Məhkəmə qərarları › İş №1(006)-80/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-80/2024

09.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-80/2024 09.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “PRO BONO” Vəkil Bürosunun vəkili X3 qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək 18 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Nəsimi rayonu, A.Puşkin küçəsindəki «28 may» metrostansiyasının qarşısında sonuncuya məxsus dəyəri 900 manat təşkil edən «İphone 11 pro max» markalı, 64 GB yaddaşlı, **********73212 İMEİ kodlu mobil telefon aparatını üzərində pul ödəmək şərti ilə «İphone 14 pro» markalı mobil telefon aparatı ilə dəyişdirəcəyinə vəd verib aldadaraq telefonu ələ keçirmiş, həmin vədə əməl etməyərək qeyd olunan mobil telefonu satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4-cü maddələri ilə təqsirli bilindiyi üçün barəsində 3 (üç) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hal-hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İxtisaslaşdırılmış Müalicə Müəssəsində cəza çəkir. Əvvəllər telefon alqı-salqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs «Gossip» restoranından tanımışdır. Günlərin birində Şükür ilə söhbət edərkən üzərərində müəyyən qədər vəsait ödəmək şərti ilə özünə məxsus «lphone 11 pro max» markalı, 64 GB yaddaşlı mobil telefon aparatını «lphone 14 pro» markalı mobil telefon aparalı ilə dəyişdirmək istədiyini bildirmişdir. 18 dekabr 2022-ci il tarixdə Şükürlə Bakı şəhəri, Nəsimi rayonu «28 May» metrostansiyasının yanında görüşmüşlər. Şükür özünə məxsus «lphone 11 pro max» markalı, 64 GB yaddaşlı mobil telefon aparatını ona vermişdir. Şükürə bir həftə ərzində «lphone 14 pro» markalı mobil telefon aparatı gətirəcəyinə söz vermişdir. Şükürdən ayrıldıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41C ünvanında yerləşən «Bakcell» telefon mağazasına getmiş və telefonun özünə məxsus olduğunu bildirərək həmin telefonu mağazada işləyən şəxsə 700 (yeddi yüz) manata satmışdır. Telefon alan şəxs ondan şəxsiyyət vəsiqəsini istəmiş, vəsiqənin surətində satdığı telefonun markasını, İMEİ kodunu və öz telefon nömrəsini yazıb imza etmiş, əldə etdiyi pulları isə şəxsi ehtiyaclarına uyğun xərcləmişdir. Həmin vaxt pula ehtiyacı olduğundan niyyəti Şükürün mobil telefonunu ələ keçirib sataraq pul əldə etmək olmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslərlə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini nəzərə alaraq cinayət məsuliyyətindən azad edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, İİ Qarabağ müharibəsi iştirak etmiş, dövlət medalları ilə təltif olunmuşdur. 2022-ci ildən «Gossip» restoranında ofisant kimi işləyir. İşlədiyi restorana müştəri kimi gəlmiş Vüsal adlı şəxslə tanış olmuşdur. Vüsal ona telefon alqı-satqısı ilə məşğul olduğunu bildirmişdir. Vüsalla söhbət edərkən üzərində pul ödəmək şərti ilə özünə məxsus «lphone 11 pro max» markalı 64 GB yaddaşlı mobil telefon aparatını «lphone 14 pro» markalı mobil telefonla dəyişmək istədiyini bildirmişdir. Vüsal bu işdə ona köməklik edəcəyinə söz vermiş və biz 18 dekabr 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, A.Puşkin küçəsindəki «28 May» mctrostansiyasının yanında görüşmüşlər. Özünə məxsus 2021-ci ildə 1360 manata aldığı «iphone 11 pro max» markalı. 64 GB yaddaşlı. İMEİ kodu **********7.3212 olan mobil telefon aparatını Vüsala vermişdir. Vüsal isə öz növbəsində bir həftə ərzində üzərində əlavə ödəniş etmək şərti ilə ona «lphone 14 pro» markalı mobil telefon aparatı gətirəcəyinə söz vermişdir. Lakin Vüsal ona verdiyi vədə əməl etməmiş, etibarından sui-istifadə edərək «lphone 11 pro max» markalı, mobil telefon aparatını ələ keçirərək ona maddi ziyan vurmaqla dələduzluq etmişdir. O, «lphone 11 pro max» markalı, 64 GB yaddaşlı mobil telefon aparatını 2021-ci ildə 1360 manata almış, telefonun işlənərək köhnəlməsini nəzərə alaraq ekspertizanın vermiş olduğu qiymətlə razıdır. Sonda Zərərçəkmiş şəxs hazırda təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın tamamilə ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iclasında istintaqa verdiyi ifadələri elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahidlər Şahid1 və Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 6-7-ci vərəqlərində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 mart 2023-cü il tarixli protokoldan görünür ki, X2 İdarəsinin İstintaq və Təhqiqat Bölməsinin baş təhqiqatçısı X8 hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri ünvan 4 ünvanında yerləşən “28 May” metrostansiyasının çıxış hissəsinin qarşısıdır. Cinayət işinin 14-cü vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/2766 nömrəli, 10 may 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphone 11 Pro Max” markalı 64 GB yaddaşlı mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması orta istismar müddəi və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin mart ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 800,00 manat müəyyən olunur. Cinayət işinin 50-ci vərəqində olan “Maddi sübutun könüllü təqdim edilməsi haqqında” protokoldan görünür ki, Şahid1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 41E ünvanda yerləşən mağazadan 920 manata almış olduğu Zərərçəkmiş şəxs məxsus “İphone 11 pro max” markalı, 64 GB yaddaşlı, İMEİ kodu **********732152 olan mobil telefon aparatını könüllü olaraq istintaq orqanına təqdim etmişdir. Cinayət işinin 51-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” 12 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Şahid1 protokolla götürülmüş Zərərçəkmiş şəxs məxsus “İphone 11 pro max” markalı, 64 GB yaddaşlı, **********732152 olan mobil telefon aparatının maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin 56-63-cü vərəqlərində olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(005)-346/2023 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 28 mart 2023-cü il tarixdən hesablanması hökm edilmişdir. Cinayət işinin 68-69-cu vərəqlərində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bununla belə, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə başlanmış və istintaqı aparılmış ********* nömrəli cinayət işi xx.xx.2023-cü il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. Cinayət işinin 79-cu vərəqində olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, o, özünə məxsus olan “İphone 11 pro max” markalı, 64 GB yaddaşlı, **********732152 olan mobil telefon aparatını saz vəziyyətdə təhvil almışdır. Cinayət işinin 82-ci vərəqində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/7867 nömrəli, 30 oktyabr 2023-cü il tarixli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “İphone 11 Pro Max” markalı 64 GB yaddaşlı mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması və istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən 900,0 manat müəyyən olunur. Cinayət işinin 106-cı maddəsində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 03 noyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin cəzaçəkmə müəssisəsində cəza çəkməsinin nəzərə alınması qərara alınmışdır. Cinayət işinin 116-cı vərəqində olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti 93 saylı MKİS tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 118-ci vərəqində olan 2 saylı Bakı Asan Xidmət X4 tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş, AZ-İV seriyalı 008128 nömrəli “Doğum haqqında” şəhadətnamənin surətindən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 atası Təqsirləndirilən şəxsdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona dəyən ziyan tam ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxs X7 ilə barışmışdır və ona dəyən ziyanı tam ödəmişdir, sonuncunun ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənləri nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə - min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə, həmçinin bildirir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da, onun hazırki iş üzrə cinayət əməli həmin hökm üzrə məhkumluğunun yaranmasından əvvəl törədilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işinin icraatına xitam verilməli, Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan – “İphone 11 pro max” markalı, 64 GB yaddaşlı, **********732152 olan mobil telefonun qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100,00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “PRO BONO” Vəkil Bürosunun vəkili X3 qızına dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” Vəkil Bürosunun vəkili X3 qızına məhkəmədə iştirak etdiyi 41 (qırx bir) iş saatına görə 246 (iki yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 344-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs hazırda cəza çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan – “İphone 11 pro max” markalı, 64 GB yaddaşlı, **********732152 olan mobil telefonun qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100,00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “PRO BONO” Vəkil Bürosunun vəkili X3 qızına məhkəmədə iştirak etdiyi 41 (qırx bir) iş saatına görə 246 (iki yüz qırx altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “PRO BONO” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilməzsə qərar qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar