Məhkəmə qərarları › İş №1(006)-77/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-77/2025

26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-77/2025 26.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, məhkəmə iclas katibi – Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X1, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs4, müdafiəçi – Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatında olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 24 yanvar 2024-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanın qarşısına gəlib orada Zərərçəkmiş şəxs2 tərəfindən saxlanılmış “Hyundai HD” markalı **-JE-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin açıq olmasından istifadə edib kənar şəxslərin onu görmədiyi şəraitdə avtomobilin salonundan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində hər biri 05 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd 1400 manat dəyərində “İphone 13” markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1410 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 24 may 2024-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanda yerləşən “İSR Plaza”nın qarşısına gəlib orada Zərərçəkmiş şəxs3 tərəfindən saxlanılmış “Ford Transit” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin açıq olmasından istifadə edib kənar şəxslərin onu görmədiyi şəraitdə avtomobilin salonundan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində ümumilikdə 5 manat dəyərində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olan 01 ədəd 500 manat dəyərində “Samsung Galaxy A33” markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs3 ümumilikdə 505 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 iyun 2024-cü il tarixdə saat 13 radələrində ünvan 4 ünvanda yerləşən “X7"nın qarşısında Zərərçəkmiş şəxs4 tərəfindən saxlanılmış “X6" markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin açıq olmasından istifadə edib kənar şəxslərin onu görmədiyi şəraitdə avtomobilin salonundan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 05 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 795 manat dəyərində “İphone 12 Pro” markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs4 ümumilikdə 800 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 iyul 2024-cü il tarixdə saat 16 radələrində ünvan 5 ünvanda yerləşən “Jalə Plaza”nın qarşısında Zərərçəkmiş şəxs1 tərəfindən saxlanılmış “Ford Transit" markalı **-NS-*** dövlət qeydiyyat nişanlı avtomobilin pəncərəsinin açıq olmasından istifadə edib kənar şəxslərin onu görmədiyi şəraitdə avtomobilin salonundan sonuncuya məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 5 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 01 ədəd 704 manat 98 qəpik dəyərində “Honor X8” markalı mobil telefonu gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 709 manat 98 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əməlindən peşmandır, əvvəllər Rusiya Federasiyasında yaşamış, orda xırda ticarətlə məşğul olmuşdur, sonradan məcburiyyət qarşısında qalıb Azərbaycana qayıtmışdır. Əvvəllər narkotik vasitə aludəçisi olmuş, burda iş tapa bilməmiş, məcburiyyət qarşısında qalıb dolanışıq üçün ara-sıra əsasən pəncərəsi açıq vəziyyətdə qalan avtomobillərdən xırda oğurluqlar etmişdir. 24 yanvar 2024-cü il tarixdə saat 13:15 radələrində Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsində piyada hərəkət edərkən bir nəfər gənc oğlanın yük avtomobilindən düşərək “İnam” adlı aptekə daxil olduğunu görmüş, həmin tanımadığı şəxs avtomobilin şüşəsini açıq vəziyyətdə qoymuşdur. O, fürsətdən istifadə edərək salona baxmış və bir ədəd mobil telefon olduğunu görmüşdür. Cəld olaraq həmin telefonu götürüb oradan uzaqlaşmışdır. Daha sonra Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar metrostansiyasına getmiş, orada yerləşən “LG Mobile” adlı telefon mağazasına daxil olaraq satıcıya özümə məxsus mobil telefonu satmaq istədiyimi demişdir. Satıcı telefona baxış keçirdikdən sonra təhlükəsizlik kodunu soruşmuş, yaddaşında problem olduğunu və kodu unutduğunu bildirmişdir. Orada işləyən şəxs kodu bilmədiyi təqdirdə telefonun heç bir dəyərinin qalmadığını sadəcə ehtiyyat hissələrini istifadə etmək üçün 100 manat müqabilində ala biləcəyini demişdir. O, satıcı ilə razılaşmış və “iphone” markalı mobil telefonu satıcıya satmışdır. Satıcı şəxsiyyət vəsiqəsinin surətini, daha sonra təqdim etdiyi kağıza telefonun oğurluq olmaması barədə qeydiyyat aparmağını tələb etmiş, satıcının dediklərini etdikdən sonra pulu alıb oradan çıxmışdır. Həmin pulu şəxsi ehtiyacları üçün xərcləmiş, daha sonra 24 may 2024-cü il tarixdə, saat 14:00-da Bakı şəhəri, Səbail rayonu, "İSR" plaza yaxınlığında piyada gəzdiyi zaman "Ford Transit" markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili görmüşəm, həmin vaxt avtomobilin şüşələrinin açıq vəziyyətdə olduğu üçün avtomobilin ətrafında gəzərək sahibinin olmadığını dəqiqləşdirmiş və avtomobilin içərisinə baxmışdır. O, avtomobilin içərsinə baxdıqda orada bir ədəd telefon olduğunu aşkar etmiş və əlini pəncərədən uzadaraq həmin telefonu oğurlamışdır. Bundan sonra o, qeyd olunan ünvandan uzaqlaşmış və oğurladığı telefonun "Samsung A33" markalı telefon olduğunu aşkar etmişdir. Həmin telefonun üzərindəki mobil nömrələri çıxardıb tulladıqdan sonra həmin telefonu satmaq məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, 20 yanvar dairəsi yaxınlığına gəlmişdir. Orada dükanları gəzib telefonu satmaq istədiyini bildirmişdir. Orada olduğu zaman bir nəfər şəxs yaxınlaşaraq telefonu neçəyə satdığını soruşmuş, o isə həmin şəxsə telefonu 100 manat satdığını bildirmişdir. Həmin tanımadığı şəxs ondan oğurladığı "Samsung A33" markalı telefonu 100 manat almış və o, oradan uzaqlaşmışdır. Daha sonra o, 26 iyun 2024-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Səbail rayonu, X7nın qarşısında olduğu zaman "Mercedes" markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobilin şüşələrinin açıq olduğunu və sahibinin orada olmadığını aşkar etmişdir. Avtomobilə yaxınlaşmış və avtomobilin içərsinə baxmışdır. Avtomobilin içərisində 01 ədəd telefonun olduğunu aşkar etmişdir. Bundan sonra o, avtomobilin qapısını açmadan əlini şüşədən içəri salaraq telefonu götürərək oradan uzaqlaşmışdır. Daha sonra sonra oğurladığı telefonun "iphone 12 pro" markalı mobil telefon olduğunu aşkar etmiş və telefonu satmaq üçün Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosu yaxınlığına getmişdir. Orada olduğu zaman adını xatırlamadığı mağazanın birinə daxil olmuş və telefonu satmaq istədiyini bildirmişdir. Həmin mağazada olan Etibar adlı şəxs ondan oğurladığı telefonu hansı qiymətə satdığını soruşmuş və o, "İphone 12 pro" markalı telefonu 100 manata satdığını bildirmişdir. Etibara telefonun özünə məxsus olduğunu lakin, şifrəsini unutduğunu bildirmişdir. Həmin Etibar kimi adını xatırladığı şəxs oğurladığı "İphone 12 pro" markalı telefonu 100 manata almış və həmin yerdən uzaqlaşmışdır. Bundan başqa 03 iyul 2024-cü il tarixdə 16:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "Jalə Plaza’’nın yaxınlığında piyada hərəkət edərkən Ford Transit markalı yük avtomobilinin dayandığını və sürücünün düşərək yaxınlıqdakı obyektə nəsə boşaltdığını görmüş, avtomobilin şüşəsinin açıq olmasını dəqiqləşdirdikdən sonra avtomobilə yaxınlaşıb salonuna baxdıqda ön tərəfdə maqnit qurğu vasitəsi ilə panelə bərkidilmiş telefon olduğunu görmüş, cəld avtomobilə yaxınlaşıb həmin telefonu götürmüş və oradan uzaqlaşmışdır. Daha sonra Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən "20 Yanvar" metrostansiyasına gedib həmin telefonu tanımadığı şəxsə 50 manata satmış və pulunu şəxsi ehtiyacları üçün xərcləmişdir. Bütün mobil telefonları oğurlayarkən onu heç kim görməmişdir, həmin cinayət əməllərini tək törətmiş, heç kimin köməyindən istifadə etməmiş və bu barədə heç kimə məsləhət etməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödədiyini, gələcəkdə bir zərər çəkmiş şəxsə dəymiş ziyanı da tapıb ödəyəcəyini, himayəsində xəstə anasının olduğunu, onun vəziyyətinin ağır olduğunu bildirərək barəsində həbslə bağlı olmayan cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 izahatında göstərdi ki, oğurluq olan ərəfədə 1 il olardı ki, “Mercedes Vito" markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edirdi, qeyd etdiyi avtomobil ilə Azərbaycan Respublikasına səfərə gəlmiş əcnəbi qonaqları daşıyır və 7 ildir ki, turizm sektorunda işləyir. O, xx.xx.2024-cü il tarixdə, saat 17:00 radələrində idarə etdiyi “Mercedes Vito” markalı **-HY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Azərbaycan Respublikasına səfərə gəlmiş əcnəbi qonaqları Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən “Qoşa Qala" qapısının qarşısına gətirmişdir. Həmin vaxt qeyd etdiyi avtomobildən düşərək avtomobildə əyləşən qonaqları düşürtmək üçün arxa sağ qapıya yaxınlaşmışdır. Qeyd olunan avtomobilin qapısı açıq vəziyyətdə olmuş və avtomobilin daxilində mənə məxsus içərsində ***-***-**-** saylı mobil nömrəsi olan 800 manat dəyərində “İphone 12 pro" markalı mobil telefonu olubdur. Qonaqları düşürtdükdən sonra təxminən 1-2 dəqiqə keçdikdə yenidən idarə etdiyi avtomobilin içərisinə daxil olmuş və daxil olan zaman ona məxsus içərisində ***-***-**-** saylı mobil nömrəsi olan 800 manat dəyərində "İphone 12 pro” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Bundan sonra digər mobil nömrə ilə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Ona hadisə ilə bağlı ümumilikdə 800 manat maddi ziyan dəymiş, mobil telefonun 795 manat, üzərindəki mobil nömrənin isə 05 manat dəyəri olmuşdur. Əslində isə onun vurduğu ziyanın həcmi böyükdür. Onun bütün iş portfeli, müştəri nömrələri hamısı həmin telefonda gedibdir. Həmin portfelin qiyməti yoxdur. Dəymiş ziyanın ödənilməsini tələb edir. Sonda Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışmadığını, ona dəymiş ziyandan qismən 300 manat ödənildiyini, qalan 500 manat pulun ödənilməsini xahiş etmiş və Təqsirləndirilən şəxs qarşı heç bir şikayətin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 izahatında göstərdi ki, "xxxx" MMC-də sürücü kimi işləyir. barəsində şikayət etdiyi şəxs adını sonradan bildiyi Təqsirləndirilən şəxs imiş. O bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində idarə etdiyi “Ford Transit” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı şəhəri, Səbail rayonu, İSR plazanın qarşısında saxlamış və köməkçisi ilə birlikdə qeyd olunan ünvanda yerləşən restorana gətirdikləri ərzaqları avtomobilin yük hissəsindən boşaltmağa başlamışlar. Həmin vaxt ona məxsus olan “Samsung A 33” markalı telefonunu Ford Transit" markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərsində qoymuş və qeyd olunan idarə etdiyi avtomobilin qapıları açıq olmuşdur. Təxminən 5-6 dəqiqədən sonra o və onun köməkçisi avtomobilə qayıtdıqda avtomobilin daxilində olan ona məxsus “Samsung A33” markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. Həmin vaxt onun istifadəsində olan oğurlanan telefonun daxilindəki ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrinə zəng etsə də, qeyd olunan mobil nömrələrə zəng çatmamışdır. Bundan başqa Amid Teyyibov əlavə olaraq ona ümumilikdə 505 manat maddi ziyan dəydiyini, mobil telefonun 500 manat, üzərindəki ***- ***-**-** və ***-***-**-** saylı mobil nömrələrin isə ümumilikdə 05 manat dəyərində olduğunu bildirmişdir. Sonda Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmədiyi, buna görə də Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. İttiham aktının siyahısında zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər qismində göstərilmiş Şahid1 Numayəddin oğlu və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, şahidlər Şahid1 Numayəddin oğlu və Şahid2 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin İ cildin 1-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildin 23-24-cü vərəqlərində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildin 45-46-cı vərəqlərində olan “şübhəli şəxsin tutulması” haqqında 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 16:10-da CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İ cildin 53-cü vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında 09 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutlmuş ittiham elan edilmişdir; cinayət işinin İ cildin 64-65-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Nəsimi Məhərrəmovun 10 iyul 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərarından görünür ki, AR CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilmişdir; cinayət işinin İ cildin 68-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 08 fevral 2024-cü il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildin 94-95-ci vərəqlərində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 10 fevral 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildin 117-119-cu vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2024-cü il tarixli, 9/1253 nömrəli rəyindən görünür ki, ekspertiza 01 ədəd “İphone 13” markalı, 128 GB daxili yaddaşlı mobil telefonun orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu təxminən 1050,00 müəyyən olunur; cinayət işinin İ cildin 121-124-cü vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 aprel 2024-cü il tarixli, 9/2094 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “İphone 13” markalı, qara rəngli, 128 GB yaddaş tutumlu mobil telefonun komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 950,00 müəyyən olunur; cinayət işinin İ cildin 132-ci vərəqində olan əşyanın maddi sübut kimi tanınması və saxlanca verilməsi haqqında 08 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd “İphone 13” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanması üçün qanuni sahibi Zərərçəkmiş şəxs2 təhvil verilmişdir; cinayət işinin İ cildin 155-ci vərəqində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; cinayət işinin İ cildin 166-cı vərəqində olan Zərərçəkmiş şəxs1 10 iyul 2024-cü il tarixli ərizəsinə əsasən Təqsirləndirilən şəxs ona dəymiş 704,98 manat maddi ziyanı tam ödəmiş, onunla barışmış və ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir; cinayət işinin İ cildin 169-171-ci vərəqlərində olan Bakı şəhəri Nəsimi rayon prokuroru Həsən Hənifəyevin vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 10 iyul 2024-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Nəsimi RPİ-nin İŞ-də istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiq Nəsimi Məhərrəmovun 10 iyul 2024-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin X2 azad olunmuşdur; cinayət işinin İ cildin 173-174-cü vərəqlərində olan “qətimkan tədbirinin seçilməsi barədə” 10 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; cinayət işinin İ cildin 175-176-cı və İİ cildin 97-104-cü vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tərtib etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; cinayət işinin İ cildin 186-187-ci vərəqlərində olan “cinayət işinin icraata qəbul edilməsi və bir icraatda birləşdirilməsi barədə” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və icraatında AR CM-nin 177.2.2-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və ********* nömrəsi saxlanılmaqla ibtidai istintaqı davam etdirilmişdir; cinayət işinin İ cildin 192-ci vərəqində olan “cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, CM-in 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir; cinayət işinin İ cildin 220-ci vərəqində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İ cildin 221-ci vərəqində olan “zərərçəkmiş şəxs qismində tanınma” haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; cinayət işinin İİ cildin 1-ci vərəqində olan “şübhəli şəxsin tutulması” haqqında 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 18:00da CM-in 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; cinayət işinin İİ cildin 11-ci vərəqində olan “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 15 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə ittiham elan edilmişdir; cinayət işinin İİ cildin 23-24-cü vərəqlərində olan Bakı şəhəri Səbail rayon prokuroru Natiq Əsədovun vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 17 iyul 2024cü il tarixli qərarından görünür ki, Bakı şəhəri Səbail RPİ-nin İŞ-də istintaq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair müstəntiq Sabir Abdullayevin 17 iyul 2024-cü il tarixli vəsatətinin müdafiəsindən imtina edilmiş və Təqsirləndirilən şəxs Səbail RPİ-nin X2 azad olunmuşdur; cinayət işinin İİ cildin 25-ci vərəqində olan “qətimkan tədbirinin seçilməsi barədə” 17 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır; cinayət işinin İİ cildin 38-ci vərəqində olan Bakı şəhəri Səbail RPİ-nin İŞ-nin müstəntiqi Sabir Abdullayevin cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 15 avqust 2024-cü il tarixli qərarından görünür ki, əməl AR CM-nin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.2-ci maddəsinə tövsif olunmuş və cinayət işinin istintaqı həmin maddə ilə davam etdirilmişdir; cinayət işinin İİ cildin 40-cı vərəqində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 16 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; cinayət işinin İİ cildin 61-62-ci vərəqlərində olan “axtarış elan edilməsi haqqında” 04 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və saxlanılaraq Nəsimi RPİ-nin İŞ-nə təhvil verilməsi qərara alınmışdır; cinayət işinin İİ cildin 78-79-cu vərəqlərində olan “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 15 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir; cinayət işinin İİ cildin 105-117-ci vərəqlərində olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-in 177.2.1, 177.2.3, 177.2.4, 180.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “İphone 13” markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmış, Təqsirləndirilən şəxs məhkum olmayan hesab edilmiş və əməlində residivin olmaması nəzərə alınmış, iş üzrə hadisə yerinə baxış protokolları, təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, digər istintaq hərəkətinin protokolları və əhəmiyyət kəsb edən sənədlər sübut növü kimi qəbul edilmişdir. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, onlara dəymiş ziyan qismən ödənilmiş, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. Həmçinin cinayət işi materiallarına əsasən maddi sübut kimi tanınmış “İphone 13” markalı mobil telefon qanuni sahibi - zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 özünə təhvil verilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ərizəsinə əsasən ona dəymiş ziyanın ödənilmədiyi, buna görə də o, Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Həmin Qərarda qeyd edilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqazidd xarakter daşıdığını başa düşürlər. Özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir.Əgər sadalanan kənar şəxslər özgə əmlakının talanmasının qarşısının alınması üçün tədbir görmüşlərsə (məsələn, hüquqazidd hərəkətlərin dayandırılmasını tələb etmişlərsə), bu zaman təqsirli şəxs AR CM-nin 180-ci maddəsi ilə məsuliyyət daşımalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda, həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 ilə barışmasını, vurulmuş ziyanın bir qisminin ödənilməsini və sonuncuların ona qarşı şikayət və tələblərinin olmamasını nəzərə alır və cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in onun təqsirli bilindiyi 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, ibtidai istintaq zamanı saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla üzərində qəti cəza müəyyən edilməli, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan – 01 ədəd “İphone 13” markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalı, sübut növü kimi tanınmış 2 vərəq alqı-satqı barədə qeydlər cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001- ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ibtidai istintaq zamanı tutma altında saxlanıldığı ümumilikdə 04 (dörd) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 il, 11 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “İphone 13” markalı mobil telefonun qanuni sahibi Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə sübut növü kimi tanınmış 02 vərəq alqı-satqı barədə qeydlər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 45 (qırx beş) iş saatına görə 270 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Hakim: Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar