Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-91/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, ali təhsilli, Gəncə Hərbi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.5 və 66.2-ci maddələrinə əsasən cəzaları tamamilə toplamaq yolu ilə 1 il müddətinə azadlığın məhdudlaşdırılması və 800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Alı Mustafayev küçəsi ev 4D-də qeydiyyatda olmaqla Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 7, ev 5-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhərində Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərər vurmuş və hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Belə ki, o, xx.xx.2020-ci il tarixdə saat 22 radələrində Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (Covid-19) infeksiyasnın insanlar arasında kütləvi yayılması ərəfəsində ünvan 1 ünvanında tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədən sosial məsafəni gözləməyərək tanışı Şahid10 ilə söhbət edərkən həmin ünvanda “Fiat Doblo” markalı **-AP-*** dövlət nömrə nişanlı avtomobil ilə xidmət aparan Nəsimi rayon X12-patrul xidməti bölüyünün polis nəfərləri Zərərçəkmiş şəxs, Şahid1 və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçuları Şahid2 və Şahid3 onlara yaxınlaşıb məlum qaydaları diqqətlərinə çatdırmaqla infeksiyanın yayılmasının qarşısının alınması məqsədi ilə ictimai yerlərdə qoruyucu maskadan istifadə etmənin və sosial məsafənin gözlənilməsinin mütləq olduğunu bildirib onlardan evdən çıxmaları üçün icazələrinin olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs və Şahid10 icazələrinin olmadığını bildirdikləri üçün hər ikisini Nəsimi rayon polis idarəsinin 21-ci Polis bölməsinə dəvət edərək xidməti avtomobilə əyləşdirib 21-ci Polis bölməsinin qarşısına, yəni Nəsimi rayonu, X14 küçəsi 52 saylı ünvana gətirib avtomobildən düşdükdən sonra, polis nəfəri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dəfələrlə Polis bölməsinin inzibati binasına daxil olmasının vacib olmasını bildirsə də, Təqsirləndirilən şəxs onun qanuni tələbinə məhəl qoymayaraq yerində dayanıb inzibati binaya daxil olmaqdan imtina etdiyi üçün “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 26-cı maddəsinə əsasən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs fiziki qüvvə tətbiq edərək belindən tutub inzibati binaya aparmaq istəyərkən sonuncu xidməti vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs müqavimət göstərməklə qəfildən başı ilə onun burun nahiyəsindən bir dəfə zərbə vuraraq xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar ona burun sümüyünün yerdəyişmiş, qəlpəli, çökmə xarakterli sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və səthi yarası kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti yetirib xidməti vəzifəsini yerinə yetirən hakimiyyət nümayəndəsinə zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməkdə özünü qismən təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs əvəllər tanımamış, aralarında hər hansı bir narazılıq və ədavət olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat 22 radələrində o, yaşadığı evin darvazasının qarşısında, yəni Nəsimi rayonu, S.Zeynalov küçəsi 7 ünvanında dostu Şahid10la təxminən bir metr məsafədə dayanıb söhbət etdiyi zaman üzərində post patrul xidməti yazılmış avtomobil onların yanında saxlamış, həmin avtomobildən düşən şəxslər onlara yaxınlaşaraq evdən çıxmaq üçün icazələrinin olub-olmadığını soruşmuş, o, icazəsinin olmadığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları onu və Şahid10 avtomobilə əyləşməyə təklif etdikləri üçün o və sonuncu polis avtomobilinə əyləşmişlər. Onlar avtomobilə əyləşdikdən sonra anası Şahid9 küçəyə çıxaraq onları polis əməkdaşlarının aparmasını görüb maşına tərəf gəlib polis əməkdaşlarından onları hara apardıqlarını soruşduqları zaman polis əməkdaşları anası Şahid9 heç bir əhəmiyyət verməyib avtomobili idarə edərək getmişlər. O, avtomobildə olduğu zaman polis əməkdaşlarından anasına getdiyi yer barədə məlumat vermək istədiyini xahiş etmiş, lakin polis əməkdaşları buna əhəmiyyət verməmişlər. Həmin an sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs ona “darıxma ananı da gətirəcəyik” demişdir. Bu sözlər ona pis gəldiyindən aralarında sözlü mübahisə baş vermişdir. Mübahisə zamanı zərərçəkmiş şəxs onu təhqir etmişdir. Saat 21:50 radələrində onlar 21-ci Polis Bölməsinin həyətinə çatanda Zərərçəkmiş şəxs onun qolundan və boynundan tutaraq avtomobildən düşürtmək istədiyi zaman o, özü düşəcəyini bildirmiş, lakin sonuncu ona məhəl qoymayaraq avtomobildən kobud şəkildə düşürülən vaxt təhqir edildiyi üçün əsəbləşərək Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs burnundan bir dəfə kəllə ilə vurmuş, vurduğu kəllə zərbəsindən sonuncu tarazlığını itirib yerə yıxılmışdır. Sonradan onu 21-ci Polis Bölməsinin inzibati binasına aparmışlar və orada onu polis əməkdaşlarının döymək istədiklərini görüb başını bir dəfə inzibati binanın divarına vuraraq özü-özünə xəsarət yetirmişdir. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməldən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, hadisə vaxtı **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda Nəsimi rayonu ərazisində müxtəlif küçələrdə saat 19:30-dan 07:30dək xidmət aparmalı olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 19:30-dan xx.xx.2020-ci il tarixdə, saat 07:30-dək Nəsimi rayonu, Salatın Əsgərova küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan yerlərdə xidmət etmək vəzifəsi ona tapşırılmışdır. Həmçinin Nəsimi rayonu, Sahib Zeynalov küçəsi də xidmət etdiyi ərazilər siyahısına aid olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 21:40 radələrində inzibati ərazidə “Fiat Doblo” markalı **-AP- *** dövlət nömrə nişanlı avtomobil ilə polis nəfəri Şahid1 və Daxili Qoşunların hərbi qulluqçuları Şahid2 və Şahid3la Nəsimi rayonu, S.Zeynalov küçəsində xidmət aparan zaman 2 nəfər əvvəlcədən tanımadığı şəxsin küçənin qaranlıq hissəsində qoruyucu maskadan istifadə etmədən yaxın məsafədə dayandıqlarını görmüşlər. “Covid 19” pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar həmin şəxslərə yaxınlaşıb özlərini təqdim edərək yaşayış yerlərini tərk edə bilmələri üçün sms icazələrinin olub-olmadığını soruşduqda həmin şəxslərin ikisi də icazələrinin olmadıqlarını bildirərək yaxın ünvanda yaşadıqlarını dedikləri üçün həmin şəxslərə qanunun tələbini izaha edib evə qayıtmalarını xahiş etdikdə, sonradan adı onlara məlum olmuş Təqsirləndirilən şəxs alçaldıcı ifadələrlə onlara “mənə heç bir şey edə bilməzsiniz” demiş, belə olduqda onlar həmin şəxslərə avtopatrula əyləşmələrini xahiş edərək onları ərazi polis bölməsinə dəvət etmişlər. Onlar hər ikisi avtopatrul maşınının arxa oturacağına əyləşmiş, onların yanında Daxili Qoşunların hərbi qulluqçuları Şahid2 və Şahid3 əyləşmişdir. O, qabaq oturacaqda əyləşmiş, Şahid1 isə avtomobili idarə etmişdir. Hadisə yerindən bölməyə hərəkət etdikləri zaman Təqsirləndirilən şəxs anası və qardaşı xidməti avtopatrula hücum çəkərək qapını açmaq istədikdə onlar hərəkətlərinə davam etmişlər. Bir müddət sonra 21-ci Polis Bölməsinin qarşısına çatmışlar və onların hər biri müvafiq olaraq polis və hərbi geyim formasında olmuşlar. Onların yanında sahə rəisi olmadığı üçün həmin şəxsləri bölməyə dəvət etmək məcburiyyətində olmuşlar və o, portala baxdıqda Təqsirləndirilən şəxs və Şahid10 yaşayış yerlərini tərk etmələri üçün icazələrinin olmadığını müəyyən etdimişdir. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin qarşısına çatdıqdan sonra Şahid1 və o, avtopatruldan düşmüşlər, sonradan o, arxa qapını açmışdır və əvvəlcə Daxili Qoşunların hərbçisi Şahid3 düşmüş, sonuncunun arxası ilə Təqsirləndirilən şəxs və Şahid10 düşmüş, daha sonra isə Şahid2 düşmüşdür. O, Təqsirləndirilən şəxs dəfələrlə 21-ci Polis Bölməsinin inzibati binasına gəlməsini demiş, Təqsirləndirilən şəxs isə binaya keçməmiş, yerində dayanmışdır. Buna görə də o, sol əli ilə Təqsirləndirilən şəxs belindəki kəmərindən tutub inzibati binaya aparmaq istəyərkən İbrahim qəfildən başının qarşı hissəsi ilə onun burun hissəsindən 1 dəfə bərkdən vurmuş, o, müvazinətini itirib polis bölməsinin çöl dəmir barmaqlıqlarına dəyib yerə yıxılmışdır. Onu vurduqdan sonra Təqsirləndirilən şəxs Şahid1 və Daxili Qoşunların hərbçiləri tutmuşlar, Təqsirləndirilən şəxs isə ucadan onun və ümumi polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə nəticəsində yaranan səs-küyə 21-ci Polis Bölməsinin əmədaşları Şahid4, Şahid6, Şahid5 və Şahid7 gəlmişlər. Həmin vaxt ətrafda adını xatırlamadığı yaşlı kişi olmuş, ona yıxıldıqda kömək də etmişdir. Həmçinin səs-küyə 2-3 nəfər tanımadığı mülki vətəndaşlar da gəlib ona kömək etmişlər. Sonra polis əməkdaşları Təqsirləndirilən şəxs 21-ci Polis Bölməsinin inzibati binasına apardıqda o, orada uca səslə nalayiq ifadələr işlədərək başını inzibati binanın divarına vurmuşdur. Münaqişə zamanı nə o, nə də ki, digər polis əməkdaşları Təqsirləndirilən şəxs vurmamış və təhqir etməmişlər. Hazırda Təqsirləndirilən şəxsla barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin PPXBnin 3-cü tağım, 2-ci qrupun polis nəfəri, polis serjantı Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs isə onun tanıdığı və birlikdə xidmət etdiyi polis əməkdaşı olmuşdur. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. O, **-AP-*** dövlət qeydiyyat nişanlı avtopatrulda sürücü kimi Nəsimi rayonu ərazisində müxtəlif küçələrdə saat 19:30-dan 07:30-dək xidmət aparmışdır. xx.xx.2020-ci il tarixdə, saat 19:30-dan xx.xx.2020-ci il tarixdə, saat 07:30-dək Nəsimi rayonu, Salatın Əsgərova küçəsindən Şəmsi Bədəlbəyli küçəsinədək olan yerlərdə xidmət etmək vəzifəsi ona tapşırılmışdır. Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 7 ünvanı da xidməti ərazisinə aid olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat 21:40 radələrində inzibati ərazidə “Fiat Doblo” markalı, **-AP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə polis nəfəri Zərərçəkmiş şəxs və Daxili Qoşunların hərbi qulluqçuları Şahid2 və Şahid3la Nəsimi rayonu, S.Zeynalov küçəsində xidmət aparan zaman 2 nəfər tanımadıqları şəxsin küçənin qaranlıq hissəsində bir-birinə yaxın məsafədə qoruyucu maskadan istifadə etmədən dayandıqlarını görüb, “Covid 19” pandemiyası ilə əlaqədar ölkə ərazisində tətbiq olunmuş xüsusi karantin rejimi ilə əlaqədar həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlardan yaşayış yerlərini tərk edə bilmələri üçün sms icazələrinin olub-olmadığını soruşduqda həmin şəxslərin ikisi də icazələrinin olmadıqlarını bildirib yaxın ünvanda yaşadıqlarını demişlər. Onlar həmin şəxslərə qanunun tələbini izah edərək evə qayıtmalarını xahiş etmişlər, sonradan adı və soyadı onlara məlum olmuş Təqsirləndirilən şəxs onlara həmin vaxt alçaldıcı ifadələrlə “mənə heç bir şey edə bilməzsiniz" demişdir. Buna görə də onlar həmin şəxslərə avtopatrula əyləşmələrini xahiş edərək onları ərazi polis bölməsinə dəvət etmişlər. Onlar hər ikisi avtopatrul maşının arxa oturacağına əyləşmiş, yanlarında Daxili Qoşunların hərbi qulluqçuları Şahid2 və Şahid3 əyləşmiş, Zərərçəkmiş şəxs qabaq oturacaqda, o isə sükan arxasında əyləşmişdir. Hadisə yerindən bölməyə hərəkət etdikləri zaman Təqsirləndirilən şəxs anası və qardaşı xidməti avtopatrula hücum çəkərək qapını açmaq istəmiş, lakin onlar buna baxmayaraq hərəkətlərinə davam etmişlər və bir müddət sonra 21-ci Polis Bölməsinin qarşısına çatmışlar. Zərərçəkmiş şəxs və o, avtopatruldan düşmüşlər, sonra zərərçəkmiş şəxs arxa qapını açmış, əvvəlcə Daxili Qoşunların hərbçisi Şahid3 düşmüş, sonuncunun ardınca Təqsirləndirilən şəxs və Şahid10 düşmüşlər. X9 hərbçisi Şahid2 avtomobildən düşmüş və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs dəfələrlə 21-ci Polis Bölməsinin inzibati binasına gəlməsini demiş, sonuncu isə buna məhəl qoymayıb yerində dayanmış, bu zaman Zərərçəkmiş şəxs onu bölməyə aparmaq üçün əli ilə Təqsirləndirilən şəxs belindəki kəmərindən tutmaq istəyərkən sonuncu qəfildən başının qarşı hissəsi ilə zərərçəkmiş şəxsin burnundan bir dəfə bərkdən vurmuş, Zərərçəkmiş şəxs müvazinətini itirib polis bölməsinin çöl dəmir barmaqlıqlarına dəyib yerə yıxılmışdır. O və Daxili Qoşunların hərbçiləri həmin vaxt Təqsirləndirilən şəxs tutaraq bölmənin növbətçi hissəsinə aparmışlar. Təqsirləndirilən şəxs tutan vaxt ucadan Zərərçəkmiş şəxs və ümumi polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. Hadisə nəticəsində yaranan səs-küyə 21-ci Polis Bölməsinin əmədaşları Şahid4, Şahid6, Şahid5 və Şahid7 də gəlmişlər və həmin vaxt ətrafda adını xatırlamadığı yaşlı kişi Zərərçəkmiş şəxs kömək etmişdir. Təqsirləndirilən şəxs 21-ci Polis Bölməsinin inzibati binasına aparan zaman sonuncu orada uca səslə nalayiq ifadələr işlədərək başını inzibati binanın divarına vurmuşdur. Hadisə vaxtı nə o, nə də digər polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Təqsirləndirilən şəxs vurmamış, döyməmiş və təhqir etməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin baş əməliyyat müvəkkili Şahid4 verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs isə onun tanıdığı polis əməkdaşıdır. Onlarla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. xx.xx.2020-ci il tarixdə, saat 09:00-dan xx.xx.2020-ci il tarixədək, saat 09.00-dək əməliyyat qrupunda növbədə olmuşdur. xx.xx.2020-ci il tarixdə, saat təxminən 21:50 radələrində inzibati ərazidə xidmət aparan AP 62-68 çağırışlı avtopatrul tərəfindən iki nəfər şəxs bölmənin qarşısına gətirilmişdir. O, sonradan həmin şəxslərin Şahid10 və Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin şəxslər 21-ci Polis Bölməsinin qarşısında avtopatruldan düşürüldükdən sonra Nəsimi Rayon Polis İdarəsinin PPX Bölüyünün polis nəfəri Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs inzibati binaya gəlməsini bildirmiş, gəlmədiyi üçün zərərçəkmiş şəxs onun kəmərindən tutmaq istəyərkən Təqsirləndirilən şəxs başı ilə onun burnundan vurub xəsarət yetirmişdir. O, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasını görməmiş, həmin vaxt xidməti otağında olmuşdur. Hadisə nəticəsində yaranan səs-küyə çölə çıxarkən Təqsirləndirilən şəxs Daxili qoşunların hərbi formada olan əməkdaşları ilə polis əməkdaşları tərəfindən inzibati binaya doğru gətirildiyini görmüşdür və o da polis əməkdaşları ilə birlikdə təqsirləndirilən şəxsi inzibati binaya gətirilməsinə köməklik etmişdir. İnzibati binanın içərisində Təqsirləndirilən şəxs sakitləşdirən zaman sonuncu başını divara vurmuş və zərbə nəticəsində baş hissəsi zədələnmişdir. Onlar müvafiq tibbi tədbirlərlə ilkin yardım edərək Təqsirləndirilən şəxs yarasını təmizləmişlər. Ardınca bununla bağlı raport yazılmış, sonra əməliyyat qrupu Təqsirləndirilən şəxs və Şahid10 sərxoşluğun müyinəsi üçün tibb müəssisəsinə aparıb sərxoşluq müayinəsindən keçirib bölməyə gətirmişlər. Bundan sonra təhqiqatçı tərəfindən sənədləşmə aparılmış, onlar isə öz xidməti işlərinə davam etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin növbətçi köməkçisi, polis kiçik serjantı Şahid5, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin məsul növbətçisi polis baş leytenantı Şahid7 da Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. Təqsirləndirilən şəxs onun doğma qardaşıdır, onunla münasibəti hər zaman yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2020-ci il tarixdə, saat təxminən 20 radələrində Təqsirləndirilən şəxs və onun ortaq dostu Şahid10 onların yaşadığı Nəsimi rayonu, Sahib Zeynalov küçəsi 7, mənzil 5 ünvanına qonaq gəlmişdir. Həmin gün saat 21:40 radələrində o, anası Şahid9, Təqsirləndirilən şəxs və Şahid10 evdən çıxıb həyətdə dayanıb söhbət etmişlər. Anası ilə o, evə gedib təxminən 2-3 dəqiqə sonra həyətə çıxarkən Təqsirləndirilən şəxsla Şahid10 iki nəfər polis formasında, iki nəfər isə hərbi geyimdə olan şəxslərin polis maşınına əyləşdirdiklərinin şahidi olmuşlar. Onlar polis maşını tərəfə gedib Təqsirləndirilən şəxsla Şahid10 hara apardıqlarını soruşmaq istədikdə polis əməkdaşları avtomobili sürüb getmişlər, bu səbəbdən onlar polis əməkdaşlarından heç nə soruşa bilməmişlər. Onlar orada münaqişə yaratmamış, avtomaşına toxunmamış, sadəcə olaraq maşına yaxınlaşıb hara getdiklərini soruşmaq istəmişlər. O, həmin gün gecə saatlarında 21-ci Polis Bölməsinin qarşısında polis əməkdaşlarından Təqsirləndirilən şəxs onu bölməyə gətirən polis əməkdaşlarından birini vurub xəsarət yetirməsini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 da Şahid8 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 510 saylı, xx.xx.2020-ci il tarixli aktından görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarət – burun nahiyəsinin burun sümüyünün yerdəyişmiş, qəlpəli, çökmə xarakterli sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və səthi yarası bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir (cild 1, i/v 100-101). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 25 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 1996-cı il təvəllüdlü Zərərçəkmiş şəxs almış olduğu xəsarət – burun nahiyəsinin burun sümüyünün yerdəyişmiş, qəlpəli, çökmə xarakterli sınığı ilə müşayiət olunan qançır-şişkinliyi və səthi yarası bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilməsi mümkündür (cild 1, i/v 114-115). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 634 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, 1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək yetririlməyə uyğun xəsarət və ya xəsarət izi aşkar edilməmişdir (cild 2, i/v 49-50). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X6” X11 Kompleks Ambulator Məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının 1813 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamış və öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək və onlara iradi nəzarət etmək iqtidarında olmuşdur (cild 2, i/v 53-55). İş materiallarına əlavə edilmiş Nəsimi rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli xidməti xasiyyətnamədən görünür ki, Nəsimi rayon Polis İdarəsinin PPXB-nin polis serjantı Zərərçəkmiş şəxs xidmət etdiyi müddətdə özünü nizam-intizamlı və bacarıqlı əməkdaş kimi göstərmiş, xidməti vəzifəsinin icrasına məsuliyyət hissi ilə yanaşmış, intizam qaydalarına düzgün əməl etmiş, ona verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirmişdir (cild 1, i/v 167). İş materiallarına əlavə edilmiş Nəsimi rayon İcra və Probasiya Şöbəsinin rəisi vəzifəsini icra edən Yavər Allahverdiyev tərəfindən Nəsimi rayon prokurorluğunun müstəntiqi Yaqub Məmmədova ünvanlanmış xx xxxxxxx 2020-ci il tarixli, 1379- 189346/2019-5-21 saylı məktubundan görünür ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən 800 manat cərimə tam olaraq ödənilmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəza üzrə həmin cəzanın çəkilməmiş qalan hissəsi 4 ay 18 gün təkil edir (cild 2, i/v 65). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “Elektron Hökumətin İnkişafı Mərkəzi” X13 direktoru Fariz Cəfərovun Bakı şəhəri Nəsimi rayon prokurorluğuna ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli, **********09 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına 2020-ci ilin 1 iyul tarixində “X7 X8 Alınması və Monitorinqi sistemi”ndə (icaze.e.gov.az) və 8103 SMS-icazə sistemində icazə qeydə alınmamışdır (cild 1, i/v 202). İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan, Gəncə Hərbi Məhkəməsinin 1- 1(095)-199/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli və 1-1(095)-239/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli hökmlərindən və Qəbələ rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(025)-23/2015 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Qəbələ rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(025)-23/2015 saylı hökmünə əsasən 01 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, Gəncə Hərbi Məhkəməsinin 1-1(095)- 199/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Gəncə Hərbi Məhkəməsinin 1-1(095)-239/2019 saylı, xx xxxxxx 2019cu il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinmiş və həmin məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 800 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5 və 66.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs qəti olaraq 1 il müddətinə azadlığın məhdudlaşdırılması və 800 manat məbləğində cərimə cəzası təyin edilmiş və xx xxxx 2020-ci il tarixdə cərimə cəzası tam olaraq ödənildiyi üçün qeydiyyatdan çıxarılmışdır (cild 1, i/v 191-199, 217-219, 248- 257, cild 2, i/v 2-8). İş materiallarına əlavə olunmuş cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan, məhkəmə qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(006)-349/2020 saylı qərarı ilə barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə həbsdə saxlanılma müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır (cild 1, i/v 40, 73-76, 44-47). İş materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin rəisi Mirnemət Mirbabayevin xx.xx.2020-ci il tarixli, 082-33082-1720 №-li məktubu ilə göndərilmiş “Naryadlar Xidməti" vərəqəsindən görünür ki, Nəsimi RPİ-nin PPXB-nin polis nəfərləri Zərərçəkmiş şəxs və Şahid1 xx.xx.2020-ci il tarixdə xidmətdə olmuşlar (cild 1, i/v 166, 168-171). Məhkəmə iclasında Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs barışmışdır və sonuncunun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi özünün qismən etirafı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və ona qarşı şikayət və tələbin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzaların təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hesab edir ki, cinayətlərin məcmusuna az ağır cinayətlərdən biri daxil olduğundan Təqsirləndirilən şəxs təyin olunmuş cəzalar qismən toplamaqla ona qəti cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 18 (on səkkiz) günü hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulur. Belə olan halda məhkəmə hesab edir ki, Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 04 (dörd) ay 18 (on səkkiz) günü, azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməlidir. Məhkəmə həmçinin cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi 18 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-348/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, xx.xx.2020-ci il tarixdən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, məhkəmə icraatı zamanı Təqsirləndirilən şəxs göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzaları qismən toplanılmaqla ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Gəncə Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 04 (dörd) ay 18 (on səkkiz) gün hissəsi azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə tutulduğu və həbsdə olduğu müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Bakı şəhəri, 18 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №1(006)-91/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-91/2021
16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver