Məhkəmə qərarları › İş №1(006)-85/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-85/2023

10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-85/2023 10.05.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1992-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 23, mənzil 11-də qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 17/18Q-də yaşayan, məhkumluğu ödənilməyən, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 05 sentyabr 2022-ci il tarixdə, saat 23 radələrində Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən “28 Mall” Ticarət Mərkəzində tanış olduğu Zərərçəkmiş şəxs ilə birlikdə həmin mərkəzdən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 40 saylı binanın həyətinə qədər gəlmiş, orada özgə əmlakını gizli olaraq talama məqsədilə özünə məxsus olmayan uydurma telefon nömrəsini Zərərçəkmiş şəxs bildirərək sonuncunun həmin nömrəni telefonuna qeyd etməsi zamanı başının qarışıq olmasından istifadə edib guya Zərərçəkmiş şəxs köməklik məqsədilə əlində saxladığı, sonuncuya məxsus sellofan torbadan içərisində 300 manat və həmin dövrün məzənnəsi ilə 340 manat təşkil edən 200 ABŞ dolları olan 27 manat dəyərində pul kisəsini gizli olaraq talamış və Zərərçəkmiş şəxs telefon nömrəsini qeyd etmək üçün qələm götürmək bəhanəsi ilə oradan uzaqlaşaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 667 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, işsiz olduğu üçün maddi sıxıntılar çəkmiş və pula ehtiyacı olduğundan oğurluq etmək qərarına gəlmişdir. 05 sentyabr 2022-ci il tarixdə yemək yemək məqsədi ilə axsam saatlarında “28 Mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində olan “McDonald's” restoranına getmişdir. Orada tək oturmuş bır qadını və bu qadının əyləşdiyi masanın üzərində içərisində əşyalar olan iki ədəd sellofan torba görmüşdür. Tanış olmaq məqsədi ilə qadına yaxınlaşmış, icazə alaraq masaya əyləşmiş və əyləşdiyi an həmin sellofan torbaların birinin içərisində pul kisəsinin olduğunu görmüşdür. Kisədə pul ola biləcəyini zənn edib onu oğurlamaq qərarına gəlmişdir. Qadınla müxtəlif mövzularda söhbət etmiş və təxminən saat 23 radələrində restorandan durur getmişlər. O bu qadına onu yaşadığı evə kimi ötürmək və əlində olan sellofan torbaları daşımaqda kömək etməyi təklif etmiş, Leylin əvvəlcə bunu istəməsə də, sonradan etiraz etməmiş, lakin torbaları daşımaqda köməklik etməyinə razı olmamışdır. Onlar ticarət mərkəzini tərk edərək piyada hərəkət etmiş və yol boyu müxtəlif mövzularda söhbət etmişlər. Leylinin yaşadığı ünvana çatdıqda pilləkənləri qalxmamış o, ona kömək etmək üçün torbaları ona verməyi təklif etmişdir. Bu dəfə Leylin içərisində pul kisəsi olan sellofan torbanı vermişdir. Daha sonra onlar söhbət edərək pilləkənləri qalxmış və o, əlindəki torbadan həmin pul kisəsini götürmək üçün Leylinin fikrini yayındırmaq məqsədi ilə nömrəsini ona demiş, Leylin də onun verdiyi uydurma nömrəni telefonunda qeyd edən zaman başının telefona qarışmasından istifadə edib torbadan pul kisəsini çıxarmış və arxa tərəfindən sağ əlindən sol əlinə ötürərək əynində olan boz rəngli şortunun arxa sol cibinə qoymuşdur. Daha sonra torba qadının özünə vermiş, əlində saxladığı və içərisində kitablar olan digər torbanı isə Leylinin əlindən alıb yanlarında olan oturacağın üzərinə qoyub onun nömrəsini yazmaq üçün qələm götürməyə getməyini bəhanə edib cəlb pilləkanları düşüb oradan uzaqlaşmışdır. Həmin ərazidən bir xeyli uzaqlaşdıqdan sonra pul kisəsini içərisinə baxmış və orada 96 manat pulun olmasını aşkar etmişdir. Oğurladığı pulu şəxsi ehtiyaclarına xərcləmiş, pul kisəsini tanımadığı yerdə zibil qutusuna atmışdır. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 05 sentyabr 2022-ci il tarixdə, saat 21 radələrində o, Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” Ticarət Mərkəzinin 4-cü mərtəbəsində olan “McDonald's” restoranına getmişdir. Oturub yemək yeyən zaman ondan əvvəl oraya gəlmiş və onun arxasında oturan təxminən 25-30 yaş arası bir şəxs ona yaxınlaşaraq onunla danışmağa başlamışdır. Söhbət əsnasında həmin şəxs ondan yaşını, iş yerini və sair soruşmuş, həmçinin anasının xəstə olduğunu və müalicəsi üçün maddi imkanının olmadığını qeyd etmişdir. Daha sonra həmin şəxsin gözü masanın üzərinə qoyduğu iki ədəd şəffaf sellofan torbaya sataşmış və oturduğu yerdə ona soyuq olduğunu bildirib torbalara yaxın bir yerdə əyləşmişdir. Torbaların birində özünə məxsus 04 ədəd kitab, digərində isə salfetkalar, içərisində 300 manat və 200 ABŞ dolları olan mavi rəngdə 27 manat dəyərində pul kisəsi olmuşdur. Təxminən saat 23 radələrində oranı tərk edən zaman özünü Elvin kimi ona təqdim edən şəxs içərisində pul kisəsi, salfetkalar olan sellofan torbanı kömək etmək adı ilə götürərək onu evə yola salmağı təklif etmişdir. Əvvəlcə bundan imtina etsə də, Elvin təkid edərək onu evə kimi yola salmaq istədiyini bildirəndə o, bununla razılaşmışdır. Onlar artıq onun yaşadığı ünvana, yəni ünvan 1əkənləri qalxanda Elvin onun tibbi müəssisəsində işlədiyini bilib anasının xəstə olduğunu deyərək ondan mobil nömrəsini istəmişdir. O isə ona öz nömrəsini verməyəcəyini və başından etmək üçün əvəzində özünün ona öz nömrəsini verməsini deyib başı mobil telefonuna qarışanda Elvin qəfildən əlində olan torbanı ona vermiş, eyni zamanda içərisində kitablar olan sellofan torbanı ondan alıb oturacağın üzərinə qoyaraq onun mobil nömrəsini qeyd etmək üçün qələm gətirməyə getdiyini söyləyib cəld pilləkənlərlə düşüb oradan uzaqlaşmışdır. Daha sonra o, Elvinin ona verdiyi torbanın içərisinə baxanda pul kisəsini orada olmadığını görüb onun arxasınca getsə də, sonuncunu tapa bilməmişdir. Ona vurulmuş zərər ödənilməsə də, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. İş materiallarında olan: • “Diskə baxış keçirilməsi haqqında” 10 oktyabr 2022-ci il tarixli protokola əsasən diskdə olan videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Əmrayev X2 Leyla Ceyhun qızı ilə birlikdə söhbət edərək içərisində əşyalar olan şəffaf rəngli sellofan torbanı sağ əlində saxlayaraq pilləkənları qalxır və pilləkənları qalxdıqdan sonra Zərərçəkmiş şəxs ilə söhbət etməyə davam edir. Söhbət zamanı Zərərçəkmiş şəxs başının mobil telefona qarışmasından istifadə edib həmin şəffaf sellofandan pul kisəsini çıxarır və arxa tərəfi ilə sağ əlindən sol əlinə ötürüb əynində olan boz rəngli şortun sol yan cibinə qoyur, sonra torbanı Zərərçəkmiş şəxs verib sonuncunun əlində, içərisində əşyalar olan digər şəffaf sellofan torbanı ondan götürərək yanındakı oturacağa qoyur. Zərərçəkmiş şəxs nəsə deyərək tələsik şəkildə pilləkanları düşüb hadisə yerindən uzaqlaşır. Daha sonra isə Zərərçəkmiş şəxs həmin şəffaf sellofan torbanın içərisinə baxaraq orada pul kisəsinin olmadığını aşkar edir (İ cild, i.v.32-33); • Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən əldə olunmuş çıxarışa əsasən xx.xx.2022-ci il tarixə 01 ABŞ dollarının məzənnəsi 1,70 AZN təşkil edir (İ cild, i.v.63); • “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola görə Təqsirləndirilən şəxs həmin günü tutulmuş, xx.xx.2022-ci il tarixdə isə o, müstəntiqin qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.50-51, 85-87, 89); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarı tətbiq edilməklə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası 01 il azaldılmış və cəzadan azad olunması ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır (İ cild, i.v.107-108, 120-123); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz olunaraq onun axtarışı elan edilmiş, xx.xx.2023-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild); • “AzeMis” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumata görə Təqsirləndirilən şəxs xx.xx.2019-cu il təvəllüdlü bir övladı var (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən taladığı pul kisəsində 96 manat pulun olmasının bildirməsi xüsusatına isə məhkəmə özünümüdafiə xarakter daşıması, bu yolla cinayət məsuliyyətindən yayınmaq məqsədi güddüyü nəticəsinə gəlir. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə olunmasını və himayəsində azyaşlı uşağının Cinayət Məcəlləsinin 59.1.4 və 59.1.12-ci maddələrinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Eyni zamanda məhkəmə onu qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Buna görə də onun cəzasını ağırlaşdıran hal müəyyən edilmir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin cəzasının yüngülləşdirən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə, həmçinin onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddətlər daxil edilir. Qeyd olunan Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 02 ay 18 gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəsini alanadək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından azad olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 manat pul ödənilsin. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə olduğu 02 (iki) ay 18 (on səkkiz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə hesablanmaqla ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Əbilov küçəsi, ev 17/18Q-ni hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclası zalından həbsdən azad olunsun. Bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar