək verilmədiyini bildirərək ona gündəlik tələbatının qarşılanması üçün yemək verməsini xahiş etmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs yemək hazırlamış və təqsirləndirilən şəxs ona hazırlanmış yeməyi yedikdən sonra mənzili tərk edərək getmiş və daha sonra gəlməmişdir. Həmin hadisədən 3 gün sonra ona pul lazım olduğundan o, pensiya kartını götürərək istifadə etmək qərarına gəlsə də, lakin həmin kartı saxlanıldığı yerdə aşkar etməmişdir. O, dərhal taksiya minib polis bölməsinə getmiş, pensiya kartının oğurlanmasını bildirib bu barədə ərizə və izahat yazmış, daha sonra isə Əmircan qəsəbəsində yerləşən adını xatırlamadığı banka getmiş və orada o, təqaüd kartının istifadəsini dayandırmışdır. O bir müddət sonra Beynəlxalq Banka getmiş və oradan ona təqaüd kartından ümumilikdə 1000 manatdan çox pul vəsaitinin çıxarılmasını bildirmişlər. O, bu oğurluq hadisəsi barədə qardaşı oğlu Təqsirləndirilən şəxs şübhələnmişdir. Belə ki, onun yanına ondan başqa gəlib gedən hər hansı bir şəxs olmamışdır. Sonradan polis əməkdaşları tərəfindən onun şübhəsinin doğruluğu müəyyən olunaraq oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi aşkar edilmişdir. O, hal-hazırda oğurlanmış 1015 manat pul vəsaitindən ona Təqsirləndirilən şəxs tərəfindən hər hansı bir ödəniş edilmədiyini, həmçinin onlar arasında barışıq olmamasını bildirərək təqsirləndirilən şəxs barəsində ən ağır cəza təyin edilməsini xahiş etdi. İş materiallarında olan bir ədəd kompakt diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə Təqsirləndirilən şəxs adlı qovluqda 60 ədəd fotoşəkil mövcuddur. Həmin fotoşəkillərdə Təqsirləndirilən şəxs bankomatdan pul çıxarması, əynində qara rəngli papağın, açıq qəhvəyi rəngli gödəkçənin, göy rəngli köynəyin olması müşahidə olunur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə 01 ədəd diskin maddi sübut kimi tanınması və iş materiallarında saxlanılması qərara alınmışdır (i/v 122). İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində tutulmuşdur (i/v 106). İş materiallarında olan Nəsimi rayon prokuroru vəzifəsini icra edən Salman Məmmədlinin xx xxxxxx 2019-cu il tarixli “vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətdən imtina olunmuşdur (i/v 143-3). İş materiallarında olan qətimkan tədbiri seçmək haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 147). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 53). Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(006)-77/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Bakı şəhəri, Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin rəisi Zaur İliyev tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış ***-**** saylı, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində saat 11:30-da Abşeron rayonu, Masazır qəsəbəsində saxlanılaraq Nəsimi RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmişin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxsbarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cuil tarixdən xx xxxxxx 2019-cuil tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə məhkəməyədək icraat dövründə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı X1 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-77/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsməhkəməyədək icraat dövründə göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanX5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 180 (yüz səksən) manat,məhkəmə baxışı zamanı isə göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd kompakt disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X5 vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 180 (yüz səksən) manat, X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə isə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-77/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-77/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver