Məhkəmə qərarları › İş №1(006)-83/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-83/2020

22.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-83/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, xx xxxxx 1996-cı ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Füzuli rayonu, Araz Dilağarda kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 8, mənzil 42-də yaşayan, Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış və Qaradağ Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunmuş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elektron məlumat daşıyıcısından istifadə etməklə özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində bibisi oğlu Zərərçəkmiş şəxs ilə müvəqqəti olaraq birlikdə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, bina 8, 42 saylı mənzildə olan zaman Zərərçəkmiş şəxs yatmasından istifadə edib, sonuncunun yatdığı otaqda oturacağın üzərinə qoyduğu şalvarının cibindən üzərində məxfilik şifrəsi yazılmış, ******************** seriya nömrəli, etibarlılıq müddəti 05/21 tarixli, "xxxxxxxxxxxx“ ASC-yə aid olan plastik hesab kartını gizli olaraq götürmüş və həmin plastik kartdan istifadə etmək məqsədilə ünvan 2 saylı ünvanda yerləşən “xxxxxxxxxxxx” ASC-yə məxsus bankomata gəlib həmin elektron məlumat daşıyıcısı olan bank kartını bankomata daxil edərək xx xxxxxx 2019-cu il tarixdə saat 09:42 dəqiqədə Zərərçəkmiş şəxs bank hesabından 2 manat bank tərəfindən əlavə nağdlaşdırma komissiyası tutulmaqla 200 manat, daha sonra həmin gün saat 09:45 dəqiqədə bank tərəfindən əlavə 1 manat nağdlaşdırma komissiyası tutulmaqla 100 manat və həmin gün saat 09:52 dəqiqədə bank tərəfindən əlavə 1 manat nağdlaşdırma komissiyası tutulmaqla 32 manat pulu çıxararaq Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 336 manat maddi ziyan vurub, elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Azərbaycan Dillər Universitetində təhsil alarkən Bakı şəhərində yaşamağa evi olmadığı üçün sonuncunun və ailə üzvlərinin yaşadığı evdə yaşayırmış. Onların evində yaşadığı müddət ərzində Rövşən özünə “xxxxxxxxxxxx"dan plastik bank kartı əldə etmişdir. Kart Rövşənin özünə məxsus olmuş, ondan başqa kartdan heç kəs istifadə etməmişdir. Rövşən bank kartına pul köçürürmüş, eyni zamanda onun pula ehtiyacı olduğu təqdirdə valideynləri də, sözügedən karta pul köçürürmüşlər. Bank kartı adətən Rövşənin üzərində olurmuş, bəzən isə evdə qalırmış. O, kartın üzərində şifrəsini qeyd etmişdir ki, birdən təcili pula ehtiyacı olduqda və kart evdə qaldıqda, onun kartından ailə üzvləri istifadə edə bilsinlər. Adətən isə həmin kartdan onun ailə üzvləri istifadə etməmiş, buna icazələri olmamışdır. 2019-cu ilin yanvar ayının 19-u, təxminən saat 09 radələrində evdə olarkən Rövşənin yatmasından istifadə edərək, otaqda oturacağın üzərində olan şalvarının cibindən bank kartını oğurlamış, yaşadığı evdən çıxıb getmişdir. Həmin gün saat 09:40 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “xxxxxxxxxxxx”-ın baş ofisinə gəlmiş, orada yerləşən ATM bankomatından ümumilikdə 332 (ayrı ayrılıqda 200, 100 və 32 manat olmaqla) manat pul çıxarmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin kart hesab kartı olduğu üçün çıxardığı məbləğdən əlavə olaraq bank ümumilkdə 4 manat məbləğində pul faiz olaraq hesabdan tutmuşdur. Həmin pulun 200 manatına "20 yanvar” metrostansiyası yaxınlığında yerləşən, hazırda adını xatırlamadığı mobil telefon alqısatqısı mağazasından 1 ədəd “Samsung J4” markalı mobil telefon almış, qalan pulu isə özündə saxlamışdır ki, nəsə lazım olsa alsın. Həmin gün axşam yaşadığı evə gələndə Rövşən ondan bank kartının oğurlaması barədə soruşmuşdur. O, isə Rövşənə kartı yatanda cibindən oğurlamasını və özünə mobil telefon aldığını bildirmiş, qalan 132 manat pulu və bank kartını Rövşənin özünə qaytarmışdır. Ertəsi gün aldığı “Samsung J4” markalı mobil telefonu internet vasitəsi ilə tanımadığı şəxsə satmış, telefonun İMEİ kodu barədə məlumatı olmamışdır. Pulu verdikdən 3-4 gün sonra isə atası pulun qalan hissəsini, yəni 200 manatını Rövşənə ödəmişdir. O, törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və peşman olmasını, oğurladığı pulu zərərçəkmiş şəxsə geri ödəməsini və zərərçəkmiş şəxslə barışdığını bildirərək, məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Dillər Universitetində bakalavr dərəcəsi üzrə ali təhsil alarkən dayısı Sevindik Xankişizadənin yaşadığı ünvan 1 mənzil 42 ünvanında müvəqqəti olaraq yaşayırmış. Onunla birlikdə evdə dayısının ailəsi, yəni dayısı arvadı, dayısı oğlu Taleh və digər dayısı oğlu yaşayırmışlar. 2018-ci ilin sentyabr ayında o, "xxxxxxxxxxxx”-a gedərək, öz adına plastik bank kartı açdırmışdır ki, artıq pulu olanda karta yükləsin. Həmçinin pula ehtiyacı olanda valideynləri onun kartına pul köçürürmüşlər. Adətən bank kartını üzərində gəzdirirmiş, lakin elə vaxt olurmuş ki, kart evdə qalırmış. Ona məxsus və öz adına olan bank kartından özündən başqa heç kəs istifadə etmirmiş. Lakin bank kartının üzərinə kodunu yazıb qeyd etmişdir ki, kartın kodu yadından çıxsa üzərinə baxıb xatırlasın. Sonuncu dəfə o, kartını yoxlayan zaman hesabında 336 manat pul olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə səhər saatlarında evdə olarkən mobil telefon nömrəsinə “xxxxxxxxxxxx” tərəfindən kartdan 336 manat pulun çıxarılması barədə mesaj gəlmişdir. Bundan sonra o, dərhal evdə bank kartını axtarmağa başlamış, lakin tapa bilməmişdir. Həmin vaxt o, dərhal evdən çıxıb yaxınlıqda yerləşən "xxxxxxxxxxxx”-ın filialına getmiş, orada müştəri xidmətləri üzrə mütəxəssislərdən kartının oğurlandığından deaktiv etmələrini xahiş etmişdir. Bank işçiləri də, ondan bank kartı ilə bağlı məlumatları dəqiqləşdirdikdən sonra kartı deaktiv etmişlər və ona məxsus kartdan pul çıxarmaları barədə qaimə vermişlər. O, həmin sənədi ilkin araşdırma zamanı təhqiqatçıya təqdim etmişdir. Bundan sonra o, bank kartının dayısı oğlu Taleh tərəfindən oğurlandığından şübhələnmiş, DİN-in 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Həmin günün axşamı isə Taleh evə gələndə ondan kartının onun tərəfindən oğurlanıboğurlanmamasını soruşmuşdur. Dayısı oğlu bank kartını oğurladığını etiraf etmiş, kartı geri qaytarmışdır. Lakin kart deaktiv olduğu üçün həmin kartı tullamışdır. Taleh xx xxxxxx 2018-ci il tarixdən xx xxxxxx 2019-cu il tarixədək kartda olan puldan 69 manatını kreditini ödəmişdir. xx xxxxxx 2019-cu il tarixdə isə bank kartından 336 manat pul çıxararaq özünə mobil telefon almışdır. Sonradan isə Talehin atası tərəfindən ondan oğurlanmış məbləğ ona geri qaytarılmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təsirləndirilən şəxslə barışdığını və gələcəkdə də, həmin işlə bağlı heç bir şikayət və tələbinin olmayacağını bildirərək, Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. Rövşən Azərbaycan Dillər Universitetində təhsil alarkən Bakı şəhərində yaşamağa evi olmadığından, 5 ilə yaxın müddətdə onun və ailə üzvlərinin yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ev 8, 42 saylı mənzildə yaşamışdır. Bacısı oğlu onun evində yaşayarkən sonuncu ilə eləcə də, digər ailə üzvləri ilə arasında heç bir narazılıq olmamışdır. Həmin ərəfələrdə Rövşən özünə "xxxxxxxxxxxx”-a aid plastik bank kartı açdırmış, kartdan ondan başqa heç kim istifadə etməmişdir. Rövşən bank kartına pul köçürürmüş, həmçinin onun pula ehtiyacı olduğunda valideynləri onun özünə məxsus bank kartına pul köçürürmüşlər. Rövşən adətən bank kartını üzərində gəzdirmiş, bəzi vaxtlarda kartı evdə saxlamışdır. 2019-cu ilin yanvar ayında Rövşən ona bildirmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə birlikdə yaşadıqları mənzildə yatarkən, oğlu Təqsirləndirilən şəxs onun şalvarının cibindən “xxxxxxxxxxxx”-a aid kartı götürmüş və kartdan ümumilkdə 336 manat pul çəkərək oğurlamışdır. Talehdən soruşarkən bunu özü də etiraf etmişdir. Rövşən bu barədə polisə şikayət etmişdir. Taleh pulun bir hissəsini, təxminən 136 manatını Rövşənə qaytarmışdır. Qalan 200 manat pulu isə o, sonradan Rövşənə ödəmişdir. Nə o, nə də digər ailə üzvləri Talehin kartı oğurladığını görməmiş, eyni zamanda Talehin kartdan pul çıxarmağından məlumatları olmamışdır. İş materiallarında olan bir ədəd kompakt diskə məhkəmə iclası zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə 184 ədəd fotoşəkil mövcuddur. Qeyd olunan şəkillərə baxdıqda Təqsirləndirilən şəxs ünvan 2 ünvanında “xxxxxxxxxxxx”-a məxsus terminalın önündə dayanaraq kartı daxil etməsi və kartın şifrəsini yazması müşahidə olunmuşdur. 112064_094206_609_1003_1 və 112065_09242_078_1009 adlı şəkilləri açdıqda, dəqiq olaraq 09.42.42-dəq. Təqsirləndirilən şəxs kartdan pulu çıxarıb sayması müşaiyət olunmuşdur. Daha öncə “xxxxxxxxxxxx” ASC-dən çıxarılmış hesab üzrə arayışa baxdıqda həmin dəqiqədə Təqsirləndirilən şəxs 200 manat çıxarması görünmüşdür. CD-RW-də Təqsirləndirilən şəxs, 09:45-də və 09:52-də kartdan çıxardığı məbləğ öz əksini tapmamışdır. Daha sonra diskdə olan eyni şəkillər ayrı-ayrı adlar altında təkrarlanır. Diskə baxış zamanı Təqsirləndirilən şəxs həmin görüntülərdəki şəxsin özünün olduğunu bildirmiş, kartdan oğurluq etdiyini könüllü olaraq etiraf etmişdir. Eyni zamanda bildirmişdir ki, 09:42-dəqiqədən sonra 10 dəqiqə ərzində təkrar olaraq 2 dəfə həmin kartdan pul çəkmişdir. İş materiallarında olan “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən cinayət hadisəsinin videogörüntüsü olan 1 ədəd CD-RW diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunması qərara alınmışdır (i/v 144-150). İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 68). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 79). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X2 Məhkəmə Psixiatrik Ekspertizasnın xx.xx.2019-cu il tarixli, 2610 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda yüngül dərəcəli kəmağıllıq (debillik dərəcəsində oliqofreniya) aşkar olunur. Lakin, Təqsirləndirilən şəxs aşkar olunan yüngül dərəcəli kəmağıllıq o dərəcədə ifadə olunmamışdır ki, onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etməkdən məhrum etsin. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində ANLAQLİ hesab olunmalıdır. Onun hərəkətləri AR CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur (i/v 94-96). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(002)-352/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixindən xx xxxxxx 2019-cu il tarixinədək, yəni 02 (iki) gün tutulma altında saxlandığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i/v 117-127). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(002)-164/2020 saylı qərarından görünür ki, Qaradağ rayon məhkəməsinin 1(002)-352/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 10 (on) ay 16 (on altı) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 11 (on bir) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmiş, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri qərar qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanması barədə qərar qəbul olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, 1(006)-83/2020 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmadığını, ona dəymiş maddi ziyanın tam ödənildiyini, təsirləndirilən şəxslə barışdığını və gələcəkdə də, həmin işlə bağlı heç bir şikayət və tələbinin olmayacağını bildirir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, şahidin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2015-ci il tarixli qərarında qeyd etmişdir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Təqsirləndirilən şəxsbarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(002)-352/2019 saylı hökmü ilə 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğunu və Qaradağ rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(002)-164/2020 saylı qərarı ilə həmin cəzanın çəkilməmiş hissəsi 1 (bir) il 10 (on) ay 16 (on altı) gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 11 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunduğundan hesab edir ki, 11 ay 08 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış bir ədəd CD-RW disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan əlavə, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-83/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx xxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(002)-352/2019 saylı hökmü ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 16 gün Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 7(002)-164/2020 saylı qərar ilə əvəz edilmiş 11 ay 8 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD-RW disk cinayət işinin materiallarında saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 manat (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə) isə hökmün surətinin verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar