Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-781/2025 16.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 iştirakı ilə, X6 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respulikasının Cinayət Məcəlləsinin 147,148, 165.1 və 166.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.1983-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş və hazırda himayəsində iki oğlu vardır. Bunlardan xx.xx.2006-cı il təvəllüdlü X16 hal-hazırda N saylı hərbi hissədə qulluq edir. Digər oğlu X7 isə hərbi qulluq zamanı xidmətə göndərəcəkdir. X3 mebel ustası kimi fəaliyyət göstərir. Hal-hazırda barəsində xüsusi ittiham qaydasında şikayət etdiyi X6 bacısı X15 onun X25un müştərisi olmuşdur. Əri ilə Aynur Qədirova arasında əvvəllər Sahibin dediyinə görə alış-veriş olmuşdur. Lakin, bəzi səbəblərə görə aralarında mübahisə olmuş, Aynur Qədirova əri Sahibin maşınını qəsdən və qərəzli şəkildə qaçırtmışdır. X25 da bu barədə aidiyyəti orqanlara şikayət etmişdir. Hazırda da cinayət işi olaraq araşdırılması Bakı şəhəri Binəqədi rayon Prokurorluğuna həvalə edilmişdir. O isə bu şikayətlərə dair Lamiyə Cəfərovaya deyil, Aynur Qədirovaya öz iradını bildirərək X25a nə üçün belə hərəkət etdiyini xəbər almışdır. Lamiyə Cəfərovaya məsələ aid olmaya-olmaya bütün yerlərdə, yəni sosial şəbəkədə onun adını hallandıraraq ona qarşı qərəzli və qisas alıcı mövqe göstərmişdir. Belə ki, Lamiyə Cəfərova özü üçün saxta açdığı (Qwerty, i.r777u.a və aqala030) FAKE profillərlə cürbəcür təhqirlər və şər böhtanlar yazaraq onun adını hallandırmış və onun qadın əxlaqını pozan sözlər və cümlələr işlətmişdir. Profillərdə isə onun adı və ya soyadı qeyd olunmamış, hətta profil şəkli və ya foto paylaşımı olmamışdır. Halbuki o, heç bir sosial şəbəkədə nə Aynur Qədirovanın, nə dəki Lamiyə Cəfərovanın adını hallandırmamışdır. Əgər buna dair sübut varsa, qarşı tərəf məhkəməyə təqdim etsin. X13 isə 2025-ci ilin may ayının 13, 14 və 15-i arası nalayiq söyüşlərlə İnstagramda özü üçün saxta açdığı (Qwerty, i.r777u.a və aqala030) profillərlə cürbəcür təhqirlər və şər böhtanlar yazaraq qadınlıq qüruruna nöqsan yetirərək onu cəmiyyətdə əxlaqsız kimi formalaşdırmışdır. İnstagram sosial şəbəkəsində hər kəs onun adını görüb və cəmiyyətdə onun ərli qadın olaraq qadına yaraşmaz sözlər, ifadələr, təhqirlər və böhtanlar işlədilmişdir. Bundan başqa X19 Qədirovaya öz mobil nömrəsindən yığdığına görə həmin telefondan onu yığaraq söyüş təhqir etmiş və yanında olan şəxsə telefonu verərək tanımadığı və görmədiyi şəxslə onu danışmışdır. O da bu barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Onun şikayətinə aidiyyəti üzrə baxılması Bakı şəhəri, Yasamal rayonu 26-cı bölməyə həvalə edilmişdir. Orada olan zaman izahatı alınmış və ona şərəf və ləyaqətin alçaldılması barədə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Xüsusi ittihamçı X15 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 148-1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmalarını xahiş etmişdir. Sabirabad Rayon Məhkəməsinin (hakim Səlim Allahverdiyevin sədrliyi ilə) xx.xx.2025-ci il tarixli, 1(056)-72/2025 saylı qərarına əsasən xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında barəsində şikayət olunan şəxs X4 və X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165,1 və 166.1 maddələri ilə xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. Bu barədə o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək dəfələrlər şikayət etmiş və araşdırma zamanı ona məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Belə çıxır ki, hər bir şəxs istədiyi şəxsi təhqir etmək hüququ var? Çünki etiknormalara diqqət yetirmək hər bir Azərbaycan vətəndaşının borcudur. Bu şəxs isə bunun heç birinə riayət etmir. Şəxsiyyətin şərəf və ləyaqəti onun ən ali, təbii və ayrılmaz hüququdur. Şərəf və ləyaqətin müdafiəsinin aktuallığı onda ifadə olunur ki, bunlara qarşı törədilən cinayətləri istər Avropa, istərsə də milli qanunvericiliyikdə tədqiq etməklə, insanların şərəf və ləyaqətinə qəsd edən əməllərin dairəsi və onlara görə tətbiq edilən sanksiyaların növünü müəyyən etməklə bunun kimi ali dəyərə göstərilən həssas münasibət ön plana çəkilir. Bu hüquqlar bir sıra beynəlxalq paktlarda və konvensiyalarda təsbit olunmaqla beynəlxalq səviyyədə də müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinin birinci hissəsinə görə, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. İkinci hissədə isə qeyd olunur ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insan şərəf və ləyaqəti ən yüksək qanun olan Konstitusiya ilə qorunmaqdadır. X6 İnstagram səhifəsində onunla bağlı yaydığı böhtanlar və təhqirlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 Böhtan 148, 165,1 və 166.1 maddələrinin müddəalarına tam uyğundurlar ki, o, onları məhkəmənin diqqətinə çatdırmaqla X6 cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir: Beləliklə, X6 İnstagram səhifəsində onun şərəf və ləyaqətini alçaldan təhqirləri və böhtanları: TƏHQİR 1: 13 may 2025-ci il saat 18:45 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment-Guleri Sabirabatda ya burda gizletmisen Arvadin keci qiymetine satan er arvadivin heyati; TƏHQİR 2: 13 may 2025-ci il saat 20:16 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili - Qwerty) yazdığı comment - Aynurun coreyini oguruyub erin uwaqlariva yedizdirirdi 18 minlik mawini 35 mine siriyib Aynura , haram xowuhuz olub olacaqda Rafetin Nerminin ahi sizi tutsun , senin uwaqlarina yazigim gelir ki, bele Werefsiz ana atalari var sizin aile bedbextdi, yazigim gelir sizin kimi ciliz mexlualara; TƏHQİR 3: 13 may 2025-ci il saat 22:05 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili - i.r777u.a) yazdığı comment – Cuwka; TƏHQİR 4: 14 may 2025-ci il saat 23:46 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment - Bellidi erıvın bannamagi qadinlari wantaj edib pul dilinib seni Guler saxlamagi, goresen mehkemede senin yazdigin soyuwderi polise seni sattigi kimi mehkemede yeygin ki satacaq , banniyan xoruzunan ne gozdemek, deyirsen evimde kiwi var, kiwide arvadi ciriga qoyur polise satir; TƏHQİR 5: 15 may 2025-ci il saat 10:35 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment - Er arvad ogurru maweyniksiz camnatin evine girib mawinin evin pulun wantajla elinen almaq istiyirsiz haram coreyi Allah bogazinizda qoyacaq , inşallah Guler sene o soyuwderi Werefli erinle birlikdə yedizdirecen , bir hissesin yedirtmiwem qalib yarisi, avtaga reksi oynadacam size; TƏHQİR 6: 15 may 2025-ci il saat 10:35 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili - Qwerty) yazdığı comment - Wekilleri deyişdin? Bes kişilikden danışırdın noldu hec kimnen qorxmurdun seni Zaxra maxra edecem az qalib gozde Guler Terbiyeli xanimin Cox terbiyeli ve seviyelisiz yazdiginiz o yazilardan gorunur ki aile terbiyesi gormusuz, az qalib mehkemede cavab veresen her attigin were Aynurun puluna mawinina Sahib sahib cixib Guler terbiyeli siqaret ceken arvadivi Aynurun hesabina mawinli etmek isteyirdin eybi yox Mehkemede baxacam senin daniwigina hele get aftavaya Aftaga dediyin sozu dizgun ifade etmeyi oyren mewq et ozuvu mehkemede biyabr etme savatsiz daniwiginla; Bunu təsdiq edəcək şahidləri var və onları məhkəmə iclasına gətirəcək. Çünki onlar bu kommentləri görüb ona və X25a bu barədə xəbər etmişlər. Onlar isə bunu screenshot edib saxlamış və sonra isə Lamiyə Cəfərova bu yazılan kommentləri silmişdir. Lakin, silməmişdən qabaq bunu görən insanlar olmuşdur. Bu da onun qadınlıq əxlaqının ləkələnməsinə gətirib çıxarmışdır. Əlavə olaraq bildirir ki, əri X14 profili olan zaxramaxra beyim olan profilin altından təhqirlər və şərəf ləyaqəti alçaldan sözlər yazmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci və 300.1.2-ci maddələrini rəhbər tutuaraq X6 xüsusi ittiham qaydasında olan şikayətini icraata qəbul edərək onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1 -ci maddələri cinayət məsuliyyətinə cəlb olunaraq məhkəmə baxışının təyin olunması üçün müvafiq qərar qəbul edilməsini, X6 onun barəsində yaydığı təhqir və böhtan məzmunlu (13 may 2025-ci il saat 18:45 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili - agala030) yazdığı comment - Guleri Sabirabatda ya burda gizletmisen Arvadin keci qiymetine satan er arvadivin heyati; 13 may 2025-ci il saat 20:16 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili - Qwerty) yazdığı comment - Aynurun coreyini oguruyub erin uwaqlariva yedizdirirdi 18 minlik mawini 35 mine siriyib Aynura , haram xowuhuz olub olacaqda Rafetin Nerminin ahi sizi tutsun , senin uwaqlarina yazigim gelir ki, bele Werefsiz ana atalari var sizin aile bedbextdi, yazigim gelir sizin kimi ciliz mexlualara; 13 may 2025-ci il saat 22:05 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili i.r777u.a) yazdığı comment - Cuwka; 14 may 2025-ci il saat 23:46 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili agala030) yazdığı comment - Bellidi erivin bannamagi qadinlari wantaj edib pul dilinib seni Guler saxlamagi, goresen mehkemede senin yazdigin soyuwderi polise seni sattigi kimi mehkemede yeygin ki satacaq , banniyan xoruzunan ne gozdemek, deyirsen evimde kiwi var, kiwide arvadi ciriga qoyur polise satir; 15 may 2025-ci il saat 10:35 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili agala030) yazdığı comment - Er arvad ogurru maweyniksiz camnatin evirte girib mawinin evin pulun wantajla elinen almaq istiyirsiz haram coreyi Allah bogazinizda qoyacaq , inşallah Guler sene o soyuwderi Werefli erinle birlikde yedizdirecen , bir hissesin yedirtmiwem qalib yarisi, avtaga reksi oynadacam size və 15 may 2025-ci il saat 10:35 radələri ünvan: Bakı şəhəri, Yasamal rayonu, M.F.Axundov küçəsi ev 42 (X6 işlətdiyi İnstagram profili - Qwerty) yazdığı comment - Wekilleri deyişdin? Bes kişilikden danışırdın noldu hec kimnen qorxmurdun seni Zaxra maxra edecem az qalib gozde Guler Terbiyeli xanimin Cox terbiyeli ve seviyelisiz yazdiginiz o yazilardan gorunur ki aile terbiyesi gormusuz, az qəlib mehkemede cavab veresen her attigin were Aynurun puluna mawinina Sahib sahib cixib Guler terbiyeli siqaret ceken arvadivi Aynurun hesabina mawinli etmek isteyirdin eybi yox Mehkemede baxacam senin daniwigina hele get aftavaya Aftaga dediyin sozu dizgun ifade etmeyi oyren mewq et ozuvu mehkemede biyabr etme savatsiz daniwiginla) fikirlərinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi, barəsində cinayət təqibinin başlanması və onun həmin maddələrlə təqsirli bilinib cəza təyin edilməsi (azadlıqdan məhrum etmə) və İnstagram sosial şəbəkəsində barəsində işlətmiş olduğu təhqir və böhtan məzmunlu fikirlərinə görə “üzr istəyirəm” cümləsi ilə və həqiqəti işıqlandıran təkzib verməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X13 izahatında bildirmişdir ki, şikayətdə göstərilənlər əsassızdır. Eyni zamanda xüsusi ittiham qaydasında şikayət vermiş şəxs məhkəmənin üçüncü hazırlıq iclasıdır ki, iştirak etmir. Odur ki, məhkəmədən şikayətin icraata götürülməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçı X9 təkrarən məhkəmə iclasına gəlməmişdir. Belə ki, xüsusi ittihamçı xx.xx.2025-ci il tarixinə təyin olunmuş məhkəmə hazırılq iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmiş, xx.xx.2026-cı il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasına ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək sonrakı məhkəmə iclasında iştirak edəcəyini və əlavə sübut təqdim edəcəyini bildirmiş, xx.xx.2026-cı il tarixinə təyin olunmuş məhkəmə hazırlıq iclasına isə təkrarən gəlməyərək hərbi xidmətdə olan oğlunu görməyə getdiyi üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyi barədə məhkəməyə ərizə ünvanlamışdır. Göründüyü kimi, xüsusi ittihamçı məhkəmənin hazırlıq iclasına təkrarən gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri ilə bağlı məhkəməyə hər hansı bir sənəd təqdim etməmişdir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur; 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin Qərarın 11-ci bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılmışdır ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, məhkəmə xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsini və gəlməməsinə üzrlü səbəb olduğu barədə sübutları məhkəməyə təqdim etməməsini nəzərə alaraq hesab edir ki, iş üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Bundan başqa, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələblərinə cavab vermir. Həmin maddəyə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi əks olunmalıdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 Lamiyə Adil qızının Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə X6 hansı hərəkətlərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsi, hansı hərəkətlərinin 148-ci maddəsi, hansı hərəkətlərinin 165.1-ci maddəsi və hansı hərəkətlərinin 166.1-ci maddəsi ilə cinayət tərkibini yaratması göstərilməmişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin a yarımbəndinə əsasən, «cinayət törətməkdə ittiham olunan hər kəs ən azı digər hüquqlarla yanaşı ona qarşı irəli sürülmüş ittihamın «xarakteri və əsasları» haqqında bildiyi dildə dərhal və ətraflı məlumatlandırılmaq hüququna malikdir». Azərbaycan Respublikası CPM-nin 91.5.1-ci maddəsinə əsasən, «nədə təqsirləndirildiyini bilmək (ittihamın məzmunu, verilmiş ittihamın faktiki tərəfi və hüquqi tövsifi)» təqsirləndirilən şəxsin hüququdur. Bununla da, xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X8 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X11 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X2 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X11 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-781/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-781/2025
16.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver