Məhkəmə qərarları › İş №1(006)-84/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-84/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-84/2024 21.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Müdafiəçi: «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1989-cu il tarixdə Ağsu rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), subay, orta təhsilli, işləməyən, Ağsu şəhəri, Babək küçəsi, ev 01də qeydiyyatda olan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzası 02 ilə endirilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,182 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 17 oktyabr 2023-cü il tarixdə, saat 21:15-də polis əməkdaşları tərəfindən keçirilmiş ünvan 1 ünvanın qarşısında saxlanılaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə həmin narkotik vasitə aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, saxlanıldığı gün onun üzərində heç bir narkotik olmamışdır. Belə ki, o, 17 oktyabr 2023-cü il tarixdə tanışı Şahid3 yaşadığı evdə olan zaman saat 20 radələrində polis əməkdaşları evin qapısını sındırıb onu möhkəm döymüş və tutub bölməyə aparmışlar. Bu zaman polis əməkdaşları Məftunu da tutub aparmışlar. O, əməliyyat müvəkkili Şahid2 tərəfindən deyil, Şahid1 və “Emil” adlı polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis bölməsində ona bildirilmişdir ki, ya külli miqdarda narkotiklə tutulmağın barədə qeydiyyat aparılacaq, ya da ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli olduğu etiraf et. Orxan adlı polis əməkdaşı onun cibinə narkotik qoyduqdan sonra video çəkiliş aparılmışdır. Müvəqqəti saxlama yerində olarkən xəsarətləri barədə məlumat versə də, bununla bağlı heç bir orqana şikayət etməmiş, məhkəmədə barəsində həbs qətimkan tədbiri seçilərkən ona zor tətbiq olunması haqqında bir söz deməmişdir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin baş əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdi ki, 17 oktyabr 2023-cü il tarixdə “Ayat” adlı şəxsin narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Daha sonra isə əldə edilmiş məxfi məlumat əsasında “Ayat” adlı şəxsin gedə biləcəyi ünvan müəyyən edilmişdir. Onlar ünvan 1 ünvanın qarşısına yollanmış və birlikdə həmin ünvanda gözlədikdən sonra saat 21:15-də “Ayat” adlı şəxsi piyada hərəkət etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmiş və məsələ barədə məlumat verib onun üzərində axtarış aparılması məqsədilə polis bölməsinə dəvət etmişlər. Bölmədə həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən olmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılarkən o, əynində olan qara rəngli cins şalvarın cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu-sual zamanı Ayat həmin bükülünün içərisində heroin olduğunu və onu “Sovetski” adlanan ərazidə 10 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir qanunsuz hərəkət olunmamış, o işgəncəyə məruz qalmamışdır. Eyni zamanda o, Şahid3 yaşadığı evdən götürülməmiş, sonuncu şəxsi onlar həmin günü saat 23 radələrində saxlamışlar. Özü 050 ***-**-** və 050 ***-**-** saylı GSM nömrələri istifadə edir. Məhkəmədə şahid Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışmış Şahid1 Şahid2 ifadəsində göstərilənlərə uyğun izahat verdi. Şahid2 istifadəsində olan 050 ***-**-** və 050 ***-**-** saylı mobil telefon nömrələri ilə 17 oktyabr 2023-cü il tarixdə, saat 19:15-dən 23:15-dək olan müddət ərzində aparılmış danışıqlar üzrə daxil olan və onlardan çıxan zənglərin siyahısı, SMS mesajlarının yazılı mətnləri, danışıqların aparıldığı şəxslərin ünvanları, həmçinin həmin nömrələrlə qeyd olunan tarixdən aparılan danışıqlar aparılan zaman anten əhatə dairəsi və həmin nömrələrin hansı İMEİ kodlu telefonlarda istifadə edilib-edilməməsinə barədə məlumatların "xxxx" MMC-dən ələ keçirilməsi barədə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən xx.xx.2024-cü il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərarın icrası ilə bağlı "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli, 2443 saylı məktubla təqdim edilmiş diskdə olan məlumata görə Şahid2 istifadə etdiyi 050 ***-**-** saylı nömrənin əhatə dairəsi xx.xx.2023cü il tarixdə, saat 20:43 radələrində “Baki sh., Nesimi ray., Merdanov Qardaşları kuc-99”, saat 20:52-21:05 aralığında “Shafayat Mehdiyev kuc” göstərilir. 050 ***-**-** saylı nömrənin qərarda göstərilən müddətdə “Azercell” şəbəkəsində istifadəsi aşkar edilməmişdir (İİ cild). Bununla bağlı Şahid2 məhkəmədə təkrar dindirilərkən bildirmişdir ki, 050 ***-**-** GSM nömrə ilə istifadə etdiyi telefon aparatının enerjisi tez tükəndiyi üçün 17 oktyabr 2023-cü il tarixdə, saat 19:15-dən 23:15-dək olan müddət ərzində onun şəbəkədə istifadəsinin aşkar edilməməsi mümkündür. Onun xidməti zərurətlə əlaqədar 17 oktyabr 2023-cü il tarixdə, saat 20:43 radələrində Mərdanov Qardaşları küçəsində, daha sonra saat 20:52-21:05 aralığında Şəfayət Mehdiyev küçəsində olması istisna deyil və həmin yerdən Cəlil Məmmədquluzadə küçəsinə gəlməsi də ən uzağı 10 dəqiqə vaxt apara bilər. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Ayat onun dostudur. Özü hazırda Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, həbsdədir. 17 oktyabr 2023-cü il tarixdə, axşam saat 7-8 radələrində Ayatla görüşmüş və onu Sübhi Salayev küçəsində yerləşən, kirayədə qaldığı evə dəvət etmişdir. Təxminən 10 dəqiqə sonra üç nəfər şəxs qəftələn evə daxil olmuş, onları külli miqdarda narkotikin dövriyyəsi ilə məşğul olduqlarını bildirib zor tətbiq etmişlər və sonra onları 21-ci polis bölməsinə aparmışlar. Onlar saxlanılan zaman üzərlərində heç nə olmamışdır. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə” xx.xx.2023-cü il tarixli protokol və diskdə olan videogörüntüyə əsasən Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur və bildirir ki, bükümün içərisindəki maddə heroindir, onu istifadə etmək məqsədi ilə xx.xx.2023-cü il tarixdə “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata şəxsi istifadəsi üçün alıb. Protokol iştirakçılar tərəfindən imzalanır (İ cild, i.v.49-52); • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-6/5482 saylı rəyinə görə tədqiqata təqdim edilmiş, üzərində “X5 üzərindən...”sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqatdan sonra heroinin ümumi qalıq çəkisi 0,142 qram, aparılmış tədqiqatın dəyəri 65 manat təşkil edir (İ cild, i.v.57-60); • “Şübhəli şəxsin dindirilməsi” və “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında protokollarda Təqsirləndirilən şəxs əks olunmuş ifadələrinə əsasən o, uzun müddətdir ki narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə “Sovetski” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manat müqabilində, şəffaf sellofana bükülmüş bir büküm narkotik vasitə olan heroin almışdır. Bundan sonra təxminən saat 21 radələrində ünvan 1 ünvanın qarşısına çatdıqda iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Onun narkotik vasitələrin saxlanılmasında, istifadəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə 21-ci polis bölməsinə gedəcəyini bildirmişlər. Bölmədə ona üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməyi təklif edilmişdir. O, əynində olan qara rəngli cins şalvarın cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ondan sonra heç bir təyziqə məruz qalmamışdır (İ cild, i.v.62-64, 81-83); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X6 Ambulator X2 haqqında xx.xx.2023-cü il tarixli, 7351 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, i.v.134-135); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-507/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitənin ona məxsus olduğunu söyləmişdir (İ cild, i.v.91-94); • “Maddi sübutun tanınması haqqında” xx.xx.2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,142 qram olan narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Nəsimi Rayon Polis İdarəsinin maddi sübutları saxlama kamerasına verilmişdir (İ cild, i.v.106-107); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı və hökmə əsasən Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə cəzası 02 ilə endirilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir (İ cild, i.v.101-103, 112-124); • Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiləndirilən şəxs Şahid3 barəsində olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-119/2024 saylı hökmündə Şahid3 əks edilmiş ifadəsinə görə o, xx.xx.2023cü il tarixdə, axşam saatlarında “Yasamal bazarı” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata bir bükümdə heroin almış, sonra piyada ünvan 3 ünvanın qarşısında hərəkətdə olan zaman iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq üzərində narkotik vasitə olmasına dair məlumatlarının olmasını bildirib üzərində narkotik vasitə və ya qanunsuz əşyanın olub-olmamasını soruşmuşlar. Həmin vaxt o özünü itirmiş və artıq hər şeyin gec olduğunu görərək polis əməkdaşlarına üzərində narkotik olduğunu bildirmişdir. Bundan sonra onu 21-ci polis bölməsinə dəvət etmişlər. Orada əynində olan şalvarın cibindən həmin narkotik vasitəni çıxararaq masanın üzərinə qoymuşdur. Polis əməkdaşları onu saxlayarkən ona qarşı hər hansı bir qanuna zidd hərəkətə yol verməmişlər (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda narkotik vasitə olan heroinin şəxsi istehlak üçün yuxarı miqdarı 0,15 qram təşkil edir (cinayətin törədildiyi zaman qüvvədə olan redaksiyası). Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Bu cinayətin törədilməsi məhkəmə istintaqında Təqsirləndirilən şəxs özü tərəfindən inkar olunsa da, məhkəmədə tədqiq olunmuş şahid ifadələri, habelə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi və digər mötəbər dəlillərlə onun tərəfindən bu əməlin törədilməsi tam sübuta yetirilir. Törədilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Eyni zamanda təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən saxlanılarkən fiziki və ya psixi zorakılığa məruz qalması ilə bağlı irəli sürülmüş dəlillə bağlı məhkəmə qeyd edir ki, bu məsələni təqsirləndirilən şəxs, onun müdafiəçisi və ya digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmasına dair hər hansı müraciətə rast gəlinmir, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs tərəfindən bu barədə məhkəməyə də məlumat verilmir. Bununla bağlı məhkəmə vurğulayır ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Həmçinin, Təqsirləndirilən şəxs onu saxlayan şəxslər sırasında iş üzrə şahid olan polis əməkdaşı Şahid2 olmaması ilə bağlı ifadəsində göstərdiyi xüsusatla bağlı "xxxx" MMC-dən əldə olunmuş məlumatdan belə nəticəyə gəlmək olar ki, Şahid2 17 oktyabr 2023-cü il tarixdə, saat 20:43 radələrində Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində olduqdan təxminən 9 dəqiqə sonra saat 20:52-21:05 aralığında Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində olmasının mümkünlüyü onun həmin yerdən Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsinə qısa müddət, yəni 10 dəqiqə ərzində gəlməsini də istisna etmir və bunu şübhə altına alacaq hər-hansı başqa bir hal da müəyyən olunmur. Eyni zamanda, Şahid3 17 oktyabr 2023-cü il tarixdə, axşam saat 7-8 radələrində Sübhi Salayev küçəsində yerləşən, kirayədə qaldığı evdə Ayatla birlikdə olarkən üç nəfər şəxsin evə daxil olaraq onlara zor tətbiq etməsini və sonra onların 21-ci polis bölməsinə aparılmasına dair məhkəmədə verdiyi ifadəsi ilə bağlı vurğulanmalıdır ki, bu şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsiləndirilməsi üzrə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(006)-119/2024 saylı hökmündə o, üzərində narkotik vasitənin olduğunu və xx.xx.2023-cü il tarixdə, axşam saatlarında ünvan 3 ünvanda polis əməkdaşları tərəfindən saxlanılaraq 21-ci polis bölməsinə gətirilməsini və ona qarşı heç bir zorun tətbiq olunmamasını göstərmişdir. Məhkəmədə şahid kimi dindirilmiş polis əməkdaşları da Şahid3 həmin günü axşam saat 23 radələrində, yəni Təqsirləndirilən şəxs tutulduqdan təxminən 2 saat sonra saxladıqlarını təsdiq etmişlər. Bununla da belə nəticəyə gəlmək olar ki, hazırkı cinayət işi üzrə şahid qismində Şahid3 bu cür ziddiyyətli ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq məqsədini güdmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla bağlı məhkəmədə təkzibedilməz, o cümlədən polis əməkdaşlarının ifadələrini şübhə altına ala biləcək hər hansı dəlil müəyyən oluna bilinməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1-ci, 41.2ci və 58.3-cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər qəsdən törətdiyi az ağır cinayətə görə məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki az ağır cinayəti törətmişdir ki, bu da cinayətin residivini yaradır. Həmin halı da məhkəmə Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə uyğun olaraq cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır (18.1-ci maddə); cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır (83.1-ci maddə); az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə şəxs məhkumluğu olmayan hesab edilir (83.3.3-cü maddə). Bu Məcəllənin 65.1-ci maddəsinə görə residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Qeyd olunan Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2013-cü il tarixli Qərarına görə cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu ödənilmədən yenidən qəsdən hazırki cinayətin törətməsini, bununla da onda cinayət törədilməsinin vərdişə çevirilməsini və əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun həbsə alındığı andan – 17 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,142 qram narkotik vasitə heroin Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhv edilməli, ekspertiza tədqiqatının dəyəri 65 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. ”Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan müalicə ilə bağlı tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın, ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat pul ondan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsində saxlanılan, qalıq qalan 0,142 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «Universal» Vəkil Bürosunun vəkili Müdafiəçi 35 saat üçün nəzərdə tutulan 210 (iki yüz on) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar