Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(006)-91/2023 14.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şamaxı rayonunun Qaravəlli kəndində qeydiyyatda olan və tutulduğu günə qədər Abşeron rayonunun Atyalı qəsəbəsində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz girməklə özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 23 iyul 2022-ci il tarixdə, saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, A.Məhərrəmov küçəsi, 28 nömrəli evin birinci mərtəbəsində yerləşən 3 saylı mənzilin pəncərəsinin açıq olmasından istifadə edib həmin pəncərədən mənzilə qanunsuz girdikdən sonra yataq otağına keçərək Zərərçəkmiş şəxs çarpayıda yatdığını görüb sonuncunun döşəmənin üzərinə qoyduğu içərisində zərər çəkmiş şəxsin qiymətləndirməsinə görə 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrə olan 1100 manat dəyərində "Samsung A 80" markalı mobil telefonu götürərək mənzili tərk etmək istəyən zaman yuxudan oyanaraq onun qanunsuz hərəkətlərini aşkar edən Zərərçəkmiş şəxs özünə məxsus əmlakın geri qaytarılması ilə əlaqədar çağırışlarına məhəl qoymayıb əmlaka əlçanatlığını təmin etmək məqsədilə pəncərədən tullanmaqla hadisə yerindən qaçıb uzaqlaşaraq özgənin əmlakını açıq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1110 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddətdir ki, “Anger" markalı mopedlə kuryerlik edirmiş. O, apteklərdən dərmanlar, həmçinin mağazalardan aksesuarlar götürərək sahiblərinə çatdırırmış. Buna baxmayaraq maddi problemləri, borcu var olmuşdur. Belə ki, yaşadığı məhlədə olan mağaza sahibi Eldənizə 155 manat borcu olmuş, Eldəniz ondan borcunu istəmiş, o da bir aya yaxın idi ki, onun borcunu ödəyə bilmədiyi üçün oğurluq etmək fikrinə düşdüşdür. Bu niyyətlə 22 iyul 2022-ci il tarixdə, saat 24 radələrində mopedini “İmperial” şadlıq sarayının yaxınlığında dayanacaqda saxlamış, daha sonra piyada məhlələri gəzməyə başlamışdır. Saat təxminən 04 radələrində o, Şamaxinkaya qalxan yolun sağ tərəfində yerləşən binanın arxa tǝrǝfinə keçmiş, məhlədə biraz gəzdikdən sonra görmüşdür ki, binanın birinci mərtəbəsində yerləşən mənzilin pəncərəsi açıqdır. O, oğurluq etmək üçün yaxınlıqda yerləşən daş parçasını götürüb ayağının altına qoyaraq mənzilə girmişdir. O, içəriyə daxil olub otağa baxmış, lakin heçnə görmədiyindən, digər otağa keçmiş, digər otaqda bir nəfər kişi ilə bir nəfər qadının yatdığını görmüşdür. O, dərhal kişi tərəfə yaxınlaşdıqda yerdə bir ədəd qara rəngli mobil telefon aparatının olduğunu görmüş və həmin mobil telefon aparatını götürüb əynindəki şalvarın sağ yan cibinə qoymuşdur. Həmin vaxt görmüşdür ki, kişi yuxudan oyanmış, ayağa qalxarkən o dərhal aşağıya doğru əyilmişdir. Həmin kişi onun tərəfdən keçərkən ona toxunmuş, və “Ekoş, burda niyə yatmısan?" deyə bildirdikdə o dərhal ayağa qalxıb qaçmağa başlamışdır, həmin otağın qapısını əlləri ilə örtmüşdür ki, həmin kişi onun arxasıyca qaçıb ona çatıb onu tuta bilməsin. Daha sonra o tutulmamaq üçün daxil olduğu pəncərədən yerə tullanmışdır, nəticədə sağ ayağından zədə almışdır, amma ordan qaçmağa nail olmuşdur, həmin kişi isə ona “qaçma, dayan görüm kimsən" desə də, o, həmin kişinin sözünə əhəmiyyət verməyib çıxıb getmişdir. O, Şamaxinka tərəfə gəlib mopedinə minərək yaşadığı Abşeron rayonu, Atyalı qəsəbəsinə getmiş, mopedini evdə qoyub “Travmatologiya İnstitutu”na gedərək müayinədən keçərək evə gəlmişdir. 3-4 gündən sonra oğurladığı mobil telefon aparatını 3-cü mikrorayon dairəsi tərəfdə yerləşən adını hazırda xatırlamadığı mağazaya şəxsiyyət vəsiqəsini təqdim etməklə 80 manata satmışdır. Həmin pulu isə mağaza sahibi Eldənizə vermişdir. Daha sonra isə onu polis əməkdaşları 03 avqust 2022-ci il tarixdə saat 14 radələrində tutmuşlar. Daha sonra törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və himayəsində üç azyaşlı övladının olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 23 iyul 2022-ci il tarixdə ailə üzvləri ilə birlikdə yəni həyat yoldaşı Şahid2, iki övladı - 10 yaşında olan X1 və 7 yaşında olan X2 ilə birlikdə mənzildə yatmışlar. Onların mənzilində 3 otaq olmaqla, iki tərəfdən, yəni binanın qabaq və arxa tərəfindən iki pəncərə olmaqla ümumilikdə dörd pəncǝrǝ vardır. Mənzilin qabaq hissəsində olan pəncərələrin dəmir barmaqlıqları olsa da, arxa tərəfdə olan pəncərələrin dəmir barmaqlıqları olmamışdır. O və onun həyat yoldaşı yataq otağında, uşaqlar isə öz otaqlarında yatmışlar. Hadisə günü saat təxminən 04:25 radələrində yuxudan oyanıb namaz qılmaq istəmişdir. O, həmin vaxt yatağından qalxıb hərəkət edərkən sol tərəfdən ona kiminsə toxunduğunu hiss etmişdir. Həmin vaxt elə bilmişdir ki, yerdə uzanan böyük oğlu Eynulladır, çünki Eynulla arabir gəlib yataq otağında yerdə uzanır. Həmin vaxt o "Ekoş, burda niyə yatmısan?" deyə soruşduqda görmüşdür ki, bir nəfər şəxs dərhal ayağa qalxaraq digər otağa tərəf qaçmışdır və otağın qapısını örtmüşdür, o dərhal otağın qapısını açıb uşaqların yataq otağına tərəf keçmiş, həmin şəxsin pəncərədən bayıra tullandığını görmüşdür, O, mənzildən qaçmaq istəyən şəxsin arxasınca "qaçma, dayan görüm kimsən" desə də, həmin şəxs buna əhəmiyyət verməyib qaçıb getmişdir. Bu barədə dərhal DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermişdir. Onlar daha sonra mənzilə baxdıqda həmin şəxs mənzildə olan ona məxsus 01 ədəd qara rəngli "Samsung A 80" markalı mobil telefon aparatını oğurladığını görmüşlər. Daha sonra ona dəymiş zərərin tam ödənildiyini, təqsirləndirilən şəxslə barışıq əldə etdiyini və sonuncudan şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 23 iyul 2022-ci il tarixdə gecə saat 04 radələrində ailə üzvləri ilə birlikdə, yəni həyat yoldaşı Zərərçəkmiş şəxs və iki övladı - 10 yaşında olan X1 və 7 yaşında olan X2 ilə birlikdə mənzildə yatmışlar. Həyat yoldaşı Zərərçəkmiş şəxs hadisə günü saat təxminən 04:25 radələrində yuxudan oyanmış, həmçinin, o da yuxudan oyanmışdır. Həyat yoldaşı həmin vaxt yatağından qalxıb namaz qılmağa gedən zaman sol tərəfdən ona kimsə toxunmuş, o da elə bilmişdir ki, yerdə uzanan böyük oğlu Eynulladır, çünki Eynulla arabir gəlib onların yataq otağında yerdə uzanır. Həmin vaxt yoldaşı Zərərçəkmiş şəxs “Ekoş, burda niyə yatmısan?” deyə soruşduqda görmüşdür ki, bir nəfər şəxs dərhal ayağa qalxaraq digər otağa tərəf qaçmış və otağın qapısını örtmüşdür, bundan sonra yoldaşı dərhal otağın qapısını açıb uşaqların yataq otağına tərəf keçmiş və ona bildirmişdir ki, həmin şəxs pəncərədən bayıra tullanaraq qaçmışdır. Bundan sonra onlar dərhal bu barədə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng vurub məlumat vermişdirlər. Onlar daha sonra mənzilə baxdıqda görmüşlər ki, həmin şəxs mənzildə olan yoldaşına məxsus 01 ədəd qara rəngli “Samsung A 80” markalı mobil telefon aparatını oğurlamışdır. Məhkəməyədək istintaq zamanı şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid1 ifadəsi məhkəmə iclasında elan olunmaqla tədqiq edilmiş və müəyyən edilmişdir ki, o ifadəsində göstərmişdir ki, hal-hazırda Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi tərəfdə yerləşən "Kənan Telekom” mağazasını icarə əsasında işlədir. Mağazada əsasən mobil telefon aparatlarının və aksesuarlarının alqı-satqısı həyata keçirilir. Mağazada rəsmi olaraq özü işləyir, iş saatı 16:00-dan 19:00-a qədərdir. O, Zərərçəkmiş şəxs ərizə və izahatı, həmçinin, Təqsirləndirilən şəxs izahatı ilə tanış olmuşdur və bildirimişdir ki, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə izahatında qeyd etdyi mağazaya yaxınlaşaraq bir ədəd qara rəngli "Samsung A 80" markalı mobil telefon aparatını satmaq istədiyini bildirmişdir. O da həmin mobil telefon aparatına baxaraq onun işlək vəziyyətdə olduğunu görmüşdür və ona 100 manat pul verəcəyini bildirmişdir. O da buna etiraz etməyərək həmin məbləğlə razılaşmışdır və özünün şəxsiyyətini təsdiq edən vəsiqəsini verərək bu barədə vəsiqəsində həmin telefon aparatının özünə məxsus olduğunu və girovluqda olmadığını bildirmişdir. Bundan sonra həmin mobil telefon aparatını ondan götürmüş və sonucuya 100 manat pul vermişdir. O, sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs həmin mobil telefon aparatını 23 iyul 2022-ci il tarixdə mənzildən cinayət yolu ilə ələ keçirmişdir. O, sonradan həmin telefonu müştəri kimi tanıdığı şəxsə satmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 03 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur (i.v.35-36); - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay həddində həbs qətimkan tədbiri seçilmişdir (i.v.95-98); - “Hadisə yerinə baxış keçirilməsi barədə" xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsinin baş verdiyi yer ünvan 1 ünvanıdır (i.v.6-7); - “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadəsinin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ünvan 1 ünvanından oğurladığı Zərərçəkmiş şəxs məxsus mobil telefonu hansı qaydada cinayət yolu ilə ələ keçirdiyini göstərməklə hadisə yerində ifadəsini əyani təsdiq etmişdir (i.v 187-190); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 sentyabr 2022-ci il tarixli 9/5954 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd qara rəngli "Samsung A 80" markalı **********05343 və **********05341 saylı İMEİ kodlu mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması, orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 350,00 manat müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir (i.v.126-127); - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir (i.v.100-101); - “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə əldə olunmuş məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il təvəllüdlü üç azyaşlı övladı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkarın hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər.(3-cü bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. (27-ci bənd). Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspert rəylərinə, yuxarıda sadalanan digər sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini səmimi etiraf etməsini, törətdiyi əməldən peşman olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, dəymiş zərəri tam ödəməsini və himayəsində üç azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 03 avqust 2022-ci il tarixdən məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli də həmin tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci olaraq 50 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 saata görə 60 (altmış) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 03 avqust 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 02 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 02 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №1(006)-91/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Hökm — İş №1(006)-91/2023
14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver