Məhkəmə qərarları › İş №1(006)-83/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-83/2022

11.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-83/2022 11.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində X6 üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx xxxxxx 1969-cu ildə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantın rejimlərini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratmışdır. Belə ki, yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda, özünü təcrid qaydalarını pozaraq 06 sentyabr 2021-ci il tarixdə yaşadığı ünvan 1 ünvanını tərk edərək Bakı Metropoliteni QSC-nin “28 may” stansiyasına gəlməklə müəyyən olunmuş qaydalara riayət etməyərək karantin rejimini pozanıq "xxxx" virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozaraq digər şəxsləri yoluxdura biləcəyi istisna edilmədiyi halda xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 13 radələrində Bakı Metropolitenin 28 may stansiyasında xidmət aparan Bakı X2 PPX-nin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs koronavirus (Covid-19) infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından saxlanılmışdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, 2021-ci ilin avqust ayının son günlərində yaşadığı ümumi həyətdə yaşayan adını dəqiq bilmədiyi qonşusu koronavirus xəstəliyinə yoluxmuşdur. Qonşusu korona virusa yoluxduqdan bir-iki gün sonra ərazi üzrə poliklinikadan gəlib həmin ümumi həyətdə yaşayan sakinlərdən, o cümlədən, ondan yaxma analizi götürmüşlər. Həkimlər onlardan istifadəsində olan mobil nömrələri istəmişlər. Həmin vaxt o, istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni həkimlərə vermişdir. Onun istifadəsində olan “Samsung DOUS“ markalı mobil telefon köhnə və nasaz olduğu üçün o, korona virusla bağlı verdiyi testin nəticəsinin pozitiv olub- olmamasını bilməmişdir. 06.09.2021-ci il tarixdə yaşadığı evdə ərzaq və hazırda psixoloji xəstəlikdə əziyyət çəkən 1999-cu il təvəllüdlü övladı X4 dərmanları tükənmişdir. O, pulu olmadığı üçün yaşadığı evdən çıxaraq piyada əvvəllər işlədiyi Xətai rayonunda yerləşən “Nəlbəki” adlı çay evinə getmiş, lakin həmin çay evi bağlı olmuşdur. O, orada heç kimdən pul ala bilməyib yaşadığı evə qayıtmaq fikrinə gəlmişdir. Bakı Metropoliteni QSC “28 may“ stansiyasının yanında olan zaman yorulduğu üçün o, metronun “28 may” stansiyasına daxil olub yaşadığı evə metro ilə getmək istəmişdir. Həmin vaxt fikirli olduğu üçün tibbi maskadan istifadə etmədiyi üçün polis əməkdaşları ona yaxınlaşmışlar və özlərini ona təqdim etmişlər. Polis əməkdaşları ondan ad və soyadını soruşmuşdular. O, ad və soyadını həmin polis əməkdaşlarına demişdir. Polis əməkdaşları portal sisteminə daxil olduqdan sonra ona aktiv koronavirus xəstəsi olduğunu demişlər. O, koronavirus xəstəsi olması barədə məlumatı olmadığını bildirsə də, onu Bakı Metropolitenində Polis Şöbəsinə aparmışlar və orada barəsində cinayət işi başlanaraq icraat aparılmışdır. İfadəsinin sonunda koronavirus xəstəsi olması barədə məlumatı olmadığını bildirərək, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan Bakı X2 PPX-nin 2-ci bölüyününü 2-ci tağımında polis nəfəri Şahid1 verdiyi ifadəsində göstrmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, 06.09.2021-ci il tarixdə Bakı Metropoliteni QSC-nin “28 May” stansiyasında xidməti vəzifəsini yerinə yetirərkən bir nəfər şəxs tibbi maskadan düzgün istifadə etməyərək stansiyanın giriş qapısından içəri daxil olmuşdur. O, həmin şəxsə yaxınlaşıb özünü ona təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişdir. Həmin şəxs ondan saxlamağının səbəbini soruşmuş, o isə həmin şəxsə tibbi maskadan düzgün istifadə etmədiyi üçün saxladığını bildirmişdir. Həmin şəxs özünü ona Təqsirləndirilən şəxs kimi təqdim etmiş və bundan sonra sonuncunun adını təhkim olunmuş portal sisteminə daxil etmişdir. Portal sistemində həmin şəxsin aktiv koronavirus xəstəsi olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs harada yaşadığını və yaşadığı evi hansı səbəbdən tərk etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona ünvan 3 ünvanında yaşadığını bildirmişdir. Yaşadığı evi hansı səbəbdən tərk etməsini isə deməmişdir. Sonra o, aşkar etdiyi aktiv koronavirus xəstəsi barədə X5 növbətçi hissəsinə telefon vasitəsi ilə şifahi olaraq məlumat vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, uzun müddət həkim kimi müxtəlif tibb müəssisələrində işləmişdir. 2008ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 3 saylı şəhər poliknikasında həkim terapevt vəzifəsində çalışır. İşlədiyi tibb müəssisəsinə uyğun olaraq, Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsi ona ərazi aidiyyəti üzrə təhkim edilmiş ərazidir. Sahə həkimi olduğu ərazidə yaşayan Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdən Milli Məlumat Bazasına pozitiv "xxxx" xəstəsi kimi daxil edilmişdir. O həmin gündən Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamağa çalışmış, lakin sonuncunun həyat yoldaşı da koronavirus xəstəsi olduğuna görə hər ikisinin səhhəti barədə maraqlanmış, xəstəliyi yüngül keçirməsi üçün həyat yoldaşına telefon vasitəsi ilə alacağı dərmanları demiş və Təqsirləndirilən şəxs yaşadığı evə dərman paketi göndərmişdir. O hər dəfə Təqsirləndirilən şəxs həyat yoldaşı ilə telefon əlaqəsi saxlayan zaman onlara pozitiv xəstələrin və ailə üzvlərinin 14 gün karantin müddətində yaşadığı evi tərk etmələrinin qadağan edildiyini bildirmişdir. Daha sonra ona Təqsirləndirilən şəxs aktiv koronavirus xəstəsi olduğuna görə barəsində cinayət işi açılması məlum olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Yasamal rayonu Gigiyena və Epidemiologiya Mərkəzindən Bakı X2 istintaq qrupunun baş müstəntiqi H.Məmmədova ünvanlanmış 09 sentyabr 2021-ci il tarixli 08-19/1131-17 saylı məktubdan görünür ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixində "xxxx" Milli Məlumat Bazasına pozitiv olaraq qeydiyyata düşmüşdür və həmin vaxt aktiv xəstə olmuşdur (i/v 7). İş materiallarında olan “DVD diskə baxış keçirilməsi haqqında” 15 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, diskdə 01 ədəd video fayl vardır, video 32 saniyə davam edir. Həmin video görüntü Bakı Metropoliteninin “28 May” stansiyasında çəkilmişdir. Təqsirləndirilən şəxs həmin videogörüntüdə bildirmişdir ki, pozitiv "xxxx" xəstəsi olduğunu bildiyi halda yaşadığı evi tərk edərək Bakı metropoliteni QSC “28 May” stansiyasına gəldiyini bildirmişdir (i/v 16). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı 15.09.2021-ci il tarixli, “DVD diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan “Anten məlumatlarını özündə əks etdirən elektron daşıyıcıya baxış keçirilməsi haqqında” 09 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2021-ci il tarixdə yaşadığı evi tərk edərək Bakı Metropoliteni QSC-nin “28 may” stansiyasına gəlməsi aşkar edilmişdir. Bundan başqa, 12.09.2021-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək Bakı şəhəri, Xətai rayonunda yerləşən “Dəmir Yol İdarəsinə”, həmin tarixdə Bakı şəhəri, Nəsimi rayonu, M.A.Əliyev küçəsinə getdiyi müəyyən edilmişdir (i/v 24). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 17.09.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 20). İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” 27 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i/v 57-58). İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 15 oktyabr 2021-ci il tarixli, 861/KEŞ saylı ekspert rəyindən görünür ki, 1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs 03.09.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (COVİD-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı nəticəsinin pozitiv olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs "xxxx" virus infeksiyasının daşıyıcısı olduğu halda sanitariya-gigiyena qaydalarını pozmaqla yoluxdura biləcəyi istisna edilməmişdir. "xxxx" virus infeksiyasının inkubasiya dövrü 14 gün arası davam etmişdir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur (i/v 31-33). İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” X11 Bakı X2 istintaq qrupunun baş müstəntiqi H.Məmmədova ünvanlanmış 18 noyabr 2021-ci il tarixli PHŞ/11-2-2021-4266 saylı məktubdan görünür ki, 03.09.2021-ci il tarixdə saat 16:06:42-də Təqsirləndirilən şəxs istifadəsində olan **********20 saylı mobil nömrəyə İTS.GOV.AZ saytından “Hormetli QEZENFER ZEYNALOV. Sizin 01.09.2021-ci il tarixinde COVİD-19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve ailə üzvləriniz yaşayış yerinizi terk etmeyesiniz. Karantin rejimini pozduğunuz teqdirde, Azerbaycan Respublikasının inzibati Xətalar və Cinayet mecellelerinde nezerde tutulmuş qaydada mesuliyyete celb oluna bilersiniz. İD: **********.tel: 1542” mətni SMS formasında göndərilmişdir (i/v 64-65). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tibbi Şurasının 07 sentyabr 2020-ci il tarixli Qərarı ilə (Protokol №9) təsdiq edilmiş “Koronavirus infeksiyasının (Covid-19) idarə olunması üzrə Metodik Təlimat”ın “COVİD-19 xəstələrinin ambulator şəraitdə aparılması” hissəsində qeyd olunur ki, xəstəliyin yüngül forması olan şəxslər tibbi nəzarətdən aşağıdakı hallarda çıxarılır: qızdırma olmadıqda və respirator simptomlar azaldıqda və burun-boğazdan PZR müayinənin mənfi nəticəsindən sonra; klinik simptomların olmadığı, lakin PZR müayinənin müsbət nəticəsi hallarında müşahidə 14 gün ərzində davam edir (xəstələnmənin 1-ci günündən hesablanır). “Koronavirus (COVİD-19) infeksiyası ilə yoluxma halı təsdiqlənmiş şəxslərin və onlarla təmasda olanların müəyyənləşdirilməsinə, izlənilməsinə və müşahidəsi üzrə tədbirlərin həyata keçirilməsinə, monitorinqinə və dövlət qurumları arasında əlaqələndirilməsinə dair Protokol”a 1 nömrəli əlavənin 9.1-ci bəndinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcridetmə müddəti bitdikdə, yoluxma faktı təsdiq edilmiş şəxs və (və ya) onunla təmasda olanlar üçün Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən onlara SMS bildirişlər göndərilir. Bu əlavənin 9.3-cü və 9.4-cü bəndlərinə əsasən yaşayış yerində və ya olduğu yerdə təcrid olunanların ən azı 7 gündən sonra 24 saat intervalla 2 ardıcıl keçirilən laboratoriya testinin nəticəsi neqativ olduqda, eləcə də yaşayış yerində və ya olduğu yerdə təcrid olunma başlandığı gündən 14 gün keçdikdə, tövsiyələrin 9.1-ci bəndində nəzərdə tutulan SMS bildirişlər göndərilir. «Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə və təcrid olunma Qaydaları”nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli, 161 nömrəli Qərarına əsasən yaşadığı və ya olduğu yerdə karantin nəzarətinə götürülmüş şəxs mənzili (evi) tərk etməməlidir. «Sanitariya-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı məsələlərinə dair respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi, əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində məqsədyönlü respublika kompleks proqramlarının hazırlanması və qəbul olunması, onların maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi, dövlət orqanları tərəfindən sanitariya qanunvericiliyinə əməl olunmasına nəzarət edilməsi, Azərbaycan Respublikasının ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi, dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin sisteminin və hüquqi statusunun müəyyən edilməsi, Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv edilməsi, insanların həyatı və sağlamlığı üçün təhlükəli olan ərazidə əhalinin yaşamasının, kənd təsərrüfatı işlərinin, digər təsərrüfat işlərinin qadağan edilməsi və sanitariya qanunvericiliyinə əməl olunmaması nəticəsində dəymiş zərərin hesablanması və ödənilməsi qaydasının müəyyənləşdirilməsi Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə aiddir. Həmin Qanunun 25-ci maddəsinə əsasən Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-602/2021 saylı, 03.12.2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 06 dekabr 2021-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi “Pro Bono” Vəkil Bürosunun vəkili X7 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 18 (on səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar