Məhkəmə qərarları › İş №1(006)-82/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-82/2022

07.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-82/2022 07.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Tərtər rayonu, Sarcalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tərtər rayonu, Sarcalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndiriləş şəxs Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 avqust 2021-ci il tarixdə saat 10:05-də Nəsimi rayon polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin gün saat 10:20-da polis idarəsinin inzibati binasına gətirilmiş və polis idarəsində videoçəkilişlə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarının sağ yan cibindən 01 bükümdə təmiz çəkisi 4,315 qram təşkil edən, şəxsi istehlak miqdarından artıq miqdarda olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamın aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 16 avqust 2021-ci il tarixdə saat 10 radələrində yaşadığı məhəllədə ünvan 3 ünvanın yaxınlığında olan zaman ona 2 nəfər mülki geyimli şəxslər yaxınlaşmışlar. Həmin şəxslər özlərini polis olaraq təqdim etdikdən sonra, onlar onun hərəkətlərinin şübhəli olduğunu bildirərək, onu saat 10:20 radələrində Nəsimi RPİnin inzibati binasına dəvət etmişlər. İdarənin xidməti otaqların birinə dəvət olunmuş və ona üstündə, paltarında və paltarlarının ciblərində və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynindəki tünd göy rəngli şalvarın sol yan cibindən özünə məxsus bir ədəd 5 manatlıq pulunu və şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən isə 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli spesifik iyi olan, toz şüşə şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Bütün bunlardan sonra üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. İlk öncə onun geyindiyi tünd göy rəngli şalvarın arxa, sag və sol yan ciblərinə və kiçik yan cibinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Ondan sonra əynində olan şalvarının kəməri çıxarılaraq yoxlanılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə ona ayaqqabılarının çıxarması tələb olunmuş, o, ayaqabısını çıxarıb silkələmiş, lakin heç bir əşya aşkar edilməmiş və ona üst-başını səliqəyə salmağı tələb edilmişdir. Sonra isə onun üzərindən aşkar edilmiş əşyanın adını deməklə təqdim etməyi təklif olunmuşdur. O, 1 ədəd şəffaf rəngli selofana bükülmüş, içərisində ag rəngli spesifik iyi olan, toz şüşə şəkilli maddənin psixotrop maddə olan el arasında “Patı” deyilən metamletamin olduğunu bildirmişdir. Eyni zamanda ona həmin psixotrop maddəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə 2-3 il olar ki psixotrop maddələrdən istifadə etdiyi üçün metamfetamini 13 avqust 2021 -ci il tarixdə Lənkəran şəhərində toy mərasimində olarkən axşam saatlarında “İsmayıl" kimi adını bildiyi şəxsdən bir bükümdə olmaqla 100 manata alaraq bir hissəsini özünün istifadə etdiyini və qalan hissəsini də öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin bükümdə olan psixotrop maddəyə bənzər maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfın içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra ona məxsus 1 ədəd şəffaf rəngli selofana bükülmüş, içərisində ağ rəngli spesifik iyi olan, toz şüşə şəkilli maddənin psixotrop maddəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş 186 nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq göstərmişdir ki, o, psixotrop maddələrin satışı ilə məşğul olmur. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamini isə şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Daha sonra özünü təqsirli bilərək əməlindən peşman olmasını, məhkumluğunun olmamasını nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 16 avqust 2021 -ci il tarixdə xidmətdə olarkən «Hasil» adlı şəxsin Bakı şəhəri Nəsimi rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması, gəzdirməsi, istifadə etməsi və satması ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat əsasında tərəfindən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Daha sonra qərarın icra olunması ilə bağlı o və Cinayət axtarış şöbəsinin kiçik əməliyyat müvəkkili, Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra saat 09:45 radələrində sonuncu ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Ə,Topçubaşov küçəsinə getmişlər. Orada əməliyyat tədbirləri keçirilərkən Hasil adlı şəxsin olmasını müəyyən etmişlər və həmin küçədə 118 saylı ünvanın qarşısında sonuncuya yaxınlaşmışlar və özlərini təqdim edərək barəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq üçün onlarla birlikdə Nəsimi RPİ-yə gəlməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs də etiraz etməyib onlarla birlikdə Nəsimi RPİ-nin inzibati binasına gəlmişdir. Polis idarəsinə gəldikdən sonra raportla rəhbərliyə müraciət edib Təqsirləndirilən şəxs gəlirilməsi barədə məlumat vermiş və tərtib edilmiş raport üzrə araşdırma aparılması Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyevə həvalə olunmuşdur. Sonuncu tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiə olunması üçün dövlət vəsaiti hesabına vəkil təqdim olunmuş və daha sonra videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə vardırsa onları könüllü təqdim etsin. Bu zaman H.Abdııllazədə əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən 1 ədəd 5 manatlıq pul əskinazı, özünə məxsus şəxsiyyət vəsiqəsini, həmin şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş ağ rəngli psixotrop maddə metamletaminə bənzər maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra H. Abdullazadənin üzərində şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddənin nə olmasını soruşulduqda, həmin maddənin hamının «Patı» kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu və 13 avqust 2021-ci il tarixdə Lənkəran şəhərində toyda olarkən axşam saatlarında İsmayıl kimi adını bildiyi şəxsdən bir bükümdə olmaqla 100 manata aldığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə metamfelaminə bənzər maddə müvafiq qaydada qablaşdırılmış, təhqiqatçı tərəfindən protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən həmin protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin CAŞ-ın Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə H.Ə.Abdullazadnin üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən özünə məxsus bir ədəd 5 manatlıq pulunu, şəxsiyyət vəsiqəsini və şalvarının sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli spesifik iyi olan, toz şüşə şəkilli maddəni çıxarıb masanın üzərinə qoymuşdur. Cinayət işinin 25-26-cı vərəqələrində olan 16 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə tutulmuşdur. Cinayət işinin 99-103-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 16 avqust 2021-ci il tarixdən hesablanmaqla 3 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 139-142-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 12 noyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbirinin müddəti 16 dekabr 2021-ci il tarixdək uzadılmışdır. Cinayət işinin 194-195-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin 15 dekabr 2021-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 57-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 avqust 2021-ci il tarixli, 6/3535 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası DİN Zərflər üçün №186» dairəvi möhür əksi olan, «Vət.Təqsirləndirilən şəxs...» yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 4,315 qram ağ kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə melamfetamindir. Qeyd: ekspertiza tədqiqatı zamanı melamfetamin təmiz çəkisi 4,315 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, 4,265 qram qalıq qalmışdır. Cinayət işinin 58-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik müəyyən edilmişdir. Cinayət işinin 145-152-ci vərəqələrində olan 18 noyabr 2021-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxsun üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 4,265 qram çəkidə psixotrop maddə hesab edilən melamfetamin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 143-144-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 04 oktyabr 2021-ci il tarixli, 3751 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin birgə qəbulu və psixotrop maddə hesab edilən melamfetamindən sui-istifadə edilməsi nəticəsində asıllıq sindromu aşkar (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 124-125-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 sentyabr 2021-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi Rayon Məhkəməsinin 13 iyul 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat cərimə cəzasına məhkum olunub və 16 iyul 2010-cu il tarixdə cəriməni tam ödəmişdir. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən özünə məxsus bir ədəd 5 manatlıq pulunu və şəxsiyyət vəsiqəsini, şalvarının sağ yan cibindən isə 1 ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli spesifik iyi olan, toz şüşə şəkilli maddəni çıxarıb masanın üzərinə qoyur. Bir ədəd şəffaf rəngli sellofana bükülmüş, içərisində ağ rəngli spesifik iyi olan, toz şüşə şəkilli maddəni göstərərək içərisində “Patı” adlanan psixotrop maddə hesab edilən melamfetamin olduğunu bildirir. Sorğu zamanı narkotik vasitələri Təqsirləndirilən şəxs 13 avqust 2021 -ci il tarixdə Lənkəran şəhərində toy mərasimində olarkən axşam saatlarında “İsmayıl" kimi adını bildiyi şəxsdən bir bükümdə olmaqla 100 manata aldığını bildirir. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və başqa heç bir qanuna zid əşya aşkar edilmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə hesab edilən melamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini və məhkumluğunun olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə hesab edilən melamfetaminin miqdarını (4,315 qram) və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq 16 avqust 2021-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın 04 oktyabr 2021-ci il tarixli, 3751 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 4,265 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 16 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Nəsimi RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 4,265 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 88 (səksən səkkiz) manat 70 (yetmiş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 90 (doxsan) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar