Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-86/2025 30.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Saat 10:30 Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1995-ci ildə Şabran rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(006)- 344/2024 saylı hökmü ilə üzərində qəti olaraq 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 01 avqust 2024-cü il tarixdə saat 04 radələrində ünvan 3 ünvanda yerləşən istirahət parkında olarkən X1 parkdakı skamyada yatmasından istifadə edərək sonuncunun skamyanın üzərinə qoyduğu zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 3 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 150 manat dəyərində “Samsung A21s” markalı mobil telefonu və başının altında saxladığı, zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə içərisində 20 manat dəyərində 01 ədəd “Samsung” markalı simsiz qulaqlıq, 5 manat dəyərində 01 ədəd qulaqlığın enerji yükləyicisi, 10 manat dəyərində 01 ədəd “Samsung” markalı telefonun enerji yükləyicisi, 2 manat dəyərində 01 ədəd “Bakı kart” və 01 ədəd 5 manat dəyərində bank kartı olan 20 manat dəyərində pul kisəsini götürərkən Zərərçəkmiş şəxs oyandığını görüb əmlaka əlçatanlığı təmin etmək məqsədilə hadisə yerindən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talayıb zərərçəkmiş şəxs Müşviq Nuriyevə ümumilikdə 215 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri 20 yanvar metrostansiyası yaxınlığından gəlib ara məhəllələrdə “Ailə market” yerləşən məhəllədə yaşayış binasının qarşısındakı parkın içərisində oturacaqda bir nəfər şəxsin yatdığını görmüş və həmin şəxsin yanına sakitcə yaxınlaşıb uzandığı oturacağın üstündə olan tünd göy rəngli “Samsung Galaxy A 21 s” markalı mobil telefonu götürmüşdür. Həmin şəxsin başının altında pul kisəsinin olduğunu gördükdə onu da götürmək qərarına gəlmiş və daha sonra həmin pul kisəsini də götürmüşdür. Həmin vaxtı onun telefonu əlindən düşdüyü üçün səs olmuş və bu zaman yatan şəxs ayılmış və o, telefonu yerdən götürüb pul kisəsi ilə birlikdə oradan sürətlə qaçmışdır. Daha sonra həmin vaxtı həmin məhəllədən qaçaraq çıxmış və telefonla, pul kisəsini götürdüyü şəxs onu səsləyərək arxasınca gəlmiş, bu zaman götürdüyü pul kisəsini yerə atıb telefonla birgə həmin yerdən uzaqlaşmışdır. O, məhəllədən çıxdıqdan sonra 20 yanvar metrostansiyasının əks istiqamətində ara küçələrlə uzaqlaşıb qaçmışdır. Sonradan mobil telefonu tanımadığı şəxsə 100 manata satmış, əldə etdiyi pulu isə öz ehtiyacına xərcləmişdir. Hal-hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, hadisəni tərədən zaman sərxoş olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək, həbsdə olduğu müddət həddində cəza təyin olunmasını xahiş etdi. Zərərçəkmiş şəxs X3 xx.xx.2024-cü il tarixdə məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, onu bağışladığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs X1 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan götürmə aparılması və baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protrokoldan görünür ki, X1 təqdim etdiyi bir ədəd pul kisəsi qara rəngli, “Versace” markalı, bir ədəd X2 məxsus C01676476 nörmrəli ümumvətəndaş pasportu, bir ədəd “Samsung” markalı simsiz ağ rəngli qulaqlıq, bir ədəd ağ rəngli qulaqlığın enerji yükləyicisinin giriş hissəsi sarı rəngli lentlə bağlanmışdır, bir ədəd Müşviq Nuriyevə məxsus sürücülük vəsiqəsi, bir ədəd üzərində qırmız rənglə Bakı sözü və qara rənglə yazılmış “kart” sözləri qeyd olunmuş”, bir ədəd “Samsung” markalı telefonun qara rəngli enerji yükləyicisi, bir ədəd bank kart və 02 ədəd vərəqə vardır. Baxışda iştirak edən X3 xx.xx.2024-cü il tarixdə ünvan 4 ünvanında ona qarşı soyğunçuluq edən şəxsin pul kisəsini götürüb qaçdığını və həmin bir ədəd ümumvətəndaş pasportu, bir ədəd “Samsung” markalı simsiz qulaqlıq, bir ədəd qulaqlığın enerji yükləyicisi, bir ədəd sürücülük vəsiqəsi, bir ədəd “Bakı kart”, bir ədəd “Samsung” markalı telefonun enerji yükləyicisi, bir ədəd bank kartı və 02 ədəd vərəqənin pul kisəsinin içərisində olduğunu, daha sonra həmin pul kisəsinin sadalanan əşyalarla birgə yerə atıldığını, həmin pul kisəsini taparaq içindəki əşyalar və sənədlərlə birgə təqdim etdiyini bildirmişdir. (i/v 9-11). İş materiallarında olan şəxsin tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, zərərçəkmiş şəxs Müşviq Nuriyev ona tanınmaya təqdim edilmiş şəxslər sırasında Təqsirləndirilən şəxs tanıyıb, məhz həmin şəxsin onun mobil telefonunu və pul kisəsini götürüb qaçdığını bildirmişdir. (i/v 74-79). İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan və həbs qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 4(006)-543/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i/v 59,104-107). İş materiallarında olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin harada və hansı qaydada baş verməsini hadisə yerində əyani olaraq göstərmiş, həmin vaxt hadisənin ünvan 3 ünvanda yerləşən parkda baş verməsi müəyyən olunmuşdur. (i/v 80-84). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 180.2.1 və 180.2.4-cü maddələri ilə 2 dəfə məhkum olunmuş və ona hər dəfə təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları şərti tətbiq edilmişdir (sonuncu hökm üzrə 3 il). Hazırda onun ödənilməmiş məhkumluğu yoxdur. (i/v 111-112, 114-128). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 19 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd pul kisəsi, 01 ədəd ümumvətəndaş pasportu, 01 ədəd “Samsung” markalı simsiz qulaqlıq, 01 ədəd qulaqlığın enerji yükləyicisi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd “Bakı kart”, 01 ədəd “Samsung” markalı telefonun enerji yükləyicisi, 01 ədəd bank kartının maddi sübut kimi tanınması və zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. (i/v 126-133). Məhkəmənin şifahi sorğusu əsasında alınmış Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-344/2024 saylı xx.xx.2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 11 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Zərərçəkmiş şəxs X3 tərəfindən xx.xx.2024-cü il tarixdə məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur, onu bağışlamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərəçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək, səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 1(006)-344/2024 saylı xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə tutulduğu 03 (üç) gün müddət bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pul kisəsi, 01 ədəd ümumvətəndaş pasportu, 01 ədəd “Samsung” markalı simsiz qulaqlıq, 01 ədəd qulaqlığın enerji yükləyicisi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd “Bakı kart”, 01 ədəd “Samsung” markalı telefonun enerji yükləyicisi və 01 ədəd bank kartının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-555/2024 saylı 04 noyabr 2024-cü il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və 14 noyabr 2024-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 28 (iyirmi səkkiz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 04 dekabr 2024-cü il tarixli, 1(006)-344/2024 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə tutulduğu 03 (üç) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd pul kisəsi, 01 ədəd ümumvətəndaş pasportu, 01 ədəd “Samsung” markalı simsiz qulaqlıq, 01 ədəd qulaqlığın enerji yükləyicisi, 01 ədəd sürücülük vəsiqəsi, 01 ədəd “Bakı kart”, 01 ədəd “Samsung” markalı telefonun enerji yükləyicisi, 01 ədəd bank kartının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına 168 (yüz altmış səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-86/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-86/2025
30.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver