Məhkəmə qərarları › İş №1(006)-83/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-83/2023

18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-83/2023 18.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 12:15 Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, tərcüməçi X1, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Pro Bono” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1971-ci ildə Gürcüstan Respublikası, Telavi şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binsında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 02 aprel 2022-ci il tarixdə saat 13:24-də Zərərçəkmiş şəxs2 MMC-yə məxsus «Kontakt Home» mağazalar şəbəkəsinin ünvan 2 ünvanda yerləşən vətəndaşların azad girib-çıxa biləcəyi “X3” mağazasına müştəri qismində daxil olub, mağazada olan satıcıların başlarının qarışıq olmasından istifadə edərək saat 13:39-da satışda olan mobil telefonların qoyulduğu masanın üzərindən zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 1249 manat 99 qəpik dəyərində “Huawei Nova 9” markalı mobil telefonu naqilindən ayırıb gödəkçəsinin cibinə qoymaqla gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədilə 11 iyul 2022-ci il tarixdə saat 13:30-da ünvan 3 ünvanda yerləşən vətəndaşların azad girib-çıxa biləcəyi Zərərçəkmiş şəxs1 MMC-yə məxsus “Tissot VMF” mağazasına müştəri qismində daxil olub, mağazada olan satıcıların başlarının qarışıq olmasından istifadə edərək saat 13:39-da vitrində satış üçün qoyulmuş zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 2235 manat dəyərində “Tissot T**********100” markalı qol saatını gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə maddi ziyan vurmaqla oğurluq etmişdi. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun cinayət hadisəsi törədənədək uzun müddət daimi yaşayış yeri və hər hansı əmək fəaliyyəti olmamışdır. O, maddi çəinlikləri olduğundan oğurluq etmək qərarına gəlmiş, 02 aprel 2023-cü il tarixdə, saat 13:20 radələrində “Sahil” metrostansiyasının qarşısında olan “Kontakt Home” mağazasına gəlmişdir. Mağazada vitrinin üzərində mobil telefonların olduğunu görmüş və həmin telefonlar naqillə bağlı olmuşdur. O, bir müddət telefonlara baxıb ətrafdakı şəxslərin ona diqqət yetirmədiyini gördükdən sonra “Huawei” markalı telefonu əlinə götürüb ilk oncə naqili telefonun arxasından ayırmış, sonra şübhə çəkməmək üçün telefonu yenidən yerinə qoyub gözləmişdir. Bundan sonra, onun hərəkətindən kiminsə şübhələnmədiyini görüb telefonu vitrindən götürüb cibinə qoyub dərhal mağazanı tərk etmişdir. O, mağazadan çıxdıqdan sonra üzü Rəşid Behbudov küçəsi istiqamətində hərəkət etmiş və ətrafda olan şəxslərə telefonun alınması üçün təkliflər etmiş, lakin bir müddət onun təklif etdiyi telefonu alan şəxs olmamışdır. Lakin sonradan tanımadığı yoldan keçən təxminən 40-45 yaşlı kişini görüb həmin şəxsə telefonun alınması üçün təklif etmiş, həmin şəxs telefona baxdıqdan sonra bəyənmişdir. Həmin şəxsə telefonun özünə məxsus olduğunu bildirmiş, ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Bundan sonra həmin şəxslə aralarında olan razılığa əsasən telefonu 30 manata həmin şəxsə satmışdır. Daha sonra həmin şəxsi görməmişdir. Bundan sonra, o, yenədə maddi ehtiyacları olduğuna görə oğurluq etmək qərarına gəlmişdir. O, bu məqsədlə, 11 iyul 2022-ci il tarixdə günorta saat 13:30 radələrində ünvan 4 ünvanında olduğu zaman Zərərçəkmiş şəxs1 adlı saat mağazasına daxil olmuşdur. Mağazada bir müddət gəzib satıcının və digər şəxslərin ona diqqət yetirmədiyini görüb vitrində olan yaşıl qara rəngli “Tissot” markalı saatı oğurlamış və dərhal mağazanı tərk etmişdir. Onun oğurluq etməsini heç kəs görməmişdir. Bundan sonra 28 May küçəsi ilə hərəkət edərək bir neçə nəfərə yaxınlaşıb saat satdığını bildirmişdir. Bir müddət saatın satılmasını təklif etdiyi şəxslər onunla razılaşmasa da, sonradan cavan yaşda olan bir nəfər şəxs həmin saatı 30 manata ondan almışdır. Daha sonra, polis əməkdaşları tərəfindən saxlanılan zaman oğurluq etdiyini səmimi etiraf etmişdir. O, oğurluq vasitəsilə əldə etdiyi pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. İfadəsinin sonunda törətdiyi əməlləri etiraf edərək peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi Nümayəndə1 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs1 MMC-yə məxsus ünvan 5 ünvanında yerləşən mağazadan 11 iyul 2022-ci il tarixdə naməlum şəxs tərərindən vitrində satış üçün qoyulmuş 2235 manat dəyərində “Tissot” markalı qol saatı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi barədə polis idarəsinə müraciət edildikdən sonra aparılmış araşdırmalar nəticəsində həmin oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi istiqamətində hər hansı addım atılmasa da, ona qarşı mülki iddia verilməmişdir. Belə ki, dəymiş zərərin ödənilməsi sığorta tərəfindən məhkəmənin yekun qərarı üzrə ödəniləcəkdir. Hal-hazırda dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. ünvan 2 ünvanda yerləşən “X3” mağazası "xxxx" MMC şirkətinin şəbəkə mağazalarından biridir. 02 aprel 2022-ci il tarixdə “ABC telekom“ MMC-nin baş ofisinə mağazadan oğurluq olması barədə məlumat verilmişdir. Belə ki, mağazada vitrində satış üçün qoyulmuş “Huawei Nova 9” markalı mobil telefonun naməlum şəxs tərəfindən oğurlanması məlum olmuşdur. Həmin “Huawei Nova 9” markalı telefonun dəyəri 1249 manat 99 qəpik olmuşdur. Təqsirləndirilən şəxs oğurluq hadisəsini törətdikdən sonra dəymiş maddi ziyanın ödənilməsi üçün hər hansı addım atmamış və zərər ödənilməmişdir. Hal-hazırda "xxxx" MMC-yə dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmədiyindən ona qarşı şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanımır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. ünvan 5 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs1 MMC-dən xx.xx.2022ci il tarixdə mağazada vitrində qol saatının birinin yerində olmamasını aşkar etmişdir. Bu səbəbdən, şirkətin daxili təhlükəsizlik əməkdaşlarına müraciət etmiş və mağazada kamera ilə qeydə alınmış videogörüntülərə baxılmışdır. Kameralara baxılan zaman bir nəfər şəxsin mağazaya gələrək vitrini müşahidə etdiyini, heç kimin onu görmədiyindən əmin olub satıcının başının qarışıq olmasından istifadə edərək vitrindən bir ədəd 2235 manat dəyərində “Tissot” markalı qol saatı götürüb mağazanı tərk etməsi müşahidə edilmişdir. Bu barədə Nəsimi RPİ-nin 22-ci PŞ-nə ərizə ilə müraciət edilmişdir. Baş vermiş oğurluq hadisəsi barədə polis idarəsinə müraciət edildikdən sonra aparılmış araşdırmalar nəticəsində həmin oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədilməsi məlum olmuşdur. İş materiallarında olan 09 avqust 2022-ci il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 50-51). İş materiallarında olan 10 avqust 2023-cü il tarixli “Qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i/v 77). İş materiallarında olan 09 avqust 2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə ünvan 5 ünvanında saat 13:35-də vitrindən qoyulmuş “Tissot T**********100” markalı qol saatını götürməsi və daha sonra mağazanı tərk etməsi müşahidə olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs səmimi olaraq əməlini etiraf etmiş, videogörüntülərdəki şəxsin özü olmasını bildirmişdir (i/v 62). İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli “Diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 aprel 2022-ci il tarixdə 13:24-də «Kontakt Home» mağazasına daxil olması, vitrində olan mobil telefonları bir-bir əlinə götürməsi, saat 13:39-da mobil telefonu götürüb gödəkçəsinin cibinə qoyması və mağazanı tərk etməsi müşahidə edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntülərdəki şəxsin özü olmasını bildirmişdir (i/v 238). İş materiallarında olan “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 15 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* saylı cinayət işi üzrə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i/v 167-168). İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 1(006)-83/2023 saylı qərarı ilə xx xxx 1971-ci ildə Gürcüstan Respublikası, Telavi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və daimi yaşayış yeri olmayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi və qərarın icrasının Nəsimi rayon Polis İdarəsinə tapşırılması qərara alınmışdır. İş materiallarında olan “axtarışda olan şəxsin yaxalanması haqqında” protokoldan və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin rəisi Fəxrin Bektaşi tərəfindən məhkəməyə ünvanlanan 06 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə axtarışda olan şəxs qismində yaxalanmış və Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanası tərəfindən məhkəməyə ünvanlanan 07 mart 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2023-cü il tarixdə Bakı şəhəri Nəsimi RPİ-nin əməkdaşları tərəfindən tutularaq 06 mart 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 12 fevral 2019-cu il tarixli hökmündən və Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsi üzrə səlahiyyətləri müvəqqəti icra edən İqbal Qəmbərov tərəfindən təsdiq olunmuş 15 noyabr 2021-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi barədə” Qərardan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Nərimanov rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. “8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad olunmuşdur. (i/v 125-126, 129, 197-204). İş materiallarında olan 15 oktyabr 2022-ci il tarixli “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə şəxsin axtarışa elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayınması səbəbindən, onun tutulması üçün haqqında axtarış elan olunmuş və tutulduğu halda Nəsimi RPİ-nin İŞ-nə və ya MSYnə təhvil verilməsi qərara alınmışdır. (i/v 219-220). İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli “Cinayət işinin təzələnməsi və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərək icraata qəbul edilmişdir. (i/v 217-218). İş materiallarında olan 12 dekabr 2022-ci il tarixli “Qətimkan tədbirinin nəzərə alınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. (i/v 256-257). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/5750 saylı rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd yeni vəziyyətdə, qutusu olmayan, “Tissot” markalı “T**********100 modelli qol saatının 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 2200,00 manat müəyyən edilmişdir. (i/v 208- 209). İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6532 saylı rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda qeyd edilən 01 ədəd yeni vəziyyətdə, “Huawei Nova 9” markalı mobil telefonun satışı üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 1200,00 manat müəyyən edilmişdir. (i/v 211- 212). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələri, videogörüntülərə baxış keçirilməsi protokolu, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməlləri etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 avqust 2022-ci il tarixdən 10 avqust 2022-ci il tarixədək tutulduğu müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ondan 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Mülki iddiaçı «ABC Telecom” ASC tərəfindən verilən mülki iddiadan görünür ki, mülki iddiaçı cavabdeh Təqsirləndirilən şəxs onun xeyrinə 1249.99 (min iki yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat maddi ziyanın tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddianın dəlillərini, cinayət işinin materiallarını araşdırıb, tədqiq edərək belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələblərinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələblərinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələblərinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət hadisəsi nəticəsində "xxxx" MMC-yə 1249.99 (min iki yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat dəyərində maddi ziyan dəymişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 1249.99 (min iki yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat məbləğində pul tutularaq mülki iddiaçı – "xxxx" ASC-yə ödənilməlidir. İşdə olan 08 may 2021-ci il tarixli qəbzdən görünür ki, "xxxx" MMC tərəfindən 32 (otuz iki) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsi ilə əlaqədar qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçı "xxxx" ASC tərəfindən verilən mülki iddia tam təmin edilməli, təqsirləndirilən şəxsmülki cavabdeh Təqsirləndirilən şəxs 1249.99 (min iki yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat maddi ziyan, dövlət rüsumuna görə ödənilmiş 32 (otuz iki) manat 49 (qırx doqquz) qəpik, cəmi 1282.48 (min iki yüz səksən iki manat qırx səkkiz qəpik) manat tutularaq "xxxx" MMC-yə verilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi «Pro Bono» Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)-557/2022 saylı, 30 dekabr 2022-ci il tarixli qərara əsasən 09 yanvar 2023-cü il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi «Pro Bono» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 21 (iyirmi bir) iş saatı həcmində hüquqi yardımla bağlı Müdafiəçi vəkil işlədiyi «Pro Bono» Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərərçəkmiş hüquqi şəxs və mülki iddiaçı "xxxx" MMC tərəfindən verilən mülki iddia tam təmin edilərək mülki cavabdeh – Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 1249.99 (min iki yüz qırx doqquz manat doxsan doqquz qəpik) manat və 32 (otuz iki) manat 49 (qırx doqquz) qəpik dövlət rüsumu cəmi 1282.48 (min iki yüz səksən iki manat qırx səkkiz qəpik) manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-yə ödənilsin. Təqsirləndirilən şəxs 100 (yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Pro Bono” Vəkil Bürosunun hesabına 126 (yüz iyirmi altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar