Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-82/2025 29.10.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X7 və Müdafiəçi iştirakları ilə, xx xxxx 1994-cü ildə Saatlı rayonu, Əliabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, şadlıq evlərində inzibatçı kimi işləyən, Saatlı rayonu, Əliabad kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında kirayə mənzildə yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2 və 297.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı biləbilə yalan xəbərçilik etmiş və ibtidai istintaqda şəxsin ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı bilə-bilə yalan ifadə vermişdir. Belə ki, o, əvvəllər tanıdığı Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X6 ilə 22 avqust 2024-cü il tarixdə aralarında baş vermiş sözlü mübahisənin qisasını almaq üçün həmin şəxslərin əsassız cinayət məsuliyyətinə cəlb olunmalarına nail olmaq məqsədilə xx.xx.2024-cü il tarixdə saat 17:23-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Taleh Nəcəfov tərəfindən guya 22 avqust 2024-cü il tarixdə saat 22 radələrində Bakı şəhəri Nəsimi rayonu Cavadxan küçəsində yerləşən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi” metrostansiyasının yaxınlığında təqib edilərək avtomobilə əyləşdirildikdən sonra videoçəkiliş aparılmaqla onu ölümlə hədələyib 500 manat pulunun tələb edilməsi və 164 manat pulunun, həmçinin “Redmi Note 9” markalı mobil telefonun Taleh Nəcəfov tərəfindən ona qarşı silah qismində barmaqlara taxılmaqla əl içində sıxılaraq tətbiq edilən metal barmaqlıq şəklində olan aləti tətbiq etməklə quldurluq edib ələ keçirmələrini bildirməsi barədə müraciəti üzrə Nəsimi Rayon Polis İdarəsinə yazdığı ərizəsi və izahatında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296-cı maddəsinə nəzərdə tutulmuş bilə-bilə yalan xəbərçilik etməyə görə məsuliyyət haqqında yazılı xəbərdarlıq edilməsinə baxmayaraq Nəsimi RPİ-nin İstintaq şöbəsində xx.xx.2024-cü il tarixdə müstəntiq Şahid3 tərəfindən Azərbaycan Respublikasının CM-nin 181.2.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə həmin gün zərərçəkmiş şəxs qismində tanınaraq dindirilərkən xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə ağır cinayət hesab olunan quldurluq cinayəti ilə bağlı verdiyi məlumat və izahatları təsdiq edərək eyni məzmunlu yalan ifadə verib Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmalarına səbəb olmaqla həmin şəxslərin ağır cinayət törətməkdə ittiham olunmaları ilə bağlı bilə-bilə yalan xəbərçilik etmiş və ağır cinayət törətməkdə ittiham olunmaları ilə bağlı zərərçəkmiş şəxs qismində bilə-bilə yalan ifadə vermişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 2020-ci ildə tikintidə fəhlə işləyərkən tanımışdır. Sonralar 2024-cü ilin iyun ayına kimi ailəvi yaxın münasibətləri olmuşdur. Həyat yoldaşı Şahid1 Tofiqin həyat yoldaşı Vəsilə adlı xanımla yaxın rəfiqə olmuşlar. Yoldaşı ilə aralarında münaqişələr olan zaman yoldaşı Günay yaxın rəfiqəsi olan Tofiqin həyat yoldaşı Vəsiləgilə getmişdir. Sonuncu dəfə cari ilin iyul ayının ortalarında həyat yoldaşı Günay onunla mübahisə etmiş və evdən çıxıb getmişdir. O Günayı iki üç gün axtarmış, lakin tapa bilməmişdir. Həmin vaxt Tofiqdən həyat yoldaşının onlarda olub-olmaması barədə soruşmuş, lakin müsbət cavab almamışdır. Sonradan Günayla barışdıqdan sonra həyat yoldaşı ona Vəsilə ilə Tofiqin yaşadığı evdə qaldığını demişdir. Tofiqin ona yalan deməsi ilə əlaqədar dostluq münasibətini sonlandırmışdır. O bir müddət Abşeron rayonu Xırdalan qəsəbəsində “Poli” adlı obyekti işlətmişdir. Tofiq öz dostları Taleh və Əbdül adlı şəxslərlə mütəmadi olaraq işlətdiyi “Poli” adlı obyektə gəlmişlər. 21 avqust 2024-cü il tarixdə yaxın dostu Səbuhi adlı şəxslə digər dostu İmaməli adlı şəxsin hərbi xidmət məsələsinin həll edilməsi üçün İmişli rayonuna getmişdir. Səbuhi həm onun dostu həm də Tofiqin yaxın dostu olan Əbdülün xalasıoğludur. Səbuhi və İmaməli ilə birlikdə avtobusla İmişli rayonuna gedən zaman Səbuhi mobil telefonunda Əbdül ilə danışıb onunla birlikdə İmişli rayonuna getməsi barədə Əbdülə məlumat vermişdir. Əbdül mobil telefonda Səbuhiyə onun həyat yoldaşının Tofiqgildə qalmasına görə barəsində nalayiq ifadələr işlətmişdir. O qeyd olunanları Səbuhinin mobil telefonunda eşitmişdir. Belə ki, Səbuhi ilə avtobusda yanaşı oturduğu üçün qarşı tərəfin dediklərini eşitmişdir. Səbuhi isə cavabında “özü bilər” demişdir. Bir neçə gün keçdikdən sonra o, Səbuhi və İmaməli İmişlidən qayıtmışdır. O, Səbuhi və İmaməlinin birlikdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu “Memar Əcəmi” metrosiansiyasının yaxınlığında kirayədə mənzillərində olan zaman Səbuhi xalasıoğlu Əbdül ilə telefonla danışmışdır. Səbuhi ona “Əbdül Tofiq və Taleh aşağıdadır, mən onlarla görüşməliyəm” demişdir. Səbuhidən nə məsələ olduğunu soruşduqda sonuncu “narahat olma heç bir problem yoxdur, adi söhbət etməyə gedirəm” demişdir. O, Səbuhinin evdən çıxmasından iki üç dəqiqə sonra evdən çıxmış və Səbuhini izləmişdir. Bu zaman Səbuhinin “Əcəmi” metrostansiyasının yaxınlığında dayanan “Xəzər” markalı dövlət nömrə nişanını xatırlamadığı bir avtomobildə Taleh, Tofiq və Əbdül adlı şəxslə birlikdə maşının yanında dayandığını görmüşdür. O, aralıda olmuş, həmin şəxslər onu görməmişdir. O, qeyd olunan şəxslərin nə danışdığını bilmək istədiyi üçün onları güdməyə başlamışdır. Bu zaman gözlənilmədən Taleh onu gizləndiyi yerdə görüb əli ilə yanına çağırmışdır. Onlara yaxınlaşıb salam vermiş, lakin onlar salamını almamışdır. Bu zaman orada Səbuhi, Taleh, Tofiq və Əbdül dayanmışdır. Həmin vaxt Taleh ona nalayiq ifadə işlətməklə “sən kimsən ki, mənim qardaşımın evinə şübhə edirsən, arvadın ora getdiyi üçün onunla əlaqəni kəsirsən” demişdir. O heç bir cavab verməmiş, onlara baş qoşmamışdır. Taleh həmçinin “burda duran dörd nəfər sənin arvadın Tofiqgildə olanda ora girib çıxıb” deməklə onu “sındırmağa” çalışmışıdır. O, Talehin heç bir sözünə əhəmiyyət verməmişdir. Bundan sonra Talehin sözlərinə əhəmiyyət vermədiyini görüb Əbdül və Tofiq onu təhqir etmişdir. Onların say etibarı ilə çox olmasını görüb qorxmuş, heç nə edə bilməmişdir. Bundan sonra onun əhəmiyyət vermədiyini görüb Taleh, Tofiq və Əbdül “Xəzər” markalı avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Gedərkən Taleh ona barmaq silkələyərək “sən mənim nəzarətimdəsən” sözlərini demişdir. Bundan sonra o Səbuhi ilə birlikdə evə qalxmışdır. Bir qədər orada dayandıqdan sonra çıxıb öz evinə getmişdir. Həmin hadisədən iki gün keçməsinə baxmayaraq gecələr yata bilməmiş, səhərə qədər ağlında Taleh, Tofiq və Əbdülün onu təhqir etməsi, onun isə heç nə edə bilməməyini düşünmüşdür. Bir yolun tapıb onlardan həmin dedikləri sözlərə görə qisas almaq istəmişdir. xx.xx.2024-cü il tarixdə o “İnşaatçılar” metrosunun yaxınlığında olan zaman öz mobil telefonu ilə DİN-nin “102” qaynar xətt xidmətinə zəng edərək Taleh, Əbdül və Tofiq adlı şəxslər tərəfindən Nəsimi rayonu “Memar Əcəmi” metrostansiyasının yaxınlığında quldurluğa məruz qaldığını həmin şəxslərin ondan 164 manat pul və istifadəsində olan “X15 9” markalı mobil telefonu aldıqları barədə yalan məlumat vermişdir. Bundan sonra Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis əməkdaşları onunla telefon əlaqəsi saxlamış və onu Yasamal ərazisində “Qismət” şadlıq sarayının yaxınlığından Post patrul xidməti avtomobili ilə 4 nəfər polis geyimində olan şəxs oradan götürərək 19-cu PŞ-nə gətirmişdir. Daha sonra isə onu Nəsimi RPİ-nin inzibati binasına göndərmişlər. Həmin inzibati binada onun verdiyi məlumat üzrə işə müstəntiq Şahid3 baxmışdır. Ona müraciət edərək iş üzrə ərizə vermək istədiyini demiş, Şahid3 ona ərizə blankı təqdim etmiş və ona ərizədə bilə-bilə yalan xəbərçilik etməyə görə Azərbaycan Respublikasının CM-nin 296.2-ci maddəsinə əsasən məsuliyyət daşıyacağı barədə yazılı və şifahi xəbərdarlıq etmişdir. O bilə-bilə yalan və həqiqətə uyğun olmayan ərizə yazmışdır. Daha sonra müstəntiq Şahid3 qərarı ilə zərərçəkmiş şəxs qismində tanınmış və ifadəsi alınan zaman o yenə də “102” zəng mərkəzinə verdiyi məlumatda və ərizəsində göstərilənləri zərəçəkmiş şəxs qismində ifadə verərkən müstəntiq tərəfindən bilə-bilə yalan ifadə verəcəyi halda Azərbaycan Respublikasının CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə yazılı və şifahi xəbardarlıq edilməsinə baxmayaraq qəsdən Tofiq, Taleh və Əbdül tərəfindən quldurluğa məruz qaldığını bildirmişdir. Bundan sonra istintaq zamanı o hər hansı sübutun olmadığını və yalan məlumat verməyinin bilinəcəyindən qorxub yalan məlumat verdiyini Əbdül və Talehlə üzləşmə zamanı müstəntiqə demişdir. Son sözündə himayəsində uşaqlarının və xəstə anasının olduğunu, əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 verdiyi ifadəsində bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs Buzovnada fəhlə işləyən zaman tanış olmuşdur. Mərhəmətin qeyri-rəsmi münasibətdə olduğu Şahid1 isə cari ilin yay aylarından tanımışdır. Mərhəmət və Günay birlikdə Abşeron rayonu, Xırdalan şəhərində “Poli” adlı obyekt işlətmişlər. Həyat yoldaşı Şahid2 həmin obyektdə qabyuyan kimi işləmişdir. Onun Mərhəmətlə dostluq münasibətləri olmuşdur. 2024-cü ilin avqust ayının sonlarında Şahid1 Mərhəmətlə mübahisə etmiş və buna görə də həyat yoldaşı ilə yaxın rəfiqə olduğu üçün qalmaq üçün yaşadıqları evə gəlmişdir. Günay həyat yoldaşına onlarda qalmasını Mərhəmətə deməməsini xahiş etmişdir. Həmin şəxslərin arasına girmək istəmədiyi üçün Mərhəmət Günayın harada olmasını ondan soruşduqda heç nə deməmişdir. Bir müddət keçdikdən sonra Mərhəmət Günayın onlarda yaşadığını və evdə qaldığını öyrənmiş və ondan bir dost kimi nə səbəbə bunu ona demədiyini soruşaraq mübahisə etmişdir. 2024-cü ilin avqust ayının sonlarında o, Əbdül və Taleh görüşüb birlikdə Əbdülün xalasıoğlu Səbuhi adlı şəxslə görüşmək üçün “Memar Əcəmi" metrostansiyasının yaxınlığına getmişlər. Səbəb isə Səbuhinin Mərhəmətlə yaxın dostluq münasibəti qurması, Əbdülün isə xoşuna gəlməməsi olmuşdur. Həmçinin, Mərhəmət həyat yoldaşı Şahid2 haqqında da əxlaqsız sözlər işlətmişdir. Səbuhi görüşdən əvvəl Əbdülə “İmişli rayonundan qayıdır, çatan kimi görüşəcəklər" demişdir. O, Əbdül və Taleh görüşdən əvvəl Mərhəmətin Səbuhi ilə birlikdə olmasını bilməmişdir. Görüş vaxtı X5 uzaq durmasını tapşırmış, bu zaman ondan aralıda ağacın arxasında Mərhəmətin onları izlədiyini görmüşdür. Taleh onun izləməsini görüb Mərhəməti yanına çağırmışdır. Ona həyat yoldaşı barədə əxlaqsız sözlər deməsi barədə iradını bildirmişdir. Mərhəmət heç nə deməmiş və onun heç nə demədiyini görüb oradan çıxıb getmişlər. Bir neçə gün sonra onu Nəsimi RPİ-nə dəvət etmişlər. Mərhəmətin guya o, Əbdül və Talehin ona qarşı quldurluq etməsi barədə məlumatı və ərizəsi əsasında onu tutmuşlar. Üzləşdirmə zamanı Mərhəmətin yalan deməsi müstəntiqə məlum olmuş və ona görə də onu sərbəst buraxmışlar. İfadəsinin sonunda Təqsirləndirilən şəxs qarşı şikayətçi olduğunu bildirmişdir. Məhkəmədə iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 verdiyi ifadəsində bildirmişdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu, düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs hadisədən 2 il əvvəldən tanımışdır. Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid1 ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhərində “Poli” adlı pivəxana obyektini işlətmişlər. O, bir neçə dəfə həmin restoranda olmuşdur. Mərhəmət onun xalasıoğlu Səbuhi ilə də yaxın dostluq münasibətində olmuşdur. Mərhəmətin xalası oğlu Səbuhinin yanında onu və ailəsini təhqir etməsindən hiddətlənib 2024-cü ilin avqust ayının sonlarında Səbuhi ilə görüşmək istəmişdir. O, Tofiq və Taleh birlikdə “Memar Əcəmi" metrostansiyasının yaxınlığından Səbuhi ilə görüşmüşdür. Səbuhi həmin vaxt orada kirayədə yaşamış və tək olmuşdur. O həmin gün Səbuhi ilə “Əcəmidə” görüşən zaman orada Mərhəmətin onları izlədiyini bilməmiş, sonuncunu sonradan görmüşdür. Mərhəməti yanlarına çağırdıqdan sonra ailəsini və onu təhqir edib-etməməsini soruşmuş, sonuncu cavabında “xeyr mən heç kimi təhqir etməmişəm” demişdir. Daha sonra Tofiq Mərhəmətə onun həyat yoldaşı Vəsilə barəsində nə üçün yalandan başqalarının yanında əxlaqsız deməsini və onu söydüyünü soruşduqda Mərhəmət bunu təkzib etmişdir. Mərhəmətin onlardan qorxduğunu görüb çəkindiyini anlamışdır. Həmin vaxt o Səbuhiyə “Mərhəmətdən uzaq dur, Bu normal adam deyil” demişdir. Bundan sonra o, Taleh və Tofiq oradan getmişlər. Bir neçə gün sonra onu Nəsimi RPİ-nə dəvət etmişlər. Mərhəmətin guya o, Tofiq və Talehin ona qarşı quldurluq etməsi barədə məlumatı və ərizəsi əsasında onu tutmuşlar. Üzləşdirmə zamanı müstəntiqə Mərhəmətin yalan xəbərçilik etməsi məlum olmuş, buna görə də onu sərbəst buraxmışlar. Mərhəməti təhqir etməmişlər, sadəcə olaraq həqiqətə uyğun olmayan və insanların ailəsi barədə təhqiredici ifadələrdən istifadə etməməsini ona tövsiyə etmişlər. İzahatının sonunda təqsirləndirilən şəxs barəsində şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X8 verdiyi ifadəsində göstərmişdir ki, onun Təqsirləndirilən şəxs ilə heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs 2023-cü ilin qış aylarında sonuncunun “Badi Səba” adlı şadlıq sarayında adminstrator işlədiyi vaxtlardan tanımışdır. Belə ki, toylar olanda onlar birlikdə ofisiantlara nəzarət etmişdir. 2024-cü ilin avqust ayının ortalarında o, Mərhəmət və dostu İmaməli İmişli rayonuna getmişdir. Ora getməkdə səbəb İmaməlinin İmişli hərbi komissarlığında yoxlanışdan keçməsi olmuşdur. Yolda olan zaman xalası oğlu Zərərçəkmiş şəxs2 ona mobil telefonla zəng edərək ondan harada olduğunu soruşmuş, o isə Mərhəmət və İmaməli ilə birlikdə İmişli rayonuna getdiyini demişdir. Əbdül ona Mərhəmətlə “söhbəti” olduğunu demiş, o isə nə məsələ olduğunu soruşduqda Əbdül ona görüşüb hər şeyi ona deyəcəyini demişdir. İmişli rayonuna gedib-gəldikdən sonra həmin vaxt kirayədə yaşadığı Bakı şəhəri, Nəsimi rayonunda yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında kirayə yaşadığı evinə Mərhəmətlə birlikdə gəlmişdir. Təqribən 2024-cü ilin avqust ayının 22 və ya 23-də axşam saat 10 radələrində kirayədə yaşadığı evdə Mərhəmət ilə birlikdə olan zaman Zərərçəkmiş şəxs2 ona mobil telefonla zəng edərək təcili görüşməli olduqlarını demiş, əlavə olaraq özünün yaşadığı mənzilin yaxınlığında Taleh və Tofiqlə birlikdə gözlədiyini demişdir. O, Mərhəmətə heçnə demədən evdən aşağı düşmüş və “Memar Əcəmi” metrostansiyasının yaxınlığında ağ rəngli “Xəzər” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə yaxın Taleh, Tofiq və Əbdülün dayandığını görmüşdür. Həmin vaxt Əbdül ilə görüşmüş, Əbdül onunla görüşüb “Mərhəmət yaxşı oğlan deyil, nəyə görə onunla dostluq edirsən?” demişdir. O isə Mərhəmətlə dostluq etmədiyini yalnız iş yoldaşı olduğunu demişdir. Bu zaman birdən Taleh onlardan aralıda izləyən Mərhəməti görmüş və onu yanına çağırmışdır. O Mərhəmətin onları izlədiyini bilməmişdir. Taleh Mərhəməti yanına çağırıb sonuncuya “sən kimsən ki, mənim dostum Tofiqin ailəsinə şübhə edirsən?” demiş və bu məzmunlu söhbətlər edilmişdir. Bu zaman Mərhəmət Taleh, Tofiq və Əbdülün dediyi sözləri qəbul etmiş, onların çox olması səbəbindən qorxmuşdur. Görüş zamanı Təqsirləndirilən şəxs pulu və mobil telefonu Əbdül, Taleh və ya Tofiq tərəfindən alınmamışdır. Taleh, Əbdül və Tofiq Mərhəmətin heçnəyə cavab vermədiyini görüb oradan uzaqlaşmışlar. Bundan sonra Mərhəmət onunla birlikdə yaşadığı evə gəlmiş və 5-10 dəqiqə qaldıqdan sonra öz evinə getmişdir. Mərhəmət pis olmuş və qorxmuşdur. Bir neçə gün keçdikdən sonra ailə üzvləri ona Əbdülün tutulduğunu və Mərhəmətin Əbdül barəsində yalan məlumat verdiyini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs cinayət işi ilə əlaqədar tanımışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə qeyd edilən Nəsimi RPİ-nin İŞ-də növbədə olan zaman Nəsimi RPİ-nin 19-cu PŞ-dən Bakı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanıdığı Taleh, Tofiq və Əbdül adlı şəxslər tərəfindən quldurluğa məruz qalması barədə məlumat daxil olmuşdur. Qeyd edilən şəxs bu məlumata qədər qeyd edilən şəxslər tərəfindən quldurluğa məruz qalması barədə Daxili İşlər Nazirliyinin “102” xidməti zəng mərkəzinə də zəng edərək eyni məzmunlu məlumat vermişdir. Həmin məlumatlar əsasında tərəfindən müraciətçi Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılmış və müvafiq olaraq onu Nəsimi RPİ-nin İŞ-nə izahat verməsi üçün dəvət etmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında sonuncu Nəsimi RPİ-nin İŞ-nə gələrək şifahi şəkildə əvvəllər tanıdığı Əbdül, Tofiq və Taleh adlı şəxslər tərəfindən quldurluğa məruz qaldığını, sonuncunun 164 manat pulunun və “Redmi” markalı mobil telefonunun ələ keçirildiyini bildirmiş, müvafiq olaraq Nəsimi Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmək istədiyini ona bildirmişdir. Bundan sonra ona müvafiq ərizə blankı təqdim edilərək bilə-bilə yalan xəbərçilik edəcəyi halda Azərbaycan Respublikasının CM-nin 296-cı maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə şifahi və yazılı xəbərdarlıq edilmişdir. Ərizəsində bir daha əvvəllər tanıdığı şəxslər tərəfindən quldurluğa məruz qaldığını göstərmişdir. Təqsirləndirilən şəxs müraciəti əsasında tərəfindən Azərbaycan Respublikasının CM-nin 181.2.1-ci maddəsi ilə cinayət işi başlanılmış, Təqsirləndirilən şəxs tərəfindən həmin tarixdə zərərçəkmiş şəxs kimi tanınaraq ifadəsi alınmışdır. Zərərçəkmiş şəxs qismində ifadə verməmişdən əvvəl ona bilə-bilə yalan ifadə verəcəyi təqdirdə Azərbaycan Respublikasının CM-nin 297-ci maddəsi ilə cinayət məsuliyyəti daşıyacağı barədə şifahi və yazılı xəbərdarlıq edilmiş, sonuncu imzası ilə bunu təsdiq etmiş və ifadəsində də əvvəllər tanıdığı Taleh, Tofiq və Əbdül adlı şəxslər tərəfindən quldurluğa məruz qaldığını, 164 manat pulunun və “Redmi” markalı mobil telefonunun sonuncular tərəfindən ələ keçirildiyini bildirmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 25.08 2024-cü il tarixdə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs Taleh, Tofiq və Əbdül adlı şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün bilə-bilə yalan məlumat verməsini bildirmişdir. Buna görə də Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 azad edilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tərəfindən tutulmuşdur. Bundan sonra cinayət işi istintaq aidiyyatı üzrə Nəsimi rayon prokurorluğuna göndərilmişdir. İş materiallarında olan “Cinayət işinin başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Nəsimi RPİ-nin İstintaq Şöbəsinin sabiq müstəntiqi Şahid3 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (cild 1, i/v 1). İş materiallarında olan “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 181.2.1-ci maddəsindən həmin Məcəllənin 296.2-ci maddəsinə tövsif edilmişdir (cild 1, i/v 95). İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 296.2-ci maddəsindən həmin Məcəllənin 296.2 və 297.2-ci maddələrinə tövsif edilmişdir (cild 2, i/v 42-56). İş materiallarında olan “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi istintaq aidiyyəti üzrə Nəsimi rayon prokurorluğuna göndərilmişdir (cild 1, i/v 133). İş materiallarında olan xx.xx.2024-cü il tarixdə Nəsimi RPİ-dən rayon prokurorluğuna göndərilmiş məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs DİN-nin '‘102" Xidməti-Zəng mərkəzi sisteminə etdiyi zəngin məzmununu və səs yazısını özündə əks etdirən 01 ədəd diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, özünü Təqsirləndirilən şəxs ad soyadlı şəxs kimi təqdim edən şəxs naməlum qadına müraciət edərək 3 gün əvvəl tanıdığı Əbdül, Tofiq və Taleh adlı şəxslərin onu təqib etmələrini, “Memar Əcəmi" metrostansiyasının yaxınlığında öz şəxsi avtomobillərinə əyləşdirib beşbarmaqla başına vurmalarını, öldürəcəkləri ilə hədələyib ondan 500 manat pul tələb etmələrini, hadisəni videogörüntüyə aldıqdan sonra vətəndaşın pul kisəsindən ona məxsus ev kirayəsi pulu olan 164 manat pulunu və “Redmi Note 9 pro" markalı mobil telefonu götürüb hadisə yerindən getmələrini deməsi öz əksini tapmışdır. Baxış aparılması istintaq hərəkətində iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin danışıqlar xx.xx.2024cü il tarixinə aiddir, özünün istifadəsində olan ***-***-**-** mobil nömrə vasitəsilə qeyd edilən tarixdə DİN-nin “102" zəng mərkəzinə zəng edərək guya Taleh, Əbdül və Tofiqin ona qarşı quldurluq etməsi hədə-qorxu ilə əmlakını ələ keçirməsi barədə bilə-bilə yalan xəbərçilik etmişdir. Qeyd edilən səs yazısında qadın “102” zəng mərkəzində operatordur, müvafiq olaraq ondan məlumatı qəbul etmişdir (cild 2, 12). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və Saatlı Rayon Məhkəməsinin 19 iyul 2016-cı il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib Saatlı rayon məhkəməsinin 19 iyul 2016-cı il tarixli hökmü ilə 2500 manat cərimə cəzasına məhkum olunmuşdur (cild 1, i/v 177-179, 243-244). İş materiallarına əlavə olunmuş “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 110-111). İş materiallarında olan “şübhəli şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 27 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 128-129). İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyəti 188 nömrəli Mənzil-Tikinti Kooperativinin idarə heyətinin sədri Ş.B.Manafov tərəfindən təsdiq edilmiş 19 sentyabr 2024-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur (200-201). İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-cı il təvəllüdlü X2, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X1 adlı üç uşağı vardır (cild 1, i/v 202-204). İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz olunmuş və onun barəsində axtarış elan edilməsi, tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməsi və Qərarın icrasının Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə həvalə edilməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Nəsimi rayon Polis İdarəsinin rəisi Vüqar Ağayev tərəfindən Bakı şəhəri Nəsimi rayon məhkəməsinə ünvanlanmış məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2 və 297.2-ci maddələri ilə təqsirləndirilərək axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə könüllü olaraq Nəsimi RPİ-ə gəlmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 23 oktyabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2 və 297.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsinə əsasən cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.2-ci maddəsinə əsasən məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edərək peşman olmasını, himayəsində üç uşağının olmasını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona qarşı şikayət və tələbinin olmamasını onun məsuliyyətini yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrinin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzaları qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 26 avqust 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 14 oktyabr 2025-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-550/2024 saylı, 29 oktyabr 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 07 noyabr 2024 il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 28 aprel tarixli 141 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) hər iş saatı üçün ödənilən haqqın məbləği 6 manatdan 11 manata artırılmışdır. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına xx.xx.2025-ci il tarixədək 40 iş saatı üçün 240 (iki yüz qırx) manat, xx.xx.2025-ci il tarixdən 36 iş saatı üçün 396 (üç yüz doxsan altı) manat, ümumilikdə 636 (altı yüz otuz altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən qismən toplanmaqla ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 26 avqust 2024-cü il tarixdən 27 avqust 2024-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 14 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına xx.xx.2025-ci il tarixədək 40 iş saatı üçün 240 (iki yüz qırx) manat, xx.xx.2025-ci il tarixdən 36 iş saatı üçün 396 (üç yüz doxsan altı) manat, ümumilikdə 636 (altı yüz otuz altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-82/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-82/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver