Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-77/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs - Zərərçəkmiş şəxs1, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1988-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2rayədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respulikası CM-in) 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla zərə çəkmiş şəxsə xeyli miqdarda ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 25 may 2023-cü il tarixdə saat 03 radələrində ünvan 4 ünvanın qarşısında saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus «Changan CS 55 Plus» markalı, **-ZR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq qapısının şüşəsini özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən dəmir alətlə sındıraraq avtomobilin salonunda güzgüdən asılmış zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd kulonu ilə birlikdə 3000 manat dəyərində 10 qram çəkidə, 750 əyarlı qızıl boyunbağını gizli olaraq talayıb, Zərərçəkmiş şəxs1 maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 iyun 2023-cü il tarixdə, saat 04 radələrində ünvan 5 ünvanının qarşısında saxlanılmış Zərərçəkmiş şəxs3 məxsus «Mercedes GLE» markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sağ qabaq qapısının şüşəsini özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən dəmir alətlə sındıraraq avtomobilin salonunda güzgüdən asılmış zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə bir ədəd kulonu ilə birlikdə 400 manat dəyərində üzərində «Ayətəl Kürsü» duası yazıları olan boyunbağını, oturacaqların arasındakı sandıqçadan həmin günün məzənnəsi ilə 2380 manat təşkil edən 1400 ABŞ dolları dəyərində 01 ədəd «Cartier» markalı eynəyi, 300 manat dəyərində 01 ədəd albalı rəngli «TODS» markalı pul kisəsini, 250 manat dəyərində yaşıl rəngli «Swarovski» daşlardan ibarət təsbehi, qabaq sərnişin oturacağının qarşısındakı sandıqçadan 550 manat dəyərində «Louis Vuitton» markalı ətiri, həmin günün məzənnəsi ilə 2720 manat təşkil edən 1600 ABŞ dolları dəyərində «Louis Vuitton» markalı eynəyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 6600 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 15 iyun 2023-cü il tarixdə saat 03:30 radələrində ünvan 6 ünvanın qarşısında saxlanılmış faktiki olaraq Zərərçəkmiş şəxs2 məxsus «Hyundai Grandeur» markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsini özü ilə gətirdiyi istintaqla müəyyən edilməyən dəmir alətlə sındıraraq avtomobilin salonundakı oturacaqların arasındakı sandıqçadan içərisində 220 manat nağd pul olan zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 100 manat dəyərində «Prada» markalı pul kisəsini, bir ədəd 500 manat dəyərində 4 qram çəkidə 750 əyarlı qızıl boyunbağını və bir ədəd 250 manat dəyərində 2 qram çəkidə 750 əyarlı qızıl kulonu gizli olaraq talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 1070 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Nəsimi Rayon Məhkəməsinin 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 06 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 25 may 2023-cü il tarixdə maddi vəziyyəti pis olduğu üçün oğurluq elmək qərarına gəlmişdir. Bu minvalla daha öncə yerdə tapdığı kiçik ölçülü çəkici özü ilə götürərək Nəsimi rayonu, S.Rüstəm küçəsində saat 03 radələrində piyada hərəkət etməyə başlamışdır. S.Rüstəm küçəsi 55 nömrəli ünvana çatdıqda binanın qarşısında ağ rəngli “Changan” markalı avtomobili görmüşdür. Avtomobilə yaxınlaşmış, avtomobilin salonuna baxmış, salonda orta panelin güzgüsündən bir ədəd qızılı rəngli boyunbağının asıldığını görmüşdür. Özu ilə götürdüyü çəkiclə həmin avtomobilin ön solsürücü tərəfdən olan şüşəsinə vuraraq şüşəni sındırmışdır. Avtomobilin içərisinə əlini salaraq güzgüdən həmin boyunbağını götürmüş və boyunbağının 750 əyarlı qızıl boyunbağı olduğunu görmüşdür. Həmin gün səhər saatlarında boyunbağını şəhərin mərkəzində Mərkəzi Univermağın yanında olan adını dəqiq xatırlamadığı qızıl alış-satışı mağazasına öz şəxsiyyət vəsiqəsini təqdim etmiş və qızılın özünə məxsus olmasını bildirərək 450 manata satmışdır. Həmin boyunbağının satışından əldə edilmiş pulu evinin kirayə haqqının ödənilməsinə xərcləmişdir. Oğurluq edərkən hər hansı şəxs ona kömək etməmişdir. Bundan başqa 10 iyun 2023-cü il tarixdə yaşadığı evdən çıxaraq küçə ilə gəzirmiş, Nərimanov rayonu ərazisində olan zaman küçədə yol kənarında nəzarətsiz dayanmış qara rəngli “Mercedes” markalı avtomaşını görmüş və içəri hissəsinə baxan zaman orada qızıl boyunbağı asıldığını görmüş və qərara gəlmişdir ki, həmin qızıl boyunbağını oğurlayıb sataraq özü üçün pul əldə etsin. Ətrafda heç kimin olmadığına əmin olduqdan sonra üzərində gəzdirdiyi dəmir alətlə avtomaşının sağ qabaq şüşəsini sındırıb avtomaşının qapısını açaraq salonuna daxil olmuşdur. Avtomaşının salonuna daxil olduqdan sonra ön şüşədən asılmış 1 ədəd qızıl boyunbağını çıxarıb cibinə qoyduqdan sonra avtomaşında axtarış etməyə başlamışdır. Avtomaşını axtaran zaman qabaq iki oturacağın arasında yerləşən sandıqçadan içərisindən iki ədəd eynəkləri oğurlayaraq avtomaşından yerə düşüb hadisə yerindən uzaqlaşaraq yaşadığı evə getmişdir. Oğurluq edən zaman artıq 11 iyun 2023-cü il saat təxminən 04 olmuşdur. Həmin gün təxminən saat 12-də qızıl boyunbağını 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsə 100 manata satmışdır. Oğurladığı iki ədəd eynəkləri isə yaşadığı evdə saxlamışdır. 22 iyun 2023-cü il tarixdə polis əməkdaşları onu şübhəli şəxs kimi saxlayaraq 18-ci PŞ-yə aparmış və PŞ-də izahat verərək etdiyi oğurluq cinayət əməlini etiraf eldikdən sonra oğurladığı iki ədəd eynəkləri polis əməkdaşlarına təqdim etmişdir. Avtomobilin şüşəsini sındırdığı dəmir aləti yaxınlıqdakı zibil qutusuna atmışdır. Bundan başqa 15 iyun 2023-cü il tarixdə Nəsimi rayonu, Ə.Qasımzadə küçəsində saat 03:30 radələrində gəzən zaman 72 nömrəli ünvana çatdıqda orada “Hyundai Grandeur” markalı avtomobili görmüş, özü ilə götürdüyü kiçik çəkiclə həmin avtomobilin ön sağ şüşəsinə vuraraq şüşəni sındırmışdır. Avtomobilin içərisindən bir ədəd pul kisəsini və kulon ilə olan boyunbağını oğurlamışdır. Həmin boyunbağı və kulon 750 əyarlı olmuşdur. Həmin gün səhər saatlarında şəhərin mərkəzində Mərkəzi Univermağın yanında olan adını dəqiq xatırlamadığı qızıl alış-satışı mağazasına öz şəxsiyyət vəsiqəsini təqdim edərək və qızılın özünə məxsus olmasını bildirərək kulon ilə boyunbağını 150 manata satmışdır. Həmin boyunbağının satışından əldə edilmiş pulu şəxsi ehtiyyacına xərcləmişdir. Oğurluq edərkən hər hansı şəxs ona kömək etməmişdir. Zərərçəkmiş şəxs3 avtomobilindən 2 ədəd eynək və 1 ədəd qızıl boyunbağıdan başqa heçnə oğurlamamışdır. 25 may 2023-cü il tarixdə oğurladığı qızıl əşyasını MUM-un yanında olan adını dəqiq xatırlamadığı qızıl alış-satışı mağazasına öz şəxsiyyət vəsiqəsini təqdim edərək və qızılın özünə məxsus olmasını bildirərək 450 manata satmış, 15 iyun 2023-cü il tarixdə oğurladığı qızılı isə 150 manata MUM-un yanında olan adını dəqiq xatırlamadığı qızıl alışı satışı mağazasına öz şəxsiyyət vəsiqəsini təqdim edərək satmış, 11 iyun 2023-cü il tarixdə oğurladığı qızıl əşyasını isə tanımadığı şəxsə 20 Yanvar metrostansiyasının yaxınlığında satmışdır. Həmin oğurluq hadisələrində hər hansı şəxs ona kömək etməmiş, cinayət etməyə təhrik etməmişdir. Oğurluq hadisələrini törədən zaman onu kənardan görən olmamışdır. Avtomobillərin şüşəsini qırdığı aləti ərazisini xatırlamadığı yerdə zibil qutusuna atmışdır. Zərərçəkmiş şəxs2 məxsus avtomobildən oğurladığı pul kisəsində pul olmamışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən biri ilə barışdığını, dəymiş zərərdən qismən ödəniş etməyini, himayəsində tək anasının olmasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, etibarnamə ilə idarə etdiyi “Hyundai Grandeur” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili 14 iyun 2023-cü il tarixdə gecə saat 23:45 radələrində yaşadığı ünvan 8 ünvanın qarşında saxlayaraq yaşadığı mənzilə getmişdir. 15 iyun 2023-cü il tarixdə işə gedən zaman saat 09 radələrində avtomobilə yaxınlaşmış və ön sağ sərnişin qapısının şüşəsinin sındırıldığını, avtomobilin salonundan oğurluq olmasını aşkar etmiş və dərhal DİN-in 102 zəng xidmətinə müraciət edərək məlumat vermişdir. Bir neçə dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və orada polis əməkdaşları ondan ərizə və izahat almışdır. Avtomobilə polis əməkdaşları baxış keçirdikdən sonra o, avtomobilə yaxınlaşmış və oraya baxan zaman ona məlum olmuşdur ki, oturacaqların arasındakı sandıqçadan içərisində 220 manat nağd pul olan 100 manat dəyərində «Prada» markalı pul kisəsi, avtomobilin salonunda güzgüdən asılmış 500 manat dəyərində bir ədəd 750 əyarlı qızıl boyunbağı və 250 manat dəyərində bir ədəd 750 əyarlı qızıl kulon oğurlanmışdır. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 25 may 2023-cü il tarixdə gecə saat 01 radələrində özünə məxsus “Changan CS 55 Plus” markalı, **-ZR-*** dövlət nömrə nişanlı avtomobilini yaşadığı ünvanın qarşısında saxlayıb mənzilinə getmişdir. 25 may 2023-cü il tarixdə saat 06 radələrində avtomobilə yaxınlaşdıqda avtomobilin sürücü tərəfdən sol qapı şüşəsinin sındırıldığını, avtomobilin salonunda güzgüdən asdığı 3000 manat dəyərində 10 qram çəkidə 750 əyarlı qızıl boyunbağının oğurlandığını aşkar etmişdir. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, ona görə də vurulmuş ziyanı tələb edir, şikayətçidir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 10 iyun 2023-cü il tarixdə, saat 18:00 radələrində ona məxsus “Mersedes Benz GLE43” minik markalı, ** TX *** dövlət qeydiyyat nişanlı avtomaşını saxlayıb qapılarını bağlayaraq evinə getmiş və bütün vaxtı mənzilində olmuşdur. 11 iyun 2023-cü il tarixdə, saat 13:30 radələrində avtomaşınına yaxınlaşarkən sağ ön sərnişin tərəf qapının şüşəsinin naməlum şəxs tərəfindən sındırılmasını görmüş, sınıq yerdən baxarkən avtomaşınının salonunda olan əşyaların dağınıq vəziyyətdə olmasını görüb içəri girmədən DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları onun maşınına baxmışlar. Onun avtomaşınına baxış keçirilərkən qoltuqaltı sandıqçasında saxladığı 01 ədəd «Cartier» markalı, 1400 ABŞ dolları dəyərində olan eynəyin, 01 ədəd 300 manat dəyərində olan «TODS» markalı albalı rəngdə dəridən pul kisəsinin, 250 manat dəyərində «Swarovski» qaşlı yaşıl rəngli təsbehinin, maşının bardaçokunda saxladığı 550 manat dəyərində « Louis Vuitton » markalı yandan çox işlətdiyi ətirin, 1600 ABŞ dolları dəyrində «Louis Vuitton» markalı eynəyin, bundan əlavə maşının güzgüsündən asdığı, əyarını bilmədiyi «Ayətəl Kürsü» duası yazıları olan kulonlu 400 manat dəyərində qızıl boyunbağının yerində olmadığını, oğurlandığını aşkar etmişdir. Daha sonra polis əməkdaşları hadisə yeri və avtomaşına baxış keçirmişlər və sonra o, bu barədə şifahi ərizə protokolu ilə ərizə və izahat vermişdir. Avtomaşınından oğurlanmış əşyaların ümumi dəyəri 6600 manatdır. Bir müddət sonra eşitmişdir ki, avtomaşınından oğurluq etmiş şəxs polislər tərəfindən saxlanılmış ondan ona məxsus eynəklər götürülmüşdür. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, ona görə də vurulmuş ziyanı tələb edir, şikayətçidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, qızıl alveri ilə məşğul olur. O, Azərbaycan prospekti 9 saylı ünvanda icarə əsasında qızıl dükanı işlədir. Həmin dükanda qızıl satışı və alışı ilə məşquldur. 25 may 2023-cü il tarixdə tanımadığı şəxs saat 10 radələrində dükana gələrək ona bildirmişdir ki, pula ehtiyacı olduğu üçün özünə məxsus olan qızıl boyunbağı və kulonu satmaq istəyir. Ona ilk öncə baxmış, ölçmüş və köhnə model olduğu üçün 465 manat pul verə biləcəyini bildirmişdir. Həmin şəxs ona hansısa narazılıq bildirməmiş və razılaşmışdır. Həmin şəxsdən təkrar olaraq oğurluq olub-olmamasını dəqiqləşdirmiş və ona təkrarən özünə məxsus olduğunu bildirmişdir. O, qızıl alan zaman akt tərtib etmiş, orada həmin şəxsin anket məlumatlarını qeyd etmişdir. Həmçinin həmin aktla birlikdə ondan almış olduğu qızıl əşyasının şəklini də çəkmişdir. Həmin fotonu istintaqa təqdim etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023cü il tarixli, 9/6568 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 3 adda qızıl-zinət əşyalarının 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1760 manat müəyyən edilir. Həmin qızıl- zinət əşyalarının ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər 1 ədəd orta ölçülü istifadə olunmuş “Prada” markalı kişi pul kisəsi ekspertiza tədqiqatına təqdim edilmədən texniki göstəriciləri, texniki vəziyyəti, materialı, istismar müddəti, istehsal ili, istehsal yeri məlum olmadan həmin maddi sübut üzrə qiymətləndirmə aparmaq mümkün deyil. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/5179 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş eynəklərin istifadə olması nəzərə alınmaqla 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1600 manat müəyyən edilir. Tədqiqata təqdim edilməyən 3 adda mallar haqqında kifayət qədər məlumat olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Təqsirləndirilən şəxs oğurluq əməllərinin törədilməsi zamanı marketlərin müşahidə kameralarında qeydə alındığı videoçəkiliş olan diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxslər və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, qəti olaraq 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına və 2600 manat cərimə cəzasına məhkum edilmişdir. 06 mart 2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 02 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli “Amnistiya” qərarına əsasən cərimə cəzasından azad olunmuşdur. Bununla da məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışdığını, dəymiş zərərdən qismən ödəniş etməyini, himayəsində tək anasının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır.. Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd eynəyin Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalı, 01 ədəd CD formatında disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi hesabat nəzərə alınmaqla dövlət büdcəsi hesabına vəsait ödənilməli, ona məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 15 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində «həbs» qətimkan tədbiri seçilsin, seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış iki ədəd eynəyin Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 manat (yüz) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut olan oğurluq hadisəsini əks etdirən videogörüntü olan 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №1(006)-77/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-77/2024
15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver