Məhkəmə qərarları › İş №1(006)-77/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-77/2021

26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-77/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməyən, Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, ev 135-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 1,280 qram çəkidə narkotik vasitə olan heroini əldə edib üzərində daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 35 saylı ünvanın qarşısında saxlanılaraq bölməyə gətirilmiş, orada üzərinə axtarış keçirilən zaman əynindəki qara rəngli parça şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümdə həmin narkotik vasitə aşkar edilmişdir. İşin halları və ittihamın dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, onun cibində heç bir narkotik vasitə olmamış, xx xxxxxx 2020-ci il tarixdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 135 saylı ünvandan polis əməkdaşları onu saxlayıb polis bölməsinə gətirib cibinə narkotik qoymuş və guya video çəkilişlə üzərində axtarış aparılan zaman həmin maddə ondan aşkar edilmişdir. Məhkəmədə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid1 şahid qismində ifadəsində göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə bölməyə “Eybat” adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatı yoxlamaq məqsədilə iş yoldaşı Şahid2 və ondan ibarət əməliyyat qrupu yaradılmış və həmin günü, saat 16:30 radələrində onlar Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 135 saylı ünvanın qarşısında əməliyyat məlumatında göstərilən “Eybat” adlı şəxsin xarici görünüşü ilə oxşar olan bir nəfərə yaxınlaşıb özlərini təqdim etmişlər. Sonuncu şəxs adının Eybat olduğunu bildirdikdə onu 21-ci polis bölməsinə dəvət etmiş, orada ona video çəkilişlə axtarış aparılacağı bildirilərək üzərində olan qanunsuz əşyaları könüllü təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs da əynindəki qara rəngli parça şalvarının sol yan cibindən şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoyaraq demişdir ki, bükümün içərisində heroindir, xx.xx.2020-ci il tarixdə “Sovetski” adlanan ərazidə 20 manata tanımadığı şəxsdən öz istifadəsi üçün alıb. Məhkəmə istintaqında şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan: - “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2020-ci il tarixli protokola və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməzdən öncə ona üzərində olan qeyri-qanuni əşyaları könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki qara rəngli parça şavarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitə heroin olduğunu, onu xx.xx.2020-ci il tarixdə “Sovetski” adlnan ərazidən 20 manata tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını bildirmişdir (cild İ, i.v.49-55, disk); - Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu izahat və ifadəsindən aydın olur ki, o, bir ildir ki, narkotik vasitə qəbul edir. xx xxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində o, Bakı şəhəri, Yasamal rayonu, “Sovetski” adlanan ərazidə olarkən tanımadığı bir nəfər ondan narkotik vasitə olan heroini istəyib-istəmədiyini soruşmuş, o da razılaşıb bu şəxsdən şəffaf sellofan bükümdə narktoik vasitə heroini 20 manata alıb əynindəki qara rəngli parça şalvarının sol yan cibinə qoymuşdur. xx.xx.2020-ci il tarixdə, saat 16:30 radələrində o, yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, R.Rza küçəsi, 135 saylı ünvanın qarşısında olarkən özlərini polis əməkdaşı olaraq təqdim edən iki nəfər mülki geyimli şəxslər yaxınlaşıb ondan ad və soyadını soruşmuş, Təqsirləndirilən şəxs olduğunu bildirdikdə onu polis bölməsinə dəvət etmişilər (İ cild, i.v.59-61, 89-92); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1599 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş (imza)...” və s. qeydlər olan zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi 1,280 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqatdan sonra qalıq çəki 1,230 qram, aparılmış tədqiqatın dəyəri isə 108,46 manat təşkil edir (İ cild, i.v.64-67); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2020-ci il tarixli prokoldan aydın olur ki, Təqsirləndirilən şəxs həmin gün tutulmuş, onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiəsindən Bakı şəhəri Nəsimi rayon prokuroru tərəfindən xx.xx.2020-ci il tarixdə imtina edilmişdir (İ cild, i.v.25-26, 105-107); - “Maddi sübut kimi tanınmaq haqqında” xx xxxxxx 2020-ci il və “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərarlarla Təqsirləndirilən şəxs götürülmüş və ekspertizadan sonra qalıq qalan 1,230 qram heroin və 01 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş, 01 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir (İ cild, i.v.78, 140-145); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X2 haqqında xx.xx.2020-ci il tarixli, 2340 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli, 39 saylı Qərarına müvafiq olaraq Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir (İ cild, i.v.136-137); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 xx.xx.2020ci il tarixli arayışı və məhkəmə qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək 08 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 07 ilə endirilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 08 ay 13 gün cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuş, xx.xx.2018-ci il tarixdə cəza müddəti başa çatmışdır (İ cild, i.v.126-128, 131-132); - Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlməyərək məhkəmədən yayındığı üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan olunmuş, xx xxxxxx 2020-ci il tarixdə o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir (İİ cild). Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməli törətməsi ibtidai araşdırma dövründən fərqli olaraq özü tərəfindən məhkəmədə inkar olunsa da, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamalayan təkzibedilməz dəlillərlə onun əməli tam sübuta yetirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Bu halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.4-cü maddə). Həmin Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Sözügedən Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, törədilməsi hallarını, onun şəxsiyyətini, o cümlədən məhkumluğu ödənilmədən yenidən qəsdən cinayətin törətməsini, bununla da kriminal meyilli şəxs olaraq qalmasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 1,230 qram narkotik vasitə olan heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri 108,46 manat pul ondan tutularaq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyrmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri 108 (yüz səkkiz) manat 46 (qəpik) pul ondan tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, qalıq qalan 1,230 qram narkotik vasitə olan heroin məhv edilsin, bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 15 saat üçün nəzərdə tutulan 90 (doxsan) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar