Məhkəmə qərarları › İş №1(006)-90/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-90/2021

11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-90/2021 11.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, işsiz, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, F.H.A.Cabarov xx.xx.2020-ci il tarixdə saat 22:30 da Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanının qarşısında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq polis şöbəsinə gətirilmiş, xx.xx.2020-ci il tarixdə saat 02:30 radələrində orada olan xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilərkən 2,257 qram çəkidə narkotik vasitə olan heroin ağ rəngli kağız bükümdə onun əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs F.H.A.Cabarov ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində yaşadığı evdən çörək almaq məqsədi ilə çıxmışdır. O, yaşadığı məhəllədə olan 9 saylı orta məktəbin qarşısından keçdiyi zaman əvvəllər tanımadığı, orta boylu, orta bədən quruluşlu, 40-45 yaşlı kişi ilə rastlaşmışdır. Həmin şəxslə söhbət edəndə ona bildirmişdir ki, istəsə ona narkotik vasitə olan kakos təşkil edə bilər. O, həmin şəxsdən narkotik istəyərək bildirmişdir ki, üzərində otuz manat pul vardır. Həmin şəxs ondan otuz manat pulu almış və ona bir bükümdə 30 manatlıq narkotik vasitə olan kakos (heroin) vermişdir. O, həmin şəxsdən aldığı bir bükümdə narkotik vasitə heroin əynində olan mavi rəngli cins şalvarın sağ yan cibinə qoymuş, evə qayıdandan sonra rahat bir yerdə istifadə etsin. O, narkotik vasitəni tanımadığı həmin şəxsdən alandan 10-15 dəqiqə sonra Nəsimi rayonu, H.B.Əliyev küçəsi, ev 17 ünvanının qarşısında 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirərək özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qanunsuz dövrüvəsində şübhəli olduğunu bildirib, onu PŞ-nə dəvət etmişlər. O, da polis əməkdaşlarına etiraz etməyərək həmin polis əməkdaşları ilə birlikdə Nəsimi RPİnin 19-cu PŞ-nə getmişdir. Şöbəsinin inzibati binasında şübhəl şəxs kimi tutulmuşdur. Şöbədə bir neçə polis əməkdaşlarının iştirakı ilə videokamera ilə təhqiqatçı İlqar Həmidov tərəfindən üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya olub-olmaması soruşmuşlar. O, da bildirmişdir ki, üzərində bir büküm narkotik vasitə heroin vardır. Sonra üzərində olan cins şalvarın sağ yan cibindən bir ədəd bükülmüş heroini çıxaradaraq təqdim etmişdir. Bundan başqa üzərində hər hansı qanunla qadağan edilmiş əşyanın olmadığını bildirmişdir. Daha sonra narkotik vasitə olan büküm zərflərə qoyulmuş və bütün iştirakçılar, o , cümlədən onun tərəfindən imzalanmışdır. Sonra şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və o, protokolun düzgünlüyünü öz imzası ilə təsdiq etmişdir. Polis Şöbəsində şəxsi axtarış zamanı ona qarşı hər hansı qanun pozuntusu olmamışdır. Daha sonra özünü təqsirli bilməsini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs F.H.A.Cabarovun təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-də CAŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, ev 58, mənzil 32-də yaşayan “Fuad” adlı şəxsin narkotik vasitələrin qanunsuz daşıması və saxlaması barədə polis şöbəsinə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında, onun və Nəsimi RPİ-nin 19-cu PŞ-nin CAŞ üzrə kiçik əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu ilə birgə xx.xx.2020-ci il tarixdə keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.1981-ci il təvəllüdlü Təqsirləndirilən şəxs ünvan 3 ünvanının qarşısında 22:30 radələrində saxlanılaraq Nəsimi RPİ-nin 19-cu PŞ-nə RPİ-nə gətirilmişdir. Şöbənin inzibati binasında xidməti otaqların birində əməliyyat qrupunun və F.H.A.Cabarova təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış keçirilmədən əvvəl F.H.A.Cabarova Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra F.H.A.Cabarovun üzərində qanunla saxlanılması və daşınması qadağan olunmuş əşya varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman sonuncu əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü göstərərək içərisində “kakos” adlanan narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sorğu zamanı F.H.A.Cabarov həmin narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində evdən çıxıb çörək almağa gedən zaman yaşadığı məhəllədə olan 9 saylı orta məktəbin qarşısından keçdiyi zaman əvvəllər tanımadığı, ünvanını və digər naket məlumatlarını bilmədiyi orta boylu, orta bədən quruluşlu, 40-45 yaşlı kişidən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra F.H.A.Cabarov əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd göy rəngli alışqanı, həmin şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sadə modelli “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərində qoymuşdur. Bundan sonra F.H.A.Cabarovun üzərinə baxış keçirilmiş, lakin heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra F.H.A.Cabarov təqdim etdiyi, içərisində “kakos” adlanan 01 ədəd bükülü olan narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, üzəri 187 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu PŞ-nin CAŞ üzrə kiçik əməliyyat müvəkkili Şahid2 ondan əvvəl şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə verərək bildirmişdir ki, həqiqətəndə F.H.A.Cabarovun üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş narkotik maddə aşkar edilmişdir. Cinayət işinin 29-30-cu vərəqələrində olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, F.H.A.Cabarov həmin tarixdə tutulmuşdur. Cinayət işinin 100-104-cü vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli Məhkəmənin qərarından görünür ki, F.H.A.Cabarov barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. Cinayət işinin 105-106-cı vərəqəsində olan xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, F.H.A.Cabarov barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 169-170-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, F.H.A.Cabarov barəsində məcburi gətirilmə şıxarılmışdır. Cinayət işinin 174-176-cı vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, F.H.A.Cabarov barəsində axtarış elan edilmiş, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbirinin seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işinin 186-187-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, F.H.A.Cabarov xx xxxxxx 2020-ci il tarixdə tutulduğundan barəsində aparılan cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin 204-205-ci vərəqələrində olan Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, F.H.A.Cabarov barəsində seçilmiş olan başqa həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin 56-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1285 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 2,257 qr olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: Ekspertiza tədqiqatı zamanı heroinin təmiz çəkisi 2,257 qram olmuş, tədqiqata 0,1 qram sərf edilmiş və 2,157 qram qalıq qalmışdır. Cinayət işinin 57-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat müəyyən edilmişdir. Cinayət işinin 136-140-cı vərəqələrində olan xx xxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və F.H.A.Cabarovun üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 2,157 qram çəkidə narkotik vasitə olan heroin saxlanılması üçün Nəsimi RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 133-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının xx xxxxxx 2020-ci il tarixli, 2368 saylı rəyindən görünür ki, müayinə zamanı F.H.A.Cabarovda tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 118-120-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X3 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, F.H.A.Cabarov sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2017-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin Qərarı ilə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuşdur. Cinayət işinə əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Nəsimi RPİ-nin 19-cu PŞ-də xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Həmin vaxt sonuncu əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü cibindən çıxararaq masanın üzərinə qoyur. Həmin bir ədəd ağ rəngli kağıza bükülmüş bükülünü göstərərək içərisində “kakos” adlanan narkotik vasitə olan heroin olduğunu bildirir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini xx.xx.2020-ci il tarixdə saat təxminən 22 radələrində evdən çıxıb çörək almağa gedən zaman yaşadığı məhəllədə olan 9 saylı orta məktəbin qarşısından keçdiyi zaman əvvəllər tanımadığı, ünvanını və digər anket məlumatlarını bilmədiyi orta boylu, orta bədən quruluşlu, 40-45 yaşlı kişidən 30 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sol yan cibindən bir ədəd göy rəngli alışqanı, həmin şalvarın sağ yan cibindən bir ədəd qara rəngli sadə modelli “Nokia” markalı mobil telefonu çıxarıb masanın üzərində qoyur. Budan sonra üzərinə şəxsi axtarış keçirilir və heç bir qanuna zid əşya aşkar edilmir. Beləliklə, F.H.A.Cabarovun törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, DVD diskdə olan videogörüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxs F.H.A.Cabarova cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla F.H.A.Cabarovun özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, F.H.A.Cabarovun əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, F.H.A.Cabarov Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2017-ci il tarixli Qaradağ Rayon Məhkəməsinin Qərarı ilə əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və xx xxxx 2018-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmasına baxmayaraq iki il keçmədən xx xxxx 2020-ci il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən F.H.A.Cabarovun əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi F.H.A.Cabarovun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs F.H.A.Cabarova təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün müddət həmin Məcəllənin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alınaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı, üzərində qəti cəza saxlanılmalı və həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, F.H.A.Cabarovun azadlığı faktiki olaraq hökmün çıxarıldığı xx xxxxxx 2020-ci il tarixdən məhdudlaşdırıldığından, sonuncunun cəzaçəkmə müddətinin əvvəli də həmin vaxtdan hesablanmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X1nın xx xxxxxx 2020-ci il tarixli, 2368 saylı rəyinə əsasən F.H.A.Cabarov barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs F.H.A.Cabarova tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut cinayət işinin materiallarında saxlanılmalı, təqsirləndirilən şəxs F.H.A.Cabarovun üzərindən aşkar edilərək götürülmüş və Nəsimi Rayon Polis İdarəsinin maddi sübutların saxlanılması kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 2,157 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 114 (bir yüz on dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs F.H.A.Cabarovun məhkəməyədək istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxx 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, F.H.A.Cabarova göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Ş.M.Dadaşova məhkəməyədək istintaq dövründə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Hüquq Məsləhətxanasının hesabına və Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili R.M.Bayramova məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Hüquq Məsləhətxanasının hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. F.H.A.Cabarovun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək, yəni 01 (bir) gün müddət nəzərə alınmaqla, sonuncunun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 2,157 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: Dövlət Xəzinadarlığı Agentliyi, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X5 istintaq orqanında iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun «xxxx» ASC-nin 1 saylı Nəsimi rayon filialındakı hesablaşma hesabına (hesab № AZ41AİİB******************** bankın kodu 200112, VÖEN – 140063561) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 18 saylı Vəkil Bürosunun Unibank KB-nin Qara Qarayev filialı, Bankın kodu 512145, VÖEN **********, hesablaşma hesabı AZ59UBAZ**********0090AZ001) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar