Məhkəmə qərarları › İş №1(006)-90/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-90/2023

09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-90/2023 09.06.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs (mülki iddiaçı): Zərər çəkmiş şəxsin fərdi qaydada fəaliyyət göstərən vəkil (mülki iddiaçı) nümayəndəsi: Nümayəndə Müdafiəçi: Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili X7 Təqsirləndirilən şəxs: X2 (mülki cavabdeh) iştirakları ilə xx.xx.1971-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Göyçay şəhəri, X11 küçəsi, ev 72, mənzil 08-də qeydiyyatda olan, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 04-də yaşayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu olan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə, saat 12:30-da Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerdən tapdığı, Zərərçəkmiş şəxs məxsus 10 manat dəyərində və üzərində “pin kod” yazılmış olan elektron məlumat daşıycısı hesab edilən, "xxxx" ASC tərəfindən verilmiş plastik debet kartını həmin günü saat 13:05 radələrində metronun “Memar Əcəmi” stansiyasında yerləşən "xxxx" ASC-nin bankomatına daxil edib identifikasiya nömrəsindən (pin koddan) istifadə etməklə kart sahibi Zərərçəkmiş şəxs hesabından 02 manat komissiya haqqı tutulmaqla 200 manat və 10 manat komissiya tutulmaqla 1.000 manat pulu çıxarıb ələ keçirməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1.222 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 06 sentyabr 2022-ci il tarixdə metronun “Memar Əcəmi” stansiyasının yaxınlığına yerləşən “İydə Parfum” mağazasının qarşısından keçib piyada gedən vaxt yerdə bir ədəd "xxxx" ASC-yə aid plastik kartı görüb götürmüş, ona baxdıqda kartın üzərində 04 rəqəmli “pin kod”un yazıldığını müəyyən etmişdir. Daha sonra kartla birlikdə metronun “Memar Əcəmi” stansiyasına gəlmiş və onun "xxxx" ASC-nin bankomatına daaxil edərək üzərindəki “pin kod”u yığıb kartın balansını yoxlamış, balansda ümumilikdə 1.800 manat civarında pul vəsaiti olduğunu görüb iki dəfəyə 200 manat və 1.000 manat pul çıxardaraq getmiş və kartı sındıraraq yol kənarında olan zibil qutusuna tullamışdır. Əldə etdiyi pulu da şəxsi ehtiyaclarına, o cümlədən “poz-qazan” oynuna xərcləmişdir. Məhkəmə istintaqında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində yaşadığı evdən çıxaraq Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsinə gəlmiş və "xxxx" ASC-yə aid bankomata balansında 1.817 manat pul olan 10 manat dəyərində 4169 7413 6372 1570 nömrəli kartı daxil edərək pul çıxarmaq istəmişdir. Lakin, bankomatın yanında dayanmış tanımadığı bir şəxs onun işləmədiyi söyləmiş, o da kartını əlində olan pul kisəsinin arxa cibinə qoysa da, onu bağlamağı unutmuşdur. Onu da qeyd edir ki, karta məxsus 04 rəqəmli təhlükəsizlik kodunu unutmamaqdan ötrü kartın üzərinə yazıb yapışdırmışdır. Bankomatın yanından uzaqlaşıb yağınlıqda olan mağazaya daxil olanda istifadəsində olan mobil telefon nömrəsinə kartından 02 manat komissiya haqqı tutulmaqla 200 manat və 10 manat komissiya tutulmaqla 1.000 manat pulun çıxarılması barəsə mesaj gəlmişdir. Dərhal bundan sonra hesabında olan qalan vəsaiti başqa karta köçürmüşdür. Ona vurulmuş zərər ödənilməmiş, təqsirləndirilən şəxsdən şikayətçidir və mülki iddiasının da təmin olunmasını xahiş edir. İş materiallarında olan: • Zərərçəkmiş şəxs məxsus ******************** saylı bank hesabından olan çıxarışa əsasən xx.xx.2022-ci il tarixdə, saat 13:05 radələrində Bakı şəhəri, Nəsimi rayonu, metronun “Memar Əcəmi” stansiyasının keçidində olan bankomatdan 200 (əlavə olaraq 2 manat komissiya haqqı) və 1.000 (əlavə olaraq 10 manat komissiya haqqı) manat pul çıxarılmışdır (İ cild, i.v.11); • “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən X5 həmin günü tutulmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(004)-766/2022 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina olunmuş, müstəntiqin qərarı ilə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir (İ cild, i.v.38, 69-76); • “DVD diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən "xxxx" QSC-nin müşahidə kameralarına qeydə alınmış videogörüntülərə baxış keçirilərkən müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə, saat 13:05-də Bakı şəhəri, Zərərçəkmiş şəxs məxsus, "xxxx" ASC tərəfindən verilmiş plastik debet kartını metronun “Memar Əcəmi” stansiyasında yerləşən bu bankın bankomatına daxil edib identifikasiya nömrəsindən (“pin kod”dan) istifadə etməklə 200 manat və 1.000 manat pul çıxarır (İ cild, i.v.64); • Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli arayışı və məhkəmə hökmündən aydın olur ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 il 02 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (İ cild, i.v.81-87); • Bakı şəhər Probasiya idarəsinin xx.xx.2023-cü il tarixli, 21-1/3-1819/7 saylı məktubuna görə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüş və ona xx.xx.2022-ci il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Probasiya Xidməti Elektron Monitorinq idarəsinin “Attenti” izləmə sistemində qeydiyyata alınmışdır. Məhkum cəzanı çəkməkdən boyun qaçırmaq məqsədi ilə qaçıb gizləndiyi üçün onun barəsində xx.xx.2022-ci il tarixli qərarla axtarış elan edilmiş və onun tutulmasından ötrü Nərimanov rayon prokurorluğuna vəsatət verilmişdir. O, cəzasından 03 ay 01 gün çəkmiş, onun 01 il 11 ay 25 gün çəkilməmiş cəzası qalır (İİ cild); • Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 7(006)- 70/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs 7 (yeddi) gün müddətinə tutulması qərara alınmışdır (İİ cild); • Mülki iddia ərizəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs vurulmuş 1.212 manat maddi, 2.000 manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödədiyi 53 manatın, ümumilikdə 3.265 manat məbləğində pul vəsaitinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir (İİ cild); • Məhkəmənin çağırışlarına üzrlü səbəblər olmadan gəlmədiyi üçün Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilərək onun axtarışı elan edilmiş, xx.xx.2023-cü il tarixdə o, tutularaq aidiyyəti üzrə təhvil verilmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarına əsasən Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bakomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərər çəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompüter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, ödəniş kartında şəxs və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı hesab edilməli və ondan istifadə edilməklə törədilən oğurluq cinayəti Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Hazırki işin faktiki hallarından aydın olur ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə yerdən tapdığı, Zərərçəkmiş şəxs məxsus 10 manat dəyərində və üzərində “pin kod” yazılmış olan elektron məlumat daşıyıcısı hesab edilən, "xxxx" ASC tərəfindən verilmiş plastik debet kartını həmin günü saat 13:05 radələrində metronun “Memar Əcəmi” stansiyasında yerləşən "xxxx" ASC-nin bankomatına daxil edib identifikasiya nömrəsindən (pin kodundan) istifadə edərək 02 manat komissiya haqqı tutulmaqla 200 manat və 10 manat komissiya tutulmaqla 1.000 manat pulu çıxarıb ələ keçirməklə oğurluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bank kartını taparaq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186-cı maddəsinin tələblərinə əməl etmədən onu istifadə etməsi, bu kartın qanunsuz yolla əldə edilməsi kimi başa düşülməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 186.1 və 186.2-ci maddələrinə görə itirilmiş əşyanı tapan şəxs tapıntı barədə onu itirmiş şəxsə, onun mülkiyyətçisinə, səlahiyyətli şəxsə və ya əgər mülkiyyətçi məlum deyilsə, polisə dərhal xəbər verməli və həmin əşyanı verməlidir. Əşyanı tapan şəxsə mülkiyyətçinin məlum olduğu və ya mülkiyyətçinin əşyaya hüququnun artıq polisə bildirildiyi hallar istisna olmaqla, əşyanı tapan şəxs bu barədə xəbər verdiyi vaxtdan bir illik müddət keçdikdən sonra tapıntıya mülkiyyət hüququ əldə edir. Mülkiyyət hüququnun əldə edilməsi ilə bir vaxtda həmin əşyaya bütün başqa hüquqlara xitam verilir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, X2 hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də X5 Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxs X2 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə onu qeyd edir ki, X2 əvvəllər qəsdən az ağır cinayət törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunması halı hazırki iş üzrə Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələbinə uyğun residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi halını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, o cümlədən ona əvvəllər az ağır cinayət törətdiyinə görə təyin edilmiş yüngül cəzadan nəticə çıxarmayıb yenidən qəsdən belə cinayətin törətməsini, bununla da əvvəlki cəzanın islah təsirinin yetərli olmamasını və cəzanın məqsədinə nail olunmamasını nəzərə alaraq hesab edir ki, X4 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm cəzanın məqsədlərini təmin, həm də şəxsin islah olunmasına və gələcəkdə bu kimi hüquq pozuntularına yol verməməsinə xidmət edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı və digər müddətlər daxil edilir. Həmin Məcəllənin 158.3-cü maddəsinə görə şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Bu Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunan Məcəllənin 353.4-cü maddəsində göstərilir ki, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı halda ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi göstərilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, X2 məhkəməyədək icraat dövründə tutulduğu 01 gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəllənin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qanunvericiliyin bu tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-302/2022 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 11 ay 25 gününün iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalı və hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə cəza təyin olunmalıdır. X5 cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəzasının əvvəli həbsə alındığı andan – 16 mart 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Zərər çəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 1.212 manat maddi, 2.000 manat mənəvi ziyanın və dövlət rüsumu kimi ödədiyi 53 manatın, ümumilikdə 3.265 manat məbləğində pul vəsaitinin cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş edir. “Mənəvi zərər”in ödənilməsi ilə bağlı iddiada göstərilir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçı məcbur olub hüquq mühafizə orqanlarına müraciət etmiş, aparılmı istintaq hərəkətlərində iştirak etmişdir. Bu hallar onu alçaltmış, etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmış, onun narahatlıq keçirtməsinə səbəb olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur (8-ci bənd). İddiaçı ona vurulmuş “mənəvi zərər”lə bağlı ərizəsində halları sadalasa da, yuxarıda qeyd olunan qərarların müddəalarına və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun qaydada bunu tam həcmdə təsdiq edən dəlilləri məhkəməyə təqdim etməmişdir. Buna görə də onun tərəfindən verilmiş mülki iddia bu hissədə qismən təmin olunmalıdır. Eyni zamanda vurulmuş “maddi zərər”lə bağlı iddiaçının tələbi qismən təmin olunmalı, ittihamın həcmi azaldığı üçün ona vurulmuş maddi zərərin məbləği 4.230 manat götürülməli və bu zaman təqsirləndirilən şəxs tərəfindən zərər çəkmiş şəxsə ödənilmiş 2.000 manat da nəzərə alınmalı, həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat pul da X6 mülki iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlarla əlaqədar zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilməli, vurulmuş maddi zərərə görə 1.212 manat, mənəvi zərərə görə 100 manat pul və dövlət rüsumu ilə bağlı ödənilmiş 53 manat, cəmi 1.365 manat pul X1 tutularaq ona ödənilməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı X4 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zeynalabdı oğluna 10 saat üçün nəzərdə tutulan 60 manat, həmin büronun vəkili X8 isə 05 saat üçün nəzərdə tutulan 30 manat pul ödənilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. X2 məhkəməyədək icraat dövründə tutulduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X4 Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 (bir) il 11 (on bir) ay 25 (iyirmi beş) günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən 11 (on bir) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulsun və həmin Məcəllənin 67.1-ci maddəsinə uyğun olaraq bu cəza hazırkı hökmlə təyin edilən cəza ilə qismən birləşdirilərək onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. X5 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 16 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin. Cinayət nəticəsində Zərərçəkmiş şəxs vurulmuş maddi zərərə görə 1.212 manat, mənəvi zərərə görə 100 manat pul və dövlət rüsumu ilə bağlı ödənilmiş 53 manat, cəmi 1.365 manat pul X1 tutularaq Zərərçəkmiş şəxs ödənilsin. X4 məhkəmədə hüquqi yardım göstərmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zeynalabdı oğluna 10 saat üçün nəzərdə tutulan 60 (altmış) manat, həmin büronun vəkili X8 isə 05 saat üçün nəzərdə tutulan 30 (otuz) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar