Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-89/2024 13.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Müdafiəçi: “M.B.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 15A/12, mənzil 12-də qeydiyyatda olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasının çəkməmiş, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 02 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 42, 06 saylı mənzilin qapısının açıq olmasından istifadə edib oraya qanunsuz daxil olaraq qonaq otağından masanın üzərindən Zərərçəkmiş şəxs məxsus, içərisində 3.300 manat pul, "xxxx" ASC tərəfindən verilmiş 10 manat dəyərində 4169-7414-8379-5421 nömrəli plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 40 manat dəyərində 4244-4994-7784-6333 nömrəli “Gold” plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 20 manat dəyərində 5235-2222-3523-0972 nömrəli “Neo” plastik kart olan 40 manat dəyərində pul kisəsini oğurlayaraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 3.410 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa verilmiş ittihama görə o, 02 sentyabr 2023-cü il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 42, 06 saylı mənzilin otağından masanın üzərindən Zərərçəkmiş şəxs məxsus pul kisəsindən sonuncuya aid olan AA seriya, ******* nömrəli şəxsiyyət vəsiqəsi, AC seriya, 088353 nömrəli sürücülük vəsiqəsi və “X4 Minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 846695 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsini talamışdır. Məhkəmədə dövlət ittihamçısı təqsirləndirilən şəxsin əməlində həmin Məcəllənin 326.2-ci maddəsinin tərkib əlamətləri olmadığından ona qarşı irəli sürülmüş ittihamın bu hissəsinin müdafiəsindən imtina etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, iş axtardığı üçün dostu Kamran ona Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsində yerləşən stadionda mühafizəçiyə ehtiyac olduğunu və günlük olaraq 20 manat əmək haqqı verildiyini bildirmiş, buna görə də o, xx.xx.2023-cü il tarixdə, saat 18 radələrində həmin yerə getsə də, ona işçiyə ehtiyac olmadığı deyilmişdir. Təxminən 5-10 dəqiqədə stadionun qarşısında olan zaman binanın həyətində qara rəngli avtomobildən düşən şəxsin əlindəki qara rəngli pul kisəsi onun diqqətini cəlb etmişdir. Bu şəxsin binaya doğru hərəkət etdiyindən o da onun arxasınca getmiş, sonuncunun mənzilə girdiyi zaman qapını bir qədər aralı qoyduğunu görüb qapıya yaxınlaşmış və mənzilin içərisinə baxanda həmin şəxsin pul kisəsinin qonaq otağında yerləşən ütü masasının üzərində olduğunu görmüşdür. Daha sonra həmin şəxsin digər otağa keçməsini fürsət bilərək içəri daxil olmuş və kisəni götürürərək oradan uzaqlaşmışdır. Sonradan kisəyə baxan orada 2.426 manat pul, 03 ədəd plastik bank kartı, 01 ədəd şəxsiyyət vəsiqəsi, 01 ədəd nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin olduğunu aşkar etmişdir. Pulu götürüb öz şəxsi ehtiyaclarına xərcləmiş, kartlara və digər sənədlərə isə toxunmayaraq kisə ilə birlikdə özündə saxlamışdır. Mənzildən pul kisəsini oğurlayarkən onun içərisində pul olduğunu düşünmüş və məhz bu niyyətlə oğurluq etmiş, şəxsiyyət vəsiqəsi və ya digər hər hansı rəsmi sənədləri talamaq niyyətində olmamışdır. Zərər çəkmiş şəxsə vurulmuş zərərdən 1.500 manat pul təklif olunsa da, sonuncu ziyanın tam ödənilməsini tələb edir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində işdən yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, H.B.Əliyev küçəsi, bina 42-də yerləşən 06 saylı mənzilə qayıtdıqdan sonra əlində olan pul kisəsini qonaq otağında yerləşən ütü masasının üzərinə qoyaraq mətbəxə daxil olmuş və atası ilə birlikdə yemək yemişdir. Təxminən saat 20 radələrində qonaq otağına keçən zaman ütü masasının üzərinə qoyduğu pul kisəsinin orada olmadığını aşkar etmişdir. Daha sonra qonaq otağına və digər otaqlara baxış keçirmiş, lakin pul kisəsini tapa bilməmiş və onun oğurlandığını aşkar etmişdir. Bu zaman mənzilin giriş qapısı kilidli olmasa da, bağlı vəziyyətdə olmuşdur. Oğurlanan 40 manat dəyərində pul kisəsinin içərisində özünə məxsus AA seriya, ******* nömrəli şəxsiyyət vəsiqəsi, AC seriya, 088353 nömrəli sürücülük vəsiqəsi və “X4 Minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 846695 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsi, "xxxx" ASC tərəfindən verilmiş 10 manat dəyərində 4169-7414-8379-5421 nömrəli plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 40 manat dəyərində 4244-4994-7784-6333 nömrəli “Gold” plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 20 manat dəyərində 5235-2222-3523-0972 nömrəli “Neo” plastik kart və 3.300 manat pul olmuşdur. Oğurlanmış pul və sürücülük vəsiqəsi qaytarılmamış, buna görə də təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): • “Baxış və götürmə haqqında” xx.xx.2023-cü il tarixli protokola görə Təqsirləndirilən şəxs təqdim etdiyi qara rəngli pul kisəsi, onun içərisində olan Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi, “X4 Minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 846695 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsi, "xxxx" ASC tərəfindən verilmiş 4169-7414- 8379-5421 nömrəli plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 4244-4994-7784-6333 nömrəli “Gold” plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 5235-2222-3523-0972 nömrəli “Neo” plastik kartı götürülmüşdür (İ cild, i.v.64-67); • “Maddi sübut kimi tanınma haqqında” xx.xx.2023-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş həmin əşyalar maddi sübut kimi tanınmış və saxlanılması üçün zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs təhvil verilmişdir (İ cild, i.v.113- 114); • Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 ambulator məhkəmə psixiatrik eskspertizasının xx.xx.2023-cü il tarixli, 2951 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. O, cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir (İ cild, i.v.117-119); • Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(006)-480/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmışdır (İ cild, i.v.93-96); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli arayışı və hökmdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə talama cinayətinə görə məhkum edilmiş, sonuncu dəfə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)- 132/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.104-105, 126-133); • Bakı şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli, 143306-21-1/3-30334-18 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(007)-132/2023 saylı hökmü xx.xx.2023-cü il tarixdə Bakı şəhər Probasiya İdarəsinə daxil olmuş, lakin məhkum qeydiyyata alınmamış və cəzasının heç bir hissəsini çəkməmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs niyyətinin yalnız zərər çəkmiş şəxsin pul kisəsində olan pulun oğurlanmasına yönəldiyini, onun sonuncuya məxsus şəxsiyyət vəsiqəsini və digər şəxsi sənədi talamaq niyyəti olmadığını və bununla da onun əməlində Cinayət Məcəlləsinin 326.2-ci maddəsinin tərkib əlamətlərinin olmadığını bildirib Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın bu hissəsinin müdafiəsindən imtina edərək bu xüsusat üzrə barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının mövqeyi ilə razı olduqlarını bildirdilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.8-ci maddəsinə müvafiq olaraq dövlət ittihamçısı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Bu Məcəllənin 43.1.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş “dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə” müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Cinayət-Prosessual Məcəlləsinin 314.2-ci maddəsinə görə məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verməlidir. Məhkəmə hesab edir ki, dövlət ittihamçısı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəllənin 326.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibindən imtina etdiyindən, onun barəsində həmin hissədə cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi üzrə ittihamla bağlı isə məhkəmə aşağıdakıları qeyd edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd); oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır (21-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir (27-ci bənd). Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən taladığı pulun 2.426 manat olmasının bildirməsi xüsusatına isə məhkəmə özünümüdafiə xarakter daşıması, bu yolla vurulmuş zərərin həcminin azaldılması məqsədi güddüyü nəticəsinə gəlir. Təqsirləndirilən şəxs tərəfindən həmin cinayətin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilir. Bu səbəbdən də o, Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddəsinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər qəsdən analoji cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub məhkumluğu ödənilməsə də, əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edildiyindən, Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələbinə görə bu hal residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən də onun cəzasını ağırlaşdıran hal aşkar edilmir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən ona əvvəllər az ağır cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə uyğun olaraq azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və bu cəza həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan qara rəngli pul kisəsi, onun içərisində olan Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi, “X4 Minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 846695 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsi, "xxxx" ASC tərəfindən verilmiş 4169-7414-8379-5421 nömrəli plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 4244-4994-7784-6333 nömrəli “Gold” plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 5235-2222-3523-0972 nömrəli “Neo” plastik kartı zərər çəkmiş şəxsin istifadəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş “M.B.M.” Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla bu cəza 01 il 05 ay 28 gün həddində müəyyən edilsin və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 05 oktyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış qara rəngli pul kisəsi, onun içərisində olan Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsi, “X4 Minik” markalı, **-ZS-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid 846695 nömrəli nəqliyyat vasitəsinin şəhadətnaməsi, "xxxx" ASC tərəfindən verilmiş 4169-7414-8379-5421 nömrəli plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 4244-4994-7784-6333 nömrəli “Gold” plastik kart, "xxxx" ASC tərəfindən verilmiş 5235-2222-3523-0972 nömrəli “Neo” plastik kartı zərər çəkmiş şəxsin istifadəsində saxlanılsın. Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmaması əsası ilə dövlət ittihamçısı tərəfindən cinayət təqibindən imtina olunduğundan onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 326.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş «M.B.M» Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №1(006)-89/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-89/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver