Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-9/2022 25.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müqavilə üzrə müdafiəçisi Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Sumqayıt şəhərində anadan olan, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs ona olan etibarlı münasibətlərindən istifadə edib sonuncuya 10.000 manat pul müqabilində “Ultra” şirkətindən 140 ədəd müxtəlif markalı notbuk tipli kompüter və 140 ədəd printer çap qurğuları sifariş edəcəyinə dair yalan vəd verib aldadaraq bu adla 15.03.2019-cu il tarixdə, saat 15 radələrində ünvan 3 ünvanında yerləşən Bakı Dövlət Sirkinin qarşısında 10.000 manat pulunu ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə uyğun olaraq aşağıdakıları sübut növü kimi qəbul etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlarla özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 2011-ci ildən tanımış, 2012-ci ildən 2017-ci ilədək Zərərçəkmiş şəxs rəhbərlik etdiyi Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “AFF COM” Plazada satış meneceri vəzifəsində işləmişdir. Kompüter avadanlıqlarını BƏƏ-nin Dubay şəhərindən sifarişlə gətizdirib Bakı şəhərində satışını həyata keçirmişlər. Orada işlədiyi dövrdə bütün sifariş və satışları o özü həyata keçirmiş və kompüter avadanlıqlarını Bakı şəhərində topdan olaraq mağazalara satmışlar. İşlədiyi dövrdə o, “ULTRA” şirkətinin şatış meneceri Şahid tanımış və Şahid işlədiyi şirkətdə mütəmadi olaraq alqı-satqı etmişlər. Bir müddətdən sonra müəyyən səbəblərdən Elvin işi dayandırmış, lakin o, isə kompüter avadanlıqlarının satışını davam etdirmişdir. 2019-cu ilin mart ayının əvvəllərində Elvin ona zəng vuraraq, kompüter lazım olduğunu və bununla bağlı kimə müraciət etmələrini soruşmuşdur. O, isə Əfsərə zəng vuraraq onunla danışmış, sonuncu da ona yaxın bir müddətə cavab verəcəyini demişdir. Zərərçəkmiş şəxs ümumi sifariş edəcəyi kompüterlər üçün ödənilməli olan məbləğdən ilkin olaraq 20-30 min manat verəcəyini, pulun qalan hissəsini isə mallar tam gəldikdən sonra verəcəyini bildirmişdir. Lakin Elvinin təklif etdiyi məbləğ az olduğu üçün Əfsər onunla razılaşmamışdır. Bundan sonra Elvin ona digər kompüter avadanlıqları satan şəxslərlə maraqlanmağını xahiş etmişdir. O, da Elvinin xahişini nəzərə alıb maraqlanmağa başlamış və Dubayda kompüter avadanlıqları satan tanışı vasitəsilə kompüterlər sifariş etmişdir. Elvin də ona həmin sifarişə görə ilkin olaraq 10.000 manat pul vermişdir. Sonradan aprel ayında Elvin pulun qalan hissəsini göndərmədiyi üçün sonuncudan onun səbəbini maraqlanmaq istəmiş, lakin ona məlum olmuşdur ki, may ayının sonu Elvin Bünyətov həbs olunmuşdur. O, Zərərçəkmiş şəxs yanına gedərək pulun qalan hissəsini istəmiş və bildirmişdir ki, malların alınması üçün danışılan məbləğ tam ödənilməlidir. Elvin isə pulun qalan hissəsini ona verməmişdir. Sonradan Elvin həbsdən çıxdıqdan onun ailəsinə zəng vuraraq ona verdiyi 10.000 manat pulu geri tələb etməyə başlamışdır. Elvin pulu ona qaytarmayacağı təqdirdə şikayət edəcəyini demiş, o da Elvinə 2020-ci ilin noyabr ayında anası X1 vasitəsi ilə 1.000 manat məbləğində pul göndərmişdir. Qalan məbləği də ona qaytaracağını bildirməsinə baxmayaraq, sonradan ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs onun barəsində şikayət etmişdir. İfadəsinin sonunda Zərərçəkmiş şəxs qarşı dələduzluq etmədiyini, təqsirsiz olduğunu və zərəçəkmiş şəxsin hal-hazırda ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, 2008-ci ildən 2015-ci ilədək ünvan 5 ünvanda “AFF Com Plaza"da yerləşən ofisində işçiləri ilə birlikdə müxtəlif markalı kompüterlərin və avadanlıqlarının topdansatışı ilə məşğul olmuşdur. Kompüterləri və avadanlıqlarını BƏƏ-nin Dubay şəhərindən sifarişlə gətizdirib Bakı şəhərində mağazalara todansatışını həyata keçirmişdir. Həmin dövrdə onun satış meneceri Təqsirləndirilən şəxs olmuş və sifarişləri və topdansatışları Təqsirləndirilən şəxs həyata keçirmişdir. 2015-ci ildə biznes fəaliyyətini dəyişdiyi üçün ofisi bağlamış və bu səbəbdən də Rüfət işdən çıxmışdır. Bundan sonra Rüfət özü kompüter avadanlıqlarının topdan satışını həyata keçirməyə başlamışdır. 2019-cu ilin mart ayının əvvəllərində o, 140 ədəd müxtəlif markalı notbuk və 140 ədəd də printer qurğusu sifariş vermək qərarına gəlmişdir. Bu məqsədlə də o, Rüfətə mobil telefon vasitəsi ilə zəng edərək onu ofisinə dəvət etmiş və Rüfət də onun “Green Plaza"da yerləşən ofisinə gəlmişdir. Söhbət zamanı Rüfət ona əvvəlki müştəriləri olan “Ultra" şirkətinin satış meneceri Şahid o istədiyi kompüter və printerləri almağın mümkün olduğunu bildirmişdir. Daha sonra Rüfət Şahid onun ofisinə gətirmişdir. O, Əfsərə 140 ədəd müxtəlif markalı kompüter və 140 ədəd printer çap qurğusu almaq istədiyini demiş, Əfsər isə ona rəhbərlik ilə əlaqə yaratdıqdan sonra cavab verəcəyini bildirmişdir. Görüşdükdən sonra Rüfət ona zəng edərək Əfsərə əvvəlcə 10.000 manat beh kimi, sifarişlər gəldikdən sonra isə 40.000 manat verməli olacağını demişdir. Sifarişin ümumi qiyməti isə 180.000 manat təşkil etmiş, o da Rüfətlə razılaşmışdır. O, 15.03.2019-cu il tarixdə, saat 16 radələrində Rüfətlə Nəsimi rayonu, S.Vurğun küçəsi 68 ünvanında yerləşən Dövlət Sirkinin qarşısında görüşmüş və orada Rüfətə 10.000 manat pul vermişdir. Həmin vaxt Rüfət ona aldığı pulu sifarişlə bağlı Şahid verəcəyini demişdir. Həmin gün o, Rüfətə zəng edərək Əfsərə pulu verib-vermədiyini və müqavilə bağlayıbbağlamadığını soruşduqda, Rüfət ona pulu şirkətə ödədiyini və ödənişlə bağlı çekin özündə olduğunu, sifarişlər gəldikdən sonra qalan 40.000 manat ödəyəcəyini ona demişdir. 27.05.2019-cu il tarixdə o, həbs olunmuş və Bakı İstintaq Təcridxanasında saxlanılmışdır. Təcridaxanada olarkən o, Rüfətlə bir neçə dəfə əlaqə saxlayaraq sifarişin necə olacağını soruşduqda Rüfət ona narahat olmamağını, o, təcridxanadan çıxıb 40.000 manatı ödəyəndən sonra sifarişlərin gələcəyini demişdir. O, azad olunduqdan sonra Rüfətlə əlaqə saxlayaraq görüşdükdə, Rüfət ona pulun Əfsərdə olduğunu bildirmişdir. Lakin Rüfətin dedikləri onda şübhə yaratdığından o, Əfsərlə əlaqə saxlayıb məsələ ilə maraqlandıqda, Əfsər Rüfətin ona pul vermədiyini demişdir. O, dərhal Rüfətə zəng edərək Əfsərin dedikəri barədə məlumat verdikdə, Rüfət ona Əfsərlə işin alınmadığını, işi Elnur adlı şəxslə danışdığını və 10.000 manat pulu da həmin şəxsə verdiyini bildirmiş və Elnur adlı şəxsin mobil telefon nömrəsini də ona vermişdir. O, Elnur adlı şəxslə əlaqə saxladıqda, həmin şəxs ona Rüfətin pul vermədiyini, Rüfətlə arasında özünün pul hesablaşmasının olduğunu və ona bir daha narahat etməməyini demişdir. Sonra o, Elnur adlı şəxsi maraqlandıqda, əslində onun adının Müşfiq olduğunu, bununla da Rüfətin onu aldadaraq 10.000 manat pulunu ələ keçirdiyini müəyyən etmişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmədiyi üçün Təqsirləndirilən şəxs şikayətçidir və pulunun tam həcmdə qaytarılmasını istəyir. Lakin sonradan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizə ilə məhkəməyə müraciət edərək, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də olmayacağını, onunla barışdığını, iddia qaldırdığı zaman hirsli olduğunu və etdiyi hərəkətini tam dərk etmədiyini və onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Şahid verdiyi ifadəsində göstərmişdir ki, o, zərərçəkmiş şəxsi əvvəllər tanımamış, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs isə 5 ildən artıq müddətdir ki, tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs ilə aralarında qurğuların və onun ehtiyat hissələrinin bir neçə dəfə alqı-satqısı olmuşdur. 2020-ci ilin mart ayının əvvəllərində Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək müdiri Zərərçəkmiş şəxs 140 ədəd müxtəlif markalı notbuk və 140 ədəd printer çap qurğusu sifariş vermək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona “Olimpik Star"ın yaxınlığında yerləşən "Green Plaza”da yerləşən ofisə dəvət etmiş, o da həmin ofisə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs də orada olmuşdur. Ofisdə Zərərçəkmiş şəxs ona 140 ədəd müxtəlif markalı notbuk və 140 ədəd printer çap qurğusu sifariş vermək istədiyini, lakin onların dəyərini tam olaraq ödəyə bilməyəcəyini və buna görə də hissə-hissə ödəməklə almaq istədiyini bildirmişdir. Söhbət zamanı o, müdiriyyəti ilə danışdıqdan sonra məlumat verə biləcəyini demişdir. Lakin sonradan o, Təqsirləndirilən şəxs zəng edərək Zərərçəkmiş şəxs şərtləri ilə razı olmaqdıqlarını bildirmişdir. Hətta sonradan telefon əlaqəsi zamanı Zərərçəkmiş şəxs özünə də qurğuların qiymətinin baha olması səbəbindən onun hissə-hissə ödəmək təklifinin onlar üçün münasib olmadığını demişdir. 2020-ci ilin mart ayında Zərərçəkmiş şəxs ona zəng edərək Təqsirləndirilən şəxs onu aldadaraq qurğuların alınması üçün 10.000 manat pulunu ələ keçirdiyini bildirmişdir. Əvvəllər Təqsirləndirilən şəxs ondan 1120 manat dəyərində notbuk alsa da bir müddət ona heç bir ödəniş etməmiş, sonradan isə Təqsirləndirilən şəxs qardaşı həmin məbləği ona ödəmişdir. İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs 22.01.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Nəsimi Rayon Məhkəməsinin 23.01.2021-ci il tarixli, 4(006)-46/2021 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir (i/v 70-71, 106-110). İş materiallarına əlavə olunmuş qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 23.01.2021-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri seçilmişdir (i/v 111-112). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 28.01.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 115-116). İş materiallarında olan 05.02.2021-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs ona dəymiş ziyanın 3000 manatını Nəsimi RPİ İŞ-nin müstəntiqi Xəyyam Bağırzadədən təhvil almışdır (i/v 120). İş materiallarına əlavə olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışmışdır. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 30.08.2017-ci il təvəllüdlü X2 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özü tərəfindən inkar edilməsi özünü müdafiə xarakteri daşıyır, zərərçəkmiş şəxsin və şahidin ifadələri, üzləşdirmə protokolu və digər istintaq sənədləri ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə tərəfindən Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamı da nəzərə alınmalıdır. Belə ki, həmin Sərəncamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, həmçinin təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Sumqayıt şəhər Probasiya idarəsinə tapşırılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 02 (iki) gün ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2ını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt şəhər Probasiya idarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-9/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-9/2022
25.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver