Məhkəmə qərarları › İş №1(006)-80/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-80/2022

21.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-80/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Masallı rayonu, Masallı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Masallı Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(050)-102/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məhkəmənin 29 dekabr 2021-ci il tarixli, 7(050)-70/2021 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmış və barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12.10.2021-ci il tarixdə Nəsimi rayonu “Papanin" adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən 20 manat pul müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz vəkisi 0,985 qram olan narkotik vasitə heroiııi əldə edib özündə saxlamaqla daşımış, 12.10.2021-ci il tarixdə saat 23:15-də Nəsimi RPİ-nin 20-ci PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Nəsimi rayonu, 3-cü mikrorayon bazarında fəaliyyət göstərən hostelin qarşısında saxlanılaraq Nəsimi RPİ-nin 20-ci PB-nə gətirilmiş və polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən həmin narkotik vasitə heroin 1 bükümdə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12.10.2021-ci il tarixdə axşam saatlarında Nəsimi rayonu "Papanin" adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün el arasında "kakos" deyilən narkotik vasitəni almış və kirayə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Mikrorayon bazarının yanında fəaliyyət göstərən hostelə gələrkən hostelin qarşısında 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını və ona oğurluq etməkdə şübhəli olduğunu bildirmişlər. O, isə Masallı Rayon Məhkəməsinin hökmiinə əsasən ona azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyini demişdir. Bundan başqa heç bir oğurluq cinayətini törətmədiyini qeyd etmişdir. Bundan sonra o, könüllü şəkildə üzərində narkotik vasitə olmasını polis əməkdaşlarını bildirmişdir. Polis əməkdaşları onu Nəsimi RPİ-nin 20-ci PB-nə dəvət etmiş o, isə etiraz etmədən onlarla bölməyə getmişdir. Polis bölməsində olduğu zaman xidməti otaqların birində ona hüquq və vəzifələri izah edilmişdir. Polis bölməsində üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilən zaman o, əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən el arasında ‘'kakos" deyilən narkotik vasitə çıxararaq masanın üzərinə qoymuş və həmin narkotik vasitəni həmin tarixdə “Papanin" adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 20 manata aldığını bildirmişdir. Sonra isə üzərində axtarış aparılmağa başlanmış, lakin başqa hər hansı bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlə möhürlənmişdir və iştirakçılar tərəfindən protokollar imzalanmışdır. Özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 12.10.2021-ci il tarixdə saat 23:15-də onunla birlikdə oğurluq cinayətləri ilə bağlı xidmət aparan Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü MKR bazarında fəaliyyət göstərən hostelin qarşısından keçərkən bir nəfər tanımadıqları şəxsin davranışları diqqətlərini cəlb etmişdir. Bu səbəbdən onlar həmin şəxsə yaxınlaşaraq kimliyini maraqlandıqları zaman Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı sonuncu cinayət əməlini törətdiyinə görə ona Masallı Rayon Məhkəməsinin hökmünə əsasən azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyini, qeyd eldiyi cinayətdən başqa heç bir oğurluq cinayətini törətmədiyini bildirmişdir. Həmçinin narkotik vasitələrin aludəçisi olduğunu və üzərində şəxsi istifadəsi üçün narkotik maddə gəzdirdiyini bildirmişdir. Bu vaxt onlar Təqsirləndirilən şəxs bölməyə dəvət etmiş və ora getmişlər. Bölmənin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl sonuncuya Azərbaycan Respublikası CPM-ııin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman sonuncu əynindəki mavi rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin büküm açılıb içərisinə baxıldıqda, spesifik iyə malik qəhvəyi rəngli maddə olduğu məlum olmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olması sual edildikdə sonuncu həmin maddənin “kakos" adlanan narkotik maddə olduğunu, həmin maddədən istifadə etdiyini, həmçinin həmin maddəni 12.10.2021-ci il tarixdə "Papanin” adlnan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 20 manat pul müqabilində aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi, içərisində “kakos” adlanan 01 ədəd bükülü maddə zərfə qoyularaq qablaşdırılmış, 188 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iştirak etməyən və məhkəməyədək istintaq dövründə şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 20-ci PB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsi elan olunmaqla tədqiqi edildi və müəyyən edildi ki, o, da məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 20-21-ci vərəqələrində olan 13 oktyabr 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 99-103-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 oktyabr 2021-ci il tarixdən hesablanmaqla barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 181-182-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 53-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 oktyabr 2021-ci il il tarixli, 6/4551 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki bir ədəd kağız bükümdə təmiz çəkisi 0,985 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə horoindir. Heroinin təmiz çəkisi – 0,985 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq 0,935 qram. Cinayət işinin 54-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 144-149-cu vərəqələrində olan 23 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,935 qram çəkidə narkotik vasitə heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 10 noyabr 2021-ci il tarixli, 4398 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 115-116-cı vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 noyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(050)-102/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin 118-132-ci vərəqələrində olan hökmnən görünür ki, Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(050)-102/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 29 dekabr 2021-cu il tarixli, 7(050)-70/2021 saylı qərarından görünür ki, “8 noyabr – Zəfər günü münasibəti ilə aministiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 5-ci bənbdi tədbiq edilməklə Təqsirləndirilən şəxs Masallı Rayon Məhkəməsinin 13 avqust 2020-ci il tarixli, 1(050)-102/2020 saylı hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək üzərində qəti olaraq saxlanılmış 02 (iki) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 (bir) il azaldılmışdır. Cinayət işinə əlavə edilmiş Masallı Rayon Məhkəməsinin 29 dekabr 2021-cu il tarixli, 7(050)-70/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 oktyabr 2021-ci il tarixdən cəzanı icra edən Masallı rayon icra və Probasiya şöbəsində qeydiyyata alınmışdır. Cinayət işinin materiallarında olan DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 13 oktyabr 2021-ci il tarixdə saat 01:05-dən 02:40-dək qeydə alınmışdır. Nəsimi RPİ-nin 20-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı X3 özünü təqdim edir, bundan sonra həmin bölmənin əməliyyat müvəkkilləri Şahid1 və Şahid2, mütəxəssis qismində dəvət edilmiş Həsənli hasil Nəsir oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Sonra Təqsirləndirilən şəxs özünü təqdim etməsi təklif edilir və o, özünü təqdim edir. Təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində hər hansı bir daşınması, gəzdirilməsi qadağan olunmuş əşya və ya predmetin olub-olmamasını soruşur, əgər varsa təqdim olunmasını təklif edir. Bundan sonra, Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən el arasında ‘'kakos" deyilən narkotik vasitə çıxararaq masanın üzərinə qoyur. Həmin büküm açılır və içərisində qəhvəyi rəngli bitkinin narkotik maddə hesab olunan heroinə oxşar olması video görüntü zamanı qeydə alınır. Həmin əşyanın nədən ibarət olması barədə təhqiqatçı Təqsirləndirilən şəxs soruşduqda, sonuncu həmin maddənin narkotik maddə heroin olmasını və həmin maddəni “Papanin" adlanan ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün ümumilikdə 20 manata aldığını bildirir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdəki görüntülərlə və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlini səmimi etiraf etməsini, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əvvəlki cinayət əməlinə görə onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza tətbiq edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən, residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla, məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi sonuncunun barəsində Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə hesab edir ki, hazırki hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası Masallı Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 7(050)-70/2021 saylı qərarı ilə sonuncunun üzərində saxlanılmış və çəkilməmiş 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınmaqla, ona qəti cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 12 oktyabr 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 10 noyabr 2021-ci il tarixli, 4398 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,935 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 və “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili E.Q.Ağayevə məhkəməyədək istintaq dövründə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına və “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzası Masallı Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 7(050)-70/2021 saylı qərarı ilə saxlanılmış və çəkilməmiş 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirmək yolu ilə və həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən çəkilməmiş 05 (beş) ay 19 (on doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) günü 01 (bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutularaq 02 (iki) ay 24 (iyirmi dörd) gün müddət nəzərə alınmaqla, ona qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 12 oktyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,935 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB**********1100204111 bankın kodu 200112, VÖEN – 1********) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun Bakı şəhəri, Azərbaycan Beynəlxalq Bankının Səbail filialındakı hesablaşma hesabına (hesab. AZ55İBAZ********************) (bank kodu – 805056, VÖEN **********, müxbir hesab AZ03NABZ013501**********1944) köçürülsün. İş mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar