Məhkəmə qərarları › İş №1(006)-782/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-782/2025

09.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-782/2025 09.01.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9, Müdafiəçi Bakı şəhəri 38 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X12 xx.xx.2025-ci il tarixində Landau school Ağ şəhər filialında 3AD sinifində oxuyan şagirdlərin valideynlərindən ibarət “3AD Parents” votsap qrupunda xx.xx.2025-ci il tarixində “Bunu mən bir dəfə deyəcəm, bugüne kimi sizin övladınızın özünü aparmasına çox göz yummuşam şəxsən mən! Amma bu gün oğlunuz oğlumu küçə söyüşləri ilə söyüb, nəsil söyüşü olub. Ayrı sözlər və nənə-babasının ağlının olmadığını işarə edib. Bunu mən belə qoymayacam. Heç nəsə tədbir görməyinizi də gözləməyəcəm. Sizinlə ayrı müstəvidə danışacağıq. Deyəsən məni və oğlumu çox sakit görmüsünüz. Mən 8 yaşındakı uşağa s... nədi başa salmamalıyam” deyə ilk yazışmada qeyd etmişdir. Bundan başqa, “Oğlunuzun söyüş söydüyünü məktəbdə eşidiblər. Sözü Məcid deməyib. Məktəbin xəbəri var. Uşağınız nəyə qadirdir biz deyəsən sizdən yaxşı bilirik!” ifadələri işlətmiş, bununla da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş, əməli törədərək təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən onun azyaşlı oğlunu və onu alçaltmışdır. X1 və onun şəxsiyyətlərinə, şərəf və ləyaqətlərinə, nüfuzlarına ləkə gətirmək üçün yol verilmiş qanun pozuntusudur. Belə ki, X2 onun barəsində deyil, həm də azyaşlı övladı barədə ümumi xarakterli qeyri-etik ifadələr işlətmiş, eyni zamanda onları əsassız olaraq ittiham etmişdir. Bundan başqa, N. Əsgərli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayaraq azyaşlı övladına qarşı böhtan xarakteri hərəkətə yol vermişdir. Ümumilikdə “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə əxlaqi prinsiplər, istehsal-təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barədə mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Bu hallar da votsap yazışmalarında öz əksini aşıq-aşkar tapmışdır. Övladının 8 yaşı var. Lakin N.Əsgərli isə 30 yaş üstü yaşı olduğu halda azyaşlı övladının dəfələrlə şərəf və ləyaqətini alçaltmışdır. Bu hallar həm övladının mənafeyinə ciddi şəkildə xələl gətirmiş, həm də onun gələcəkdə şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərmişdir. Oğlunu gah oğru, gah aravuran adlandırmış, sonda isə söyüş söyərək iddiaları ilə azyaşlı övladını alçatmışdır. Qanunvericiliyin tələblərini, AR CM-nin 147-ci maddəsinin dispozitiv şərtlərini və həmin maddə ilə nəzərdə tutulmuş cinayətin birbaşa qəsdlə törədilməli olmasını nəzərə alaraq xüsusilə vurğulamaq istərdi ki, əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, belə halda əməldə cinayət tərkibinin subyektiv əlaməti olmadığından AR CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyəti istisna olunur. Votsap yazışmaları bunu bir daha təsdiq edir. Bu halla tərəfindən irəli sürülmüş ittiham öz əksini taparaq sübuta yetirilmiş hesab edir. Şikayətin hüquqi əsası: 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, 1966-cı il "Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktda və Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsində deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Avropa Məhkəməsinin presedent hüququnda demokratik sistemin davamlılığı baxımından söz azadlığının əhəmiyyətinə xüsusi diqqət yetirilir. Bununla belə, o da nəzərə alınmalıdır ki, fikri ifadə etmək azadlığı Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən digər şəxslərin nüfuzu və hüquqlarının müdafiəsi üçün məhdudiyyətlərə məruz qala bilər. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin "zəruriliyi" əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün "ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib oiubolmamasmın müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı İBP). § 45). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 37.2ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.l-ci maddəsi, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi, Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma. Azərbaycan Respublikası Ali Məhkəmənin 21 fevral 2014-cü il tarixli Plenum qərarında “Kütləvi cıxıs dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan sulan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə haşa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir.” Diqqətə çatdırır ki, Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində qeyd olunmuşdur ki, "yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır". Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum qərarı ilə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin dispozisiyası ilə bağlı bir aydınlıq gətirmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında ” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhıan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin qərarın 12-ci bəndinə əsasən, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Qeyd edilməsi zəruridir ki, hər kəsin şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx bağlı olan mənəvi-əxlaqi-sosial dəyərlər olduğuna görə, həm vətəndaşın mənsub olduğu dövlətin qanunları, həm də beynəlxalq hüquqla müdafiə olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində, 1948-ci il Ümumdünya insan hüquqları Bəyannaməsində və 1966-cı il Mülkı və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda deyilir ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Sözsüz ki, demokratik hüquqi dövlət olan Azərbaycan Respublikasında cəmiyyətin hərtərəfli inkişafı üçün əsas prinsiplərdən biri də fikir və söz azadlığının təmin olunmasıdır. Belə bir hüquq Konstitusiyanın 47-ci maddəsində də təsbit olunmuşdur. Eyni zamanda, Konstitusiyanın 46-cı maddəsində şərəf və ləyaqətin müdafiəsi hüququ təsbit olunmaqla hər kəsin şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat vermişdir. Bu mənada nəzərə alınmalıdır ki, Konstitusiyanın 47-cı maddəsində təsbit olunan fikir və söz azadlığı hüququ həyata keçirilərkən, bu hüquqdan qərəzli sui-istifadə hallarına yol verilməməli, Konstitusiyanın 46-cı maddəsində nəzərdə tutulan şərəf və ləyaqətin müdafiəsi hüququna riayət olunmaqla hər iki hüquq arasında mütənasiblik təmin olunmalıdır. Yuxarıda göstərilənlərlə yanaşı qeyd edir ki, “İnsan hüquqlarının və X8 haqqında” Konvensiyanın 9- 10-cu maddələrində də fikir və ifadə azadlığının həyata keçirilməsinə məhdudiyyətlər qoyan şərtlər göstərilmişdir. Belə məhdudiyyətlərin məqsədləri sırasına Konvensiya digər məqsədlərlə yanaşı mənəviyyatın mühafizəsi, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsini də daxil etmişdir. Onu da vurğulayır ki, qanunvericiliyin tələbinə əsasən böhtan cinayətinin bilavasitə obyektini şəxsin şərəf və ləyaqətini qoruyan münasibətlər təşkil edir. Göründüyü kimi şəxsin şərəf və ləyaqəti cinayət qanunvericiliyi ilə də qorunur. Bu cür qəsdən uydurulan yalanlar həm də hüquq-mühafizə orqanların işini çətinləşdirir, onların zamanını alır, ədalət mühakiməsini çaşdırmaq və onu pozmaq təhlükəsini daşıyır. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı maddəsinə əsasən hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Azərbaycan Respublikasının CPM-in 37.2-ci maddəsinin tələbinə görə xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası CMin 147 148, 165.1-ci və 166.1-ci maddələrində nəzərdə tutulan cinayətlər üzrə həyata keçirilir. Həmin Məcəllənin 88.1.3.-cü maddəsinin tələbinə görə cinayət nəticəsində ziyan vurulmuş, məhkəməyə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs - xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və ya məhkəmə baxışının təyin edilməsi haqqında məhkəmə qərarı qəbul olunduğu andan xüsusi ittihamçı qismində tanınır. Xüsusi ittihamçı xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirir (CM 88.4.1) Övladı T.Həsənzadə və onun barəsində həqiqətə uyğun olmayan və qeyri-etik məlumatların yayılması onu və azyaşlı övladını ciddi şəkildə üzərək, mənəvi stress və əziyyət keçirməsinə, əsəbləşməsinə, narahat olmasına səbəb olmuşdur. Odur ki, o, xüsusi ittiham qaydasında bu şikayətlə məhkəməyə müraciət edir və ədalətli qərarın qəbul ediləcəyinə ümid edir. Yuxarıda sadalananlara, eləcə də istinad edilən hüquq normalarına əsasən hesab edir ki, X12 CM-nin 148-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətdiyinə görə onların müvafiq maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi barədə müvafiq qərar qəbul olunmalı və bu şəxslər törətdiyi əmələ görə cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 67.3-cii maddəsinə əsasən Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar. Göstərilənləri və Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1, 148-ci maddələrini, Azərbaycan Respublikası CPM-in 37.2, 88.1.3, 88.4.1-ci, 293-cü maddələrinin tələblərini rəhbər tutub, xx.xx.1992-ci il təvəllüdlü, ünvan 1 ünvanda qeydiyyatda olan X9 Azərbaycan Respublikasının CM-nin 147.1-ci və 148-ci maddələri ilə təqsirli bilinərək onun barəsində sanksiyasında nəzərdə tutulan həddə cəza təyin olunması barəsində ittiham hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X7 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, oğlu Toğrul da sinif yoldaşları tərəfindən vurulması ilə bağlı ona dəfələrlə şikayət etmişdir. Valideynlərin bütün problemin Toğrulda olmasını bildirmələri düzgün deyildir. Sonuncu dəfə məktəb tərəfindən onlara xəbərdarlıq edildikdən və Nisə Əsgərli tərəfindən bu məsələnin belə qoyulmayacağı deyildikdən sonra o, uşağının gələcəyi üçün təhlükə olduğundan qorxmuş və oğlunu həmin sinifdən çıxartmışdır. Həmçinin, bildirmişdir ki, Nisə Əsgərlinin 24 nəfər valideynin iştirak etdiyi qrupda “uşağınız nəyə qadirdir biz deyəsən sizdən yaxşı bilirik” ifadəsini işlətməklə onu təhqir etmiş, “oğlunuz oğlumu küçə söyüşləri ilə söyüb, nəsil söyüşü olub. Ayrı sözlər və nənə-babasının ağlının olmadığını işarə edib” ifadələrini işlətməklə isə onun oğluna böhtan atmışdır. Göstərilənləri nəzərə alaraq şikayətin icraata qəbul edilməsini və X9 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxs X12 izahatında bildirmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayəti qəbul etmir. Belə ki, 2025-ci ilin sentyabr ayından başlayaraq X3 ilə sinifdə çox ciddi problemlər yaşanmış, dəfələrlə məktəbin rəhbərliyi tərəfindən uşağa xəbərdarlıqlar olunmuşdur. Bu səbəbdən valideynlər Toğrulun sinifdən kənarlaşdırılmasını istəmişdirlər. İlk əvvəl o, Könül İsgəndərliyə şəxsən yazmışdır ki, Toğrul qəsdən oğlu Məcidin plastilinini götürüb başqa uşağın çantasına qoymuş və bunu başqa bir uşağın etdiyini bildirmişdir. Bununla bağlı oğlu ilə profilaktik söhbətlər aparmasını xahiş etmişdir. X10 demişdir ki, Toğrul və Məcid az da olsa dostluq münasibətindədirlər, elə edək ki, ciddi problemlər yaranmasın. O da oğlu ilə söhbət edəcəyini bildirmişdir. Bununla bağlı valideyn iclası da keçirilmiş və bu məsələ orada da müzakirə olunmuşdur. Bundan sonra Toğrulun hərəkətlərində heç bir dəyişiklik olmamışdır. Belə ki, Toğrul sinifdə Məcidə nəsil söyüşü söymüş, nənə və babasını təhqir etmişdir. Buna görə də o, valideynlərin qrupunda Könül xanıma şikayət ərizəsində qeyd olunmuş mesajları yazmışdır. Onun “bunu mən belə qoymayacam, sizinlə ayrı müstəvidə danışacam” ifadələrini yazmaqda demək istədiyi qaynar xəttə zəng edəcəyi və məktəbin rəhbərliyinə Toğrulla bağlı tədbir görülməsi üçün müraciət edəcəyi olmuşdur. O, həqiqətən də qaynar xəttə zəng etmiş və məktəb rəhbərliyinə müraciət edərək məsələnin araşdırılmasını tələb etmişdir. Rəhbərlik hadisəni detallı şəkildə araşdırmış və müəyyən etmişdir ki, hadisə həqiqətən də baş vermiş, şagirdlər də dindirilmiş və Toğrulun həqiqətən də söyüş söyməsini təsdiq etmişlər. Araşdırmanın nəticəsi barədə ona məlumat verilmiş və Toğrulun yanvar ayından etibarən onların sinfində oxumayacağı bildirilmişdir. Onun özü də videogörüntüyə baxmış və görmüşdür ki, görüntülərdə Toğrulun israrla Məcidə nə isə deməsi, Məcidin daha sonra ayağa qalxaraq Toğrulun onun nəslini söyməsi barədə bildirməsi əks olunmuşdur. Bundan sonra o, valideyn qrupunda yazmışdır ki, videogörüntüyə baxılmış, hadisənin həqiqətən də baş verməsi və provakatorun Məcid olmaması öz təsdiqini tapmışdır. Nəticə olaraq yanvar ayından etibarən Toğrul artıq onların sinfində oxumur. Bundan sonra o, Könül İsgəndərlini valideyn qrupundan çıxartmışdır. Həmçinin, bildirmişdir ki, valideyn qrupunda Könül xanımın adını çəkməkdə məqsədi müraciətin məhz ona ünvanlandığının aydın olması ilə əlaqədar olmuşdur. Qrupda “uşağınız nəyə qadirdir biz deyəsən sizdən yaxşı bilirik” ifadəsini isə ona görə yazmışdır ki, dəfələrlə oğlunun hərəkətləri barədə Könül xanıma müraciət edilməsinə baxmayaraq o, israrla oğlunun söyüş söymədiyini bildirmişdir. Göstərilənləri nəzərə alaraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata götürülməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi bildirmişdir ki, sinif uşaqları arasında mübahisə baş vermiş və valideynlər öz uşaqlarını müdafiə etmişlər. Hesab edir ki, burada hər hansı bir təhqir və ya böhtan yoxdur. Valideyn qrupunda Nisə xanım öz şəxsi fikirlərini ifadə edərək Könül xanıma uşağının nadinclik etdiyini bildirmişdir. Xüsusi ittihamçı özü də bildirmişdir ki, oğlu ilə bağlı sinifdə müəyyən problemlər olmuş və onlara xəbərdarlıqlar edilmişdir. Deməli uşağın nadincliyi ilə bağlı fakt olmuşdur ki, ona xəbərdarlıq edilmişdir. Həmçinin, uşağının məktəbdən çıxarılması təhlükəsi olduğu üçün o, oğlunu həmin sinifdən çıxartmışdır. Hesab edir ki, qapalı qrupda səsləndirilən ifadələr kütləvi çıxış sayıla bilməz. Göstərilənləri nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata götürülməsindən imtina olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, xüsusi ittiham qaydasında şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayət ərizəsində X11 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin tərkib əlamətləri müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 “Whatsapp” tətbiqində valideynlər qrupunda X6 ünvanladığı ifadələr təhqir və böhtan xarakterli ifadələr hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. 299.3-cü maddəsinə əsasən hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında aşağıdakı məsələlərə baxılır: 299.3.1. məhkəməyə daxil olmuş cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması barədə; 299.3.2. aparılmış ibtidai araşdırma zamanı bu Məcəllənin tələblərinin pozulub-pozulmaması barədə; 299.3.3. xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə; 299.3.4. cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması barədə; 299.3.5. cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olub-olmaması barədə. 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. 302.2-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Beləliklə, məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299, 300.1.3 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar