Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-79/2021 26.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 05 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1995-ci ildə Şəki şəhərində kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 mənzil 33 ünvanında qeydiyyatda olmaqla ünvan 2 mənzil 90 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə saat 21:20 radələrində Bakı dəmir yolu sərnişin vağzalının ərazisində, “28 May” metrostansiyasının qarşısındakı meydanda “Azadlıq” prospektində yolun piyada keçidi üçün nəzərdə tutulmuş hərəkət zolağını asta yerişlə keçməsi səbəbindən Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış mübahisə zəminində qəsdən yumruqla Zərərçəkmiş şəxs alt çənə nahiyyəsindən vuraraq ona alt çənə sümüyünün sağ mental və sol şaxəsinin sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, xx xxxx 2020-ci il tarixdə saat 20:30 radələrində Azadlıq prospektindəki «28-Mall» ticarət mərkəzinin qarşısından «28 may» metrostansiyasının çıxışı tərəfə yolu piyada keçidindən keçərkən Azadlıq prospektindən üzü Neft Akademiyası istiqamətində hərəkətdə olan göy rəngli, markasını və modelini, həmçinin dövlət qeydiyyat nişanını xatırlamadığı avtomaşın piyada zolağında dayanmadan hərəkətini davam etdirərkən az qalmışdır ki, onu vursun. Belə olan halda o, həmin avtomaşının sürücüsünə etirazını bildirmiş və avtomaşının onu vuracağına əsəbləşib əli ilə ona təhqiramiz işarə göstərərək, hərəkətinə davam etmək istəyərkən həmin avtomışının sürücüsü işıqfordan təxminən 5 metr qarşıda saxlayaraq avtomaşından düşüb onun üzərinə gəlmiş və köynəyindən 2 əlləri ilə tutaraq onu çəkişdirməyə və itələməyə başlamış, ünvanına söyüş söymüşdür. Bu zaman orada olan tanımadığı insanlar onları aralamağa başlamışlar. Lakin həmin şəxs ondan əl çəkməyərək təkrarən onu itələyərək vurmaq istəmişdir. O da öz növbəsidə özünü müdafiə etmək üçün həmin şəxsin üzərinə gedərək onu söydüyü üçün ona yumruq zərbələri endirmişdir. Daha sonra isə həmin şəxsin yenə də ondan əl çəkmədiyini görüb oradan uzaqlaşmışdır. Hadisə təxminən 2-3 dəqiqə davam etmişdir. Sonda ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini nəzərə alaraq, məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs baş vermiş hadisə ilə əlaqədar olaraq tanımışdır. xx xxxx 2020-ci il tarixdə saat 21:20 radələrində həyat yoldaşı Şahid2 və qaynanası Şahid3 ilə birlikdə idarə etdiyi **-VR-*** dövlət qeydiyyat nişanlı «Subaru İmpreza» markalı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə bulvar istiqamətində hərəkətdə olarkən “28 mall” ticarət mərkəzinin yanındakı piyada keçidində işıqforun qırmızı işığı yandığı üçün bir qədər surəti azaltmış, yaşıl işıq yandıqda isə hərəkətə davam etmiş, həmin vaxt “28 mall” ticarət mərkəzi tərəfdən təxminən 24-25 yaşlı bir oğlanın piyadalar üçün nəzərdə tutulmuş hərəkət zolağı ilə işıqforun qırmızı işığında yolu keçdiyini görüb yol nəqliyyat hadisəsinin qarşısını almaq üçün siqnal verərək sürəti azaltmış, həmin şəxs, yəni Təqsirləndirilən şəxs yolun ortasında ona barmağını göstərdiyinə görə avtomaşını bir qədər qabağa sürüb yolun sol tərəfində saxlayaraq ona yaxınlaşmış və üzərinə gedərək nə səbəbdən onu təhqir etdiyini soruşduqda aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla onun çənəsindən qəsdən zərbə endirmişdir. Bu hadisə təxminən 2-3 dəqiqə davam etmiş və ətrafda olan tanımadığı şəxslər onları aralamışlar. Hazırda təqsirləndirilən şəxslə barışmadığını, ona qarşı şikayətçi olduğunu nəzərə alaraq, məhkəmədən onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi Təqsirləndirilən şəxs tanımır, Zərərçəkmiş şəxs isə onun əridir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində anası Şahid3 və 9 aylıq uşağı Səidə ilə birlikdə həyat yoldaşı Rüfətin idarə etdiyi **-VR-*** dövlət qeydiyyat nişanlı «Subaru İmpreza» markalı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə bulvar istiqamətində hərəkətdə olarkən “28 mall” ticarət mərkəzinin yanındakı işıqforu keçdikdən sonra avtomaşını saxlayaraq maşından düşmüşdür. Həmin vaxt, azyaşlı Səidə ağladığı üçün anası ilə uşağı sakitləşdirməklə məşğul olmuş və həyat yoldaşının maşından nə səbəbə düşməsinə fikir verməmiş, bir neçə dəqiqə sonra anasının da Rüfətin arxasınca getməsini, avtomobilin pəncərəsindən baxdıqda həyat yoldaşı ilə tanımadığı, təxminən 24- 25 yaşlı bir oğlanın mübahisə etdiklərini görmüş, Rüfət geri qayıtdıqda ağız nahiyyəsindən xəsarət aldığına görə danışmaqda çətinlik çədiyini müşahidə etmişdir. Ona görə də, onları evə düşürdükdən sonra Rüfət xəstəxanaya getmiş, onun xəstəxanada tək qalmaması üçün baldızının həyat yoldaşı Ayaz Cabbarzadəyə zəng vurub bu hadisə barədə məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 verdiyi ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə təxminən saat 21 radələrində, qızı Şahid2 və nəvəsi Səidə ilə birlikdə kürəkəni Rüfətin idarə etdiyi **-VR-*** dövlət qeydiyyat nişanlı “Subaru İmpreza” markalı avtomaşınla Bakı şəhəri, Nəsimi rayonu Azadlıq prospekti ilə bulvar istiqamətində hərəkətdə olarkən “28 mall” ticarət mərkəzinin yanındakı işıqforu keçdikdən sonra Rüfət maşını saxlayaraq düşmüş, həmin vaxt 9 aylıq nəvəsi Səidə ağladığı üçün Dinarə ilə uşağı sakitləşdirməklə məşğul olduqlarından Rüfətin maşını nə səbəbdən saxlamasına fikir verməmiş, lakin 1-2 dəqiqə sonra Rüfətin getməsindən narahat olub maşından düşərək arxasınca getmiş və tanımadığı təxminən 24-25 yaşlı bir oğlanla mübahisə etdiyini, ətrafda olan tanımadığı şəxslərin isə onları ayırdıqlarını görmüşdür. O, həyat yoldaşının mübahisə etdiyi oğlana, yəni Təqsirləndirilən şəxs yaxınlaşaraq mübahisənin səbəbini soruşmuş, sonuncu piyada keçidində yaranmış vəziyyətlə bağlı aralarında mübahisə yarandığını bildirmişdir. Geri qayıtdıqda Rüfətin çənə nahiyyəsindən xəsarət almasını müşahidə etmiş, onları aparıb evə düşürdükdən sonra Rüfət tibbi yardım almaq üçün “X12” xəstəxanasına getmişdir. İş materiallarında olan CD diskdəki videoyazıya məhkəmə iclasında baxış keçirilərkən müəyyən olunmuşdur ki, xx xxxx 2020-ci il tarixdə saat 20:44-də Azadlıq prospektindən Neft Akademiyası istiqamətində “28 Mall” ticarət mərkəzinin qarşısından yolun əks tərəfinə yerüstü piyada keçidi işıqfordan 3-4 metr aralıdadır. Nəqliyyat vasitələrinin hərəkətini qadağan edən işıqforun qırmızı işığı yandığından, piyadalar üçün hərəkətə icazə verən yaşıl işıq yandığı üçün piyadalar yolu keçiddən keçirlər. Nəqliyyat vasitələrinin hərəkətinə icazə verən yaşıl işıq yandıqdan sonra piyadalar üçün hərəkəti qadağan edən qırmızı işıq yanan zaman Zərərçəkmiş şəxs idarə etdiyi göy rəngli “Subaru İmpreza” markalı avtomaşınla işıqforu yolun sol hissəsindən asta yerişlə keçən zaman Təqsirləndirilən şəxs piyada keçidində hərəkətinə davam edib yolu 28 May metrostansiyasına tərəf keçərkən əl hərəkəti ilə narazılığını bildirərək yoluna davam etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs qaçaraq gəlib Təqsirləndirilən şəxs iki dəfə itələyir və sonuncu onunla dalaşmaqdan yayınmaq istədikdə əl çəkmədiyindən, onun çənə nahiyyəsinə bir dəfə yumruqla vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yenə itələdikdə sonuncu onu ikinci dəfə yumruqla vurmuşdur. Bu zaman ətrafda yolu keçən kişi cinsli şəxslərdən biri Zərərçəkmiş şəxs tutub sakitləşdirməyə çalışır və həmin vaxt digər kişi cinsli şəxs də Təqsirləndirilən şəxs kənara çəkib davanın böyüməsinin qarşısını almışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 canlı şəxsin ekspertizasına dair xx xxxx 2020-ci il tarixli, 122 MEŞ saylı məhkəmə-tibbi ekspertizasının sağlamlığa zərər vurmanın təyininə dair rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt çənə sümüyünün sağ mental və sol şaxəsinin sınıqları xəsarətləri aşkar edilir, qeyd olunan sınıqlar bərk-küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir (i/v 24-25). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X10 canlı şəxsin ekspertizasına dair xx xxxxxxxx 2020-ci il tarixli, T 242/2020 saylı komisyon məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər - alt çənə sümüyünün sağ mental və sol şaxəsinin sınıqları-bərk küt əşyanın təsirindən qərarın təsviri hissəsində göstərilən şəraitdə və vaxtda, yəni xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yumruqla vurulma nəticəsində əmələ gələ bilərdi və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs sifətində hal-hazırda mimiki pozğunluq və asimmetriya aşkar edilmədi və ona yetirilən xəsarətlər həyat üçün təhlükəli olan əlamətlərlə müşayiət olunmamışdır (i/v 119-122). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 77). İş materiallarında olan xx.xx.2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v102). İş materiallarında olan Şəki şəhər İHB-nın 1 nömrəli X11 Dairəsi üzrə nümayəndəsi Rasim Həsənov tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Şəki şəhəri Bağbanlar küçəsi 59q saylı ictimai yaşayış binasının 33 saylı mənzilində qeydiyyatda olan, azərbaycanlı, subay, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində onun davranışından yaşadığı bina sakinləri tərəfindən icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır (i/v 79). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” xx xxxxxx 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 mənzil 90 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-332/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx.xx.2020-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 mənzil 90 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 5 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-79/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-79/2021
26.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver