Məhkəmə qərarları › İş №1(006)-89/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-89/2021

26.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-89/2021 26.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Nəsimi rayonu, A.Qurbanov küçəsi ev 48-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə «Yasamal bazarı» adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq 10 manat pul müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda, xalis çəkisi 0,470 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edərək üzərində saxlayıb daşımış, xx xxxx 2020-ci il tarixdə saat 17:05 radələrində ünvan 1 saylı ünvanın qarşısında Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin və DİNnin BNMİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasına gətirilib üzərinə video çəkilişlə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd narıncı rəngli kağıza bükülmüş təmiz çəkisi 0,470 qram olan narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış və əməliyyat tədbiri nəticəsində tutulanadək bir neçə ay əvvəl cəzasının sonu ilə cəzaçəkmə müəssisəsindən azad olunmuşdur. Azadlığa çıxdıqdan sonra bir müddət narkotik vasitədən istifadə etməsə də, təxminən tutulduğu gündən 1 ay əvvəldən yenidən narkotik vasitə istifadə etməyə başlamışdır. Narkotik vasitəni adətən «Papanin» və «Kubinka» kimi adlanan ərazidə anket məlumatlarını bilmədiyi, yalnız üzdən tanıdığı şəxslərdən pul müqabilində alaraq istifadə etmişdir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri «Yasamal bazarı» adlanan yerə gələrək orada bir nəfər anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul müqabilində öz istifadəsi üçün narıncı rəngdə olan kağıza bükülmüş halda olan 01 ədəd bükümdə olan narkotik vasitəni şəxsi istifadəsi üçün almışdır. Bundan sonra da, saxlanılan vaxta qədər onu üzərində daşımış, aldığı narkotik vasitəni xx.xx.2020-ci il tarixdə axşam saatlarında istifadə etməyi düşünmüşdür. Həmin gün saat təxminən 17:05-də ünvan 2 saylı ünvanın qarşısında dayanmış, bu zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib hərəkətlərindən şübhələndiklərini bildirmişlər. Daha sonra onu Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət etmişlər və o da, öz növbəsində heç bir etiraz etməmişdir. Polis əməkdaşları onu saat 17:20-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə gətirmişlər və baxışda iştirak etmək üçün video çəkiliş aparan bir nəfər mütəxəssis dəvət etmişlər. Şəxsi axtarış zamanı ona üzərində, paltarında və paltarlarının cibində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etmək təklif olunmuş və o, əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı özünə məxsus olan narıncı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra ona üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə polis əməkdaşları üzərində axtarış aparmağa başlamışlar, lakin hər hansı bir qanunsuz əşya və yaxud da cinayət xarakterli predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim edilməsi təklif olunduqda, o, 01 ədəd narıncı rəngli kağıza bükülmüş, içərisində tünd-qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin «kakos» adlanan narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual edəndə polis əməkdaşlarına bir müddətdir narkotik vasitədən istifadə etdiyini, həmin bükümü xx xxxx 2020-ci il tarixdə «Yasamal bazarı» deyilən ərazidə 10 manat müqabilində tanımadığı şəxsdən aldığını demişdir. Həmçinin bildirmişdir ki, narkotik vasitəni almaqda məqsədi özünün istifadə etməsi olmuşdur. Bundan sonra iştirakçılara həmin kağızın içində olan narkotik vasitəyə bənzər maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi ona və digər iştirakçılara göstərilmiş, həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra kağızın içərisində olan narkotik vasitəyə bənzər maddə zərflərə qoyularaq zərflərin ağızı Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin zərflər üçün nəzərdə tutulmuş möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərflərin üzəri imzalanmışdır. O, narkotik vasitəni aldığı şəxsi əvvəllər tanımadığını və onun haqqında hər hansı məlumata sahib olmadığını bildirmişdir. Sonda törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini və narkotik vasitələrdən istifadə etməklə yalnız özünə zərər verdiyini nəzərə alaraq, məhkəmədən yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Baş Narkoliklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid2 verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx xxxx 2020-ci il tarixdə Nəsimi rayonu A.Qurbanov küçəsi ev 48-də qeydiyyatda olmaqla yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və istifadə etməsi barədə məlumatı Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə təqdim etmişdir. Həmin məlumatın yoxlanılması üçün Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsində müvafiq sənədləşmələr aparılaraq bölmə rəhbərliyi tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qəbul edilmiş qərar əsasında, eləcə də bölmə rəhbərliyinin göstərişi ilə o və Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17 radələrində Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı A.Qurbanov küçəsi 48 saylı ünvanın qarşısına gəlmişlər. Saat 17:05-də A.Qurbanov küçəsi 48 saylı evin qarşısına çatdıqda Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında dayandığını görmüşlər. Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra bildirmişlər ki, o, qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və istifadə etməsində şübhəlidir, ona görə də Təqsirləndirilən şəxs Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dəvət etmişlər və həmin şəxs buna etiraz etmədiyindən Nəsimi Rayon Polis İdarəsinin 21ci Polis Bölməsinə gəlmişlər. Saat 17:20 radələrində 21-ci Polis Bölməsinə gəldikdən sonra tərtib edilmiş raportla rəhbərliyə məruzə edilmişdir. Daha sonra 21-ci Polis Bölməsində xidməti otaqların birində dəvət olunmuş mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxs, yəni, Təqsirləndirilən şəxs üzərində hərhansı qeyri-qanuni əşyanı təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı narıncı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildikdə o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, lakin hər hansı bir əşya və yaxud da cinayət xarakterli predmet aşkar edilməmişdir. Sorğu zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəki 1 ədəd narıncı rəngli kağıza bükülmüş, içərisində tünd-qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin «kakos» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə bildirmişdir ki, uzun müddətdir narkotik vasitədən istifadə edir və həmin bükümü xx xxxx 2020-ci il tarixdə «Yasamal bazarı» deyilən ərazidə 10 manat müqabilində tanımadığı şəxsdən almışdır. Həmin narkotik vasitəni almaqda məqsədi özünün istifadə etməsi olmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitəyə oxşar maddə götürülərək zərfə qoyulmaqla möhürlənmişdir. Daha sonra protokol tərtib olunmuş və ucadan oxunmuş, protokolun doğru olmasını bütün iştirakçılar öz imzaları ilə təsdiq etmişlər. Narkotik maddənin çəkisini və növünü müəyyən etmək məqsədilə möhürlənmiş zərf Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş təhqiqatçısı Nicat Sadıqov tərəfindən tərtib edilmiş və həmin İdarənin əməliyyat müvəkkili Şahid1 və BNMİ-nin baş əməliyyat müvəkkili Şahid2, mütəxəssis X8, şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmış xx xxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokoldan görünür ki, şəxsi axtarışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sol yan cibindən narıncı rəngli kağıza bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanılmış və ilk öncə onun geyindiyi mavi rəngli maykaya baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarın sağ və sol yan ciblərinə, həmçinin şalvarın ətəyinə baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs ayağında olan tərliyi çıxarması tələb olunmuş və onun tərliyi çıxarılıb yoxlanılmış, lakin heç bir əşya aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisindəkinin nə olduğunu deməklə təqdim etməsi təklif olunmuşdur. O, 01 ədəd narıncı rəngli kağıza bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin “kakos” olduğunu bildirmiş, ondan həmin narkotik vasitənin haradan əldə etdiyini və nə məqsədlə üzərində gəzdirdiyini sual etdikdə həmin şəxs uzun müddətdir narkotik vasitə istifadə etdiyini, həmin bükümü xx.xx.2020-ci il tarixində “Yasamal bazarı” deyilən ərazidən 10 manata tanımadığı şəxsdən öz istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra iştirakçılara həmin narıncı rəngli olan kağıza bükülmüş, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik narkotik maddənin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirilmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra üzəri narıncı rəngli olan kağızda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərfin ağzı Nəsimi RPİ-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Bundan sonra videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilib protokol tərtib edilməsi üçün dayandırılmış və videoçəkiliş hər bir iştirakçıya nümayiş etdirilmişdir. Şəxsi axtarış zamanı "Sony" markalı videokameradan istifadə edilmişdir. Şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs və digər iştirakçılar tərəfindən heç bir şikayət daxil olmamış və vəsatət qaldırılmamışdır. Ona görə də, protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyünü imzalarla təsdiq etmişlər (i/v 56-62). Məhkəmə baxışı zamanı qeyd olunan istintaq hərəkətlərinin aparıldığı zamanı çəkilmiş videogörüntülərə baxış keçirilmiş və baxış zamanı xx.xx.2020-ci il tarixli şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokolda qeyd olunanlar öz təsdiqini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1379 saylı ekspert rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.” yazısı olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi – 0,470 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i/v 66-70). İş materiallarına əlavə edilmiş “maddi sübut kimi tanımaq haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ümumi xalis çəkisi 0,470 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalıq qalmış 0,370 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin saxlanması üçün Nəsimi RPİ-nin Növbətçi hissəsinə təhvil verilməsi qərara alınmışdır (i/v 123). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 xx xxxxxxxx 2020-ci il tarixli, 2463 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 138-139). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli arayışdan və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, təqsirləndirilən şəxs Kərimov X7 Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i/v 117-119, 132-137). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə, saat 18:05-də şübhəli şəxs qismində tutulmuş və Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-446/2020 saylı qərarı ilə barəsində 3 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i/v 31-32, 105-110). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması özünün qismən etirafı, şahid ifadəsi, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” qəbul etdiyi 06 sentyabr 2010-cu il tarixli qərarında göstərmişdir ki, əvvəlki cinayət qanunundan fərqli olaraq qüvvədə olan Cinayət Məcəlləsi yeni cinayətin törədilməsi ilə məhkumluq müddətinin axımının kəsilməsini nəzərdə tutmamışdır. Bu isə onu göstərir ki, yeni cinayət törədildikdə çəkilən cəzaya görə məhkumluğun ödənmə müddətinin axımı davam edir. Lakin bu hal yenidən törədilən cinayətin qanunla müəyyən olunmuş hallarda residiv hesab edilməsinə və residivə görə cəza təyinetmə qaydalarını tətbiq etməyə mane ola bilməz. Belə ki, məhkumluq yeni cinayət törədildikdən sonra ödənildikdə və ya götürüldükdə, onunla bağlı bütün hüquqi nəticələrin aradan qalxması yalnız bundan sonra yaranacaq cinayət–hüquqi münasibətlərə şamil edilir. Şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunvericilik həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Təqsirləndirilən şəxs əvvəllər qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunması və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi cəzanı ağırlaşdıran hallara aiddir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən ona narkomaniyadan məcburi müalicə təyin edilməli, ondan 114 (yüz on dörd) ekspertiza xərci tutularaq dövlət büdcəsinə köçürülməli, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,470 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,370 qram olan narkotik vasitə heroin məhv edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına və Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, xx xxxx 2020-ci il tarixli “dövlət hesabına təyinatla müdafiəçi dəvət etmək haqqında” qərardan, ********* saylı cinayət işi üzrə tərtib edilmiş ittiham aktına əlavə edilmiş arayışdan və iş materiallarında olan “vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə” hesabatdan görünür ki, həmin cinayət işi üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən hüquqi yardım göstərilmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Cinayət işi Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, 1(006)- 343/2020 saylı, xx xxxxxxx 2020-ci il tarixli qərara əsasən xx xxxxxxx 2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə göstərilmiş 42 (qırx iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil Bürosunun hesabına 252 (iki yüz əlli iki) manat və həmçinin Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə göstərilmiş 24 (iyirmi dörd) iş saatı həcmində hüquqi yardımla bağlı X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış və Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan, ilkin çəkisi 0,470 qram olmuş, ekspertiza tədqiqatlarından sonra qalıq çəkisi 0,370 qram olan narkotik vasitə heroin məhv edilsin. Hökmün icrası Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına həvalə edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri, 14 saylı Vəkil bürosunun hesabına 252 (iki yüz əlli iki) manat və X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 144 (yüz qırx dörd) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar