Məhkəmə qərarları › İş №1(006)-81/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-81/2021

29.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-81/2021 29.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçilər: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 iştirakları ilə xx.xx.1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), evli, orta təhsilli, məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu 1, ev 23, mənzil 26-da qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə və xx.xx.1997-ci ildə Şəmkir rayonu, Muxtariyyat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Şəmkir rayonu, Muxtariyyat kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Verilmiş ittihama görə Təqsirləndirilən şəxs1 12 may 2020-ci il tarixdə, saat 13 radələrindətanışı Təqsirləndirilən şəxs2 bir qrup şəxs halında ictimai yer hesab edilən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ilə N.Qardaşları küçələrinin kəsişməsində yerləşən yeni inşa olunan binanın qarşısında Zərərçəkmiş şəxs onunla kobud danışmasım cüzi səbəb kimi bəhanə gətirərək sonuncuya yaxınlaşıb nalayiq ifadələr işlətməklə ictimai qaydanı, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin mənafeylərinə toxunan hərəkətlər etməklə cəmiyyətə açıqca hörmətsizlik edib zor tətbiq edərək yumruq zərbəsi ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsindən yumruq zərbəsi və yerdən götürdüyü silah qismində istifadə etdiyi daşı burun nahiyəsinə atmaqla ona burun sümüklərinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşaiyət olunan yerdəyişmiş sınığı kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aid, Təqsirləndirilən şəxs2 isə yerdən götürdüyü silah qismində istifadə etdiyi taxta parçası ilə zor tətbiq etməklə qəsdən Zərərçəkmiş şəxs qol və ayaq nahiyələrinə zərbə vurmaqla ona hər iki saidin və sol ayaq pəncəsinin qançırı kimi, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin edilməyən bədən xəsarəti yetirməklə xuliqanlıq etmişlər. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Lakin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərində xuliqanlıq cinayətinin tərkib əlamətləri müəyyən olunmur, həmçinin Təqsirləndirilən şəxs1 hərəkətində xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığa az ağır zərər vurmanın əlaməti aşkar edilmir. İşin halları və dəlilləri: Məhkəmədə Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, qazanc əldə etmək məqsədilə etibarnamə əsasında idarə etdiyi “Mercedes Actros” markalı, **-FH-*** dövlət qeydiyyat nişanlı avtomobillə yerə vurulan daş piltələrin daşınması ilə məşğul olur. 12 may 2020-ci il tarixdə, saat 13 radələrində sifariş əsasında malları Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ilə N.Qardaşları küçəsinin kəsişməsində yerləşən yeni tikilinin qarşısına aparmışdır. Bu zaman xalası oğlu Qəfər də onun yanında olmuşdur. Onlar orada işləyən Zərərçəkmiş şəxs kömək üçün fəhlələrin olub-olmadığını maraqlanmış, sonuncu da onların bir saatdan sonra nahardan qayıdacaqlarını söyləmişdir. Onun başqa işləri olduğundan gözləməyə vaxtı olmamış və buna görə Qəfərlə birgə piltələri boşaltmaq qərarına gəlmişlər. Bu səbəbdən Rövşəndən yük qaldırıcı kranın kəmərini onlara verməsini xahiş etmiş, lakin sonuncu bundan imtina edib fəhlələrin gəlməyinin gözləməsini demişdir. O isə Qəfərlə bərabər malları boşaltmağa başlamışdır. Malları boşaldarkən Rövşən heç bir köməklik göstərmədən onları tanımadığı halda göstərişlər verməyə başlamışdır. Bu vaxtı Qəfər Rövşənə onların hər birinin fəhlə olduğunu və onun da tikintiyə “lülə qurutmağa” gəlmədiyini söyləmişdir.Buna baxmayaraq Rövşən yenə də oturub heç bir iş görmədən öz göstərişlərini verməyə davam etmiş, onlar da buna əhəmiyyət verməyib maları daşımışlar. İşlərini qurtardıqdan sonra Rövşən Qəfəri kənara çəkib onunla söhbət etmək istədiyini bildirmişdir. O, Rövşəndən məsələnin nə olduğunu soruşanda sonuncu ondan avtomobilə əyləşib çölə çıxmağı xahiş etmişdir. O da avtomobillə çıxdıqdan sonra Qəfər üzü şiş vəziyyətdə qaçıb ona yaxılaşaraq Rövşənin onu vurduğunu bildirmişdir. O, Rövşənə yaxınlaşıb hansı səbəbə görə Qəfəri vurduğunu soruşanda, sonuncu yanında dayandığı “VAZ 2107” markalı avtomobildən götürdüyü uzun dəmir parçası ilə onun üzərinə gəlmişdir. O da bunu görüb geri çəkilmiş, lakin Rövşən buna məhəl qoymayıb həmin alətlə onun boyun, sinə və qol nahiyələrindən vurmuşdur. Bundan sonra o, özünü qorumaq üçün yerdən kərpic daşı götürüb Rövşənə əlindəki dəmiri atmayacağı təqdirdə onu vuracağını bildirmiş və daşı onun ayaq nahiyəsinə atmışdır ki, sonuncu onun üzərinə gəlməsin. Bu zaman Qəfər taxta parçası ilə Rövşənin əlindəki dəmirə vurmuş, sonuncu da onu atıb dərhal hadisə yerindən qaçıb uzaqlaşmışdır. Rövşənin burnunda həmin an hər hansı xəsarət olmamış, sadəcə olaraq sonuncu qaçarkən iki dəfə üzü üstünə bərk yerə yıxılmışdır. Həmin vaxtı hadisə yerinə post-patrul xidmətinin əməkdaşları gəlmiş, onun başından qan gəldiyini və halsız olduğunu görüb ona tibbi yardım göstərmiş, daha sonra onları 20-ci polis bölməsinə aparmışlar. Bölmədə onun vəziyyəti yaxşı olmadığından təcili tibbi yardım çağırılmış və o, “Semaşko” adlı xəstəxanaya aparılmışdır. Aldığı xəsarətlərdən səkkiz gün xəstəxanda müalicə almışdır. Hadisənin səbəbkarı zərər çəkmiş şəxs olmuş, onun tərəfindən onun burnuna heç bir xəsarət yetirilməmiş və onlar ictimai qaydanı pozmamışlar. Həmin vaxtı ətrafda heç kim olmamış, insanlar toplaşmamışdır. Onu da qeyd edir ki, Zərərçəkmiş şəxs hadisədən sonra dərhal xəstəxanaya getməmiş, yalnız onlar ondan şikayət etdikdən və o, xəstəxanaya yerləşdirildikdən sonra onlardan şikayət etmişdir. İbtidai istintaq dövründə onlar barışmışlar və müstəntiq iş üzrə icraata xitam verildiyini deyərək ona bir neçə sənədlərə imza atdırmışdır. O da onları oxumadan qol çəkmişdir. Lakin sonradan aydın olur ki, müstəntiq onlara məlum olmayan hansısa səbəbə görə Zərərçəkmiş şəxs barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsiilə iş üzrə icraata xitam verir, onlar barəsində isə işi məhkəməyə göndərir, eyni zamanda guya üzləşdirmə zamanı Zərərçəkmiş şəxs dediklərini təsdiq edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki,xalası oğlu Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobillə daş piltələrin daşınması ilə məşğuldur. 12 may 2020-ci il tarixdə, saat 13 radələrində o, Ariflə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ilə N.Qardaşları küçələrinin kəsişməsində yerləşən yeni tikiliyə piltə aparmışlar. Tikintidə olarkən orada işləyən, adı sonradan Zərərçəkmiş şəxs kimi məlum olan şəxsdən malları boşaltmaq üçün fəhlələrin olub-olmamasını soruşmuşlar, sonuncu da fəhlələrin naharda olduqlarını və bir saatdan sonra qayıdacaqlarını söyləmişdir. Arifin də başqa işləri olduğu üçün onun vaxt az olmuş və buna görə mallarıavtomobildən özləri boşaltmaq qərarına gəlmişlər. Rövşəndən yük qaldırıcı kranın kəmərini onlara verməsini xahiş etsələr də, sonuncu bundan imtina edib fəhlələrin gəlməsinin gözləməyi bildirmişdir. Buna baxmayaraq Ariflə bərabər malları boşaltmağa başlamışdır. Onlar malları boşaldarkən Rövşən heç bir köməklik göstərmədən onları tanımadığı halda göstərişlər verməyə başlamışdır. Bu vaxtı o,Rövşənə onun da onlar kimi fəhlə olduğunu və tikintiyə “lülə qurutmağa” gəlmədiyini söyləmişdir. Bununla belə Rövşən yenə də oturub heç bir iş görmədənöz göstərişlərini verməyə davam etmiş, onlar da buna əhəmiyyət verməyibmalları daşımışlar. Ariflə o, işlərini qurtardıqdan sonra Rövşən yaxınlaşıb onunla söhbət etmək istədiyini bildirmişdir. Arif Rövşəndənməsələnin nə olduğunu soruşanda, sonuncu ondan avtomobilə əyləşib bayıra çıxmağı xahiş etmişdir. Bundan sonra Rövşən onu kənara çəkib ünvanına nalayiq ifadələr işlətməyə başlamış, yumruqla onun üz nahiyyəsindən dörd dəfə zərbə vurmuşdur. O, dərhal oradan uzaqlaşaraq Arifin yanına gəlmişdir. Arif məsələni bildikdə o, söhbəti davam etdirməyə ehtiyac olmadığını deyib ondan xahiş etmişdir ki, oradan çıxıb getsinlər. Lakin Arif avtomobildən enib Rövşənə yaxınlaşmış, o da yanlarına getmişdir. ArifRövşəndən nə üçün səbəbsiz yerə onu vurduğunu soruşanda, sonuncu yanında dayandığı “VAZ 2107” markalı avtomobilinin qapısını açıb oradan dəmir parçasını götürüb Arifin üzərinə gəlmişdir. Arif isə geriyə çəkilibondan əlindəki dəmiri yerə atmasını söyləsə də, Rövşənbuna məhəl qoymayıbonunboyun, sinə va qol nahiyələrinə vurmuşdur. Arif özünü qorumaq üçün tez yerdən kərpic daşı götürübRövşənə dəmiri əlindən atmadığı halda onu vuracağını söyləmiş və daşı onun ayaqnahiyəsinə atmışdır ki, sonuncu onun üzərinə təkrar gəlməsin.Rövşənin Arifi vurduğunu görüb əlindəki taxta parça ilə Rövşənin əlindəki dəmirə vurmuş, Arif də dərhal həmin dəmiri onun əlindən almışdır. Rövşən isə dəmiri atıb oradan qaçarkən iki dəfə üzü üstünəbərk yerə yıxılmışdır. Bu ərəfədə hadisə yerinə post-patrul xidmətinin əməkdaşları yaxınlaşmış, ona və xüsusilə Arifə tibbi yardım göstərmiş və daha sonra onları polis bölməsinə aparmışlar. Bölməyə aparıldıqdan sonra Arifin vəziyyəti yaxşı olmadığından təcili tibbi yardım çağırılaraq onu xəstəxanaya aparmışlar. Onlar heç bir xuliqanlıq etməmiş, ictimai qaydanı pozmamışlar. Hadisə olan vaxtı da ətrafda heç kim olmamışdır. İbtidai sitintaq zamanı onunla zərər çəkmiş şəxs arasında heç bir üzləşdirmə aparılmamış və o, onun dediyini təsdiq etməmişdir. Müstəntiq işə xitam verdiyini bildirərək ona oxumadığı sənədlərə qol çəkdirmişdir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,qazanc əldə etmək məqsədilə müxtəlif tikintilərdə yerə daş piltələrinin vurulması ilə məşğul olur. 12 may 2020-ci il tarixdə, saat 13 radələrində N.Yusifbəyli küçəsi ilə N.Qardaşları küçəsinin kəsişməsində yerləşən tikilidə işləyərkən belə piltələri gətirən, adlarını sonradan bildiyi Qəfər və Arif adlı şəxslər ona yaxınlaşıb malların boşaldılması üçün köməyə fəhlələrin olub-olmadığını soruşmuşlar. O da fəhlələrin birazdan nahardan qayıdacağını demişdir. Bu zaman həmin şəxslər bildirmişlər ki, onların gözləməyə vaxtları yoxdur. O da cavabında söyləmişdir ki, onlara köməklik edə bilər. Bundan sonra həmin şəxslər piltələri boşaltmağa başlamış, o da ilk öncə onlara köməklik etmişdir. Sonradan müdiriyyət ona zəng vurub piltələrin gətirilməsi ilə maraqlanmış və ondan qaimə-fakturaların şəklini çəkib göndərməyi xahiş etmişdir. O da həmin sənədlərin şəklini çəkərkən Qəfər uca səslə ona “biz işləyirik, sən isə lülə qurudursan”, “fəhləyə hörmət qoymursan” sözlərini demiş, o isə buna fikir verməmişdir. Lakin həmin şəxslər malı boşaldıb qurtarandan sonra o Qəfərə yaxınlaşıb hansı səbəbə görə onunla bu cür danışdığını soruşanda Qəfər onun sinəsindən itələmiş, o da eyni hərəkəti ona qarşı etmişdir. Qəfər dərhal qaçıb getmişdir. Bir neçə dəqiqə sonra Qəfər əlində taxta, Arif isə əlində daş ilə onu üzərinə gəlmişlər.Bunu görən kimi o, özünü qoruya bilmək üçün idarə etdiyi “VAZ 2107” markalı avtomobildən dəmir parçasını götürmüşdür. Arif nalayiq söyüşlərdən istifadə etməklə yumruqla onun üz nahiyəsinə, Qəfər isə əlindəki taxta ilə onun qol nahiyəsindən zərbələr vurmuşdur. Daha sonra Arif yerdən götürdüyü kərpic daşıonun üz nahiyəsinə atmışdır. O da əlindəki dəmirlə özünü qorumağa çalışmışdır. Burnundan aldığı zərbənin təsirindən kimisə vurubvurmadığı isə yadında deyil.Burnuna dəyən daş zərbəsidən sonra qan gəlməyə başlamış, ağrıları gücləndiyindən qorxudan oradan qaçaraq “Semaşko” adlı xəstəxanaya getmiş, saat 14:20 radələrində hadisə barədəpolisə məlumat verilmişdir. O, Ariflə Qəfərə qarşı heç bir söyüş işlətməmiş, heç kimi qəsdən vurmamış, yalnızca əlindəki dəmirlə özünü onlardan müdafiə etməyə çalışmışdır. Təqsirləndirilən şəxslərlə barışımış, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X6 Alayının 9-cu patrul bölüyünün polis çavuşu X4 ifadəsində göstərdi ki, iş yoldaşı Akşin Beydullayevlə birlikdə 12 may 2020-ci il tarixdə, saat 13 radələrində Nəsimi rayonunun ərazisində xidmət apararkən Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ilə N.Qardaşları küçələrinin kəsişməsində yerləşən, tikinti aparılan binanın qarşısında xidməti avtomobillə keçən zaman iki nəfər şəxsin xəsarət aldığını və üzərində qan olduğunu görüb onlara yaxınlaşmışlar. Adı sonradan ArifRzayev kimi məlum olan şəxsin baş nahiyəsindən çoxlu qan axdığı üçün ona ilkin tibbi yardım göstərmişlər. Hətta bu zaman Arif özündən gedib halsız olmuşdur. Hadisə barədə soruşanda bu şəxslər onlara bildirmişlər ki, “Vaz- 2107” markalı avtomobildə olan şəxs onlara dəmir alətlə xəsarət yetirib. Bu zaman onlar həmin avtomobilin hadisə yerindən surətlə uzaqlaşdığını görmüşlər. Bundan sonra o, tikinti gedən binanın ətrafına və daxilinə nəzəryetirmiş, lakin hadisəni görən və avtomobillə uzaqlaşan şəxsi tanıyan biləcək başqa heç kimi müəyyən edə bilməmişdir.Daha sonra onlar xəsarət alan həmin şəxsləri xidməti avtomobilə əyləşdirib 20-ci polis bölməsinə gətirmiş və çıxıb getmişlər. İş materiallarında olan:  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X7:  31.05.2020-ci il tarixli, 402 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – burun sümüklərinin qapalı kəlləbeyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan yerdəyişmiş sınığı, hər iki saidin sıyrıqları və sol ayaq pəncəsinin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir-iki gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Bakı şəhər Baş Sİ-nin KlinikiTibbi Mərkəzinə gətirildiyi (rəyin təsviri hissəsindən qeyd olunur ki, Zərərçəkmiş şəxs 12.05.2020-ci il tarixdə, saat 18:20-də təcili tibbi yardım maşını vasitəsilə klinikaya gətirilmişdir) və qərarın təsviri hissəsində göstərilən 12.05.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olansağlamlığa az ağır zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərdən burun sümüklərinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan yerdəyişmiş sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, hər iki saidin sıyrıqları və sol ayaq pəncəsinin qançırı isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiklərindən dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (İ cild, i.v.44-46);  31.05.2020-ci il tarixli, 403 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlər – başın ənsə nahiyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan səthi əzilmiş-cırılmış yarası, sol körpücükaltı nahiyənin qançırı küt əşyanın (əşyaların) təsirindən müayinədən bir-iki gün əvvəl əmələ gəlmişdirlər, onun tibbi yardım üçün Bakı şəhər Baş Sİ-nin KlinikiTibbi Mərkəzinə gətirildiyi (rəyin təsviri hissəsindən qeyd olunur ki, Təqsirləndirilən şəxs1 12.05.2020-ci il tarixdə, saat 16:35-də təcili tibbi yardım maşını vasitəsilə klinikaya gətirilmişdir) və qərarın təsviri hissəsində göstərilən 12.05.2020-ci il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Qeyd olunan xəsarətlərdən başın ənsə nahiyəsinin qapalı kəllə-beyin tarvması, baş beyin silkələnməsi ilə müşayiət olunan səthi əzilmiş-cırılmış yarası dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol körpücükaltı nahiyənin qançırı isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Təqsirləndirilən şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyildir (İ cild, i.v.48-50);  10.06.2020-ci il tarixli, 455 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilmədi (İ cild, i.v.57-58);  “DVD diskə baxış keçirilməsi haqqında” 22.06.2020-ci il tarixli protokola əsasən Daxili İşlər Nazirliyinin X1 Xidməti tərəfindən təqdim edilmiş TŞ 3-095 nömrəli kameraların 12.05.2020-ci il tarixə saat 12-14 arası olan müddətdən 20 dəqiqə ərzində olan görüntülərə baxış keçirilmişdir. Müəyyən edilir ki, texniki səbəblərdən kamerada çəkiliş aparılmamışdır (İ cild, i.v.60-61);  Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin 29.08.2020ci il tarixli, 084212019-1220 saylı məktubunda qeyd olunur ki, cinayət işi üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar 12.05.2020-ci il tarixdə, təxminən saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ilə N.Qardaşları küçələrinin kəsişməsindəbaş vermiş dava-dalaş zamanı hadisəni görə biləcək şahidləri müəyyən etmək mümkün olmamışdır (İ cild, i.v.135);  “Sübutların qiymətləndirilməsi və cinayət əməllərinin tövsif edilməsi haqqında”17.09.2020-ci il tarixli qərarla Zərərçəkmiş şəxs barəsində bəraətverici əsaslar olmadan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və şikayət olmadığından yetirilmiş digər dərəcəsi təyin olunmayan xəsarətlə bağlı inzibati məsuliyyətə cəlb olunmaması nəzərə alınmışdır (İ cild, i.v.155-164);  Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən istintaq dövründə təqdim edilmiş ərizələrə əsasən o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onların heç birinə qarşı şikayət və tələbi yoxdur (İ cild, i.v.82, 91);  Təqsirləndirilən şəxs1 tərəfindən istintaq dövründə təqdim edilmiş ərizəyə əsasən o, Zərərçəkmiş şəxs ilə barışmış, ona qarşı şikayət və tələbi yoxdur (İ cild, i.v.83);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışlarına, məhkəmə aktının surətinə və Şəmkir rayon İcra və probasiya şöbəsinin 17.09.2020-ci il tarixli, 149031/17-1 saylı məktubuna əsasən Təqsirləndirilən şəxs1 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur, Təqsirləndirilən şəxs2 isə Füzuli Hərbi Məhkəməsinin 13.04.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 333.2.3cü maddəsi ilə təqsirli bilinərək həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 300 manat cərimə cəzasına məhkum edilmiş, 23.06.2017-ci il tarixdə cəriməni ödəyərək cəzasını çəkib qurtarmışdır (İ cild, i.v.75, 93, 148- 152, 154). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Məhkəmə qeyd edir ki, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməllərin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrinin dispozisiyaları ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına müvafiq olaraq cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. İttiham aktında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silah qismində istifadə olunan əşyalardan istifadə edib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs zor tətbiq olunması ilə müşayiət olunması kimi ifadə olunur. Bundan əlavə, Təqsirləndirilən şəxs1 ittiham olunduğu Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hərəkətlərinin hüquqi tövsifi ilə əlaqədar bu şəkildə ibtidai araşdırma orqanının gəldiyi nəticə Cinayət Məcəlləsinin müvafiq maddələrinin dispozisiyaları ilə şərtləndirildiyindən, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarları, bu qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərlə ziddiyyət təşkil etdiyindən, onların təqsirli bilinməsində və əməlin tövsifində buraxılmış səhv kimi qiymətləndirilməlidir. Xuliqanlıq cinayətinin əsas (sadə) tərkibi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Həmin Məcəllənin 127.2.3-cü maddəsinin dispozisiyasına görə isə həmin maddədə nəzərdə tutulmuş cinayətin tövsifedici, yəni cinayət tərkibinin zəruri əlaməti kimi xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərərin vurulması çıxış edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyini və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında isə göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndinə görə də ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Məhkəmədə tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yük avtomobili ilə sifariş əsasında yerə vurulan daş piltələrini Bakı şəhəri, Nəsimi rayonu, N.Yusifbəyli küçəsi ilə N.Qardaşları küçələrinin kəsişməsində yerləşən yeni inşa olunan binanın qarşısına gətirmiş və onun boşaldırlması üçün həmin vaxtı orada olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs fəhlələrin çağırılması istəmiş, lakin fəhlələr naharda olduğundan onlar gətirilmiş malı özləri boşaltmağa qərara gəlmiş və bu işdə köməklik göstərilməsini Zərərçəkmiş şəxs xahiş etmişlər. Lakin sonuncu kənarda durub telefonla məşğul olduğundan Təqsirləndirilən şəxs2 ona öz iradını bildirərək söz atmışdır. Daş piltələr avtomobildən yerə boşaldıldıqdan sonra təqsirləndirilən şəxslər getmək istəyərkən zərər çəkmiş şəxs Təqsirləndirilən şəxs2 saxlatdırıb kənara çəkərək ona nə səbəbə görə söz atdığını deyib aralarında mübahisə yaranmışdır (Təqsirləndirilən şəxs2 bildirdiyinə görə Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlədib yumruqla üz nahiyyəsinə zərbələr vurmuş, Zərərçəkmiş şəxs sözlərinə görə isə Qəfər onun sinəsindən itələdiyi üçün o da eyni hərəkəti ona qarşı etmişdir. Lakin bu hadisəni bilavasitə görən kənar şəxslər müəyyən edilmir). Bundan sonra Təqsirləndirilən şəxs2 oradan qaçıb bayırda avtomobilin içərisində olan Təqsirləndirilən şəxs1 yanına gəlib məsələni ona danışmış, sonuncu da buna aydınlıq gətirilməsi üçün Zərərçəkmiş şəxs tərəfə gəlmişdir (hadisənin bu cür olması daha ağlabatandır, əks halda təqsirləndirilən şəxslərin həmin yerdən dərhal uzaqlaşmasına heç bir maneə olmamışdır). Sonda onlar arasında mübahisə baş verərək qarşılıqlı biri-birlərinə müxtəlif əşyalarla xəsarətlər yetirmiş, nəticədə Zərərçəkmiş şəxs bədənində dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya, Təqsirləndirilən şəxs1 isə dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yaranmışdır. Təqsirləndirilən şəxs2 isə xəsarət olmamışdır. Göründüyü kimi, zərər çəkmiş şəxslə mübahisə səbəsiz yerə deyil, məhz qeyd olunan səbəbdən yaranmışdır. Eyni zamanda mübahisənin gedişində təqsirləndirilən şəxslərin hərəkətləri daha da irəli gedərək ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran, əhalinin dincliyini ciddi şəkildə pozan, davranış qaydalarına laqeydlik göstərən hərəkətlərə çevrilmir, ictimai asayişin pozulmasına gətirib çıxarmamış, hadisə yerindən zərər çəkmiş şəxs dərhal avtomobilinə əyləşərək oradan uzaqlaşmış, təqsirləndirilən şəxslərlə isə orada olmuş və həmin yerdən keçən polis əməkdaşları tərəfindən onlara ilkin yardım göstərilmişdir. Beləliklə, işin faktiki hallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı hərəkətlərini, o cümlədən onun sağlamlığına qəsdən az ağır zərər vurmasını qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özlərinin müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək, eqoizmini, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığını nümayiş etdirib cəmiyyətə açıqca hörmətsizlik göstərmək, ictimai qaydanı kobud şəkildə pozmaq kimi xuliqanlıq motivinin əsasını təşkil edən niyyət və məqsədlər deyil, hadisədən əvvəl Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxsə söz atmasını, sonuncunun da buna aydınlıq gətirilməsi səbəbindən yaranan, hadisə günü də özünü göstərən münaqişəli vəziyyətlə şərtləndirmişdir. Yəni təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir qrup şəxs kimi qəsdi birbaşa ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə qarşı açıqca hörmətsizliyin ifadə olunmasına yönəlməmiş, o cümlədən Təqsirləndirilən şəxs1 xuliqanlıq niyyəti onun əməllərində hərəkətverici amil rolunu oynamamışdır. Bununla da əməllərdə xuliqanlıq və xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayətlərinin tərkibinin yaranmasını şərtləndirən subyektiv cəhətin zəruri elementləri müəyyən edilməmişdir. Hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına dəlalət edən (o cümlədən, bu pozuntunun nədə ifadə olduğunu göstərən) konkret faktlar isə nəinki məhkəmədə müəyyən edilməmiş, belə faktlara heç təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittihamda da istinad olunmamışdır. Belə ki, ittihamda təqsirləndirilən şəxslərə istinad edilən cinayətləri yaradan hallar kimi müstəsna olaraq onların zərər çəkmiş şəxsə qarşı törətdiyi hərəkətlər təsvir edilmiş və xuliqanlıq cinayətinə aid əlamətlər sadalanmışdır. İttiham tərəfinin istinad etdiyi dəlillər cinayətin törədildiyi yerdə ictimai qaydanın kobud şəkildə pozulması haqqında nəticə çıxarmaq üçün kifayət edə biləcək məlumatları əks etdirmir, bilavasitə hadisəyə aid sübutlar bazası isə qeyd olunan şəxslərin ifadələri, habelə zərər çəkmiş şəxsdə aşkar olunmuş xəsarətlərin xarakteri və ağırlıq dərəcəsi haqqında məlumatları əks etdirən məhkəmə-tibbi ekspertzasının 31.05.2020-ci il tarixli, 402 saylı rəyi ilə məhdudlaşır. Bundan əlavə, iş materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət əməllərinin tövsif edilməsi haqqında” 17.09.2020-ci il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs barəsində bəraətverici əsaslar olmadan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş və şikayəti olmadığından yetirilmiş digər dərəcəsi təyin olunmayan xəsarətlə bağlı inzibati məsuliyyətə cəlb olunmaması nəzərə alınmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, ittiham tərəfinin təqdim etdiyi sübutlar bazası mötəbərliliklə yalnız Təqsirləndirilən şəxs1 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurması haqqında nəticənin çıxarılması üçün kifayət edir və cinayət-prosessual qanunun təsvir edilən, eləcə də ittihamın sübut olunmasında yaranan, aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsi ilə uzlaşan yanaşma kimi qiymətləndirilməlidir. Bundan əlavə, uzun müddətdir formalaşmış vahid məhkəmə təcrübəsinə əsasən də müəyyən olunur ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərər çəkən şəxsin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual qanunvericiliyin normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin Plenumunun qərarlarına uyğun olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə cinayət törətməsində təqsirliliyinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə əsasən:  Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir (138.1-ci maddə);  Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür (138.2ci maddə);  Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (28.5-ci maddə);  Məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək (351.3-cü maddə);  Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə (42.1-ci maddə);  Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır (349.5.1-ci maddə). “Hüseyn və başqaları Azərbaycana qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, “əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan anoloji təkzib edilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Qaneedici və inandırıcı sübutları təqdim etmək məsələsində sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür. Hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Qeyd olunanlara əsaslanan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-ci maddəsi üzrə bəraət verilməlidir. Bundan başqa, yuxarıda göstərilmiş hüquqi əsaslandırmaya istinad edərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlində xuliqanlıq niyyəti istisna olunduğundan ona ittiham olunmuş Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi (xuliqanlıq niyyəti ilə zərər çəkmiş şəxsin sağlamlığına qəsdən az ağır zərər vurma) həmin Məcəllənin 127.1-ci maddəsinə (qəsdən sağlamlığa az ağır zərər vurma) tövsif edilməlidir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ərizəsindən, həm də onun məhkəmədə verdiyi ifadəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1lə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Eyni zamanda, müdafiə tərəfinin belə bir barışığa etirazı olmamışdır. Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Bununla bağlı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 127.1-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad olunmalı və bu hissədə iş üzrə icraata da xitam verilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilməli, eyni zamanda Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilsin, Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə o, həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin, bu hissədə iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən o, təqsirsiz hesab edilsin və ona həmin maddə üzrə bəraət verilsin. Təqsirləndirilən şəxs2 oğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs2 oğluna izah edilsin. Təqsirləndirilən şəxs2 oğlunun hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar