Məhkəmə qərarları › İş №1(006)-89/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-89/2020

29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-89/2020 29.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2i rayonu, C.Naxçıvanski küçəsi, ev 102, mənzil 88 ünvanında yaşamış, hal-hazırda Bakı şəhəri Xətai rayon məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2019-cu il tarixdə saat 17:15-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 15 ünvanında yerləşən ‘28 Mall” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən ümumi istifadəli avtomobil dayanacağından yük yerində 35 manat dəyərində “JBL” markalı səs gücləndirici, 50,00 manat dəyərində boz rəngli, “Ralph Lauren” markalı XL ölçülü gödəkcə, 40 manat dəyərində “Virtue Helmat" markalı qara rəngli dəbilqə olan Zərərçəkmiş şəxs məxsus 1350 manat dəyərində 2019-cu il buraxılışlı, “Yamaha Cyguns” markalı mopedin elektrik naqillərindən istifadə edərək mopedin mühərrikini işə salıb idarə edərək avtomobil dayanacağından çıxmaqla həmin mopedi gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1475 manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, xx.xx.2019-cu il tarixdə axşam saat təxminən 17 radələrində Bakı şəhəri, Azadlıq prospektində yerləşən “28 Mall” ticarət mərkəzinə şirin çörək almaq məqsədi ilə daxil olmuşdur. Ticarət mərkəzinə daxil olan zaman onun oğurluq etmək niyyəti olmamışdır. "28 Mall" ticarət mərkəzinin içərisində yerləşən “Bravo” marketə daxil olmuş və marketdən şirin çörək almışdır. “28 Mall” ticarət mərkəzindəki "Bravo” market ticarət mərkəzinin avtomobil dayanacağı ilə eyni mərtəbədə yerləşir və buna görə də şirin çörək aldıqdan sonra avtomobil dayanacağına marketi tərk etmək məqsədilə getmişdir. Avtodayanacaqda çölə çıxışı axtaran zaman orada moped aşkar etmişdir. O, həmin mopedə yaxınlaşmış və moped onun xoşuna gəlmiş və aşkar etdiyi mopedi sürmək qərarına gəlmişdir. Mopedə məxsus açarlar olmadığına görə o, mopedin mühərrikini işə sala bilməmişdir. Bu zaman o, mopedin sükanının alt hissəsində olan naqilləri əli ilə güc verərək özünə tərəf çəkmiş və çöldə olan naqilləri birləşdirərək mopedi işə salmışdır. Mopedi işə saldıqdan sonra mopedi sürərək ticarət mərkəzini tərk etmişdir. Həmin mopedi təxminən 2-3 saat Bakı şəhərində sürmüş və sonra yaşadığı ünvana getmişdir. Mopeddə “Yamaha" markalı dəbilqə, gödəkcə və səs gücləndirici olmuşdur. Səs gücləndirici işləmədiyinə görə onu yadında qalmayan yerə atmışdır. Mopedi satmaq istəsə də müştəri tapa bilmədiyinə görə sata bilməmişdir. Oğurluqdan dörd gün sonra, yəni xx xxxxxx 2019cu il tarixdə 22-ci Polis Şöbəsinə dəvət olunanda mopedi də aparıb polisə təhvil vermişdir. Ancaq səs gücləndirici onda olmadığından təhvil verə bilməmişdir. Çünki səsgücləndiricini yadında qalmayan yerə atmışdır. Hal-hazırda maddi vəziyyəti ağır olduğundan zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəyə bilmir. Cinayət əməlini səmimi olaraq etiraf etməsini və oğurladığı mopedi işlək vəziyyətdə sahibinə qaytardığını, törətdiyi əməlindən səmimi peşman olduğunu nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2019-cu il tarixdə saat 17:00 radələrində özünə məxsus "Yamaha'' markalı mopedi saxlamaq məqsədilə “28 Mall” ticarət mərkəzinin avtodayanacağına gəlmişdir. Belə ki, həmin gün onun işləri çox olduğundan o, mopedi küçədə nəzarətsiz saxlaya bilmədiyindən təhlükəsiz yer kimi “28 Mall" ticarət mərkəzinin avtodayanacağında mopedini saxlamaq qərarına gəlmişdir. O, avtomobil dayanacağında mopedini saxlayıb ticarət mərkəzini tərk etmişdir. Həmin gün axşam saat 22 radələrində özünə məxsus mopedi götürmək məqsədilə “28 Mall" ticarət mərkəzinə qayıtmış və mopedinin saxladığı yerdə olmadığını aşkar etmişdir. Bu zaman ticarət mərkəzinin avtodayanacağında özünə məxsus mopedi tapmaq məqsədilə bir neçə yerə baxsa da tapa bilməmişdir. Bundan sonra o, Nəsimi RPİ-nın 22-ci PŞ-nə getmiş və ərizə ilə müraciət edib baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Həmin mopedin baqaj hissəsində ona məxsus 01 ədəd tünd göy rəngdə 35 manat dəyərində “JBL" markalı səs gücləndirici, 01 ədəd açıq göy rəngdə 40 manat dəyərində “Yamaha" markalı dəbilqə və 01 ədəd 50 manat dəyərində markası olmayan gödəkçə olmuşdur. “Yamaha” markalı mopedi 1350 manata almışdır. Təqsirləndirilən şəxs tutulduqdan sonra Yamaha” markalı moped ona qaytarılmışdır. Lakin ümumilikdə hadisə nəticəsində ona 400 manat dəyərində maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir və dəymiş ziyanın ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın məhkəmənin mülahizəsinə buraxır. İş üzrə baş vermiş cinayət hadisəsinin görüntülərini əks etdirən diskə məhkəmə iclasında baxış keçirilən zaman müəyyən edilmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 17 radələrində əynində qara gödəkcə və qara papaq olan Təqsirləndirilən şəxs “Virtue Helmat" markalı dəbilqəni başına taxmaqla “Yamaha Cyguns” markalı mopedi idarə edərək “28 Mall" ticarət mərkəzinin avtodayanacağını şlaqbaumun yanından sağ tərəfindən keçməklə tərk edir. İşdə olan Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin baş təhqiqatçısı Emil Qaralov tərəfindən tərtib olunan xx xxxxxx 2019-cu il tarixli götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Yamaha Cyguns” markalı mopedi, “Virtue Helmat" markalı dəbilqəni və “Ralph Lauren” markalı gödəkçəni təqdim etmiş və Nəsimi RPİ-nin 22-ci Polis şöbəsinin baş təhqiqatçısı Emil Qaralov tərəfindən götürülmüşdür (i/v 19-23). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020ci il tarixli, 32351 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1280,00 manat, təqdim edilməyən “JBL” markalı səs gücləndiricinin 2019-cu ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 20,00 manat müəyyən edilir (i/v 92-95). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i/v 77-78). İşdə olan Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i/v 69-71). İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2020-ci il tarixli qərardan və Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, 2019-cu il buraxılışlı, “Yamaha Cyguns” markalı moped, “Virtue Helmat" markalı qara rəngli dəbilqə və “Ralph Lauren” markalı XL ölçülü gödəkcə maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs təhvil verilmişdir (i/v 124-128, 139). Məhkəmə təqsirləndirilən şəxs şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli, yəni özgənin əmlakını gizli talamaqla oğurluq cinayətini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin şəraitinə həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən səmimi peşman olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs bu iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu və həmin cinayət əməli üzrə Bakı şəhəri Xətai rayon məhkəməsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduğu müəyyən edildiyindən hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən Xətai rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasını hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə tamamilə toplamaq yolu ilə sonuncuya qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarına əsasən cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalı, ondan 50 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut kimi tanınmış 2019-cu il buraxılışlı, “Yamaha Cyguns” markalı mopedin, “Virtue Helmat" markalı qara rəngli dəbilqənin və “Ralph Lauren” markalı XL ölçülü gödəkcənin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Göstərilmiş hüquqi yardımla bağlı isə məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 1(006)-89/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. xx.xx.2020-ci il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 33 (otuz üç) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-196/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ilə tamamilə toplamaqla onun üzərində qəti olaraq 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 2019-cu il buraxılışlı, “Yamaha Cyguns” markalı mopedin, “Virtue Helmat" markalı qara rəngli dəbilqənin və “Ralph Lauren” markalı XL ölçülü gödəkcənin sahibi Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X3 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 198 (yüz doxsan səkkiz) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar