Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-88/2022 14.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs X1, Müdafiəçi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci il tarixdə İmişli şəhərində anadan olmuş, Rusiya Federasiyanın vətəndaşı, orta təhsilli, evli, işləməyən, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-460/2022 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 07 noyabr 2021-ci il tarixdə saat 20 radələrində vətəndaş X2 məxsus ünvan 3 ünvanında yerləşən 190 nömrəli evin hasarından həyətyanı sahəyə qanunsuz daxil olduqdan sonra pilləkənlər vasitəsilə evin zirzəmisinə daxil olub oradan hər birinin qiyməti 600 (altı yüz) manat olan bir ədədinin qalınlığı 6,5 sm, eni 4 metr 80 sm, hündürlüyü 2 metr 60 sm ölçülü alüminium metaldan ibarət üzərində şüşələr olmayan 1200 (min iki yüz) manat dəyərində 02 ədəd pəncərə çərçivəsini və hər birinin qiyməti 230 manat olan bir ədədinin qalınlığı 6,5 sm, eni 90 sm, hündürlüyü 2 metr olan alüminium metaldan ibarət üzərində şüşələr olmayan 690 (altı yüz doxsan) manat dəyərində 03 ədəd qapı çərçivəsini gizli olaraq talayıb zərər çəkmiş X2 ümumilikdə 1890 (min səkkiz yüz doxsan) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, alüminium və s. metal tullantıları yığmaqla məşğul olur. 07 noyabr 2021-ci il tarixdə tanışı Ruslan adlı şəxslə Nəsimi rayonu, Həsən Əliyev küçəsində tullantı yığarkən yolun qırağında olan həyətyanı ərazidə yerləşən 3 mərtəbəli yarımçıq tikili görmüşlər. Həmin tikilinin qapısı açıq olmuş və onlar tikiliyə daxil olmuşlar. Tikilinin həyətində 2 ədəd bağlama görmüş və onların tullantı olduğunu düşünmüşlər. Hər bağlamada uzunluğu 0,5 metr olan 5-6 ədəd dəmir olmuşdur. Ümumi çəkisi 31 kq olmuşdur. Onlar Ruslanla həmin bağlamaları götürmüş və “Opel Astra” markalı taksi ilə aparıb 3-cü mikrorayon bazarının yanında yerləşən metal qəbulu məntəqəsinə 51 manata satmışlar. Həmin puldan Ruslan ona 15 manat pul vermişdir. Əgər o, bu əməlinin oğurluq sayılacağını bilsəydi, həmin bağlamaları götürməz, həmçinin, götürdüyü bağlamaların içərisindəki 1890 manatlıq malı aparıb 51 manata satmazdı. Göstərilənlərə əsasən məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs X3 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yerləşən binanın təmiri olmadığından həmin evdə yaşayış yoxdur. Ev zirzəmidən və 3 mərtəbədən ibarətdir. O, 2021-ci ilin noyabr ayında həmin evə baş çəkməyə gedəndə bir sıra inşaat materiallarının oğurlandığını aşkar etmişdir. Belə ki, evdən pəncərə və qapı çərçivələri oğurlanmışdır. Bir ədəd pəncərə çərçivəsinin qalınlığı 6,5 sm, eni 4 metr 80 sm, hündürlüyü 2 metr 60 sm ölçüsündə idi. Təqsirləndirilən şəxsin dediyi kimi evin qapısı da açıq olmamış, hasardan aşılıb içəri girilmişdir. Bundan başqa zirzəmiyə düşülüb oradan da armaturlar, digər inşaat materialları götürülmüşdür. Daha sonra ona dəymiş zərərin ödənilmədiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmiş və sonuncuya təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan ən ağır cəzanın verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxsla birlikdə dəmir, plastik qablar yığıb satmaqla məşğuldur. 2021-ci ilin noyabr ayında yenə tullantı yığmaqla məşğul olarkən Həsən Əliyev prospektində yarımçıq tikilinin qarşısında olan zibil yeşiklərinin yanına içərisində alüminium qırıqları olan iki bağlama qoyulduğunu görmüş və Natiqlə birlikdə həmin bağlamaları tullantı bilib götürmüşlər. Həmin alüminium parçalarının çəkisi 30 kq olmuşdur. O, həmin alüminium qırıqlarını taksi ilə “Qismət” şadlıq sarayı yaxınlığında yerləşən metal qəbulu şöbəsinə aparıb 51 manata satmışdır. 51 manatdan 6-7 manat taksiyə vermiş, 15 manat da Natiqə vermişdir. Bu əmələ görə ona Nəsimi Rayon Məhkəməsinin hökmü ilə 3 il müddətə azadlıqdan məhrumetmə cəzası verilmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, “Opel Astra” markalı **-RO-*** dövlət nömrə nişanlı avtomobili ilə taksi kimi fəaliyyət göstərmişdir. xx.xx.2021-ci il tarixdə təxminən saat 20-21 radələrində o, idarə etdiyi avtomobillə Həsən Əliyev küçəsi ilə Tbilisi prospekti istiqamətində hərəkətdə olub həmin küçənin C.Məmmədquluzadə küçəsi ilə kəsişməsinə çatmağa təxminən 2-3 metr məsafə qalmış yolun sağ kənarında olan 2 nəfər tanımadığı, təxminən 40 yaşlarında olan kişi avtomobilə əl etmiş və o, avtomobili saxlamışdır. Həmin şəxslər Kubinkaya getmək istəmiş, o da razılaşmışdır. Həmin şəxslərin yanında bağlama da olmuşdur. Bağlamada uzunluğu hardasa 1 metr olan metal parçaları var idi. Onlar maşına əyləşmiş və yolda həmin bağlamaları Yasamalda yerləşən metal qəbulu məntəqəsinə təhvil verəcəklərini demişlər. Yasamal rayonunda yerləşən metal qəbulu məntəqəsi bağlı olduğundan 3-cü mikrorayon bazarının yanına gəlmiş, bağlamadakı metal parçalarını oradakı metal qəbulu məntəqəsinə təhvil verdikdən sonra həmin şəxsləri Kubinkaya aparıb düşürtmüşdür. Həmin şəxslər 15 manat taksi pulunu vermiş və çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda yerləşən şüşə və metal qəbulu məntəqəsində 2 il müddətdir ki, işləyir. xx.xx.2021-ci il tarixdə təxminən saat 20:00-da tək məntəqədə olan vaxt bir taksi maşını obyektin qarşısında dayanmışdır və həmin taksidə 2 nəfər avtomobilin yük hissəsindən alüminium metal bağlamanı götürüb obyektə gəlmişdirlər. Şahid1 özünü təqdim edərək alüminium metalların oğurluq olmadığını bildirmiş və onları satmaq istədiyini qeyd etmişdir. Bundan sonra o, həmin bağlamalarda olan alüminium metalları ölçmüş və 30 kq çəkidə olduğuna görə hər çəkisinə görə 1,70 manat olmaqla ümumilikdə 51 manat pul vermişdir. Bundan sonra Ruslana məxsus sənədin telefonla şəklini çəkdikdən sonra özündə olan qeyd dəftərə yazmışdır. O, Ruslandan aldığı 30 kq alüminum metalları xx.xx.2021-ci il tarixda Dərnəgül şosessində yerləşən "Dostluq” MMC-yə təhvil vermişdir və metal yenidən emala getmişdir. Bundan başqa o, həmin alüminumları alan zaman özü şəxsən yoxlamış və 3 ədəd qapı və 2 ədəd pəncərə çərçivələrinə aid olan alüminum metallar olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.218-219); - Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(001)-460/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/1429 nömrəli məhkəmə-əmtəəştinaslıq ekspertizasının rəyindən görünür ki, 1 ədəd qalınlığı 6,5 sm, eni 4 metr 80 sm, hündürlüyü 2 metr 60 sm ölçülü, alüminium metaldan ibarət, üzərində şüşələr olmayan pəncərə çərçivəsinin bir ədədinin 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 600,00 manat, qalınlığı 6,5 sm, eni 90 sm, hündürlüyü 2 metr olan alüminium metaldan ibarət olan səkkiz ədəd üzərində şüşələr olmayan qapı çərçivəsinin bir ədədinin 2020-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 230,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.108-111); - Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabunçu rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə 03 (üç) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2016-ci il tarixdə Təqsirləndirilən şəxs cəzanın sonu ilə azad olunmuşdur (i.v.223-225); Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(006)-348/2021 saylı hökmündən görünür ki, Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya, həmin Məcəllənin 177.2.1-ci maddəsi bu əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə, həmin Məcəllənin 177.2.3cü maddəsi bu əməlin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə məsuliyyət yaradır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); özgə əmlakının talanması əməlini qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi tövsif edərkən, bilavasitə özgə əmlakının talanmasına yönəlmiş hərəkətlər edilənədək cinayətin iştirakçıları arasında qabaqcadan belə bir əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün rolların bölüşdürülməsinə dair razılıq əldə edilməsi, həmçinin hər bir icraçı və cinayətin digər iştirakçıları tərəfindən hansı konkret hərəkətlər edilməsi araşdırılmalıdır. Hökmdə törədilmiş cinayətin hər bir icraçısının və digər iştirakçısının (təşkilatçıların, təhrikçilərin, köməkçilərin) barəsindəki sübutlara qiymət verilməlidir (10-cu bənd); Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları rolların bölgüsünə əsasən cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün həmin normaya istinad edilməsinə ehtiyac yoxdur (11-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər (27-ci bənd). Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu məzmunda ifadə verməsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, təqsirləndirilən şəxsin əməli iş üzrə toplanmış sübutların məcmusu ilə təsdiq edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə oğurluq cinayətini törətməsinə görə məhkum edilməsi onu şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı 14 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 manat pul ödənilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 14 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 27 saata görə 162 (yüz altmış iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-88/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-88/2022
14.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver