Məhkəmə qərarları › İş №1(006)-91/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-91/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-91/2022 11.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X2 Dövlət ittihamçısı: Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı qızının Müdafiəçi: Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Füzuli rayonu, Arayatılı kəndində qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Qobu-Park yaşayış kompleksi, ev 08, mənzil 89-da yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 19.11.2021-ci il tarixdə, saat 09:30 radələrində ünvan 1 ünvanda, küçənin işlək hissəsində idarə etdiyi “Mercedes-Benz B200” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən sağa döndərərək onun sağ ön qapısı ilə Zərərçəkmiş şəxs1 məxsus “Kia Rio” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön bamperinin sol küncündən vurmuş və düşüb həmin avtomobilin sol arxa qanadından və sağ ön qapısından təpik zərbələri endirərək maşını əzərkən onu sakitləşdirməyə çalışan şəxslərə əhəmiyyət verməyib həmin vaxt cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozub hamı tərəfindən qəbul olunmuş qaydalara laqeydlik göstərərək ətrafda olan şəxslərin narahatçılığının yaranmasına səbəb olan, onların qanuni mənafelərinə toxunan qərəzli hərəkətlər edərək özünün şəxsiyyətini onların fövqündə qoyub digər şəxslər yanında Zərərçəkmiş şəxs2 baş nahiyəsindən əli ilə zərbələr endirərək ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın alın nahiyəsinin qançır-şişkinlik halında əzilməsi ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, eləcə də Zərərçəkmiş şəxs1 865 manat məbləğində maddi ziyan vurmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İşin halları və dəlilləri: Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 19.11.2021-ci il tarixdə, saat 09 radələrində o, etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz B200” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olarkən A.Məhərrəmov küçəsi ilə M.Cəfərov küçəsinin kəsişməsində hərəkətdə olan “Kia Rio” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 ona yol verməli olsa da, gəldiyi kimi yoluna davam edərək onun üçün qəza şəraiti yaratmışdır. Buna görə də o, maşınını nisbətən sol tərəfə yönəldərək oradan uzaqlaşmış və maşında yanında olan dayısına “bu nə edir?” deyərək yoluna davam etmişdir. Kəmalə 3-cü mikrorayon dairəsinə yaxınlaşarkən öz avtomobilindən düşərək ona yaxınlaşıb maşının şüşəsini döymüş, o, şüşəni endirərkən Kəmalə ondan hansı səbəbə ona yol vermədiyini və onu söyməsini irad tutmuşdur. O da onun gəldiyi istiqamətdən A.Məhərrəmov küçəsinə çıxdıqda ona yol verməli olduğunu izah edərək Kəmalənin ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Yoluna davam etmək istədikdə Kəmalə ona “bu maşını alıb mənə verən ərimə bu sözləri deyə bilərsən?” ifadəsi işlədərək onu qıcıqlandıran hərəkətlərinə davam etsə də, o, ona əhəmiyyət verməyib yoluna davam etmişdir. Maşınını sürüb 3-cü mikrorayon dairəsindən Alı Mustafayev küçəsi ilə hərəkətdə olarkən Kəmalə onun arxasınca hərəkət edərək dəfələrlə arxadan siqnal verməklə və işıq yandırmaqla yol istədiyindən o, maşını sağ zolağa çəkərək ona yol vermişdir. Kəmalə onun sol tərəfində maşını saxlayaraq “sür arxamca, gəl məhəlləmizə ərimə cavab ver” desə də, o, ona əhəmiyyət verməmişdir. Lakin Zərərçəkmiş şəxs1 Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 14 saylı ünvanın arxa tərəfindən “50 qəpik” kafesi istiqamətinə döngədə dönmə manevri etməli olsa da, yolun sağ zolağında maşını saxlayaraq mübahisəyə davam etmişdir. Bundan sonra o, əsəblərinə hakim ola bilməyib öz avtomobilini sağa döndərərək sağ ön qapısı ilə onun maşınının ön bamperinin sol küncündən vurmuşdur. O, maşından düşdükdən sonra çox əsəbi olduğundan və Zərərçəkmiş şəxs1 onun ünvanına dediyi xoşagəlməz ifadələrin təsirindən onun maşınının sol arxa qanadından və sağ ön qapısından təpik zərbələri endirərək avtomobili əzmişdir. Hadisə yerinə gələn Zərərçəkmiş şəxs1 əri, adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 ona yaxınlaşan kimi boğazından tutaraq onu idarə etdiyi “Mercedes-Benz B200” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilə söykəyərək “müharibədə olan qoduq sənsən?” dedikdə o, sonuncudan özünü qorumaq məqsədilə onun alın nahiyəsindən bir dəfə yumruq zərbəsi endirmişdir. Bu zaman ətrafda toplaşan kənar şəxslər və onun maşınında olan anası Şahid1 və dayısı Şahid2 onları aralamışlar. O, mübahisə zamanı nalayiq ifadələr işlətməsə də, Azad və Kəmalə onun ünvanına təhqiramiz ifadələr işlətmişdir.Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 dəymiş maddi ziyanı ödəmək fikri yoxdur. O, Qarabağ müharibəsi zamanı Suqovşan və Ağdam rayonu uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə medallarla təltif olunmuş, müharibə zamanı keçirtdiyi psixoloji sarsıntılarla bağlı əsəbləri korlanmışdır. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, 19.11.2021-ci il tarixdə saat 09:00 radələrində idarə etdiyi “Kia Rio” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi ilə A.Məhərrəmov küçəsinin kəsişməsinə olarkən oradan sağ tərəfə 3-cü mikrorayon dairəsi istiqamətinə hərəkət etməli olduğundan sol tərəfdən Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətinə hərəkətdə olan avtomobilə yol vermək məqsədilə dayanmalı olsa da, sol tərəfdən gələn avtomobilə maneə törətmədiyindən yoluna davam etmişdir. Bu vaxtı Asif Məhərrəmov küçəsi ilə hərəkətdə olarkən “Mercedes- Benz B200” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs öz avtomobilindən onun ünvanına aqresiya nümayiş etdirmiş, buna görə ondan qıcıq qaldığı üçün 3-cü mikrorayon dairəsində o, işıqforda dayanarkən onun arxasında maşınını saxlayıb ona yaxınlaşmışdır. Müseyib şüşəni açdıqdan sonra ondan hansı səbəbə ona söyüş söydüyünü soruşmuş və ona nə söyüşlər söyübsə, öz ünvanına getdiyini bildirmişdir. Bundan sonra o, 3-cü mikrorayon dairəsindən çıxaraq Alı Mustafayev küçəsi ilə yaşadığı ünvanın istiqamətində hərəkətdə olarkən “Mercedes-Benz B200” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil ondan öndə getsə də, o, uzaqlaşdırıcı işıqla ona işarə və siqnal verərək yol istəmişdir. Müseyib ona yol verdikdən sonra o, yoluna davam etdikdə sonuncu onun arxasınca gəldiyindən onu təqib etdiyini görmüşdür. O, yaşadığı binanın qarşısına dönmə manevri edərkən maşını saxlayıb şüşədən Müseyibə “nə gəlirsən ardımca, gəl həyətə ərim gəlsin görüm ona cavab verə bilərsən?” ifadəsini işlətmişdir. Bu zaman Müseyib öz maşınını sağ tərəfə sürərək qəsdən sağ tərəf ön qapısı ilə onun maşınının ön bamperinin sol tərəfinə vurmuşdur. Bundan sonra Müseyib öz maşınından düşərək ona hücum çəkib onun maşınının sol tərəf arxa qanad və sağ tərəf ön qapısını təpik zərbələri endirməklə əzmişdir. Müseyibin avtomobilində olan, sonradan özünü onun dayısı kimi təqdim edən Şahid2 onun maşınının mühərrik yerinin qapısının üstündən düşməsini görmüş, lakin bunun səbəbini anlamamışdır. Eləcə də, Müseyibin maşınından düşərək özünü onun anası kimi təqdim edən Şahid1 onu təhqir etdiyindən o, artıq onların hərəkətlərindən qorxaraq əri Zərərçəkmiş şəxs2 zəng edib onu hadisə yerinə çağırmışdır. Azad oraya gəldikdə Müseyibin aqresiya nümayiş etdirməklə qışqıra-qışqıra kobud rəftar etdiyini görüb sonuncunun boğazından tutaraq onu öz avtomobilinə söykəyərək sakitləşdirmək istəmişdir. Müseyib Azadın alın nahiyəsindən yumruq zərbəsi endirdikdə o, mübahisənin daha ciddi fəsadları olacağından ehtiyat edərək dərhal “102” xidmətinə məlumat vermişdir. Hadisə nəticəsində ona maddi ziyan dəymişdir. Vurulmuş ziyan ödənilmədiyindən təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 19.11.2021-ci il tarixdə, saat 09:20 radələrində evdə olarkən arvadı Kəmalə ona zəng edərək yaşadığıqları Nəsimi rayonu, A.Mustafayev küçəsi, 14 saylı ünvanın sol tərəfində yerləşən “50 qəpik” kafesinin qarşısında idarə etdiyi “Kia Rio” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobili yol-nəqliyyat hadisəsi nəticəsində vuran sürücünün öz maşınından düşərək onun maşınını təpik zərbələri endirməklə əzdiyini və onun ünvanına xoşagəlməz ifadələr işlətdiyini bildirmişdir. O, dərhal evdən çıxaraq hadisə yerinə gəlmiş, orada “Mercedes-Benz B200” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobilin onların maşını ilə toqquşduğunu və həmin maşının sürücüsü, adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun arvadı Kəmalə ilə mübahisə etdiyini görmüşdür. O, Müseyibə yaxınlaşaraq boynundan tutub onu öz avtomobilinə söykəyib ondan sakitləşməsini tələb etsə də, sonuncu onun alın nahiyəsindən bir dəfə yumruq zərbəsi endirməklə ona xəsarət yetirmişdir. Bundan sonra orada olan tanımadığı şəxslər yaxınlaşıb onları aralasalar da, Müseyib Qarabağ müharibəsinin iştirakçısı olduğunu söyləyərək onun üstünə gəlmiş, lakin kənar şəxslər onu sakitləşdirmişlər. O, mübahisə zamanı Müseyibin ünvanına “dəli” ifadəsindən başqa heç bir nalayiq ifadə işlətməmiş, ona heç bir zərbə endirməmiş, lakin Müseyib dəfələrlə onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, 19.11.2021-ci il tarixdə, saat 09 radələrində bacısı oğlu Təqsirləndirilən şəxs etibarnamə ilə idarə etdiyi “Mercedes-Benz B200” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi istiqamətində hərəkətdə olarkən A.Məhərrəmov küçəsi ilə M.Cəfərov küçəsinin kəsişməsində “Kia Rio” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 dayanma manevri edərək Müseyibə yol verməli olsa da, gəldiyi kimi yoluna davam edərək sonuncu üçün qəza şəraiti yaratmış, Müseyib də maşını nisbətən sol tərəfə yönəldərək oradan uzaqlaşıb onunla danışarkən “bu nə edir?” deyib yoluna davam etmişdir. Müseyib 3-cü mikrorayon dairəsi istiqamətində gedərkən Kəmalə öz maşınından düşərək onun maşınına sürücü tərəfdən yaxınlaşıb şüşəsini döymüşdür. Müseyib şüşəni endirərkən Kəmalə ondan hansı səbəbə ona yol verməməsin soruşaraq sonuncunun onu söyməsini irad tutmuşdur. Müseyib də Kəmaləyə gəldiyi istiqamətdən A.Məhərrəmov küçəsinə çıxdıqda yol verməli olduğunu izah edib onun ünvanına heç bir nalayiq ifadə işlətmədiyini bildirib yoluna davam etmək istəyərkən, Kəmalə ona “bu maşını alıb mənə verən ərimə bu sözləri deyə bilərsən?” demişdir. Lakin Müseyib ona əhəmiyyət verməyib maşını sürərək yoluna davam etmişdir. Müseyib maşını sürərək 3-cü mikrorayon dairəsindən Alı Mustafayev küçəsi ilə hərəkətdə olarkən Kəmalə onların ardınca hərəkət edərək dəfələrlə arxadan siqnal verməklə və işıq yandırmaqla yol istədiyindən, Müseyib “Gold Baku” restoranından bir qədər sonra maşını sağa çəkərək ona yol vermişdir. Lakin Kəmalə qabağa keçdikdən sonra Alı Mustafayev küçəsi, 14 saylı ünvanda “50 qəpik” kafesi istiqamətinə döngədə dönmə manevri etməli olsa da, yolun sağ tərəfində maşını saxlamışdır. Müseyib onu sol tərəfdən keçmək istəyərkən Kəmalə “sür ardımca gəl, məhəlləmizə ərimə cavab ver” dediyindən o, əsəblərinə hakim ola bilməyib öz avtomobili sağa döndərərək sağ ön qapısı ilə Kəmalənin maşınının ön bamperinin sol küncündən vurmuşdur. Müseyib maşından düşdükdən sonra çox əsəbi olduğundan o, dərhal maşından düşüb Müseyibin qarşısını almaq istəsə də, ön sağ tərəfdən qapı Kəmalənin maşınına dəydiyindən maşından düşə bilməyəcəyimi görüb sağ yan ön qapı şüşəsindən çıxaraq yerə düşərkən məcbur olub Kəmalənin maşınının mühərrik yerinin qapısının üstünə ayağını qoyub yerə düşmüşdür. Bu zaman Müseyib artıq Kəmalənin maşınının sol arxa qanadından və sağ ön qapısından təpik zərbələri endirərək maşını əzmişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə gələn, özünü Kəmalənin əri kimi təqdim edən Zərərçəkmiş şəxs2 onlara yaxınlaşan kimi “müharibədən gələn qoduq kimdir?” deyərək Müseyibin boğazından tutaraq onu idarə etdiyi avtomobilə söykədikdə, sonuncu onun alın nahiyəsindən bir dəfə yumruq zərbəsi endirmişdir. Bu vaxt o və ətrafdakı kənar şəxslər onları aralamış və o, Müseyibi qucaqlayaraq öz maşınının arxa oturacağına əyləşdirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan:  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 07.12.2021-ci il tarixli, 9/8557 saylı rəyinə görə nəzəri hesablama yolu ilə, təqdim edilmiş qüsur aktı məlumatlarına əsasən 2012-ci il buraxılışlı, “Kia Rio” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 865,0 manat müəyyən edilir (dəyişdirilməli hissənin qiyməti 25,0 manat, təmir-bərpa işlərinin qiyməti 840,0 manat). Aparılmış tədqiqatın dəyəri 50 manatdır (İ cild, i.v.100-102);  Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 08.12.2021-ci il tarixli, 1125 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs2 bədənində aşkar olunmuş xəsarətlər – qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın alın nahiyəsinin qançır-şişkinlik halında əzilməsi küt əşyanın təsirindən müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən 19.11.2021-ci il tarixdə əmələ gəlmişlər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs2 bədənində aşkar edilmiş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissəsinin (əl, ayaq və s.) təsirindən əmələ gələ bilərdilər və şəxsin özü tərəfindən yetirilməsi inandırıcı deyil (İ cild, i.v.94-95);  “CD diskə baxış keçirilməsi barədə” 06.12.2021-ci il tarixli protokollara əsasən videogörüntülərə baxış zamanı müəyyən olunur ki, 19.11.2021-ci il tarixdə, saat 09:18:10-dan 09:19:10-dək davam edən müddətdə Zərərçəkmiş şəxs1 özünə məxsus “Kia Rio” markalı, **-EB-*** dövlət qeydiyyat nişanli avtomobil ilǝ Bakı şəhəri, Nəsimi rayonu, A.Mustafayev küçəsi ilə 3-cü mikrorayon dairəsi istiqamətindən hərəkət edərək A.Mustafayev küçəsi, 14 saylı ünvanın arxa tərəfində maşını saxlayarkən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz B200” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili onun sol tərəfində saxlayaraq onunla maşından maşına ünsiyyətdə olduqdan sonra Təqsirləndirilən şəxs maşını sağ tərəfə dönmə manevri edərək öz avtomaşının sağ yan ön qapısı ilə onun avtomaşının ön bamperini vurmuş, eləcə də bundan sonra Təqsirləndirilən şəxs öz avtomaşınından düşərək təpik zərbələri ilə onun avtomaşının sol yan arxa qanad ve sağ yan ön qapısını əzmişdir. 19.11.2021-ci il tarixdə, saat 09:25:40-dan 09:26:10-dək davam edən müddətdə Zərərçəkmiş şəxs2 ünvan 2 ünvanın arxa tərəfində hadisənin baş verdiyi yerə gələrək Təqsirləndirilən şəxs ilə ünsiyyətdə olduqdan sonra o, sonuncunun boğazından tutmuş və Təqsirləndirilən şəxs ona əli ilə bir neçə dəfə zərbələr endirmişdir (İ cild, i.v.73, 76,80);  Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X3 Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 09.12.2021-ci il tarixli, 2938 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs posttravmatik stress pozuntusu aşkar olunur. Təqsirləndirilən şəxs aşkar edilən “posttravmatik stress pozuntusu” onun törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hazırda Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür (İ cild, i.v.149-151);  Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08.12.2021-ci il tarixli, 367- 27137Q-3221 saylı arayışına görə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (İ cild, i.v.117);  Azərbaycan Respublikası Prezidentinin 24.07.2021-ci il tarixli, 2720 saylı Sərəncamı ilə Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir (İİ cild). Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bənd) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya davadalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham olunmuş əməlin törədilməsində özünü təqsirli bilməsə də, məhkəmə istintaqında tədqiq olunmuş, məntiqi baxımından biri-birini tamamlayan təkzibedilməz digər dəlillərlə onun 19.11.2021-ci il tarixdə, saat 09:30 radələrində ünvan 1 ünvanda, küçənin işlək hissəsində idarə etdiyi “Mercedes-Benz B200” markalı, **-KA-*** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən sağa döndərərək onun sağ ön qapısı ilə Zərərçəkmiş şəxs1 məxsus “Kia Rio” markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön bamperinin sol küncündən vurması və düşüb həmin avtomobilin sol arxa qanadından və sağ ön qapısından təpik zərbələri endirərək maşını əzərkən onu sakitləşdirməyə çalışan şəxslərə əhəmiyyət verməyib həmin vaxt cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarını pozub hamı tərəfindən qəbul olunmuş qaydalara laqeydlik göstərərək ətrafda olan şəxslərin narahatçılığının yaranmasına səbəb olan, onların qanuni mənafelərinə toxunan qərəzli hərəkətlər edərək özünün şəxsiyyətini onların fövqündə qoyub digər şəxslər yanında Zərərçəkmiş şəxs2 baş nahiyəsindən əli ilə zərbələr endirərək ona qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi, başın alın nahiyəsinin qançır-şişkinlik halında əzilməsi ilə müşayət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, eləcə də Zərərçəkmiş şəxs1 865 manat məbləğində maddi ziyan vurmaqla qərəzli hərəkətlərlə xuliqanlıq etməsi tam sübuta yetirilir. Buna görə də məhkəmə tərəfindən bu hallar Təqsirləndirilən şəxs özünümüdafiə xarakterli və məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdlər kimi qiymətləndirilir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və Azərbaycan Respublikasının Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək dövlət başçısı tərəfindən medal ilə təltif olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə uyğun olaraq onun cəzasını yüngülləşdirən halar kimi nəzərə alır. Eyni zamanda M.Qəhramanovun cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə törədilmiş əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini, yaşını, cəzasının yüngülləşdirlən halların olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli, eyni zamanda onun barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 saat üçün nəzərdə tutulan 120 manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 1.000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum olunsun. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş 18 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 20 saat üçün nəzərdə tutulan 120 (yüz iyirmi) manat pul ödənilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən, Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar