Məhkəmə qərarları › İş №1(006)-81/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №1(006)-81/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(006)-81/2025 17.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi «Universal» Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-334/2025 saylı qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs özünü işgüzar şəxs kimi tanıdıb, sonuncunu “iPhone" markalı mobil telefonları sataraq birlikdə gəlir əldə etmək adı ilə etibarından sui-istifadə etməklə aldadaraq, bu adla 11 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində Zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədədinin dəyəri 1520 ABŞ dolları olmaqla ümumilikdə həmin günün məzənnəsi ilə 18088 manat təşkil edən 10640 ABŞ dolları dəyərində 07 ədəd 128 GB yaddaş həcmli “İphone 14 Pro” markalı, 01 ədəd həmin günün məzənnəsi ilə 2856 manat təşkil edən 1680 ABŞ dolları dəyərində 256 GB yaddaş həcmli “iPhone 14 Pro Max" markalı və İMEİ nömrələri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qeydiyyat mərkəzi tərəfindən qeydiyyata alınmamış 01 ədədinin dəyəri 1300 ABŞ dolları olmaqla ümumilikdə həmin günün məzənnəsi ilə 24310 manat təşkil odun 14300 ABŞ dolları dəyərində 11 ədəd 128 GB yaddaş həcmli "iPhone 14 Pro” markalı mobil telefonları götürüb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 45254 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Emin Heydərovu 2013cü ildən tanıyır və hər ikisi ticarətlə məşğul olduğuna görə aralarında yaxın münasibət olmuşdur. O, təxminən 2023-cü ilin ortalarından başlayaraq Emindən pulunu sonra ödəmək şərti ilə “iPhone 14 Pro” və "iPhone 14 Pro Max" markalı mobil telefonlar alıb üzərinə müxtəlif məbləğlərdə pul qoyub sataraq qazanc əldə etmişdir. Telefonları satdıqdan sonra da dərhal Eminin pulunu ödəmişdir Emin də həmin mobil telefonları hansısa dostunun mağazasından götürüb ona verirmiş. Beləliklə, o, Eminin yanında etibar qazandıqdan sonra təxminən 2023-cü ilin iyul ayında sonuncuya müraciət edərək müştərisi olduğunu bildirmiş və satmaq uçun ona 19 ədod “iPhone 14 Pro" və “iPhone 14 Pro Max” markalı mobil telefonlar verməsini xahiş etmişdir. Çünki, həmin vaxt David və Zaxar adlı yəhudi əsilli müştəriləri ondan 19 ədəd “iPhone 14 Pro" və “iPhone 14 Pro Max” markalı mobil telefonlar istəmişlər. Emin də etiraz etmədən 11 iyul 2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində görüşərək ona ümumi dəyəri 14300 ABŞ dolları olan 11 ədəd 128 GB yaddaş həcmli “iPhone 14” markalı, ümumi dəyəri 10640 ABŞ dolları olan 07 ədəd 128 GB yaddaş həcmli “iPhone 14” markalı və dəyəri 1680 ABŞ dolları olan 01 ədəd 256 GB yaddaş həcmli “iPhone 14” markalı olmaqla, ona ümumi dəyəri 26620 (iyirmi altı min altı yuz iyirmi) ABŞ dolları olan 19 ədəd “iPhone 14 Pro” və “iPhone 14 Pro Max” markalı mobil telefon vermişdir. Bundan sonra o, Emindən aldığı mobil telefonları elə həmin tarixdə aparıb Bakı şəhəri Nəsımı rayonu ərazisində “Qış Parkı”nın içərisində 09 ədədini birinin qiyməti 1780 manat olmaqla ümumilikdə 16020 manata David adlı şəxsə, 10 ədədini isə birinin qiyməti 1780 nanat olmaqla ümumilikdə 17800 manata Zaxar adlı şəxsə satmışdır. Xatırladığı qədərilə həmin vaxt David və Zaxar adlı şəxslər ona ilkin olaraq 3500 manat pul vermişlər, qalan pulları isə hissə-hissə verəcəklərinə dair razılaşmışlar. Həmin tarixdən sonra David və Zaxar adlı şəxslər mobil telefonların pulu qismində təxminən 20-25 gündən bir ona 1000-1500 ABŞ dolları aralığında pullar vermişlər. O da David və Zaxar adlı şəxslərdən aldığı pulları şəxsi ehtiyaclarına xərcləyərək Eminə verməmişdir. Çünki, Eminlə aralarında olan razılığa əsasən o, 19 ədəd mobil telefona görə Eminə 26620 (iyirmi altı min altı yüz iyirmi) ABŞ dolları, yəni həmin tarixin məzənnəsinə uyğun olaraq ümumilikdə 45305 manat pul verməli idi. Lakin o, həmin mobil telefonları David və Zaxar adlı şəxslərə pulunu hissə-hissə ödəmək şərti ilə satdığına və pulları sonunculardan hissə-hissə alıb şəxsi ehtiyaclarına xərclədiyinə görə Eminin 45305 manat pulunu ödəyə bilməmişdir. Buna görə bir müddət sonra Emin ondan pulları tələb etməyə başlamışdır. O, 2023-cü ilin sentyabr ayının əvvəllərində atası Arif Muradova 10000 manat pul vermiş, atası da həmin pulu aparıb Eminə vermişdir. Beləliklə, onun Eminə verəcəyi pul 35305 manat qalmışdır. Lakin o, qalan pulları Eminə tam şəkildə ödəyə bilmədiyinə görə müxtəlif yalanlarla vaxtı uzatmağa çalışmış, sonradan da Eminin zənglərinə cavab verməmişdir. Nəticədə də Emin onun barəsində Nəsimi rayon Polis İdarəsinin 22-cı Polis şöbəsinə şikayət etmişdir. Daha sonra Zərərçəkmiş şəxs olan borcunu tam ödəmişdir. Onun zərərçəkmiş şəxsə qarşı dələduzluq etmək niyyəti olmamışdır. Sadəcə Emindən aldığı telefonların pullarının ödənilməsində gecikmə olmuşdur. Gecikmənin səbəbi isə telefonları həmişə satdığı şəxslərə deyil, başqa şəxslərə satması olmuşdur. Onlar da pulu gec vermişlər. Daha sonra zərər çəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini, əlavə olaraq dəymiş ziyanın 25 %-ni dövlət nəfinə ödədiyini bildirmiş, cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı dindirilmiş məhkəmə istintaqında iştirak etməyən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olsa da, hazırda ailə üzvləri ilə birlikdə ünvan 4 ünvanında yaşayır. Əvvəllər məhkum olunmamış, hər hansı psixi və ya fiziki xəstəliklər keçirməmişdir. Barəsində şikayət etdiyi X5 10 ildən artıq müddətdir tanıyır və hər ikisi ticarətlə məşğul olduqlarına görə aralarında yaxın münasibət olmuşdur. Təxminən 2023-cü ilin aprel və ya may ayında aralarında olan söhbət zamanı Mail mobil telefon almaq istəyən müştəriləri olduğunu deyərək ondan mobil telefon təşkil etməsim xahiş etmiş və bunun qarşılığında ona qazanc pulu verəcəyini bildirmişdir. Çünki, Mail həmin vaxt onun bir dostunun mobil telefon mağazası olduğunu bilmişdir. O da Mailin təklifi ilə razılaşaraq həmin ərəfədə hazırda adını çəkmək istəmədiyi dostunun Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində işlətdiyi mağazadan pulunu sonra ödəmək şərti ilə müxtəlif markalı, müxtəlif sayda mobil telefonlar götürüb Mailə vermişdir. Mail də həmin mobil telefonları aparıb satdıqdan sonra, elə həmin gün gətirib telefonların pullarını ona vermişdir. Bu hal bir neçə dəfə təkrar olunmuş və onların aralarında heç bir narazılıq olmamışdır. Sonuncu dəfə 11 iyul 2023-cü il tarixdə Mail yenidən ona müraciət edərək müştərisi olduğunu demiş və ondan 19 ədəd “iPhone 14 Pro" və “iPhone 14 Pro Max" markalı mobil telefonlar təşkil etməsini xahiş etmişdir. O da razılaşaraq həmin tarixdə yenə dostunun mağazasından pulunu sonra ödəmək şərti ilə 19 ədəd "iPhone 14 Pro və “iPhone 14 Pro Max" markalı mobil telefonlar götürmüş və həmin mobil telefonları elə həmin mağazanın qarşısında görüşüb Mailə təhvil vermişdir Aralarında olan razılaşmaya əsasən Mail 11 ədəd İMEİ kodu qeydiyyatdan keçirilməmiş 128 GB yaddaş həcmli “iPhone 14 Pro” markalı mobil telefonlara gorə ümumilikdə 14300 ABŞ dolları, 07 ədəd İMEİ kodu qeydiyyatdan keçirilmiş 128 GB yaddaş həcmli “iPhone 14 Pro” markalı mobil telefonlara gorə ümumilikdə 10640 ABŞ dolları və 01 ədəd İMEİ kodu qeydiyyatdan keçirilmiş 256 GB yaddaş həcmli “iPhone 14 Pro Max” markalı mobil telefona görə 1680 ABŞ dolları olmaqla, ona ümumilikdə 26620 (iyirmi altı min altı yuz iyirmi) ABŞ dolları, yəni həmin tarixin məzənnəsinə uyğun olaraq 45305 (qırx beş min üç yüz beş) manat pul verməli imiş. Mail həmin mobil telefonları aparıb satdıqdan sonra pullarını ona verməli imiş. Lakin o, telefonları verdiyi vaxtdan bir neçə gun keçməsinə baxmayaraq Mail ona heç bir pul verməmişdir. Bir neçə gündən sonra dostu ondan telefonların pullarını tələb etməyə başlamışdır. Buna görə o, mütəmadi olaraq Mailə zəng edib pulları tələb etməyə başlamışdır. Lakin Mail 2023-cu ilin sentyabr ayına kimi onu hər dəfə müxtəlif bəhanələrlə aldadaraq pulları ödəməmişdir. Buna görə o, məcbur olub dostunun pulunu özu ödəmişdir. Bundan sonra 2023-cu ilin sentyabr ayının əvvəllərində Mailin atası Arif aparıb ona 10000 manat pul vermiş və Mailin ona verəcəyi pul 35305 manat qalmışdır. Lakin həmin tarixdən sonra da Mail onu müxtəlif bəhanələrlə aldadaraq qalan pulları verməmiş və son dövrlərdə ümumiyyətlə onun zənglərinə cavab vermədən ondan gizlənməyə başlamışdır. Buna görə o, məcbur olub Mailin barəsində Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis şöbəsinə şikayət etmişdir. Nəsimi RPİ-nin İstintaq şöbəsində aparılan araşdırma zamanı ona dəymiş maddi ziyanın 5000 (beş min) manatı da ödənilmişdir. Əlavə olaraq bildirmişdir ki, hazırda ona 30305 (otuz min üç yüz beş) manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, 2023cü ilin sentyabr ayının əvvəllərində Mailin atası Arif Muradov tərəfindən ona 10000 manat pul ödənilmiş, Nəsimi RPİ-nin İstintaq şöbəsində aparılan araşdırma zamanı da ona əlavə 5000 (beş min) manat pul ödənilmişdir. O, qeyd etdiyi 19 ədəd mobil telefonları Təqsirləndirilən şəxs verən zaman yanlarında başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxs həmin 19 ədəd mobil telefonları kimə satması barədə onun heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs ilə onun arasında əvvəllər heç bir ədavət və ya düşmənçilik olmamışdır. Daha sonra məhkəməyə teleqram ilə müraciət edərək, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (i.v.1); - “Şübhəli şəxsin barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.2-ci maddəsinə əsasən dayandırılmışdır (i.v.45-46); - Nəsimi Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və “Axtarışda olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılaraq Nəsimi RPİ-yə gətirilmişdir (i.v.60-61); - “Cinayət təqibi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.58); - Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.73); - “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v.86-87); - “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Nəsimi RPİ-nin MSY-dən azad edilmiş və onun barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdir (i.v.102-103); - “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti ilə 28 May küçəsinin kəsişməsində, 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mağazanın qarşısında baş vermişdir. Baxış zamanı hadisə yerinin fotoşəkli çəkilərək tərtib olunmuş protokola əlavə edilmişdir (i.v.8-11); - “Maddi ziyanın qismən ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və qəbzdən görünür ki, Təqsirləndirilən şəxs atası X6 Zərərçəkmiş şəxs ödənilməsi üçün 5.000 (beş min) manat məbləğində pulu müstəntiqə təqdim etmiş, həmin 5.000 manat pul Zərərçəkmiş şəxs tərəfindən müstəntiq Babək Hacıyevdən təhvil alınmışdır (i.v.24-25); - “Maddi ziyanın qismən ödənilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və xx.xx.2024-cü il tarixində verilmiş qəbzdən görünür ki, Təqsirləndirilən şəxs anası X3 Zərərçəkmiş şəxs ödənilməsi üçün 5.000 (beş min) manat məbləğində pulu müstəntiqə təqdim etmiş, həmin 5.000 manat pul Zərərçəkmiş şəxs tərəfindən müstəntiq Babək Hacıyevdən təhvil alınmışdır (i.v.38-39); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/5879 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən mobil telefonların satış üçün yeni kompiektləşdirilmış daxil edilən aksessuarların olması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 33000.00 manat müəyyən olunur. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (i.v.54-57); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2024-cü il tarixində tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.51-52); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-334/2025 saylı qərarından görünür ki, Azərbaycan Respubllikası CM-nin 178.3.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir; - Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən Nəsimi Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Təqsirləndirilən şəxs ona olan borcunu tam olaraq ödəmişdir. Heç bir şikayəti yoxdur. - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 4659 saylı, İD **********, terminal ADM103242 saylı mədaxil qəbzindən görünür ki, X2 vasitəsilə dövlət büdcəsinə dəyən ziyanın 25% məbləğində 11315,00 manat və 11,32 manat komissiya məbləği olmaqla, cəmi 11327,00 manat ödəniş edilmiş, 0,68 manat qalıq məbləğ qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi, yəni zərərçəkmiş şəxsə qarşı dələduzluq etmək niyyətinin olmaması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin bu ifadəsi iş materialları və işin digər halları ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə, həmin Məcəllənin 178.2.4-cü maddəsi isə xeyli miqdarda ziyan vurmaqla törədilməsinə görə məsuliyyət yaradır. Məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən həmin Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə də hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs hazırda zərər çəkmiş şəxslə barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş edilmişdir, təqsirləndirilən şəxs cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərər çəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)-334/2025 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına təyin olunmuş vəkildən imtina edənə qədər onun məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-cı il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 28 aprel 2025-ci il tarixinə kimi məhkəmədə iştirak etdiyi 28 saata görə 168 (yüz altmış səkkiz) manat, həmin tarixdən sonra məhkəmədə iştirak etdiyi 08 saata görə 88 (səksən səkkiz) manat olmaqla, ümumi 36 saata görə cəmi 256 (iki yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışdığından və dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(006)- 334/2025 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 36 saata görə 256 (iki yüz əlli altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar