Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-779/2025 03.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı (FİN: xxxxxxx), azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 0,366 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 sentyabr 2025-ci il tarixdə saat 13:05-də Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 44 ünvanının qarşısında tutularaq saxlanılmış və orada üstü yoxlanılan zaman əynində olan şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,366 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, narkotik vasitə heroin istifadəçisidir. Həmin maddələrdən çox vaxt yandırıb tüstüsünü çəkərək qəbul edir. Qeyd olunan maddələri şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən müxtəlif qiymətlərə əldə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında həmin maddələrdən əldə edə bilmək məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Sovetski” adlanan əraziyə getmiş, orada bir müddət vaxt keçirdikdən sonra tanımadığı, lakin narkotik vasitə satışı ilə məşğul olduğunu bildiyi bir nəfər şəxslə rastlaşmıdşır. Həmin şəxsdən bir ədəd bükümdə öz istifadəsi üçün narkotik vasitə heroin istədikdə sözü gedən şəxs 10 manat qarşılığında bir ədəd şəffaf sellofan bükümdə ona heroin satmışdır. O, qeyd olunan bükümü əynində olan şalvarının sağ yan cibinə qoyub münasib vaxtda istifadə etmək məqsədi ilə saxlamışdır. Lakin xx.xx.2025-ci il tarixdə saat 13:05-də ünvan 3 ünvanın qarşısında olan zaman üç nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərməklə özlərini polis əməkdaşları kimi təqdim edib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu söyləmişlər. Daha sonra videoçəkilişdən istifadə etməklə ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olubolmaması soruşulmuşdur. Həmin zaman o, şalvarının sağ yan cibində saxladığı sellofan kəsiyində həmin gün əldə etdiyi bir büküm narkotik vasitəni və özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sol yan cibindən isə özünə məxsus “Xiomi” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra əməliyyat müvəkkili tərəfindən onun üzərində başqa əşya və predmet olub-olmaması yoxlanılmışdır. Təqdim etdiyi büküm və mobil telefonu istintaq əhəmiyyəti kəsb etdiyindən götürülsə də, şəxsiyyət vəsiqəsi özünə geri qaytarılmışdır. Bundan sonra Nəsimi Rayon Polis İdarəsinə dəvət edilmişdir. Polis şöbəsində olarkən saxlandığı yerdə təqdim etdiyi bükümə və mobil telefona videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Daha sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyulmuş və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənmişdir. Müvafiq sənədləşmədən sonra ona dövlət hesabına müdafiəçi təyin edilərək hüquq və vəzifələri izah olunmuşdur. Sonradan həmin bükümün içərisindəki maddənin 0,366 qram çəkidə narkotik vasitə heroin olduğu məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən ona elan olunmuşdur. Saxlanılarkən və ya saxlanıldıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir formada fiziki zor və ya təzyiq göstərilməmişdir. Həmçinin bildirmişdir ki, onun əvvəlki nikahından yetkinlik yaşına çatmayan iki uşağı vardır və onlara aliment ödəyir. Bundan başqa hazırda faktiki nikahdadır və həmin nikahdan da bir azyaşlı uşağı vardır. Daha sonra himayəsində üç yetkinlik yaşına çatmayan uşağının olmasını nəzərə alaraq barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı ilə bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 3 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri onun özü, digər üzvləri isə Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 olmuşdur. Bununla əlaqədar 18 sentyabr 2025ci il tarixdə saat 13:05-də Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 44 ünvanının qarşısında Təqsirləndirilən şəxs görüb saxlayaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs narkotik vasitə, psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlandığını elan etmişlər. Daha sonra əməliyyat müvəkkili, polis kapitanı Şahid3 videoçəkiliş aparması ilə Təqsirləndirilən şəxs üstünü yoxlamaq zərurətini bildirmişlər. Bununla əlaqədar Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet olub-olmamasını, əgər varsa könüllü təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs isə bundan sonra əynində olan şalvarının sağ cibində saxladığı şəffaf sellofan kəsiyində bir büküm narkotik vasitə heroinə bənzər kütləni və özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sol cibindən bir ədəd “Xiomi" markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar olunmuş şəxsiyyət vəsiqəsi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üstünü şəxsən yoxlasa da, əlavə hər hansı əşya, predmet aşkarlanmamışdır. Təqsirləndirilən şəxs cibindən çıxardığı bükümün nə olduğunu soruşduqda sonuncu həmin bükümün içərisində "kakos" kimi tanıdığı narkotik vasitə olmasını və öz şəxsi istifadəsi üçün "Sovetski” adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını etiraf etmişdir. Həmin büküm qablaşdırılaraq götürüldükdən sonra çəkiliş yekunlaşmışdır və birlikdə Nəsimi Rayon Polis İdarəsinin inzibati binasına getmişlər. Orada müvafiq qaydada əməliyyat axtarış tədbirinin keçirilməsi və Təqsirləndirilən şəxs üstünün yoxlanılmasına dair protokol tərtib edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırmanın davam etdirilməsi Nəsimi RPİ-nin 21-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X7 tapşırılmış və təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi, götürülərək qablaşdırılmış bükümə videoçəkiliş aparmaqla baxış keçirmişdir. Təhqiqatçı daha sonra sözügedən maddəni ekpertizaya göndərmək məqsədi ilə yenidən qablaşdırmaqla götürmüşdür. İştirakçıların hər biri zərfin üzərini imzaladıqdan sonra çəkiliş yekunlaşmış və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli olduğundan müdafiəçi dəvət olunmuş və təhqiqatçı tərəfindən sənədləşdirilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, üstü yoxlanılarkən və polis şöbəsinə gətirilərkən hər hansı psixi və fiziki təsir edilməmişdir. Keçirilmiş bir sıra əməliyyat axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması xüsusatı sübuta yetirilməmişdir. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında iştirak etməyən Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid2 və polis kapitanı Şahid3 ibtidai istintaq zamanı verdikləri ifadələri elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, onlar Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 ildir ki, Təqsirləndirilən şəxsla faktiki nikahdadır və onların 2021-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. Onun və uşağın bütün maddi təminatını Təqsirləndirilən şəxs həyata keçirir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:05 dəqiqədən şübhəli şəxs qismində tutulmuş hesab olunmuşdur (i.v.27); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.60-61); - “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatətin müdafiəsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nəsimi rayon prokuroru baş ədliyyə müşaviri Həsən Hənifəyev tərəfindən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, təqsirləndirilən şəxsin Nəsimi RPİ-nin X4 azad edilməsi və barəsində həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v.78-79); - “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (i.v.80-81); - “Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında” və “Cinayət təqibi üzrə icraatın dayandırılması barədə” xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla iş üzrə icraat həmin tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır (i.v.123, 126); - “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyindən iş üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.128); - “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən qüvvədə saxlanılması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır (i.v.131-132); - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üstünü yoxlama və götürmə aparılmasından əvvəl ona paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən xeyli miqdarda narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ cibində saxladığı şəffaf sellofan kəsiyində bir büküm narkotik vasitə heroinə bənzər kütləni və özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sol cibindən bir ədəd "Xiomi” markalı mobil telefonu polis əməkdaşlarına təqdim etmişdir. Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar olunmuş şəxsiyyət vəsiqəsi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Bundan sonra əməliyyat müvəkkili tərəfindən onun üzərində başqa əşya və predmet olub-olmaması yoxlanılmış və qanunla dövriyyəsi qadağan edilmiş əlavə nəsə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olmasını və öz şəxsi istifadəsi üçün "Sovetski" adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Ardınca aşkar olunan narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs üstünün yoxlanılması Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 44 ünvanının qarşısında keçirilmişdir və həmin zaman «iPhone» markalı mobil telefon vasitəsi ilə videoçəkiliş aparılmışdır (i.v.8-10); - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd ağ rəngli zərfə, 01 ədəd “Xiomi" markalı mobil telefona və bir ədəd DVD formatlı diskə baxış keçirilmiş, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin 01 bükümdə narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilmişdir. Sonra aşkar olunan kütlə yenidən qablaşdırılıb üzəri möhürlə möhürlənmişdir. Bir ədəd DVD diskə "HP" markalı kompüterdə baxış keçirilmiş, həmin görüntüdə təhqiqata təqdim olunan narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin özünə aid olmasını bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmiş, baxış və götürmə zamanı “iPhone” markalı mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır (i.v.15-17); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci tarixli 6/3101 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Zərflər üçün №189” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə...” yazısı və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,366 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat təşkil edir (i.v.45-49); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx.xx.2025-ci il tarixli, 5862 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v.88-89); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 xx.xx.2025-ci il tarixli, 1268 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmətibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir (i.v.91-92); - “Telefona baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Xiomi” markalı mobil telefona baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı məlumat aşkar olunmamışdır (i.v.74); - Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsində özünə məxsus 01 ədəd “Xiomi” markalı mobil telefonu təhvil almışdır (i.v.85); - “Sübutların qiymətləndirilməsi və maddi sübutun tanıması haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,366 qram narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonrakı qalıq 0,316 qram qalığı saxlanması üçün Nəsimi RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar olunması faktını özündə əks etdirən 02 ədəd DVD disk sübut növü kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir (i.v.134-144); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli vinayət işi xx.xx.2025-ci il tarixdə məhkəməyə göndərilmişdir (i.v.95-96); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-300/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 11 fevral 2025-ci il tarixdən 13 fevral 2025-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v.98-105); - “Mygov” portalından əldə olunmuş doğum haqqında şəhadətnamə məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il, xx.xx.2010-cu il və xx.xx.2021-ci il təvəllüdlü üç yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə iclasında əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılması ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 21-ci PB-nin əməliyyat müvəkkilləri tərəfindən Təqsirləndirilən şəxs 18 sentyabr 2025-ci il tarixdə saat 13:05-də Bakı şəhəri, Nəsimi rayonu, Ağadadaş Qurbanov küçəsi 44 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanıldıqdan sonra üstündə yoxlanılma aparılan zaman ondan üzərində hər hansı qanunla dövriyyəsi qadağan edilmiş əşya, predmet olub-olmamasım soruşulduqda o, şalvarının sağ cibində saxladığı şəffaf sellofan kəsiyində bir büküm narkotik vasitə heroinə bənzər kütləni və özünə məxsus şəxsiyyət vəsiqəsini, şalvarının sol cibindən bir ədəd “Xiomi" markalı mobil telefonu polis əməkdaşlarına təqdim edir. Təqsirləndirilən şəxs şalvarının cibindən aşkar olunmuş şəxsiyyət vəsiqəsi sübut əhəmiyyəti kəsb etmədiyindən özünə geri qaytarılır. Bundan sonra əməliyyat müvəkkili tərəfindən onun üzərində başqa əşya və predmet olubolmaması yoxlanılır və qanunla dövriyyəsi qadağan edilmiş əlavə nəsə aşkar edilmir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin “kakos" kimi tanıdığı narkotik vasitə olmasını və öz şəxsi istifadəsi üçün “Sovetski" adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi büküm və mobil telefon polis əməkdaşı tərəfindən zərfə qoyularaq götürüldükdən sonra o, Nəsimi Rayon Polis İdarəsinə dəvət edilir. Məhkəmə iclasında təqdim olunan əşyaya baxış keçirilməsi və götürülməsi ilə bağlı video görüntüləri əks etdirən DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 21-ci polis bölməsində olarkən ona qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunur və saxlandığı yerdə təqdim etdiyi bükümə və mobil telefona videoçəkilişdən istifadə olunmaqla təhqiqatçı tərəfindən baxış keçirilir. Təqdim olunan 01 ədəd ağ rəngli zərfə və bir ədəd DVD formatlı diskə baxış keçirilir, zərfdə qablaşdırılmış Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş maddənin 01 bükümdə narkotik vasitə heroinə bənzər kütlə olduğu aşkar edilir. Daha sonra təqdim etdiyi büküm müvafiq ekspertizaya göndərilməsi üçün zərfə qoyulur və həmin zərf özü də daxil olmaqla iştirakçılar tərəfindən üzərində imzalar çəkilib möhürlənir. Bir ədəd DVD diskə kompüterdə baxış keçirilir, həmin görüntüdə təhqiqata təqdim olunan narkotik vasitə heroinə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan aşkar olunmuş maddənin özünə aid olmasını bildirməsi öz əksini tapır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı xeyli miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. Həmin Qərarın 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan halları və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin az ağır cinayətlər kateqoriyasına aid olması, öhdəsində (himayəsində) 3 yetkinlik yaşına çatmayan övladının olması və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,316 qram narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,316 qram narkotik vasitə heroin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə sübut növü kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər NM-da F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 12 (on iki) saata görə 132 (yüz otuz iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-779/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-779/2025
03.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver