Məhkəmə qərarları › İş №1(006)-85/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-85/2021

09.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-85/2021 09.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhər şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Xaçmaz rayonu, Alıc Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “MK Group” şrkətində işləyən, məhkum olunmayan, Xaçmaz rayonu, Alıc Qışlaq kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə, saat 11 radələrində ünvan 2 “A” ünvanının qarşısında idarə etdiyi “Renault Fluence” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən avtomobili ani anda saxlaması səbəbindən arxa tərəfində hərəkətdə olan “Toyota Corolla” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs avtomobilin içərisindən ona öz iradını bildirməsini cüzi səbəb kimi bəhanə gətirərək avtomobildən düşüb sonuncuya yaxınlaşaraq nalayiq ifadələr işlətməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozub, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş ümumdavranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, cəmiyyətin mənafeylərinə toxunan hərəkətlər etməklə zor tətbiq edib yumruq zərbəsi ilə qəsdən sonuncunun sifət nahiyəsindən bir dəfə zərbə vurmaqla ona gözün ağlı qişasına qansızma ilə müşayiət olunan alt göz qapağının qançırı, sağ yanaq nahiyəsinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat 11:00 radələrində idarə etdiyi “Renault'’ Fluence“ markalı, **-PZ-*** dövlət nömrə nişanl avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, 1 saylı X2 üzü Azərbaycar Respublikası Səhiyyə Nazirliyi istiqamətində, yəni Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 1 “A” ünvanının qarşısında hərəkətdə olan zaman baş yol ilə hərəkətdə olan nəqliyya vasitələrinə yol vermək üçün avtomobilini saxlamasını, həmin zaman arxada dayanmış “Toyota Corolla” markalı, **-FF-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün dayanmadan ona siqnal verərək, əlini pəncərədən çıxardıb ona idarə etdiyi avtomobilin arxa stop işıqlarının yanmaması barədə irad bildirdiyini, həmin zaman cavab olaraq avtomobilin sürücüsünə arxa, sol stop işığın yanmasını deyərək, dəqiq baxmağını dediyini, bundan sonra avtomobilini yolun kənara verərək saxladığını və həmin şəxsin avtomobildə ola-ola onunla kobud şəkildə danışmağa başladığını, bundan sonra həmin şəxsin avtomobildən düşüb üzərinə gələrək onu nalayiq ifadələrlə təhqir etdiyini, ona qarşılıq olaraq cavab verdiyini və özünü müdafiə etməyə çalışdığını, həmin şəxsin təkrarən onun üzərinə gəldiyini və onu nalayiq ifadələrlə təhqir etdiyini gördükdə yolda tıxac yaranmasın diyə avtomobilinə əyləşərək avtomobilini sürərək getdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində əlavə olaraq qeyd olunan hadisə zamanı həmin şəxsin avtomobilində onun həyat yoldaşının, ətrafda isə tanımadığı şəxslərin olmasını, mübahisə zamanı ətrafına yoldan keçən şəxslərin yığılmasını, daha sonra isə yolda tıxac yaranması deyə avtomobilinə əyləşib oradan uzaqlaşmasını, mübahisəyə səbəb kimi həmin şəxsin onu təhqir etməsi və onun üzərinə gəlməsi olmasını, qeyd olunan hadisə zamanı Zərərçəkmiş şəxs onun üzərinə gəlməsini, qarşılığında özünü müdafiə etməyə çalışmasını, Vasif Cəfərlinin onun üzərinə gələrkən Vasifin yaxasından tutmasını, Vasifin də onun yaxasından tutmasını, bu zaman dirsəyinin onun üzünə dəymə ehtimalının ola bilməsini, lakin bunu xatırlamadığını, ola bilsin ki, bu zaman onun sağ yanaq nahiyəsi yüngül sıyrılmasını, lakin həmin şəxsin gözünə qan sızmasını görmədiyini, hadisədən sonra onun gözünə qan sıza bilməsini, daha sonra həmin şəxsdən uzaqlaşıb avtomobilinə əyləşdiyini və həmin yerdən uzaqlaşdığını, əlavə olaraq özünün solaxay olmasını, heç bir halda Zərərçəkmiş şəxs sol gözünə zərbə endirib xəsarəl yetirə bilmədiyini, Zərərçəkmiş şəxs ifadəsində qeyd olunanlarla heç bir halda razılaşmadığını, onu yumruqla vurmağının tamamilə yanlış ifadə olmasını, mübahisəni və ya hadisəni başladan şəxsin Vasifin özü olmasını bildirmişdir. Daha sonra özünü qismən təqsirli bilərək söyüş söydüyünə görə peşman olmasını, cavan və ilk məhkumluğunun olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərəçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə, saat təxminən 11:00 radələrində idarə etdiyi “Toyota Corolla” markalı, **-FF-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri, Nəsimi rayonu, 1 saylı X2 üzü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi istiqamətində, yəni Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 1 “A” ünvanının qarşısında həyat yoldaşı Şahid ilə hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Renault Fluence" markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobilinin sürücüsünün qəfildən əyləc tormoz sistemini işə salaraq avtomobili saxlamasını, bu zaman onun da avtomobili məcbur saxlamalı olmasını, daha sonra idarə etdiyi avtomobili həmin avtomobilin yanında saxlayaraq, həmin sürücüyə arxa stop işığının yanmadığını deyərək ona irad bildirdiyini, həmin şəxsin isə cavabında onu nalayiq ifadələrlə təhqir edərək, maşını sürməyini istədiyini, bundan sonra həmin şəxsin onu həyat yoldaşının yanında təhqir etməsindən əsəbləşərək avtomobilindən düşərək onun üzərinə getdiyini və ondan nə səbəbə onu nalayiq ifadələrlə təhqir etdiyini soruşduğunu, bu zaman aralarında mübahisə yaranmasını, mübahisə zamanı həmin şəxs əli ilə onu itələyərək yumruqla sifət nahiyəsindən qəfildən vurmasını, yumruq zərbəsinin onun burnundan dəyməsini, lakin iki gözündə də zərbədən qansızma yaranmasını, bundan sonra yerə yıxıldığını, ayağa qalxanda isə həmin şəxsin avtomobilə əyləşib hadisə yerindən uzaqlaşmasını gördüyünü, qeyd olunan hadisə zamanı yanında həyat yoldaşı Şahid olmasını, əlavə şahid qismində ətrafda olan tanımadığı insanların olmasını, hadisə zamanı onu yumruq zərbəsi ilə vuran, adını istintaq gedişatında bildiyi Təqsirləndirilən şəxs ilə onun arasında yaranmış mübahisə zamanı ətrafa çox sayda tanımadığı insanların yığılmasını, yerə yıxılmağından və baş verən mübahisədən insanların haqlı narazılığının yaranmasını, daha sonra Nuranın avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşdığını, özünün isə həyat yoldaşı ilə birlikdə yolda insanların narahatçılığına, həmçinin avtomobillərin tıxac yaratmamasına görə oradan avtomobilinə əyləşib uzaqlaşdığını ərizə ilə yaxınlıqdakı polis bölməsinə müraciət etdiyini, mübahisənin 1-2 dəqiqə ərzində davam etdiyini, qeyd olunan hadisədən əvvəl Təqsirləndirilən şəxs heç bir zaman tanımadığını, əvvəllər həmin şəxs barəsində heç bir məlumatının da olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 11:00 radələrində həyat yoldaşı Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Corolla" markalı, **-FF-*** dövlət nömrə nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, 1 saylı X2 üzü Azərbaycan Respublikası Səhiyyə Nazirliyi istiqamətində, yəni Nəsimi rayonu, M.Mirqasımov küçəsi, ev 1 “A" ünvanının qarşısında hərəkətdə olan zaman qarşılarında hərəkətdə olan “Renault Flaunce" markalı, **-PZ-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün qəfildən tormoz əyləc sistemini işə salaraq avtomobili saxlamasını, həmin zaman həyat yoldaşının idarə etdiyi avtomobili həmin avtomobilin yanında saxlayaraq, həmin sürücüyə arxa stop işığının yanmadığını deyərək irad bildirdiyini, həmin şəxsin həyat yoldaşını nalayiq ifadələrlə təhqir edərək, maşını sürməyini istədiyini, bundan sonra həyat yoldaşının həmin şəxsin sözlərindən əsəbləşərək avtomobilindən düşüb onun üzərinə getdiyini və ondan nə səbəbə nalayiq ifadələrlə onu təhqir etdiyini soruşduq da, aralarında mübahisə baş verdiyini, mübahisə zamanı həmin şəxsin həyat yoldaşını əli ilə itələyərək yumruqla onun sifət nahiyəsindən qəfildən vurmasını, yumruq zərbəsinin yoldaşının burnundan dəyməsini, lakin iki gözündə də zərbədən sonra qansızma yaranmasını, bundan sonra həyat yoldaşının yerə yıxılmasını, həmin şəxsin isə avtomobilə əyləşib hadisə yerindən uzaqlaşdığını, hadisə zamanı həyat yoldaşını yumruq zərbəsi ilə vuran, adını istintaq gedişatında bildiyi Təqsirləndirilən şəxs ilə onların ətrafına çox sayda tanımadığı insanların yığılmasını, yoldaşının yerə yıxılmağından və yaranmış mübahisədən insanların haqlı narazılığının yaranmasını, daha sonra Nuranin avtomobilinə əyləşərək hadisə yerindən uzaqlaşdığını, özünün isə yoldaşıyla birlikdə yolda insanların narahatçılığına, həmçinin avtomobillərin tıxac yaratmamasına görə oradan avtomobilə əyləşib uzaqlaşmalarını və baş verən hadisə ilə əlaqədar yaxınlıqdakı polis bölməsinə müraciət etdiklərini, qeyd olunan hadisədən əvvəl Təqsirləndirilən şəxs heç bir zaman tanımadığını, onun barəsində əvvəllər heç bir məlumatının olmadığını bildirmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında barədə qətimkan tədbiri seçilmişdir. Cinayət işinə əlavə edilmiş Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 29-30-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X3 Təcrübi və Tədris Birliyinin məhkəmə tibb ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 84 nömrəli ekspert rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - sol gözün ağlı qişasına qansızma ilə müşaiyət olunan alt göz qapağının qançırı, sağ yanaq nahiyəsinin sıyrığı küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən müddətdə, yəni xx.xx.2020-ci il tarixdə əmələ gəlmişdirlər və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sonuncunun bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasım nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, əl barmaqları və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi az inandırıcdır. Cinayət işinin 70-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx xxxxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsəvvəllər məhkum olunmayandır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, məhkəmə zalında söyüş söydüyünə görə zərərçəkmiş şəxsin həyat yoldaşından üzr istəməsini, cavan olmasını və ilk məhkumluğunu cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, sonuncunu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası həddində islah işləri növündə cəzaya məhkum olunmalıdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası CMnin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən islah işləri iki aydan iki ilədək müddətə təyin edilir və həmin cəza məhkumun iş yeri üzrə çəkilir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli onun qazancından tutulmaların aparıldığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında barədə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 10 (on) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 09 (doqquz) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı gündən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 24 saata görə 144 (bir yüz qırx dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar