Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-90/2022 13.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 19 saylı Vəkil bürosunun vəkili X1 iştirakları ilə xx.xx.1992-ci ildə Naftalan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 10, mənzil 11-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, 20.11.2021-ci il tarixdə təxminən saat 11:30 radələrində Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs qəsdən Zərərçəkmiş şəxs baş nahiyyəsindən yumruqla zərbələr endirərək ona - sol gicgah nahiyyəsinin qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan qançır-şişkinliyi (dərialtı hematoması) kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs bir neçə aydır ki, tanıyır, onunla aralarında tanışlıq münasibətləri vardır, düşmənçilik və ədavətləri yoxdur. 19.11.2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs onunla telefon əlaqəsi saxlayaraq, yaşamağa yeri olmadığı üçün onunla birlikdə müvəqqəti qalmaq istədiyini demiş, o da sonuncuya heç bir etiraz etməyərək onu kirayədə yaşadığı ünvan 1 ünvanına dəvət etmişdir. 19.11.2021-ci il tarixdə axşam təxminən saat 22:00 radələrində Zərərçəkmiş şəxs onun kirayədə yaşadığı qeyd olunan ünvana gələrək, onunla görüşmüş və görüş zamanı Zərərçəkmiş şəxs ona yaşamağa yeri olmadığı üçün onunla birlikdə yaşamaq istədiyini və mənzilin kirayə pulunun yarısını verməyi təklif etmiş, o da Sətdama heç bir etiraz etməyərək, öz maddi vəziyyətinin aşağı olduğunu deyərək, bu təkliflə razı olmuşdur. 20.11.2021-ci il tarixdə təxminən saat 11:30 radələrində o, kirayə yaşadığı ünvanda olan zaman üzərində heç bir məbləğdə pul vəsaiti olmadığı üçün Zərərçəkmiş şəxs mənzilin aylıq kirayə pulunun bir hissəsini verməsini bildirdikdə, sonuncu ona üzərində pul vəsaiti olmadığını, iş tapdıqdan sonra mənzilin kirayə pulunu verəcəyini bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs sözlərindən əsəbləşərək, “nə səbəbə səni havayı saxlamalıyam dur evimdən rədd ol” sözlərini deyərək onu nalayiq ifadələrlə təhqir etdikdə, sonuncu ona qarşılıqlı olaraq cavab qaytarmışdır. Bu zaman onların arasında mübahisə baş vermiş və həmin mübahisə zamanı o, Zərərçəkmiş şəxs baş nahiyyəsindən bir neçə dəfə yumruqla zərbələr endirmişdir. Hadisə baş verən zaman onların yanında başqa heç kim olmamış, mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. İfadəsinin sonunda törətdiyi əməldən peşman olduğunu və cərimə cəzasının təyin olunmasını xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə aydır ki, tanıyır və onunla aralarında tanışlıq münasibətləri vardır, qohumluq, düşmənçilik və ədavətləri yoxdur. 19.11.2021-ci il tarixdə axşam saatlarında o, Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayaraq, onun kirayədə yaşadığı Nəsimi rayonu, M.Əlizadə küçəsi ev 8 ünvanına gəlmək istədiyini bildirmiş və telefon söhbəti zamanı sonuncu ona heç bir etiraz etməyərək, onu evinə dəvət etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvana gələrək, onunla görüşmüşdür. Görüş zamanı o, Təqsirləndirilən şəxs halhazırda yaşamağa yeri olmadığı üçün onunla birlikdə kirayə yaşamaq istədiyini və kirayə pulunu yarıbayarı vermək təklifini dedikdə, sonuncu bu təkliflə razı olmuşdur. 20.11.2021ci il tarixdə təxminən saat 11:30 radələrində birlikdə kirayə yaşadıqları qeyd olunan ünvanda olan zaman Təqsirləndirilən şəxs ona üzərində pul olmadığı üçün kirayə yaşadığı mənzilin aylıq ödənişinin bir hissəsini verməyini bildirdikdə, o sonuncuya hal-hazırda üzərində heç bir məbləğdə pul vəsaiti olmadığını, yaxın günlər ərzində işləyərək pul qazandıqdan sonra həmin məbləği verəcəyini demişdir. Bu zaman Təqsirləndirilən şəxs onunla əsəbi şəkildə danışaraq “pulun yoxdursa rədd ol get evdən mən səni havayı saxlayan deyiləm” sözlərini deyərək onu nalayiq ifadələrlə təhqir edərkən, o sonuncunun söyüşlərinə qarşılıqlı olaraq cavab qaytarmışdır. Bu zaman onların arasında mübahisə baş vermiş və həmin mübahisə zamanı Təqsirləndirilən şəxs onun baş nahiyyəsindən yumruqla zərbələr vuraraq, xəsarət yetirmişdir. Bundan sonra o, baş vermiş hadisə barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hal-hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır və ona dəymiş ziyan ödənilmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim edərək, qeyd olunanların nəzərə alınmasını xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X5 sağlamlığa zərər vurmanın təyininə dair 06 dekabr 2021-ci il tarixli, 1132 saylı rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sol gicgah nahiyyəsinin qapalı kəllə-beyin travması, bas beyin silkələnməsi ilə müşayiət olunan gançır-şişkinliyi (dərialtı hematoması) küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən 20.11.2021-ci il tarixdə əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir (i/v 30-31). İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 06.12.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsi tərəfindən 18.05.2020-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilmişdir (i/v 24-26). Məhkəməyə Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmışdır, ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, iş materiallarında olan tələbnamədən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 18.05.2020-ci il tarixli Qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinmiş, lakin həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin Qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət tərtmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, cinayət əməlini etiraf etməsini, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri baxımından hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, cəzasını yaşayış yeri üzrə çəkməli, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Məhkəmə, həmçinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində məhkəməyədək icraat zamanı heç bir qətimkan tədbiri seçilmədiyini nəzərə alaraq hesab edir ki, hal-hazırda cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində hər hansı bir qətimkan tədbirinin seçilməsi üçün əsaslar yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı məhkəmə hesab edir ki, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı Bakı şəhəri Nəsimi rayon məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-612/2021 saylı, 14 dekabr 2021-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, 14 dekabr 2021-ci il tarixdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 19 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən – probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya idarəsinə tapşırılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 19 saylı Vəkil Bürosunun hesabına 72 (yetmiş iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-90/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-90/2022
13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver