Məhkəmə qərarları › İş №1(006)-796/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-796/2025

27.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-796/2025 27.02.2026 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 may 2025ci il tarixdə saat 17:38-də ünvan 3 ünvanında yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Wiwu” elektronika mağazasına müştəri qismində daxil olub ətrafda olan şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra satış üçün vitrinə qoyulmuş zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 250 manat dəyərində 01 ədəd “Wiwu” markalı, “Smart Watch EW01 Ultra” modelli elektron qol saatını, 185 manat dəyərində 01 ədəd “Wiwu” markalı, “Airpods 0100” modelli qulaqlığı və 110 manat dəyərində 01 ədəd “Wiwu” markalı, “Mag Wallet MW001” modelli kart qabını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb Zərərçəkmiş şəxs ümumilikdə 545 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 20 may 2025-ci il tarixdə saat 20:05-də "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 117 ünvanında yerləşən “Crescent Mail” ticarət mərkəzində fəaliyyət göstərən mağazasına müştəri qismində daxil olub ətrafda olan şəxslərin onu görmədiyinə tam əmin olduqdan sonra satış üçün vitrinə qoyulmuş zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1299 manat 99 qəpik dəyərində 01 ədəd "xxxx" markalı qol saatını gizli olaraq talamaqla hadisə yerindən uzaqlaşıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 18 may 2025-ci il tarixdə saat 17:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu 28 may küçəsində yerləşən “Wiwu” mağazasına getmişdir. Bir qədər məhsullara baxdıqdan sonra satıcıların və ətrafda olan digər şəxslərin ona fikir vermədiklərini gördükdən sonra əvvəlcə bir ədəd elektron qol saatını götürüb cibinə qoymuşdur. Daha sonra isə 01 ədəd qara rəngli qulaqcığı və bir qədər sonra da 01 ədəd kart qabını götürüb cibinə qoymuşdur. Daha sonra ətrafdakı şəxslərin əşyaları götürdüyünü görmədiklərinə tam əmin olduqdan sonra mağazanı tərk edərək yaşadığı evə getmişdir. Oğurladığı əşyaları da evə qoymuşdur. Sonra isə polis əməkdaşları yaşadığı evə gəlmiş və oğurluq hadisəsində şübhəli olduğunu bildirərək onu 22-ci Polis şöbəsinə dəvət etmişdirlər. O da elə orada könüllü olaraq törətdiyi oğurluğu etiraf etmiş və oğurladığı əşyaları da götürərək polis əməkdaşları ilə birlikdə 22-ci Polis şöbəsinə getmişdir. 22-ci Polis şöbəsində də könüllü olaraq oğurladığı əşyaları təqdim etmişdir. Bundan başqa 20 may 2025-ci il tarixdə saat 19:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu Neftçilər prospektində yerləşən “Cresent Mail” ticarət mərkəzinə getmişdir. Bir qədər ticarət mərkəzində gəzdikdən sonra saat təxminən 19:50 radələrində orada olan Baku Elektroniks mağazasına daxil olmuşdur. Bir qədər məhsullara baxdıqdan sonra satıcıların və ətrafda olan digər şəxslərin ona fikir vermədiklərini gördükdən sonra vitrində olan bir ədəd Apple markalı qol saatını götürərək cibinə qoymuşdur. Daha sonra ətrafdakı şəxslərin qol saatını götürdüyünü görmədiklərinə tam əmin olduqdan sonra mağazanı tərk edərək yaşadığı evə getmişdir. Oğurladığı qol saatını təxminən 10 gündən sonra pula ehtiyacı olduğundan Elmlər Akademiyası metrostansiyası yaxınlığında yerini unutduğu elektronika mağazasına 400 manat müqabilində satmışdır. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən və ya polis şöbəsində ona qarşı qanunsuz hərəkət edilməmişdir, oğurluq hadisələrini törətdikdə onu heç kim görməmişdir, ətrafda şəxslər olsa da ona heç kim baxmadığına əmin olmuşdur, istintaq edilməmiş başqa hər hansı cinayət törətməmişdir, oğurluq cinayətini törətməyi barədə ailə üzvlərinin və ya başqa hər hansı şəxsin məlumatı olmamışdır, 20 may 2025-ci il tarixdə Baku Elektroniks mağazasından oğurladığı qol saatını Elmlər Akademiyası metrostansiyası yaxınlığında yerləşən mağazada satdığı şəxsin həmin qol saatının oğurluq olmasını bilməmişdir, o qol saatının özünə məxsus olduğunu bildirmişdir, həmin mağazanın yerini unutmuşdur, oğurluq hadisələrini törətdikdə ona heç kim köməklik göstərməmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəyən ziyanı qismən ödədiyini bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən “Wiwu” adlı elektronika mağazasını icarə əsasında işlətməklə fərdi sahibkardır. Qeyd etdiyi mağazanı icarəyə götürsə də içərisindəki məhsulların hamısı özünə məxsusdur. Həmin mağazada 3 nəfər satıcı var və növbəli şəkildə işləyirlər. Həmin mağazanın gündəlik iş fəaliyyəti saat 10:00-dan 20:00-dək olur. 18 may 2025-ci il tarixdə qeyd etdiyi mağazada o özü olmasa da satıcılardan Laman və Nərmin adlı şəxslər olmuşdurlar. Həmin tarixdə saat 18 radələrlndə satıcılardan Ləman ona məlumat vermişdir ki. mağazadan bəzi məhsullar oğurlanmışdır. O da Ləmana DİN-in 102 xidmətinə məlumat verməsini bildirmiş və Ləman da DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. O özü de sonradan mağazaya getmiş və videogörüntülərə baxdıqda bir nəfər şəxsin mağazaya müştəri qismində gələrək vitrindən 01 ədəd elektron saat, 01 ədəd qulaqcıq və 01 ədəd kart qabını oğurladığını müəyyən etmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi baş verdikdə Şahid1 dərhal ona zəng edərək bu barədə bildirdikdə, o da Ləmana dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat verməsini söyləmişdir, Şahid1 hansı əşyaların oğurlanmasını dəqiqləşdirməyə macal tapmamış dərhal DİN-in 102 xidmətinə məlumat vermişdir, lakin o mağazaya gedib videogörüntülərə baxdıqda əlavə olaraq 01 ədəd kart qabının da oğurlandığını müəyyən etmişdir, bu səbəbə görə Ləmanın DİN-in 102 xidmətinə etdiyi müraciətdə kart qabı göstərilməmişdir, oğurlanmış əşyaların hər üçü də 'Wiwu” markasına məxsusdur, elektron qol saatı “Smart Watch EW01 Ultra” modellidir, qulaqcıq "Airpods 0100” modellidir və kart qabı isə “Mag Wallet MW001" modellidir, oğurluq hadisəsi nəticəsində qol saatının maddi dəyəri 250 manat, qulaqcıqın maddi dəyəri 185 manat və pul qabının maddi dəyəri 110 manat olduğundan ona ümumilikdə 545 manat maddi ziyan dəymişdir, Şahid1 DİN-in 102 xidmətinə zəng edərək məlumat verdikdə oğurlanmış əşyaların sayını və qiymətini tam olaraq dəqiqləşdirməyə macal tapmamışdır, bu səbəblə Ləmanın DİN-in 102 xidmətinə etdiyi müraciətdə oğurlanmış əşyaların sayı və maddi dəyəri düzgün göstərilməmişdir, onun ifadəsində göstərdiyi say və maddi dəyər düzgündür, ilkin müraciətinizdə ümumilikdə 540 manat maddi ziyan dəydiyini bildirsə də, oğurlanmış əşyaların ayrı-ayrı qiymətlərini dəqiq bildirmişdir, sadəcə olaraq ümumi maddi ziyan üçün həmin qiymətləri topladıqda yanlış hesablama olmuşdur, qeyd olunan oğurluq hadisəsi zamanı hadisəni görən olmamışdır, satıcılar da sonradan əşyaların olmadığını görüb oğurlandığını bilmişdirlər və videogörüntüyə baxdıqda bir nəfər müştərinin həmin əşyaları oğurlandıqları müəyyən edilmişdir, oğurluq hadisəsini törədən şəxs həmin vaxt mağazanın iş vaxtı olduğundan müştəri qismində daxil olmuşdur. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə teleqram vurmuşdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində bildirmişdir ki, təxminən 7 ildir ki, “Baku Electronics" MMC-də hüquqşünas vəzifəsində işləyir. 20 may 2025-ci il tarixdə saat 19:55 radələrində ünvan 4 ünvanda yerləşən “Crescent Mail” ticarət mərkəzində yerləşən "xxxx" MMC-nin filial mağazasında oğurluq hadisəsi baş vermişdir. Belə ki, videogörüntülərə baxdıqda həmin mağazaya 1 nəfər naməlum şəxsin müştəri qismində daxil olaraq bir müddət vitrində quraşdırılmış qol saatlarına baxdıqdan sonra vitrində olan 01 ədəd dəyəri 1299,99 manat təşkil edən "xxxx" markalı qol saatının oğurlandığını görmüşdür. Bu barədə MMC-nin rəhbərliyinə məlumat verdikdə rəhbərlik də ərizə ilə Nəsimi Rayon Polis İdarəsinə müraciət etmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, qeyd olunan oğurluq nəticəsində mağazadan 01 ədəd “Apple" markalı, “MWWR3Q1/A" model qol saatı oğurlanmışdır, qeyd olunan qol saatının maddi dəyəri 1299,99 (min iki yüz doxsan doqquz manat doxsan doqquz qəpik) manat təşkil etdiyindən MMC-yə həmin məbləğdə maddi ziyan dəymişdir, oğurluq hadisəsinin şahidi olmamışdır, qol saatı oğurlandıqdan təxminən 1 gün sonra hadisəni mağazanın işçiləri müəyyən etmişdirlər, qeyd olunan mağazada Şahid4, Şahid3 və digər işçilər olmuşdur. Sonda zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə hazırda təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın qismən ödənildiyini və ona qarşı şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 3 ünvanında yerləşən “Wiwu” i elektronika mağazasında satıcı işləyir. “Wiwu” elektronika mağazasını icarə əsasında Zərərçəkmiş şəxs İşlədir və içərisində satışda olan məhsullar Zərərçəkmiş şəxs məxsusdur. Həmin mağazanın gündəlik İş fəaliyyəti saat 10:00-dan 20:00-dek olur, 18 may 2025-ci il tarixdə olan oğurluq hadisəsində mağazada o və diger satıcı Nərmin olmuşdur. 18 may 2025-ci il tarixdə saat təxminən 18 radələrində mağazada olarkən 01 ədəd elektron saat və 01 ədəd elekton qulaqcığın olmadığını müəyyən etmişdir. Bundan sonra kamera görüntülərinə baxdıqda həmin əşyaların oğurlandığını müəyyən etmiş və mağazanın icarədarı Rasim Bllalovla danışdıqdan sonra dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs mağazaya gəldikdə 01 ədəd elektron saat və 01 ədəd elektron qulaqcıqdan əlavə 01 ədəd kart qabının da oğurlandığını müəyyən etmişdir. Həmçinin, o verilən suallara cavab olaraq bildirmişdir ki, oğurluq hadisəsi 18 may 2025-ci il tarixdə saat 17:38 radələrlndə baş ünvan 3 ünvanında yerləşən “Wiwu” elektronika mağazasında baş vermişdir, mağazanın kameraları real vaxtdan 4 saat irəlidir, bu səbəblə hadisə 17:38-də baş versə də, kameralarda 21:38 kimi görünür, oğurluq hadisəsi baş verdikdə o Zərərçəkmiş şəxs zəng edərək bu barədə bildirdikdə, Zərərçəkmiş şəxs dərhal DİN-in 102 xidmətinə zəng edərək məlumat verməyini ona söyləmiş, o da ilkin olaraq hansı əşyaların oğurlanmasını dəqiqləşdirməyə macal tapmamış dərhal DİN- in 102 xidmətinə məlumat vermişdir, lakin Zərərçəkmiş şəxs mağazaya gəlib videogörüntülərə bir daha baxdıqdan sonra əlavə olaraq 01 ədəd kart qabının da oğurlandığını müəyyən etmişdir, oğurlanmış əşyaların hər üçü “Wiwu" markasına məxsusdur, elektron qol saatı “Smart Watch EW01 Ultra” modelli, qulaqcıq “Airpods 0100” modelli və kart qabı isə “Mag Wallet MW001” modellidir, qol saatının maddi dəyəri 250 manat, qulaqcığın maddi dəyəri 185 manat və pul qabının maddi dəyəri 110 manat olmuşdur, oğurluq hadisəsi olduqdan sonra Zərərçəkmiş şəxs zəng edərək məlumat verdikdə, əvvəlcə kamera görüntülərinə baxmışdır, daha sonra isə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir, həmin vaxt oğurlanmış əşyaların sayını və qiymətini tam olaraq dəqiqləşdirməyə macal tapmamışdır, bu səbəblə ilkin müraciətində oğurlanmış əşyaların sayını və maddi dəyərini dəqiq deyə bilməmişdir, həmin əşyaların maddi dəyəri və sayı ilkin müraciətindəki kimi deyil, ifadəsində bildirdiyi kimidir, oğurluq hadisəsi zamanı hadisəni görən olmamışdır, o və digər satıcı Nərmin sonradan əşyaların olmadığını görüb oğurlandığını müəyyən etmişdirlər, oğurluq hadisəsini törədən şəxs həmin vaxt mağazanın iş vaxtı olduğundan müştəri qismində daxil olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2, Şahid4 və Şahid3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid2, Şahid4 və Şahid3 ifadələri ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 12-14-cü vərəqlərində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin “Crescent Mall” ticarət mərkəzində yerləşən filial mağazasında oğurluq hadisəsinin baş verdiyi ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 117 ünvanında yerləşən “Crescent Mail" ticarət mərkəzindəki filial mağazası olması müəyyən edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin “Fləş yaddaş kartına baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı aşağıdakılar müəyyən edilmişdir: 01 ədəd fləş yaddaş kartının içərisində 01 ədəd videogörüntü vardır. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin filial mağazasında 20 may 2025-ci il tarixdə saat 19:55-dən saat 20:09-dək hərəkətləri görünür. Belə ki, Təqsirləndirilən şəxs 20 may 2025ci il tarixdə saat 20:05- də vitrində olan elektronika məhsullarına bir müddət müştəri kimi baxaraq məhsullardan birini talaması və daha sonra mağazanı tərk etməsi görünür. Baxışda iştirak edən zərərçəkmiş hüquqi şəxsin müvəkkil edilmiş nümayəndəsi Nümayəndə bildirdi ki, həmin mağaza hüquqşünas işlətdiyi "xxxx" MMC-nin ünvan 4 ünvanda yerləşən “Crescent Mall” ticarət mərkəzindəki filial mağazasıdır, həmin vaxt mağazadan 01 ədəd "xxxx" markalı elektron qol saatı oğurlanmışdır. Cinayət işinin 41-ci vərəqində olan "xxxx" MMC-nin 818/25 nömrəli arayışından görünür ki, oğurlandığı qeyd edilən “Apple MWWR3Qİ/A” markalı qol saatının oğurlandığı an üçün (xx.xx.2025) pərakəndə satış qiyməti 1299.99 AZN təşkil etmişdir. Cinayət işinin 42-ci vərəqində olan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi, cinayət işinin sonuncu nömrə altında davam etdirilməsi və ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin 50-52-ci vərəqlərində olan “Baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi "Wivu” elektronika mağazasında oğurluq hadisəsinin baş verdiyi ünvana baxış keçirilmiş, baxış zamanı hadisə yerinin ünvan 3 ünvanı olması müəyyən edilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək, eləcə də, videogörüntüləri özündə əks etdirən 01 ədəd CD disk protokola əlavə edilərək götürülmüşdür. Cinayət işinin 65-ci vərəqində olan “Təqdim edilmiş maddi sübut əhəmiyyəti kəsb edə biləcək əşyanın götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd “Watch EW01 Ultra” model qol saatı, 01 ədəd Airpods Livo0100” model qulaqcıq, 01 ədəd “MagWallet” model kart qabı götürülmüşdür. Cinayət işinin 83-84-cü vərəqlərində olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21:00-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 109-cu vərəqində olan “Əşyaya baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalara baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, 01 ədəd “Smart Watch EW01 Ultra” modelli elektron qol saatı, 01 ədəd “Airpods 0100” modelli elektron qulaqcıq və 01 ədəd “Mag Wallet MW001” modelli kart qabı mağazadan oğurlanan əşyalardır. Cinayət işinin 111-ci vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskin içərisində 09 ədəd videogörüntü vardır. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs “Wiwu” adlı elektronika mağazasında hərəkətləri görünür. Belə ki, Təqsirləndirilən şəxs 18 may 2025ci il tarixdə saat 17:38-də mağazada vitrində olan elektronika məhsullarına bir müddət müştəri kimi baxaraq bir neçə məhsulu gizli şəkildə cibinə qoyaraq talaması və daha sonra mağazanı tərk etməsi görünür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, həmin mağaza icarə əsasında işlətdiyi ünvan 3 ünvanında yerləşən “Wiwu” adlı elektronika mağazasıdır, həmin vaxt mağazadan “Wiwu” markasına məxsus, 01 ədəd elektron “Smart Watch EW01 Ultra” modelli qol saatı, 01 ədəd “Airpods 0100” modelli qulaqcıq və 01 ədəd “Mag Wallet MW001” modelli kart qabı oğurlanmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs mağazadan məhsulları oğurlayan şəxsin özü olduğunu təsdiq edərək həmin vaxt mağazadan 01 ədəd elektron qol saatı, 01 ədəd qulaqcıq və 01 ədəd kart qabı oğurladığını bildirmişdir. Cinayət işinin 112-ci vərəqində olan “WİWU” rəsmi diller tərəfindən verilmiş arayışdan görünür ki, oğurlanan məhsulların dəyəri ümumilikdə 545 AZN təşkil edir. Cinayət işinin 126-cı vərəqində olan “CD diskə baxış keçirilməsi haqqında” 26 may 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD diskin içərisində 09 ədəd videogörüntü vardır. Həmin videogörüntülərdə Təqsirləndirilən şəxs “Wiwu” adlı elektronika mağazasında hərəkətləri görünür. Belə ki, Təqsirləndirilən şəxs 18 may 2025-ci il tarixdə saat 17:38-də mağazada vitrində olan elektronika məhsullarına bir müddət müştəri kimi baxaraq bir neçə məhsulu gizli şəkildə cibinə qoyaraq talaması və daha sonra mağazanı tərk etməsi görünür. Cinayət işinin 127-128-ci vərəqlərində olan “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 26 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin seçilməsi və saxlanıldığı Nəsimi RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 146-147-ci vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 148-ci vərəqində olan Bakı şəhəri Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 51-4/2-10948/25 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:00-da ünvan 5 ünvanının qarşısında saxlanılaraq 22ci PŞ-yə gətirilmiş və protokol tərtib edilərək MSY-nə təhvil verilmişdir. Cinayət işinin 153-cü vərəqində olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs "xxxx" mağazasından oğurlanmış qol saatının qarşılığında dəymiş ziyanın 1200 manatını zərərçəkmiş şəxsə təqdim etmişdir. Cinayət işinin 154-cü vərəqində olan “Fləş yaddaş kartına baxış keçirilməsi haqqında” 16 oktyabr 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd fləş yaddaş kartının içərisində 01 ədəd videogörüntü vardır. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs "xxxx" MMC-nin filial mağazasında 20 may 2025-ci il tarixdə saat 19:55-dən saat 20:09-dək hərəkətləri görünür. Belə ki, Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 20:05-də vitrində olan elektronika məhsullarına bir müddət müştəri kimi baxaraq məhsullardan birini talaması və daha sonra mağazanı tərk etməsi görünür. Cinayət işinin 169-170-ci vərəqlərində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 182-193-cü vərəqlərində olan “Sübutların qiymətləndirilməsi haqqında” 03 dekabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd “Wiwu” markalı, “Smart Watch EW01 Ultra” modelli elektron qol saatı, 01 ədəd “WiWu” markalı, “Airpods 0100” modelli qulaqcıq və 01 ədəd “WiWu” markalı, “Mag Wallet MW001” modelli kart qabı, oğurluq hadisələrinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk və 01 ədəd fləş yaddaş kartının maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2026-ci il tarixdə vurulmuş teleqramdan görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs X1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş ziyan tam ödənilmiş, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə xx.xx.2026-cı il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam olaraq ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun qismən etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin Qərarda həmçinin göstərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, iş üzrə zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənildiyini və sonuncuların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd “Wiwu” markalı, “Smart Watch EW01 Ultra” modelli elektron qol saatı, 01 ədəd “WiWu” markalı, “Airpods 0100” modelli qulaqcıq və 01 ədəd “WiWu” markalı, “Mag Wallet MW001” modelli kart qabı, oğurluq hadisələrinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk və 01 ədəd fləş yaddaş kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Universal” Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli 141 nömrəli Qərarına əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 4 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə (08 gün) çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və kütləvi tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş 01 ədəd “Wiwu” markalı, “Smart Watch EW01 Ultra” modelli elektron qol saatı, 01 ədəd “WiWu” markalı, “Airpods 0100” modelli qulaqcıq və 01 ədəd “WiWu” markalı, “Mag Wallet MW001” modelli kart qabı, oğurluq hadisələrinin videogörüntülərini özündə əks etdirən 01 ədəd CD disk və 01 ədəd fləş yaddaş kartı cinayət işinin materiallarında saxlanılsın. “Universal” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Universal” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar