Məhkəmə qərarları › İş №1(006)-79/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-79/2023

15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-79/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1972-ci ildə Xaçmaz rayonu, Hacıisaoba kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işləməyən, Xaçmaz rayonu, Hacıisaoba kəndində qeydiyyatda olan, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-12/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Penitensiar xidmətin 01 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 119-cu kilometrliyində yerləşən X4 Mərkəzinə daxil olub binanın ikinci mərtəbəsinə qalxaraq orada aptek müdiri işləyən Zərərçəkmiş şəxs1 iş otağının qapısını açmış, sonuncunun otaqda olmasını gördükdən sonra kənarda dayanıb onun otaqdan çıxmasını gözləmiş və Zərərçəkmiş şəxs1 otaqdan çıxaraq qapını açarla bağlamadan uzaqlaşdığını görüb digər şəxslərin olmamasından istifadə edib həmin otağa qanunsuz daxil olaraq dolabda olan, Zərərçəkmiş şəxs1 məxsus əl çantasından içərisində 124 manat nağd pul olan 50 manat dəyərində pul kisəsini gizli olaraq talamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 174 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, 28 iyun 2022-ci il tarixdə, saat 12:40 radələrində Şamaxı şəhəri, X6 küçəsində yerləşən "xxxx" ASC-nin X2 inzibati binasına daxil olmuş, texniki operator işləyən Zərərçəkmiş şəxs2 iş otağının qapısını açıb sonuncunun otaqda olmasını görüb kənarda dayanaraq onun otaqdan çıxmasını gözləmiş, Zərərçəkmiş şəxs2 otaqdan çıxaraq qapını açarla bağlamadan uzaqlaşdığını görüb orada digər şəxslərin olmamasından istifadə edib həmin otağa qanunsuz daxil olaraq dolabda olan, Zərərçəkmiş şəxs2 məxsus əl çantasından içərisində 706 manat nağd pul, Zərərçəkmiş şəxs2 aid AA 13542639 nömrəli şəxsiyyət vəsiqəsi, 10 manat dəyərində "xxxx" ASC tərəfindən verilmiş 510307******7231 nömrəli əmək haqqı kartı olan 10 manat dəyərində pul kisəsini gizli olaraq taladıqdan sonra cinayət əməlini davam etdirərək elektron məlumat daşıyıcısı hesab edilən 510307******7231 nömrəli bank kartını 30 iyun 2022-ci il tarixdə ünvan 1 ünvanda quraşdırılmış "xxxx" ASC-nin bankomatına daxil etmiş, Zərərçəkmiş şəxs2 aid şəxsiyyət vəsiqəsinin üzərində olan doğum ilini identifikasiya nömrəsi olan 04 rəqəmi “pin kod” əvəzi kimi istifadə edərək bank kartının hesabından 280 manat məbləğində pulu (əlavə olaraq 04 manat 20 qəpik komissiya haqqı tutulub) nağdlaşdırıb gizli olaraq talayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1.010,20 manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, əvvəllər oğurluq etdiyi üçün bir neçə dəfə məhkum olmuş, oğurluq etmək məqsədi ilə ölkə ərazisində bir neçə dəfə rayonları gəzmişdir. 28 iyun 2022-ci il tarixdə Şamaxı şəhərinə gəlmiş, ilk əvvəl Şamaxı rayonunda yerləşən X4 Mərkəzinə getmişdir. Diaqnostika mərkəzində olan zaman otaqları bir-bir gəzərək oradan çanta və ya çantada pul olarsa onu götürmək istəmişdir. O, ikinci mərtəbəyə qalxaraq otaqlardan birinin qapısını açan zaman otaqda bir nəfər tibb bacısının olduğunu görmüş, qapını bağlayaraq onun otaqdan çıxmasını gözləmişdir. Bir qədər gözlədikdən sonra tibb bacısı otaqdan çıxmış və təxminən saat 11:45 radələrində həmin otağa daxil olaraq masanın üzərində olan əl çantasından pul qabını götürərək Mərkəzi tərk etmişdir. Yolda pul qabının içində 124 manat pul, bank kartları və şəxsiyyət vəsiqəsinin olduğunu görüb pulu götürmüş, bank kartlarını və şəxsiyyət vəsiqəsini isə pul qabının içərisinə qoyaraq atmışdır. Daha sonra o, Şamaxı şəhərində yerləşən işıq idarəsinə gələrək bir otağa daxil olmuş, lakin orada bir nəfər qadın olduğunu görüb ondan idarənin müdirini soruşmuş, həmin qadın da ona müdirin işdə olmadığını bildirmişdir. Bir qədər gözlədikdən sonra təxminən saat 12:40 radələrində həmin qadının otaqdan çıxdığını görüb dərhal bu otağa daxil olmuş və dolabı açıb əl çantasınının içərisindən pul qabını götürüb idarədən çıxaraq avtovağzal istiqamətinə gəlmişdir. Yolda olarkən pul qabını içinə baxış keçirən zaman orada 706 manat pul, bank kartı və şəxsiyyət vəsiqəsinin olduğunu görmüşdür. O, pulu, bank kartını və şəxsiyyət vəsiqəsini götürüb pul qabını yerə ataraq avtovağzaldan taksiyə minib Bakı şəhərinə gəlmişdir. Hadisədən iki gün sonra, yəni xx.xx.2022-ci il tarixdə o, sonradan adı ona məlum olan Zərərçəkmiş şəxs2 oğurladığı bank kartını götürüb Bakı şəhəri, Nəsimi rayonu, “20 Yanvar” dairəsindən 3-cü mikrorayon dairəsinə gedən yolda yerləşən bankomata "xxxx" ASC-yə məxsus kartı salaraq Zərərçəkmiş şəxs2 şəxsiyyət vəsiqəsi üzərində yazılan doğum tarixini “pin kod” əvəzinə yazmış və kodun düz olduğunu görüb həmin kartdan 280 manat pul çıxartmışdır. Zərərçəkmiş şəxs2 əl çantasından oğurladığı digər kartın kodu olmadığına görə həmin kartı və pul çıxardığı digər kartı taksidə gedən zaman yolda avtomobilin şüşəsini açaraq küçəyə atmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qız ifadəsində göstərdi ki, o, 2010-cu ildən Şamaxı rayonunda Bakı-Şamaxı-Yevlax yolunun 119-cu kilometrliyində yerləşən X4 Mərkəzində aptek müdiri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə iş otağından çıxıb işlərini həll etdikdən sonra ora geri qayıtmış, saat 12:00 radələrində əl çantasını açıb içərisində olan 50 manat dəyərində pul kisəsini götürmək istəyərkən pul qabının orada olmadığını aşkar etmişdir. Pul kisəsinin içərisində 124 manat pul, şəxsiyyət vəsiqəsi və plastik bank kartı var idi. Pul kisəsini axtarmaq məqsədi ilə iş otağına və evinə təkrar baxıb onun oğurlandığını anlayıb mərkəzdə quraşdırılmış təhlükəsizlik kamerasına baxmışdır. Bu zaman məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə, təxminən saat 11:45 radələrində iş otağını tərk edən zaman qapını bağlamağı unutmuş, həmin vaxtı da bir nəfər tanımadığı şəxs otağa daxil olaraq bir neçə dəqiqədən sonra oranı tərk etmişdir. Ona vurulmuş zərər ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, "xxxx" ASC-nin X3 texniki operator vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində iş yerində xidməti otağından çıxıb mətbəxə keçmiş, bir müddətdən sonra isə geri qayıtmışdır. Təxminən saat 16 radələrində işdən çıxıb evə getmək üçün hazırlaşan zaman qol çantasının içərisində olan pul qabından maaş kartını götürmək istəsə də, onun orada olmadığını görüb dərhal hadisə barədə işçilərə, eyni zamanda rəhbərliyə məlumat vermişdir. 10 manat dəyərində olan pul qabının içərisində 706 manat pul, AA 13542639 nömrəli şəxsiyyət vəsiqəsi, "xxxx" ASC tərəfindən verilmiş və hesabında 289 manat olan 510307******7231 nömrəli 10 manat dəyərində əmək haqqı kartı, həyat yoldaşı Elçinə məxsus, içərisində 100 manat olan təqaüd kartı və vizit kartları olmuşdur. İki gündən sonra telefonuna “sms” gələndə ona məlum olmuşdur ki, özünə məxsus olan maaş kartından 284 manat 20 qəpik məbləğində pul (ondan 04 manat 20 qəpik komissiya haqqı təşkil edir) çıxarılmışdır. Bundan sonra o, Şamaxı Rayon Polis Şöbəsinə gələrək hadisə barədə məlumat vermişdir. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarında olan: • “Baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, diskəki olan görüntüyə əsasən bir nəfər ağ köynək və qara rəngli şalvarda olan şəxs X4 Mərkəzinin ikinci mərtəbəsinə qalxır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin videogörüntüdə olan şəxsin özünün olduğunu və ora oğurluq üçün daxil olduğunu bildirir (İ cild, i.v.28-28A); • “Ödəniş kartı üzrə Çıxarış”a əsasən Zərərçəkmiş şəxs2 "xxxx" ASC-də olan 510307******7231 saylı kartından xx.xx.2022-ci il tarixdə Bakı şəhərində bankomatdan 280 manat pul çıxarılmış, bununla əlaqədar 04 manat 20 qəpik komissiya haqqı tutulmuşdur (İ cild, i.v.136); • “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 aid 510307******7231 saylı kartdan pulu ünvan 1 ünvanda quraşdırılmış "xxxx" ASC-nin bankomatından çıxarmışdır (İ cild, i.v.146-149); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı, məhkəmə hökmlərinin surətlərindən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər 08 dəfə məhkum olunmuş, o cümlədən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzadan 26 gün vaxtından əvvəl şərti azad olunmuş, xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli isə 29 iyul 2022-ci il tarixdən hesablanmışdır. Sonuncu dəfə Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası bu hökmlə müəyyən olunan cəza ilə qismən toplanılaraq ona qəti olaraq 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunmuşdur (İ cild, i.v.150-152, 177-182, İİ cild); • “AzeMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2011-ci il və xx.xx.2017-ci il təvəllüdlü iki övladı var, həmçinin o, İİ dərəcəli əlildir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün həmin Məcəllənin 177, 180, 181-ci maddələri ilə, habelə 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur (17-ci bənd); şəxs tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq Məcəllənin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud Cinayət Məcəlləsinin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayələrin “təkrarlığı” əlaməti ilə tövsif edilməlidir (18-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür (20ci bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Habelə, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə örədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Eyni zamanda hüquq nəzəriyyəsinə görə Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin dispozisiyasında əks olunmuş dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama dedikdə, cinayətin göstərilən predmetlərinin onun qanuni sahiblərindən və istifadəçilərindən onların iradəsinə zidd olaraq qanunsuz götürülməsi başa düşülür. Talama müxtəlif üsullarla: açıq və ya gizli, aldatmaqla, etibardan sui-istifadə etməklə və s. kimi üsullarla həyata keçirilə bilər. Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs 28 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Bakı-Şamaxı-Yevlax yolunun 119-cu kilometrliyində yerləşən X4 Mərkəzinə daxil olub binanın ikinci mərtəbəsində aptek müdiri işləyən Zərərçəkmiş şəxs1 iş otağına qanunsuz daxil olaraq dolabda olan və sonuncuya məxsus əl çantasından içərisində 124 manat nağd pul olan 50 manat dəyərində pul kisəsini gizli olaraq talamışdır. Həmçinin o, həmin günü saat 12:40 radələrində Şamaxı şəhəri, X6 küçəsində yerləşən "xxxx" ASC-nin X2 inzibati binasına daxil olaraq texniki operator işləyən Zərərçəkmiş şəxs2 iş otağından ona məxsus pul kisəsini gizli olaraq taladıqdan sonra onun içərisində olan 706 manat nağd pulun götürülməsi ilə kifayətlənməmiş, orada olan və sonuncuya aid şəxsiyyət vəsiqəsini talamaqla özündə saxlamış və daha sonra bu vəsiqədən istifadə edərək onun üzərində olan doğum ilini identifikasiya nömrəsi (pin kod) kimi bankomata daxil edərək Zərərçəkmiş şəxs2 bank kartının hesabından 280 manat məbləğində pulu çıxarmışdır. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən təkrarən binaya qanunsuz daxil olmaqla və elektron məlumat daşıyıcılarından istifadə etməklə zərər çəkmiş şəxslərin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, habelə vətəndaşın şəxsiyyət vəsiqəsini talaması tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu hərəkətləri ilə də o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının, özünün də əlil olmasını, habelə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qız ilə barışıq əldə olunmasını Cinayət Məcəlləsinin 59.1 və 59.2-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi anoloji az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırkı az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Göründüyü kimi, cinayətlərin residivinə görə Cinayət Məcəlləsində göstərilən əsaslarla və hədlərdə daha sərt cəzanın tətbiq edilməsi nəzərdə tutulmuşdur. Belə ki, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən əvvəllər də azadlıqdan məhrum etmə cəzalarına məhkum olunub bundan nəticə çıxarmayaraq yenidən qəsdən belə cinayətlərin törətməsini, məhkumluğunun ödənilməməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzaların islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.3-1 və 326.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinə görə cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir (66.1ci maddə); cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz (66.2-ci maddə). Qeyd olunanlarla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin olunmalı və təyin olunacaq cəzalar qismən toplanmaqla onun üzərində qəti cəza saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmü ilə məhkum olunsa da, onun hazırkı iş üzrə törətdiyi cinayət əməlləri həmin hökmdən əvvəl törədilmişdir. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş cəza hazırkı hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmaqla üzərində qəti cəza saxlanılmalı və onun hazırda ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs cəzasının əvvəli 29 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cüvmaddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.3-1 maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə, həmin Məcəllənin 326.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılsın və onun üzərində qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 29 iyul 2022-ci il tarixdən hesablansın və onun hazırda azadlıqdan məhrum etmə cəzasının çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar